Oksana Elşad Xosedən yaxşı oynasa da... - Sevda Sultanova yazır...

Oksana Elşad Xosedən yaxşı oynasa da... - <span style="color:red;">Sevda Sultanova yazır...
28 mart 2019
# 09:07

Kulis.az “Yeni filmlərimiz” layihəsindən Əskər Əli Hacızadənin 2017-ci ildə ekranlara çıxan “Mələyin öpüşü” filmini təqdim edir.

Süjet: Elxan (Elşad Xose) zəngin ailənin övladıdır. Ərköyün böyüyən Elxanın atası ilə (Fuad Poladov) konflikti var. Konfliktin səbəbləri təfərrüatlı göstərilməsə də, bilinən odur ki, ata və oğul arasında zaman-zaman mübahisələr baş verir. Növbəti mübahisə zamanı Elxan evdən çıxanda, atası bilmədən maşınıyla onu vurur. Qəza nəticəsində Elxan xəsarət alır və yeriyə bilmir. O, həyatdan küsür, ailəsindən, yaxınlarından təcrid olunur, valideynləri ilə danışmır. Elxana qulluq etmək üçün götürülən baxıcılar isə onun dözülməz xarakteri ucbatından işdən imtina edirlər. Elxanın anası (Münəvvər Əliyeva) onun həkimi ilə məsləhətləşərək yeni baxıcı istəyir. O, Cahan (Oksana Rəsulova) adlı təcrübəli, gənc qızı məsləhət görür. Cahanın atası ağır xəstədir, xəstəxanada müalicə olunur. O, maddi imkansızlıq üzündən bu işə razı olur…

Filmin süjeti tipik hind və ya türk melodramlarını xatırladır: kasıb-zəngin qarşıdurmasında birincilərin daha ləyaqətli, qürurlu olması, ikincilərin təkəbbürü, maddiyyatın insan xoşbəxtliyində önəmli rol oynamaması, başı bəlalar çəkmiş kasıb qızın ərköyün zəngin oğlanı ağıllandırması və sonucda onların bir araya gəlməsi… İşlənmiş motivlərdir.

“Mələyin öpüşü”nün problemi başqa filmlərlə süjet, mövzu oxşarlığında deyil. Əsas məsələ ssenaristlərin (Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadə) dünya kinosunda dəfələrlə müraciət olunmuş bir mövzuya yeni, özünəməxsus baxış təklif etməməsindədir. Yəni filmi izləyən tamaşaçı nə kimi yeni təcrübə qazandı, emosional planda nə əldə elədi, ənənəvi münasibətlər sistemində (valideyn-övlad, kasıb-zəngin) hansı yeni yanaşmayla rastlaşdı?

Filmin ötürmək istədiyi mesaj budur: əsas bədənin əlilliyi yox, qəlbin əlilliyidir. Ki, rejissor bu fikri tamamən didaktik pafosla yükləyib. Nəticədə bədii film yox, publisistik nəsihətvermə, primitiv film-ibrət alınıb. Cahanın ərköyün, valideynlərini öz bədbəxtliyində suçladığı Elxanı sürüyüb maşına mindirərək dəniz kənarına aparması, pul qazanmaq üçün çalışan fiziki əlil adamları göstərərək görk etməsi ilə yaradıcı heyət banal tərbiyə metodu təklif eləyir.

Əhvalat həm də ona görə primitivdir ki, personajlar davranışlarına lazımsız izahlar verirlər. Misalçün, xəstəxanada ağır xəstə yatan atasına Cahanın “Nə vaxt oyanacaqsan, ay papa” tipli, həmin situasiyada tamaşaçını məlumatlandırmasına hesablanan süni, yersiz izahlar kimi. Halbuki, təsvirdən hər şey bəllidir.

Və ya Elxanın süfrə başında Cahana tüpürəcəyinə - reissorun həyəcanlı musiqi ilə seyrçini nədən hazırlaşdırması (bu cür epizodlar filmdə çoxdur) anlaşılmır.

Maraqlı məqamlardan biri ana rolunu oynayan Münəvvər Əliyevanın hər epizodda yeni, gözoxşayan əlbisələri, makiyajı və saç düzmüyüdü. Bu, obrazın ziddiyyətli təqdimatdır. Hətta ziddiyyət həddən artıqdır. Oğul əlil olub, ailə ağır böhran yaşayır, ər və arvad, oğul və ana arasında kəskin uçurum var, amma ana qlamur həyat tərzindən qalmır. Belə bir təqdimatın mümkün olmadığını əsla demək istəmirəm. Amma obrazın təklif olunan situasiyada davranışını, həyat tərzini əsaslandırmaq lazımdır axı.

Mənəvi böhran dönəmində bəzi qadınların alış-verişi, saç rəngini dəyşməsi, zahirinə önəm verməsi adətən stressi neytrallaşdırmaq üçündür. Hərçənd, burda ananın stressini görmürük, o, bütün kadrlarda monoton və soyuqdur, sanki onun geyim-kecimi, üslubu oğlunun taleyindən daha vacibdir. Yox, əgər ananın öncəki həyat tərzinə sadiq qalması, meşşan xarakterinin göstəricisidirsə, yenə də hansısa vəziyyətlərlə əsaslandırılmalıdır. Rejissor ananın psixoloji portretini çizmir, başqa tərəflərini göstərmir. Yalnız çox sonrakı epizodlardan birində, oğlu ilə arasındakı uçurumu götürməkdən ötrü, ona makiyajda, yeni saç düzümündə guya əzab içində məktublar yazan ana göstərilir. Daha böyük problem odur ki, ümumən valideyn-övlad konflikti əsaslandırılmır.

Ən bəsit epizodlarından biri Elxanın Cahanın savadsızlığına rişxəndi, sonra Cahanın öz intellektini sübut etmək üçün onu muzeyə aparması və burada onların impressionizm, Mone və Mane üzərində infantil intellektual yüngül gəzişmələridir.

Başqa bir epizodda Cahanın Elxan üçün rəqs eləməsi, əhvalata yamanmış parçadır və Oksana Rəsulovanın rəqsini göstərmək üçün vasitədir.

“Oksimedia” şirkətinin istehsal elədiyi film janrca film-melodram olsa da, rejissorun horror janrına xas səs effektlərindən yararlanması özünü doğrultmur, yəni əhvalata heç cürə uymur.

Finalda Cahanla Elxan bir araya gəlir. Və o anda rejissorun əhvalatın əvvəlinə qayıtmasına, Elxanın “ayaqlarımı hiss etmirəm” deməsinə zərurət yoxuydu. Onsuz da onun ayaqlarının işləməməsini elə ilk səhnələrdə görürük. Bu, hansı informasiyanı verir? Bir qayda olaraq finaldan əvvələ qayıdanda bu, bilinməyən bir sirri açmalı, gözlənilməzliyi göstərməlidir.

Ata obrazı Fuad Poladovun kinoda son rollarından biridir. Amma o, öz roluna aktyor baqajından yeni nəsə qatmır, ənənəvi manerasında oynayır.

Oksana Rəsulova Elşad Xose ilə müqayisədə hissiyyatlı oynasa da, səsiylə işləyə bilmir. Vəziyyətlərlə uyuşmayan intonasiyasını nəzərdə tuturam. Onun rus aksenti də başqa problemdir.

Elşad Xosenin oyununa gəlincə, Youtube kanalında şərh yazan bir tamaşaçı onun ifasını dəqiq ifadə edib: “Həyətimizdəki odun Elşad Xosedən daha geniş emosiya diapazonuna malikdi”.

# 4122 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #