Dərisinə görə sevgilisindən imtina etdi

Dərisinə görə sevgilisindən imtina etdi
25 oktyabr 2014
# 09:00

Kulis.az “Baxılası 50 film” layihəsində Amerika müəllif və müstəqil kinosunun əhəmiyyətli nümayəndələrindən biri, Qodarın, Skorsezenin, Jak Rivettin, Nanni Morettinin yaradıcılığına təsir edən Con Kassavetesin (1929-1989) “Kölgələr” filmini təqdim edir.

Kassavetes Nyu-Yorkda yunan immiqrantlarının ailəsində doğulub. 1950-ci ildə Amerika İncəsənət Akademiyasını bitirəndən sonra teatrda, kinoda kiçik rollar oynayıb və televiziyada işləyib.

Bu illərdə o, həyat yoldaşı aktrisa Cina Roulendslə tanış olub (Cina onun əksər filmlərində baş rolu oynayıb- S.S.). Nyu-Yorkda aktyorluq dərsi deməyə başlayan Kassavetesi seminarlardan birindəki improvizasiyalar film çəkməyə vadar edir. Beləliklə, o, rejissor kimi debütünü –“Kölgələr”i (1959) çəkir.

Filmin uğuru Hollivud studiyaların diqqətini cəlb elədi. O, iki filmə rejissor kimi dəvət olundu. Kassavetes bu filmlərdən və aktyorluqdan qazandığı pullar hesabına 1950-60-cı illər Amerika kinosu üçün ənənəvi olmayan filmlər lentə alıb.

Daha geniş publika onu Roman Polanskinin “Rozmarinin uşağı” filmindən aktyor kimi tanıyıb.

Venesiya festivalında mükafat alan “Üzlər” (1968) filmi müasir nikahın tədricən dağılmasından bəhs edir. Riçardın 14 illik nikahı dağılır, o, dərin böhran içində bir gününü fahişə ilə keçirir.

Film natural, sinema-verite üslubunda (fransız sözüdür, hərfi mənası kino həqiqət deməkdir. 1950-60-cı illərdə Fransa kinosunda meydana gəlmiş eksperimental cərəyan) əl kamerası ilə Kassavetesin evində dörd ilə çəkilib. Aktyor oyunu improvizə üzərində qurulub, personajların həqiqi hisslərini daha dəqiq təsvir edən iri planlar çoxdur.

1974-cü ildə o, yaradıcılığının mühüm filmlərindən birini “Təsir altındakı qadın” (1974) dramını çəkir.

Rejissor mürəkkəb insan münasibətinə maraqlı baxış edir. Baş qəhrəman hissiyyatlı, emosional, evdar qadındır, düşündüyünü danışır, içindən gəldiyi kimi maskasız davranır. Onu dəli hesab edib müalicəyə yollayırlar. Qəhrəmanın daxili konflikti, özü-özü ilə mübarizəsi başlayır. O, harda necə davranmağı bilmir.

“Premyera”nın (1977) qəhrəmanı, aktrisa Mirtl adi həyat yaşayır. Günlərin birində o, öz pərəstişkarı olan gənc bir qızın qəzada ölümünün şahidi olur. Bu, onu depressiyaya salır, psixoloji vəziyyəti məşqlərinə maneçilik törədir.

Kassavetes film haqda deyir: “Bu insanın qocalmasına reaksiyası, inam və bacarığın olmamağının öhdəsindən necə gəlməyi haqdadır”.

Pedro Almodovar “Anam haqda hər şey” filmində gənc oğlanın qəzaya uğraması səhnəsini tam şəkildə “Premyera”dan götürüb.

“Qızıl Şir” alan “Qloriya” (1980) dramı valideynlərinin qətlinin yeganə şahidi olmuş 6 yaşlı uşağı mafiyadan qoruyan qadının taleyini anladır.

Berlin kinofestivalında “Qızıl ayı” qazanan “Sevgi axını”nın (1984) qəhrəmanı erotik romanların müəllifinin səliqəsiz, xaotik həyatını danışır.

Sığorta agentindən bəhs edən “Böyük təlaş” (1986) komediyası isə rejissorun son filmi oldu.

Kassavetesi layiqli olaraq müasir kino formasının ixtiraçısı adlandırırlar. Onun filmlərinə xas olan dokumental manera, naturada və həqiqi interyerlərdə çəkilişlər, həyatı insan üzlərində göstərmək – bütün bunlar Amerika kinosunda reallığa münasibətdə yeni söz idi. O, dünya kinosunda açıq finalı və açıq başlanğıcı gətirən ilk rejissordur. Kassavetes dövrü üçün irqi problemə bayağı olmayan yanaşma edirdi. İrqi problemə yanaşmasında liberal pafos yox idi. O, sadəcə hər şeyə qadın və kişi kontekstində yanaşırdı: “Mən qadın və kişi münasibətindən başqa film çəkməyəcəm”.

Xüsusi olaraq texniki, vizual tərəflərə fikir verməyən Kassavetes üçün əsas məsələ hisslər, insan təbiətidir. Onun filmləri iztirabın, həyəcanın, narahatlığın dramıdır.

Kassavetes parlaq sinefil idi. Peşəkar aktyor təhsili olsa da, onun rejissor təhsili yox idi.

O, iki dahi rejissorun fikrini əsas tuturdu: kamera qarşısındakı hər şeyi vacib sayan Orson Uellsin və yalnız qəhrəmanların hisslərinin sonrakı hadisələri doğurmalı olduğunu deyən Rober Bressonun düşüncələrini.

Amma Kassavetesə qədər müstəqil maliyyə mənbələri ilə müəllif filmlərini Kubrik (“Qorxu və arzu”), Moris Enqel (“Kiçik qaçaq”), Layonel Roqozin (“Bauerdə”) artıq çəkmişdi. Amma “yeni Amerika kino”su deyəndə məhz Kassavetesin adı çəkilir.

Analoji situasiya fransız “Yeni dalğası”nda baş vermişdi. Klod Şabrol, Aqnes Varda, Lui Mal - Qodarın epoxal “Son nəfəsdə” sinə kimi Fransa kinosuna yeni məqamlar gətirsələr də, amma məhz bu film “Yeni dalğa”nın əsasını qoydu.

Qodar Kassavetesə “Detektiv” filmini həsr edib, Skorsezenin isə “Qəzəbli küçələr”i çəkərkən onun yaradıcılığından təsirlənmişdi. Kassavetesin təsiri Conatan Demmenin (“Quzuların səssizliyi” filminin rejissoru), Cim Carmuşun , Abel Ferraranın da filmlərindən yan ötməyib.

Kino tarixinin ən prinsipial individualistlərindən biri Kassavetes 1989-cu ildə qaraciyər sirrozundan vəfat edib.

Onun övladları Nik, Aleksandra və Zoi həm aktyor, həm də rejissordular.

“Baxılası 50 film” layihəsində rejissorun, müstəqil Amerika kinosunun doğuşu adlandırdıqları “Kölgələr” (1959) filmini təqdim edir.

Süjet: Musiqiçi Benni dostları ilə Manhettendə veyllənir, qızlarla tanış olur və xoşagəlməz hadisələrlə üzləşirlər. Onun bacısı impulsiv xarakterli Leliya qardaşları kimi qara dərili deyil. O ədəbi gecələrdən birində Toni adlı ağ dərili oğlanla tanış olur. Sonradan Toni onun valideynlərindən birinin qara dərili olduğunu bilir, içində münasibətləri davam etdirməklə bağlı tərəddüdlər baş qaldırır. Süjet bir personajdan başqa personaja keçir, onların həyatı ilk baxışda bir-birindən ayrı görünür.

“Kölgələr” blüz üslubunda Nyu-York neorealizmidir. Məhdud şərtlərdə lentə alınan film sinema veritenin spontan örnəyidir.

Birinci səhnədə caz gecəsindəki adamların iri planda üzlərini görürük. Bütün spekterlərdə göstərilən üzlər rejissorun kinematoqrafiyasının simvolu və metaforudur.

Bit nəsli dövrünə təsadüf edən filmi çox kino-məktəblər Amerikada müstəqil kinosunun parlaq nümunələrindən sayır.

Mütəxəssislərə görə, “Kölgələr” Amerika kinosunda kinematoqrafa yeni yanaşmanın, yeni problemlərin və hisslərin manifestidir.

Personajlar həyatda yerini axtarır, dəlisov davranır, flirt edir, ədəbi gecələrdə gedir, Sartrın fikirlərini müzakirə edir, uğur qazanmaq və bir az romantik olmaq istəyirlər.

“Kölgə”lər realist dramdır, Amerika cəmiyyətində ümidini itirməyən insanların necə yaşaması, reallıqla necə münasibət qurması haqdadır.

Final titrlərdə belə yazılıb. “İndi baxdığınız film improvizə üzərində qurulub”. Professional dramaturqa pul ödəmək imkanı olmadığı üçün Kassavetes dialoqlarda daha çox improvizələr edib. Dialoqlar hətta kağıza belə yazılmayıb, ona görə bütün dubllarda müxtəlif mətnlər səslənib.

Kassavetes deyirdi: “Kölgələr”in fərqi ondadır ki, personaj və xarakterlər süjetdən asılı olsa da, bu filmdə əhvalat personajların sayəsində yaranır”.

O, filmə başlayanda çəkiliş texnikası haqda təsəvvürü yox idi: “Çəkiliş zamanı etdiyim yeganə düzgün şey şüurlu nəsə etmək istəyən gənc entuziastların bir araya toplanması idi”.

Kassavetes etiraf edirdi ki, o, bu filmi ancaq gəncliyində çəkə bilərdi. İllər sonra o, “Kölgələr”i keçilmiş etap adlandırdı. Yaradıcılığında daha emosional, lirik, poetik olmadı.

Yeri gəlmişkən, “Kölgələr” iki dəfə 1957 və 1959-cu ildə lentə alınıb. İlk versiya Nyu-Yorkun andeqraund dairələrində məşhurlaşdı. Amma montaj zamanı Kassavetes anladı ki, real insanlar haqda film ideyası gerçəkləşməyib. O, dəhşət içində deyirdi: “Tamamilə intellektual, amma qeyri-insani film alınıb. Ritm gözəl alınsa da, onun insana aidiyyəti yoxdur. Yalnız bir şey məni sevindirdi - mənim heç bir fəndim aktyor oyununu öldürə bilməyib”.

Ona görə də Kassavetes 10 min dollar toplayaraq filmi yenidən çəkir: “Bu dəfə mən aktyorların baxış bucağından çəkmişəm, çoxlu musiqi və poeziya olsa da individual emosiyalar insani münasibətlər qalıb”.

Yeri gəlmişkən, radio verilişlərindən birində Kassavetes Hollivudda alternativ film gömək istəyənləri fərqli film çəkmək üçün iki dollar göndərməyə çağırıb. Bir neçə gün ərzində radio 2000 dollardan çox pul yığdı. Və “Kölgələr”in ilk versiyası bu pulun hesabına ekranlaşdırılıb.

# 4555 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #