Axundov arvadını rusların içki məclisinə aparır – NAMƏLUM KİNO

Axundov arvadını rusların içki məclisinə aparır – <span style="color:red;">NAMƏLUM KİNO
11 noyabr 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Rza Təhmasibin 1941-ci ildə çəkdiyi “Səbuhi” filmini təqdim edir.

Öncəliklə qeyd edim ki, ekran əsəri Mirzə Fətəli Axundovun həyatından bəhs edir.

Əhvalat ondan başlayır ki, Axundov (İsmayıl Dağıstanlı) Tiflisə gedir. O, yolda aşıq Səttarla (Hüseynqulu Sarabski) rastlaşır. Hər ikisi Tiflisə çatanda jandarmanın bir qaçağı Adıgözəlin həbs etdiyinin (Ə.Həsənov) şahidi olur. Səttar sazda ifasıyla qaçağı tərənnüm edəndə çar zabiti ilə onların arasında xırda münaqişə yaşanır. Bu epizod filmin məqsədini bəyan edir.

Sonra Axundovu Qafqaz canişininin baş dəftərxanasında görürük. Abbasqulu Ağa Bakıxanov (Ağadadaş Qurbanov) onu rəhbərliyə təqdim edəndə rus dilinin mükəmməl bilməsini qeyd edir. İdarə rəisi (Vasili Nikolski) cavabında yüngül kinayə ilə “Tatarlardan savadlı adam çıxdığına məmnunam” deyir.

Çətin, təhlükəli illərdə çəkilməsinə rəğmən müəlliflər filmdə cəsarətli mesajlar ötürür.

Bu gündən baxanda azərbaycanlıları aşağılayan, müstəqil ölkə kimi görmək istəməyən, ona olsa-olsa ekzotika kimi baxan çar hakimiyyətinin nümayəndələrinin simasında həm rus-sovet, həm indiki Rusiya hakimiyyətinin münasibəti, onun siyasətinin mahiyyətinin dəyişmədiyi görünür.

Filmdə maraqlı epziodlar çoxdur. Axundovun “Hacı Qara” və “Lənəkəran xanının vəzirinin sərgüzəştləri” tamaşasının premyerası Tiflisdə geniş, işıqlı zalda baş tutur. Tamaşaçılar arasında məmurların, onların arvadları da iştirak edir. Onlardan biri Axundova yaxınlaşaraq, Sankt Peterburqun adlı-sanlı nəslindən olan arvadının onunla- yəni hər cür yeni ekzotika ilə maraqlandığını deyir. Axundov isə onun bu istəyinə kəskin cavab verir: “Təəssüf ki, Peterburq ekzotikası məni maraqlandırmır.”

Rus elitasından ötrü, onların təbirincə desək, bir tatarla incəsənət, mədəniyyət anlayışı tərs mütənasibdir.

Axundov bunları duyur, bilir, amma yenə də sadəlöhvcə çar hakimiyyətinin ədalətsizlik edəcəyinə inanmır.

Bir epizodda bu məqam açılır. Qarabağdan kəndlilərin torpağının alınması əmrinin çatdırılması Axundova tapşırılır. O isə əmrdə məsələ ilə bağlı istintaqın aparılacağının əks olunduğunu güman edir.

Nəticədə etiraz eləyən kəndlilər güllələnir. Yeri gəlmişkən, filmin ən təsirli səhnələrindən biri güllə yarası almış uşağın ölməsidir. Rejissor onun ölümünə uğurlu bədii həll tapıb. Axundov onu qucağına alır. Kamera uşağın bir parça çörək tutan əlinə fokuslanır. Onun ovcu açılır və çörək yerə düşür.

Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə...

Hərçənd, xronoloji ardıcıllıq üzərində qurulan əhvalatın bir sıra epzioldarın infomativ yükü bədii yükündən daha artıq gəlir.

Müəlliflər onun şəxsi həyatını da ictimai müstəvidə təqdim edirlər. Şeyx Əli (Kazım Ziya) Tubunu (Leyla Bədirbəyli) təhdid edir ki, o, ərinin yanında qalsa müsəlmanlar evi yandırıb, Axundovu da öldürəcəklər. Tubu ərini təhlükəylə üz-üzə qoymamaq üçün ayrılmaq məcburiyyətində qalır.

Bəzi epziodlar isə plakat, çağırış xarakterlidir.

Məsələn, Axundovun toyuna çar məmurları ilə yaxınlq edən Şeyx Əli təşrif buyurur. Məclisdə müsəlmanların şərab içməsinin, Axundov arvadını kişi məclisinə gətirərək örtüyünü qaldımasının, rəqs eləməsinin kafirlik, haram olduğunu deyərək məclisi tərk edir. Bu səhnə qadın azadlığına, dinin xürafatından xilasa çağırış kimi işlənib.

Kinematoqrafik baxımdan yaddaqalan parçalardan biri aşura, müsəlmanların zəncirdöymə səhnəsidir. Rejissor dinin mollanın əlində alət olduğunu dolğun təsvirlərlə, dəqiq mizanlarla, küt sifətlərə iri planlara vurğu etməklə açır.

Filmin əsas məziyyətlərindən biri budur: müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən çırpılıb hərəkətə, mübarizəyə səsləyir. Bir epizodda Axundovun üsyankar Nəsimiyə ruhi bağlantı duyması da təsadüfi deyil.

“Səbuhi” filmi müəyyən çatmayan cəhətlərinə rəğmən Axundovun milli tarixmizdə, ictimai fikirdə yerinin, bu gün də aktuallığının önəmi olduğunu vurğulaya bilir.

Deyim ki, 1941-ci ildə, repressiya illərində çəkilən bu film son donəmlərdə ekranlaşdırılmış, Ramiz Həsənoğlunun Axundovun taleyini anladan keyfiyyətsiz “Sübhün səfiri” flimindən hər mənada urvatlıdır. Elə Anarın ssenarisi də Mikayı Rəfilinin yazdığı ssenariyə keyfiyyətcə uduzur.

Ən əsası “Səbuhi” filmində yaradıcı heyətin səmimiyyətini, yanğısını, sevgisini duyursan.

Film rejissor Rza Təhmasibin də, bəstəkar Tofiq Quliyevin də kinoda ilk işidir.

Operator Dmitri Feldmandır.

Film haqda vikipediyada verilən məlumatda Axundovla Tubu xanımın toyunda Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasından musiqi səslənməsi səhv kimi qeyd olunur. Çünki bəstəkar bu əsəri dramaturqun ölümündən 32 il sonra 1910-cu ildə yazıb.

Nəzərə almaq lazımdır ki, bu sənədli yox, bədii filmdir, şərtilik normaldır.

# 2639 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #