Arvadını başqasının yanına göndərən müharibə veteranı

Arvadını başqasının yanına göndərən müharibə veteranı
6 sentyabr 2013
# 07:30

İngilis ədəbiyyatının əhəmiyyətli nümayəndələrindən sayılan Devid Lourensin 1928-ci ildə yazdığı “Ledi Çatterleyin məşuqu” romanı əxlaqsızlıq damğası vurularaq, intim səhnələrin detallı təsvirinə, acıq-saçıq ifadələrə, əhvalatın məğzinə görə bəzi ölkələrdə bir müddət qadağan olunub.

1960-cı illərin əvvəllərində İngiltərədə romanı çap edən “Penguin Books” nəşriyyatı məhkəməyə verilir.

Və bir neçə günlük qalmaqallı məhkəmə prosesi kitabın satışına icazə verilməsi ilə başa çatır.

Roman nədən danışır? 22 yaşlı Konstansiya baronet Klifford Çatterley ilə xoşbəxt həyat yaşayır. 1917-ci ildə ər müharibəyə gedir və şikəst qayıdır. Bədəninin yarıdan çoxu iflic olmuş Klifford ata olmaq iqtidarında deyil. Gənc qadın isə ərinə sədaqətlidir, onun qayğısına qalır. Ər hiss edir ki, büruzə verməsə də intim münasibətsiz arvadına çətindir. O, həyat yoldaşı ilə bu barədə açıq söhbət edir, əsil-nəcabətli məşuq tapmağa və ondan uşaq doğmağa izn verir. Uşağı himayəsinə almağı və öz soyadını verməyə də razılaşır. Bu vəziyyətdə Kliffordu daha çox varis məsələsi qayğılandırır.

Qadın ərinin təklifini çaşqınlıqla qarşılayır, tərəddüdlərdə boğulur. Tədricən bu fikrə alışır və onun meşə gözətçisi Oliverlə sevgi macərası başlayır. Fiziki ehtirasla başlayan münasibət gözlənilmədən sevgiyə yol alır. Ər arvadını, onu zadəgana yox, aşağı təbəqədən olan hansısa meşə gözətçisinə dəyişməsinə görə bağışlamır. Qəzəblənmiş ər qisas almağa hazırlaşır. Sevgilisindən hamilə qalan qadın isə varlı ərini tərk edərək məşuqu ilə evlənməyə qərar verir. Əsərin məğzi bundan ibarətdir.

Əslində roman göründüyü qədər bəsit deyil. Lourens insan xarakterinin qaranlıq tərəflərini, ö dövr üçün tabu mövzuları, seksual təbiəti araşdırır, eyni zamanda sosial, sinfi problemlərə toxunur.

Roman bir neçə dəfə ekranlaşdırılıb. Mənə daha cazib gələn fransız rejissoru Just Jakenin 1981-ci ildə lentə aldığı versiya oldu.

Sevgi, üçlü münasibət dolğun, həssalıqla, psixoloji işlənib, sosial nüanslar qabarıqdır, intim səhnələr estetikdir.

2006-cı ildə isə “Penguin Books” nəşriyyatının məhkəmə prosesinin təsvir olunduğu “Çatterley məhkəməsi” filmi çəkildi.

Romanı oxumaq və ya filmi izləmək istəyənləri həm də real faktlar əsasında, sənədli kadrlardan istifadə edilərək çəkilən bu drama baxmağı məsləhət görürəm.

Çünki, məhkəmə prosesindəki vəziyyət - mühafizəkarlıqla müasirliyin, sənətlə tabunun toqquşması cəmiyyətimizin bu günki durumuna uyğundur.

Təsadüfi deyil ki, film ingilis şairi Filip Larkinin “Annus Mirabilis” şeirindən sitatla başlayır: “İnqilab 1963-cü ildə başladı, o vaxt ki, “Ledi Çatterleyin məşuqu” romanına yasaq götürüldü, “Beatls” isə ilk konsertini verdi”.

Məhkəmədə ittihamçı romandan yalnız cinsi aktların təsvir edildiyi səhnələrini oxuyaraq əsərin məhz buna görə qiymətləndirilməsini tələb edir (Yadima “İlahi məxluq” filmini yalnız intim səhnəyə görə dəyərləndirən insanlar düşür).

Qarşı tərəf etiraz edir; səri ayrı - ayrı parçalarına görə analiz etmək qərəzlidir və müzakirəsi qanuna ziddir: “Romanı dərk etmək, Lourensi anlamaq üçün onu senzurasız oxumaq lazımdır. Bu kitab cəmiyyətimiz haqdadır. Əsas məsələ insanlar arasında münasibətləri düzgün qurulmasıdır”.

Beləliklə, məhkəmə iclasçıları romanı oxumağa başlayır.

Sonra romanın müzakirəsi başlanır. İttihamçının və onun tərəfdarlarının iddiaları da bizə çox tanışdır: “Uşaqlarımız əsəri oxuyub əxlaqı pozulacaq, arvadlarımız belə şeyləri oxumamalıdır, ayıbdır, roman xəstə təxəyyülün məhsuludur” və s.

Filmdən bir neçə maraqlı dialoqu ixtisarla təqdim edirəm.

İttihamçı:

- Yaxşı müəllifin əsərində eyni sözlər (ittihamçı açıq-saçıq ifadələri nəzərdə tutur) təkrarlanmamalıdır. Bu, yorucu deyilmi?

Ədəbiyyat professoru:

- Təkrar böyük ədəbi və emosional effektə nail olmaq üçün istifadə edilir. Məsələn, “İncil”də də təkrar çoxdur.

***

İttihamçı:

- Əsərdə “qurtarmaq”, “qurtardı” sözləri 30 dəfəyə yaxın səslənir. Sizcə, bu sözlərin istifadəsi ilə əsərin ədəbi dəyəri arasında hansısa əlaqə var?

Ədəbiyyat mütəxəssisi:

- Mənim üçün istənilən söz çirkin, əxlaqsız səslənmir. Hər şey kontekstdən asılıdır. Romanın sonunda Lourens bizi bu sözlərin vulqar assosiasiyasından xilas edir. Və bu sözlər daha dərin anlam daşıyır.

Prosesə dəvət olunan din xadimi də əsərin əxlaqsız olması iddiası ilə razılaşmır, ona görə, xristianlar intim münasibəti sakral hesab edir: “Lourens də əsl xristiandır və romanda seksual münasibəti müqəddəs göstərir”.

Filmin maraqlı tərəflərindən biri də məhkəmə iclasçıları - gənc qadın və kişi arasında sevgi macərasının təsviridir. Eşqbazlıq məhkəmə ilə başlayır və proses bitəndə də sona yetir. Rejissor onların macərasını romandakı əhvalata bağlayır, onunla paralellər aparır, ingilis ailələrində seks haqda məhdud, onun ayıb bir şey olması haqda təsəvvürləri dağıdır, tabuları qırır.

“Çatterley məhkəməsi” maraqlı detallarla boldur, filmdə həm roman təhlil edilir, həm də dil problemlərinə, bəzi anlayışların izahı, düzgün istifadəsi məsələsinə toxunulur.

# 5916 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #