Reklam çəkməyə məcbur olan dahi rejissor

Reklam çəkməyə məcbur olan dahi rejissor
27 mart 2014
# 11:31

Kulis.az “Baxılası 50 film” layihəsində dahi italyan rejissoru Federiko Fellininin “8 yarım” filmini təqdim edir.

Ötən əsrin görkəmli rejissorlarından biri Federiko Fellini (1920-1993) katolik kollecində təhsil alıb. 17 yaşında o, Florensiyaya gedərək burada müxbirliyi öyrənir və karikaturaçı işləyir.

Sonra Romaya köçür, qəzet və jurnallar üçün rəsm çəkir, reklam mətnləri, radio tamaşaları və varyetelər (əyləncəli teatr janrında əsər) yazır.

1945-ci ildə Fellini italyan neorealizminin əsasını qoyan Roberto Rosselininin “Roma açıq şəhərdir” dramının ssenaristlərdən biri olur və filmdən sonra ssenarist kimi məşhurlaşır.

1950-ci ildə o, rejissor Alberto Lattuda ilə bilikdə ilk filmini “Varyetenin işıqları”nı çəkir.

Müxtəlif gənclərin həyatını göstərən “Ana uşaqları” dramı Venesiyada “Gümüş Şir” alır və “Oskar”a nominant olur.

1954-cü ildə ekranlaşdırdığı, 50-yə yaxın mükafat, həmçinin “Oskar”, “Gümüş Şir” mükafatı alan “Yol” filminə görə italyan kinotənqidçiləri rejissoru neorealizmdən universalizmə keçərək simvolik pritça çəkdiyi üçün tənqid etmişdilər.

Növbəti illərdə rejissor daha bir şedevr “Kabiriyanın gecələri”ni yaradır. Böyük sevgi arzusunda olan qəhrəmanı-sadəlövh fahişə qadının kədərli hekayətini anladan film “Oskar”a layiq görülür.


“Şirin həyat“ dramı onun yaradıcılığının zirvələrindən biridir. Mütəxəssislər filmi tənhalaşan, yadlaşan italyan cəmiyyəti haqda fəlsəfi pritça adlandırdılar. Amma Fellini bu traktovkayla razılaşmırdı: “Demək istəmişəm ki, həyat sehrli anlardan ibarətdir və o anı şirin şərab kimi içmək istəyirsən”.

Filmi xüsusən, İsa Məsihin heykəlinin vertolyotla daşınması, striptiz səhnələrinə görə mənfi qarşılayan Vatikan ona yasaq qoymağı tələb etdi.

Bir neçə ay müddətində “Şirin həyat” İtaliyada qadağan olundu.

Hətta premyera zamanı tamaşaçılardan biri Fellininin üzünə tüpürmüş, baş rolun ifaçısı Marçello Mastroyannini “əxlaqsız” adlandırmışdı.

Sonralar Kannda “Qızıl palma budağı” alan filmdən yasaq götürüldü, o, kinoda böyük epoxanın simvoluna çevrildi və çox rejissorun yaradıcılığına təsir elədi.

Fellininin “Oskar” alan digər filmi “Amarkord”(1973) onun uşaqlıq illərinin şəhərini-Riminini anladır. Filmdə çoxlu personajlar və komik situasiyalar var. Yerli dialektdə “Amarkord” “mən xatırlayıram” deməkdir.

Ömrünün son illərində rejissor daha bir neçə film ekranlaşdırdı: “Qadınlar şəhəri”, “Müsahibə”, “Ayın səsi” və s.

1993-cü ildə fəxri “Oskar” alan Fellini elə bu ildə də vəfat edir. Bir neçə ay sonra isə arvadı, muzası, məşhur aktrisa Cülyetta Mazina dünyasını dəyişir.

Bu gün onun yaradıcılığının vacib filmlərdən biri, dünya kinosunun klassik nümunələrindən sayılan “Səkkiz yarım”ı təqdim edəcəyik.

Kinorejissor Qvidonun şəxsi və yaradıcılıq həyatındakı böhrandan danışan “Səkkiz yarım”ı bir qayda olaraq rejissorun özünəməxsus tövbəsi adlandırırlar.

Fellini filmlərinin sayına görə (buna kimi o, 6 tammetrajlı, 2 qısa metrajlı və bir müştərək film çəkmişdi) bu ekran işini “Səkkiz yarım” adlandırmışdı.

Baş rolu, rejissorun alter eqosunu onun sevimli aktyoru Marçello Mastroyanni oynayır.

Süjet: Qvido yeni film çəkməyə hazırlaşır. Əvvəlki filmi uğurlu olduğuna görə, prodüser ümid edir ki, yeni film də gəlir gətirəcək. Dekorasiyalar, ssenari hazır olsa da, Qvido yaradıcılıq böhranı yaşayır və ilham mənbəyi axtarır. Prodüser ondan çəkilişlərə başlamağı tələb edir, amma o, heç cürə çəkilişlərə başlaya bilmir.


Fellini bu avtobioqrafik filmə öz daxili dünyasını gətirib.

Film real hadisələrdən, Qvidonun uşaqlıq xatirələrindən, yuxularından və fantaziyalarından ibarətdir. Rejissor şüur axını fəndindən istifadə edib.

Burdakı montaj eksperimenti o illərin kino dili üçün yeni kəşf oldu. Real hadisələr, insanın daxili dünyası, arzuları, yuxuları ilə birləşdirilir, uyğunlaşdırılır.

Fellini deyir: ”Mənim personajım çıxış yolunu görmədiyi dolaşıq situasiyaya düşüb. Onun həyatında bəlkə də nədənsə tuta biləcəyi heç nə yoxdu. O, axınla birgə üzür, hərçənd, belə həyat onun özünə də dəhşətli sərsəmlik, mənasızlıq, məqsədsizlik kimi gəlir. Mən bir çox ölçülərdə insan mahiyyətinin, varlığının portretini ortaya çıxaran film yaratmaq istəmişəm. Daha doğrusu, insanın özündə ehtiva etdiyi bütün dünyanı göstərməyə çalışmışam. Ona görə insanı müxtəlif planlardan, daha doğrusu, onun fiziki həyatından, hisslərindən, arzularından, xəyallarından, xatirələrindən danışdığım film düşündüm. Bunu elə danışmaq lazım idi ki, xaotik, ziddiyyətli, dolaşıq ümumidən insan mahiyyəti bütün mürəkkəbliyi ilə meydana gəlsin.”

Maraqlı qeydlər

***

Fellini özünə tez-tez bu filmin komediya olduğunu xatırladırdı.

***

Moskvada keçirilən beynəlxalq festivalda Nikita Xruşşov filmi izləyəndə yatıb. Bunu bilən Fellini mükafatlandırma mərasiminə qalmayıb, arvadı, dostları ilə birlikdə dincəlməyə gedib.

***

Filmlərindən birinin nümayişi zamanı kinozala daxil olan Fellini oranı boş görür və deyir: “Mənim tamaşaçım ölüb.”

***

Tanınmış rejissor olmasına və uğurlarına rəğmən filmləri üçün maliyyə tapa bilmirmiş. Reklamı, televiziyanı sevməyən rejissor məcburən reklam çarxları çəkirmiş.

Filmə burdan baxa bilərsiz.

Fridrix Murnaunun “Günəşin doğuşu” filmi.

Fransua Ozonun “8 qadın” filmi.

Alfred Hiçkokun “Psixo” filmi.

Stenli Kubrikin "Portağal mexanizmi" filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi.

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 4619 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #