Əməkdar artist: "O səhnəyə çəkilmək üçün içki içdim" - MÜSAHİBƏ

<span style="color:red;">Əməkdar artist:  "O səhnəyə çəkilmək üçün içki içdim" - <span style="color:red;">MÜSAHİBƏ
15 noyabr 2017
# 13:43

Kulis.az bu günlərdə 60 yaşı tamam olan Əməkdar artist, teatr və kino aktyoru, ssenarist, rejissor Vidadi Həsənovla müsahibəni təqdim edir.

- Vidadi müəllim, sərt görkəminiz var. Amma bu, ilkin təəssüratdır. Mənə elə gəlir ki, siz sevgi dolu insansız və sevginizi xəsisliklə verirsiz. Sərt görünməyəniz kompleksdir, ilk tanışlıqda etibar etmirsiz, yoxsa xarakter olaraq beləsiz?

- Bunların hamısı var, həm də bu, bir növ qalxandır. İnsan gərək sevgini də, nifrəti də qənaətlə isitifadə eləsin. Biz çox vaxt həddindən artıq sevirik. Həddən də artıq nifrət edirik. Nə elə sevmək lazımdır ki, tələblərin çox olsun, nə də elə nifrət eləmək lazımdır ki, qəddarlığın son həddinə çatasan. Yaxşısı budur, bu hisslərdən qənaətlə istifadə edəsən.

- Sevgi idarəolunmaz hissdir, onu tənzimləmək çətindir bir az.

- Amma mənim yaşımda hissini cilovlaya bilməmək, idarə edə bilməmək ayıbdır. Mənim yaşımda yeniyetməlik eləmək olmaz. Gərək adam özünü idarə etməyi bacarsın.

- Bu yaxınlarda 60 yaşınız tamamlandı. Necə düşünürsüz, sənətdə hədəflərinizə çatdınızmı?

- 40 yaşınadək ozümə söz vermişdim ki, bu sənətdə nəsə eləsəm qalıb işləyəcəm. Görsəm ki, nəsə edə bilməmişəm, gedəcəm. Amma 40-dan sonra qərara gəldim ki, elə bu işlə məşğul olum. Sənət adamının həmişə iddiası olmalıdır. Olmalıdır ki, işləsin. Başqa iddialar mənlik deyil. Biz öz işimizlə məşğul olmalıyıq. Bunun da müqabilində nəyisə gözləməli deyilik. Çəkməçi ayaqqabı tikib gözləməlidir ki, ona “əməkdar çəkməçi” adı verəcəklər?! İnsan öz işindən zövq almalıdır. Bizim işimizin bir dəyəri var, pul. Bax, bu, normal olmalıdır. Xüsusən də sənətkar müəyyən bir mərhələyə gəlib çatanda. Çünki sən illər uzunu öz peşəni öyrənmisən, çalışmısan ki, yaxşı pul qazanasan. İşləyən adamın zəhmətinin haqqı olmalıdır.

- Layiq oldiğunuz o haqqı, pul mənasında ala bilirsiz?

- On-on beş il bundan əvvəl Bollivud aktyorları çəkilməkdən imtina eləmişdilər. Niyə Hollivudda 15-20 milyon pul alırlar, biz isə 10 milyon. Cavab verə bildim?

- Bildiyim qədərilə peşəkar aktyorlara seriallarda qaneedici qonorar verilir, yoxsa?

- Vermirlər. Yəni, bizim şəraitə uyğun ödəyirlər, təbii. Amma belə baxanda...

- Siz ona görəmi imtina etdiniz seriallardan, yoxsa peşəkarlıq baxımdan qane etmədi?

- Hər iki mənada. Cəmisi üç seriala çəkilmişəm. Adam istəyir ki, bu işi görən peşəkarların sayı çox olsun. Amma başadüşüləndir, bu industriya bizdə təzə başlayıb. O biri tərəfdən də maddi imkanlar olsa əlbəttə, onlar da ödəyərlər. Ödəmirlərsə, biz də gərək özümüzə hörmət qoyaq. Amma elə məqamlar olur ki, sən gedib çəkilməli olursan. Bu da peşəkar məsələ olduğu üçün demək istəmirəm.

- Çəkildiyiniz seriallar peşəkarlıq baxımdan nəsə verdi sizə? Aktyorun formada qalması üçün çəkilməsi də lazımdır.

- Aktyorun formada olması üçün onun daim çəkilməsinə ehtiyac yoxdur. Mən düşünmürəm ki, “Azərbaycanfilm” 20 film çəkirsə, hamısında oynayan aktyor yaxşı aktyordur. Nə gəldi oynayan aktyor hələ yaxşı aktyor deyil. Gərək aktyorun seçimi olsun. Gərək aktyor da ozünü hərdən camaatdan uzaqlaşdırsın, onları bezdirməsin. Hər dəfə eyni simaları görmək adamları darıxdırır. Amma aktyor çəkilməlidir və gördüyü işi keyfiyyətli görməlidir.

- Dünyaca məşhur aktyorlar var ki, az çəkilir, çəkilməyəndə insanlarla söhbət edir, mütaliə edir, bazasına daim nələrsə əlavə edir. “Hazırlıqlı olmalıdır” deyəndə bunu nəzərdə tutursunuz yəqin.

- Əlbəttə. Firdovsidən oğlu soruşur ki, necə oldu ki, ağıllı oldun? Dedi dəlilərə baxıb tərsini elədim. İnsan atdan da, itdən də, otdan da öyrənir. Teatrda da hər tamaşada oynamaq vacib deyil. Bizim seriallarda çəkilən aktyorlar var ki, bəlkə də insanlar onlardan beziblər. Hansı seriala baxırlar, eyni adamı görürlər, eyni simada görürlər, eyni paltarda görürlər. Bu cür sənətçi dostlarımız ehtiyatlı olmalıdırlar.

- “Təklif” tamaşasında gənc rejissorlar Günay Səttar, “İkinci güllə” filmində Natiq Rəsulovla işləmisiz. Peşəkar aktyor olmaqdan savayı, ssenari kursunu bitirmisiz, tamaşalar da qoyursuz. Gənclərlə iş prosesində eqonuz üzə çıxırmı, irad bildirirsizmi, əməkdaşlığı necə qurursuz?

- Yaşından asılı olmayaraq, kimləsə işləməyə razılıq verirəmsə, qarşımdakı adama öz müəllimim kimi baxıram. Mən pis rejissorlarla işləyə bilmirəm. Yaxşı rejissor hazırlayacağı tamaşanı, çəkəcəyi filmi məndən yaxşı bilir. “Təklif”də utanmadan, çəkinmədən Günaya “sən mənim müəllimimsən” demişəm. Günayla işlədiyim ilk tamaşadır. Elə məsələlər var ki, anlaşmaq lazımdır, elə məsələlər olur ki, özümü haqlı sayıram. Yaradıcılıq prosesi hamar proses deyil ki... Mübahisələr işin xeyrinədir. Yaxşı rejissorla yaşından asılı olmayaraq işləyəndə nə edirsənsə qarşısındakı insan da bilir ki, sən bunu işin naminə edirsən. Burda yaş o qədər də önəmli deyil.

- “Bəyin oğurlanması” yəqin, yeganə filmdir ki, demək olar ki, dövrünün bütün ulduz aktyorları orada oynayıb. Film çox personajlıdır, bir neçə süjet xətti var, montaj baxımından da asan film deyil. Kinomuzda da “kult film” haqqını da qazandı. Çəkiliş prosesini necə xatırlayırsız?

- “Bəyin oğurlanması” ilk dəfə nümayiş olunanda onun rejissorlarını tənqid atəşinı tutdular. Tənqid edirdilər ki, Ceyhun Mirzəyev, Vaqif Mustafayev “Mozalan” çəkib, bir az geniş formatda. Amma zaman əksini göstərdi. Azərbaycanda çocuğu də dindirsən, o filmdən sitat gətirir. Filmin dəyər qazanması zamanın məsələsidir. Onda cavan idim, kamera qarşısında neyləyirdim, özüm də anlamırdım. Heç bir təcrübəm yox idi. Sadəcə olaraq elədiklərim intuitiv, təbiətən gələn bir şey idi. Təbii ki, rejissorlar da tapşırıqlar verirdi. Bir məsələyə toxunmaq istəyirəm. Görürsüz ki, filmdə nə böyük aktyor heyəti var. Bizim filmlərimizdə, serillarımızda bədii keyfiyyətin aşağı olmasının bir səbəbi bəzən qeyri-peşəkar aktyorların çəkilməsidir. “Bəyin oğurlanması”nda hətta kinostudiyanın elə aktyoru iştirak edib ki, söz danışmayıb, sözü olmayıb. Amma rolunu oynamaq üçün Bakıdan gəlirdi. “Bəyin oğurlanması”nın üstün cəhətlərindən biri budur. Orda qeyri-peşəkar adam görünmür. Bircə orda toy səhnəsində balaca qız var, rəqs edir. O, kənddəndir, iri planda qeyri-peşəkar təkcə odur. Bütün epizodik rollarda kinostudiyadan gəlib oynayıb qayıdırdılar. Filmdə məşhur bir yer var, “sən istəmirsən uzaq Liviya səhrasında səni görsünlər”, o da deyir “yox”. Həmin adam da kinostudiyanın işçisidir. Kiçik səhnələrdə belə mütləq işi bilən adamlardan istifadə edirdilər. Tələb belə idi o vaxt.

Amma indiki gənclərin çoxu elə bilir ki, küçədən tutub gətirdiyi adam onun dediyini edə biləcək. Yanlış fikirdir. Onda belə çıxır ki, təhsilə ehtiyac yoxdur. Düzdür, dünyada da elə rejissorlar var ki, öz filmlərində peşəkar aktyorları çəkmirlər. Onların yanaşma tərzi fərqlidir.

- Bu filmdən sonra sizi görüb Eldar Quliyevin “Burulğan” filminə dəvət etdilər?

- “Bəyin oğurlanması”ndan sonra eyni zamanda iki filmə çəkildim. Ceyhun Mirzəyevin “İşarəni dənizdən gözləyin” və “Burulğan”. Mənim “Burulğan”a çəkilməyim maraqlı oldu. Çox böyük rəqabət var idi. Mən də çox cavan idim. Amma personaj kimi Adil müəyyən təcrübəsi olan insan idi. Məni ikinci rejissor Akif Rüstəmov sınaq çəkilişlərinə dəvət elədi. Hər dəfə sınaq çəkilişlərinə gedirdim, amma məni çəkmirdilər. Akif müəllim mənə təsəlli verirdi ki, tələsmə. Yalan olmasın, 10-15 dəfə getdim. Sonuncu sınaq günü idi. Üç aktyor qalmışdıq. Yenə Eldar müəllim onları çəkdi. Və dedi, vəssalam. Gördüm Akif müəllim mənə baxdı, yaxınlaşdı Eldar müəllimə nəsə dedi. Eldar müəllim də dedi ki, yaxşı onda çəkin. Eldar müəllimsiz sınaq çəkilişləri oldu. Bir gün Akif müəllim zəng elədi ki, mən təsdiq olunmuşam.

- “Burulğan” milli kinomuzda sevdiyim filmlərdəndir. Müəllif filmidir. Əhvalatın özü, özəlliklə də sizin oynadığınız Adil obrazı psixoloji baxımdan çətindir. Aktyor seçimi də maraqlı və orqanik idi...

- Məmməd Məmmədov Şəfiqə Məmmədovanın qardaşıdır. Belorusda yaşayır, aktyordur. Eldar rolunun ifaçısı Moskvada “Moskonsert”də aktyor işləyirdi. Onun atası sirk artisti olub. “Uşağlığın son gecəsi” filmində də bir epizodda çəkilib. Latış aktrisa Eqle Qabrenayte, Bakıdan isə mən və Həmidə Ömərova idik.

Çəkilişlər Xəzərdə bir adada keçdi. Adada bir biz idik, bir də siçovullar. On gündən bir vertolyot ya gəmi bizi aparıb gətirirdi. Maraqlı bir şey deyim. Rolum filmdəki süjet xəttinə görə digər personajlara kənar, yad adamdır. Mənim çadırımı hamıdan aralıda qurdular, dedilər ki, tək qalacaqsan. Anlayırdım nəyə görə belə edirlər. Sonra Eldar müəllim də dedi ki, bu, qəsdən edilmişdi, çünki personaj özü də eləydi, digərləri tərəfindən yaxşı qəbul olunmurdu. Maraqlı çəkiliş prosesi oldu. Yadıma gəlir ki, onda adaya Müslüm Maqomayev gəlmişdi. Eldar müəllimin yaxın dostu idi. O boyda sənətkarı canlı gördüm, xoşbəxtlik idi. Filmdə bir döyüş səhnəsi var, Eldar Adili döyür. Sabahı çəkiliş olmalıydı, Eldar müəllim yanımdan keçəndə dedi ki, “Xaç atası” filminə baxmısan? Dedim yox. Çünki onda video nadir adamlarda olardı. Eldar müəllim dedi ki, orda bir epizod var, aktyoru vururlar, üç metr süzür, yıxılır. Söz məni tutdu. Getdim çadırıma, yatdığım döşəyi götürdüm, gəldim adanın heç görünməyən tərəfinə. Qayalıq idi ora. Başladım tullanmağa. Yıxılmağın özünü də gərək düzgün edəsən. İndi döşək var, sabah o da olmayacaqdı. Adada isə da qum yox idi, balıqqulağıydı. Xeyli məşğul oldum. Səhər açıldı, gəldik çəkilişə. Eldar müəllimə yaxınlaşdım ki, bacaracam, dedi nəyi, dedim, dünən belə şey demişdiz. Bu epizodu 18 dubla çəkdilər. Hündürdən atırdılar məni, yumarlanıb bəzən kameranın qarşısına düşə bilmirdim və sair çətinliklər oldu. Ondan sonra hər gün səhər axşam dənizdə üzürdüm. Çünki çəkilişdən sonra bir qolum və bir ayağım yaxşı işləmirdi.

- Əsas tərəf müqabillərinzidən biri Eqle idi. Onunla yaxınlıq səhnəsi var. Çətin səhnə oldu?

- Eldar müəllim indiyədək zarafat edir ki, sevirdin hə, onu? Mən də həmişə pauza verib deyirəm ki, Eldar müəllim biz hamımız onu sevirdik. (gülür) O səhnə qürub çağında çəkilməliydi, qürub da cəmi 15-20 dəqiqə çəkir. Akif müəllim doğrudan da sonuncu mogikandır. Fenomenal adamdır. Çəkiliş meydançasına çatanda mənimlə Eqleyə dedi ki, bura gəlin. O, başa düşürdü ki, mən gəncəm. Eqle isə təcrübəli idi. Bizi xəlvət yerə apardı, hərəmizə 100 qram verdi ki, cəsarətli olun. Amma arağı orda necə saxlamışdı, bilmirəm. Çünki orda içki aparsan da isti olduğuna görə saxlamaq çətin idi. Biz 8 gün idi ordaydıq, peşəkarlığa baxın, onu harada necə qoruyub saxlayıb bu epizod üçün. Səhv eləmirəmsə üç dubla çəkdik. O epizodu çəkmək üçün bizə eyni paltardan üç dəst tikmişdilər. Yıxılırıq suya, növbəti dublda islanmışı çıxarıb, yenisini geyirdik, növbəti dublu çəkirdik. Akif müəllimin yüz qramı olmasaydı bu epizod o qədər yaxşı alınmazdı.

- Bəzi aktyorlar gileylənir ki, rejissorlar aktyorla işləyə, maksimal nəticə ala bilmir. Siz də narazısız?

- İşlədiyim rejissorların heç biri ilə belə problemim olmayıb. Çünki məsələləri iş prosesində həll edirik. Yaradıcılıq da elə mübahisələri ilə gözəldir. Mən qabaqcadan rejissorla işləmək istəmirəmsə, işləmirəm.

- Məşq prosesində gördüm ki, siz gənc həmkarlarınıza nə qədər sayğıyla yanaşırsız. Bu, artıq peşəkarlıq məsələsidir. Halbuki, bəzən tanınmış aktyorlar başqa cür davranır.

- Neçə illərdi müəllim işləyirəm. Cavanlara hörmət edib sevmək birincisi pedaqoq kimi borcumdur. Digər tərəfdən düşünürəm ki, onların hər biri məndən daha bacarıqlıdır. Bəzi məsələlərdə görürəm ki, mühafizəkar yanaşıram. Onların yanaşması isə daha yenidir. Dünya kinosunu, teatrını, çağdaş aktyorluq ifa tərzlərini bilirlər, mütaliə edirlər, məlumatlıdırılar, dünyagörüşləri çoxdur, kurslara, konfranslara gedirlər. Hamısı yox əlbəttə ki, kim öz üzərində işləyirsə. Bundan sonra beş ya altı il işləyəcəm, cavanlar isə hələ uzun müddət mədəniyyəti təmsil edəcəklər. İmkan vermək lazımdır ki, özlərini realizə eləsinlər. Onların dəyərini bilmək lazımdır.

- Yeni yaranan teatrlara gedirsiz?

- Özümün də teatrım var. Bəlkə kimlərsə düşünür ki, Bakıda teatrların sayı çoxdur, amma olduqca azdır. Müqayisə üçün, Tiflisdəki teatrların sayını göz önünə gətirin. Bizim qürurlanmağımız üçün teatrların sayı çox olmamalıdır. İnsanların zövqü müxtəlifdir. Marionet teatrına baxıb zövq alan insanlar var. Desən ki, YUĞa, operaya get, getməz, bəlkə də darıxar. Hər teatrın öz publikası var. İnsanları məhkum edirik ki, Günəşlidən gəlib şəhərin mərkəzinə teatra baxsınlar. Niyə? Zirzəmidə kafe, masaj salonu aça bilirik, teatr yox. Nə çətin şeydir orda teatr açmaq? Rusiyada bir çox məşhur aktyorlar kiçik teatlardan çıxıblar.

- Siz Tiflisdə, Moskvada ssenari kursunu bitirmisiz. Nədən ssenarist kimi fəaliyyətə ehtiyac duyduz?

- İTV-də dublyaja gedirdim, bir cavan rejissor vardı, Ruslan Hüseynli, dedi ki, ssenari yazın, nazirlik müsabiqə elan edib. Mən də ssenari yazmamışdım. Nəsə yazdım, təbii ki, nazirlikdən keçmədi. Amma Vaqif müəllimə (Vaqif İbrahimoğluya-red.) göstərdim. Dedi ki, sən bununla məşğul ol. Bir gün də ssenari yazıb Tiflisə göndərdim, qəbul olundu. Şərt belə idi ki, öz imkanlarımla getməliyəm. Mən də yazdım ki, ancaq öz imkanlarımla gəlməmək şərtiylə gələ bilərəm. Düşündüm ki, daha çağırmazlar. Amma dəvət elədilər. Orada Avropadan, Amerikadan böyük mütəxəssislər vardı. Onlar bizə kinoindustriya haqda, ssenarinin yazılması, texnologiyası, sxemi haqda geniş məlumat verdilər. O layihədə “Mələklər də ölür” ssenarisi ilə iştirak edirdim. Nazirlik də yaxşı qəbul etdi, rus, ingilis dilinə çevirməsinə maddi yardım göstərdilər. Ukraynadan prodüserlər də maraqlandılar, müzakirə olundu. Amma müəyyən səbəblərdən çəkilmədi. Səbəbini bilirəm.

- Amma demirsiz.

- Demirəm. Sonra “Çölçü”nü yazdım, nazirlik qəbul etdi və çəkildi.

- Razı qaldınız Şamil Əliyevin yozumundan?

- İlk dəfə filmə baxanda Şamili təbrik elədim, qucaqladım ki, bu, sənin filmindir, qəbul edirəm. Amma mənim ssenarim başqa idi. Baxın, film indi öz həyatını yaşayır. Festivallara gedir, mükafatlar alır. Təbii ki, istərdim bəzi şeylər ssenaridə olduğu kimi qalsın. Bir çoxu da deyir ki, o cür olmalı idi. Amma film rejissorundur. Hər dəfə film mükafat alanda mən də sevinirəm.

- YUĞ teatrında psixosof estetikası ilə işləyirsiz. Ənənəvi təhkiyə üçün darıxırsız?

- YUĞda məşhur zarafatım var. Deyirəm ki, biz də aktyoruq da, imkan verin biz də dayanaq, qəşəng-qəşəng monoloq tolazlayaq. Bu, bizim zarafatdır. Neçə ildir bu poetika ilə işləyirik. Bakıda müxtəlif estetikaları nümayiş etdirən, düşüncəni, fərqli aktyor ifasını ortalığa qoyan teatrların sayının çox olmasını istəyirəm. Bir vaxtlar Bəxtiyar Xanızadə, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlunun tamaşalarında fərqli dramaturgiyalar, fərqli aktyor oyunu, poetika vardı. Bizim peşənin inkişafı da ancaq bu cür rəngarənglikdə mümkün olacaq.

# 1877 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #