Fəxrəddin Manafovun bərbad rolu

Fəxrəddin Manafovun bərbad rolu
11 iyul 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Hökmdarın taleyi” bədii filmini təqdim edir.

Süjet: Hadisələr XVIII əsrin sonu XIX əsrin əvvəllərində baş verir. Filmin qəhrəmanı Qarabağ xanı İbrahimxəlil xan (Fəxrəddin Manafov) çətin durumdadır. Azərbaycan xanlıqları bir tərəfdən İran, digər tərəfdən Rusiyanın təzyiqi ilə üzləşib. Hər iki dövlət Azərbaycanı özünə tabe etmək istəyir və bunun üçün mümkün olan bütün vasitələrdən istifadə edirlər. İran şahı Fətəli şah (Pərviz Məmmədyarov) İbrahimxəlil xandan əmisi Qacarın qisasını alır. Və xan onun istəyini yerinə yetirərək qızı Ağabəyimi (Günəş Mehdizadə) ona ərə verir, oğlu Əbülfəti (Kamran Yunis) isə girov qismində onun sarayına göndərir.

Vəziyyətdən çıxış yolu axtarmaq məqsədilə xanlar toplantı keçirir. İbrahimxəlil xan çıxış yolu kimi Rusiyaya tabeçiliyi təklif edir. Digər xanlar razılaşmır. Tədricən Rusiya tərəfindən bütün xanlıqlar istila edilir...

İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında çəkilən filmdə vurğulanan əsas ideya Azərbaycan xanlıqlarının zamanında birləşərək doğru strategiya seçə bilməmələridir.

A.S.V.A. Profi Studiya XXI Prodüser Mərkəzində istehsal olunan filmin rejissoru Ramiz Fətəliyev və Dilşad Fatxulindir. 2008-ci ildə nümayiş olunan “Hökmdarın taleyi” tarixi faktlar əsasında çəkilib.

Filmin ciddi problemlərindən biri odur ki, tarixi faktlar üzərində qurulan əhvalata rasionallıq yox, ümumən duyğusal ton hakimdir. Bu isə nəticədə xalqımızı zavallı, aciz kimi göstərib. Belə bir təəssüratı yaradan səbəblərdən biri, bütün əhvalat boyu yeri düşdü-düşmədi duyğu sümürücülüyü, zavallılıq aşılayan musiqilərin (bəstəkar Polad Bülbüloğlu) yerləşdirilməsidir. Başqa bir səbəb isə vəziyyətdən çıxış yolu tapmayan personajların depressiv görkəmləri, duyğusal-lirik-pafoslu monoloq və dialoqlarıdır. Əhvalat başdan-ayağa poetik vətənpərvərlik, xanlıqların bir ola bilməməyi hüznü və bundan doğan milli natamamlıq kompleksinin ritorikası üzərində qurulub. Filmin yarısı İbrahimxəlil xanın vətən, xalq haqda kəsərsiz, publisistik monoloqlarından ibarətdir. Fəxrəddin Manafov xanın çıxılmaz vəziyyətlərdə mənəvi çətinliyini göstərə, səmimiyyətinə inandıra bilmir və anladığım qədərilə obrazının təyinatını doğru başa düşməyib. Vəziyyətlərin və obrazların psixoloji-mənəvi çətinliyinin çatdırmaq funksiyasını isə daha çox kadrarxası səslənən musiqi yerinə yetirməyə çalışır.

Digər problem ssenaridəki qüsurlarla (ssenarist Elçin) bağlıdır. Birdən-birə xeyli vacib hadisənin eyni süjetə yerləşdirilməsi - Cavad xanın rus ordusu ilə döyüşü, bir epizodda Napoleonun peyda olub hadisələrin sonrakı gedişatında yoxa çıxması, Sisyanovun Bakıya təşrifi və öldürülməsi, yenidən fokusun İbrahimxəlil xana, onun problemlərinə yönəlməsi, bir neçə səhnədə - hadisələrin inkişafında təsir göstərməyən Ağabəyim ağanın sevgilisi Saday xanla bayağı bir klip stilində romantik görüşü və s. kompozisiyanın vahidliyini, bütövlüyünü şikəst edib. Montaj pintiliyindən, əhvalatın fraqment toplusu kimi meydana çıxmasından bəlli olur ki, müəlliflər bu qədər hadisəni dramaturji nizamlamağa çətinlik çəkiblər.

Tarixi dram kinonun ən çətin və məsuliyyətli janrlarından biridir. Burda didaktika, publisist ton işə keçmir, tarixi faktları öyrənmək də yetərli deyil. Bunun üçün həm də dövrün sosial-psixoloji mühiti, konteksti təfərrüatlı öyrənilməli və hadisəyə rejissor öz baxış bucağını gətirməlidir. Fiziki zülmü göstərmək, sadəcə döyüş səhnəsini çəkmək və tarixi faktları ekrana köçürməklə haqlı olduğumuzu göstərmək istəyəndə ortaya belə ortabab əsər çıxır. Halbuki materialda kino üçün çox yararlı olan iki xətt üzərində filmi qurmaq olardı. İbrahimxəlil xanın ailəsi ilə birlikdə rus qarnizonu tərəfindən qətli və İran şahının, xanı oğlu ilə şantaj edərək ata - oğul qarşıdurması yaratması. Təkcə bu iki fakt - həm qonşuların məkrini göstərmək, həm materialı universallaşdırmaq, həm də dramaturji baxımdan güclü bədii əsər yaratmaq üçün yetərliydi.

Dövlət büdcəsindən bir milyon manatın ayrıldığı film üçün minlərlə kostyum tikilib, İrandan parçalar gətirilib, silahlar, toplar, mərmilər, tüfənglər sifariş olunub.

Filmin Vikipediya məlumatına görə Ramiz Fətəliyev yaradıcılıq fikirləri fərqli olduğuna görə layihədən ayrılıb. Filmi Fəxrəddin Manafov, Dilşad Fatxulin (özbək operatoru və rejissoru) və Vaqif Əsədullayev birgə bitirib.

# 7012 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #