Gedin, o tərəfdə oynayın! - "Apatiya" filmi haqqında

Gedin, o tərəfdə oynayın!  - "Apatiya" filmi haqqında
19 yanvar 2025
# 15:00

Kulis.az Əməkdar jurnalist Nüşabə Hüseynlinin "Apatiya" filmi haqda yazdığı "Gedin, o tərəfdə oynayın!" yazısını təqdim edir.

“Apatiya” haqqında bir-iki sözüm var. İkincisini görməmişəm. Mən hələ birincidəyəm. Çünki yutuba təzə yerləşdirilib.

Tənqid də olsa, nəticə etibarilə belə çıxacaq ki, bu yazı onu gündəmdə saxlamağa xidmət edir. Olsun. Bu da əməyə hörmətimiz sayılar.

Axşam saatları idi. “Apatiya”ya baxa-baxa bir də onda ayıldım ki, Azərbaycandan kənarda olan qızıma “İnsanlar xoxandır, hamısından aralı gəz” məzmunlu cürbəcür neqativ mesajlar yazıram. Birdən onun da fərqinə vardım ki, əhvalımın ciddi şəkildə korlanması bir tərəfə, ürəyim babat bulanır. “Sənətin gücü budur” deyib, məni heç nə anlamayan, təzəliklərdən qorxan, ənənələrə bağlı, pedant və ya konyukturaçı gözündə görənlərə sözüm budur ki, bu üç kəlməlik cümlənin iki sözünün – “sənət” və “güc” – “Apatiya” ilə uzaqdan-yaxına heç bir əlaqəsi yoxdur. Cümlədən qalan bircə “budur” sözüdür, onun da qarşısına istədiyini, daha doğrusu, “Apatiya”nı seyr etdikdən sonra onun yaratdığı təəssürata uyğun kəlmə və ya kəlmələri ürəklə yaza bilərsən. Nəsə, burda çox qalmayaq.

Açıq-saçıq dediyiniz o iki fraqment barədə bir kəlmə: eyni şeydən əziyyət çəkənlərin “TikTok”da hansı oyunlardan çıxdığını azmı görmüşük, azmı eşitmişik? Hərə o ehtiyacını bir cür ödəyir, belələri üçün daha utanmaqdan keçib. Amma ərlə-arvadın arasında yatan dayının öz bacısı ilə yeznəsini cinsi münasibətdən məhrum etməsini göstərməklə evdəki vəziyyətin dramatikliyini vurğulamaq istəyən ssenarist və rejissor çox dibə düşüb, məncə. Məsələ bundadır, açıq-saçıqlıqda yox. Axı kino estetik və incə sənətdir. Məhsulun realizmdən qidalandığını deyən “Azdır belə ailələr?” yanaşmasını qalxana çevirərək tənqidlərə qarşı apatiya nümayiş etdirənlərə sözüm: evdə bir dənə “şükür” deyiləsi bir şey yox, ər yenə özü bilər, tanrısı bilər, amma daha qadının xirtdəyədək qayğının içində çapaladığı halda bu hayda olmasının, gecənin bir yarısında yuxudan “Sabah nə bişirəcəyəm?” fikrinin gətirdiyi gərginlikdən yox, məhz bu ehtirasla oyanmasının, üstəlik, bunun da dramatizmi artırmaq üçün vurğulanmasının, vallah, əsas mətləbə aidiyyatı yoxdur, əksinə, ikrah doğuracaq dərəcədə bəsit görünür.

Daha bir məqam. Bu dünyada hər kəsin və hər şeyin öz rəngi var. Təbii ki, rəng seçimi hər kəsin öz ixtiyarındadır. Kimsə tualetin “Apatiya”dakı mənasını sığınacaq, gizlinləri özündə ehtiva edən sirr otağı kimi yozmağa çalışmaqla buna bədii məzmun verməyə çalışır. Düşünürəm, alicənablıq və əməyə hörmətin ifadəsidir. Əslində isə... Ssenarist və rejissorun düşüncələrinin, ruh halının iziylə getsək, açığı, dayının bağırsağını boşaltmaq üçün unitazda hıqqanmasından sonra nəcis kütləsinin kameranın obyektivinə şappıldayacağını proqnozlaşdırdığım halda bu, baş vermədi, kütlə suya düşdü. Sağ olsun, son anda bizə qarşı mərhəmətli davranıb. “Bu hansı basdırılmış hisslərin təcəssümü ola bilər?” versiyası üzərində – burdan o yanasını düşünmək istəmirəm. Amma yaranan qənaət budur ki, müəllifin həyata münasibəti nəcisə olan münasibətidir, onun üçün dünya da elə bu rəngdədir.

Dünya yalnız çirkinlikdən ibarətdir, hamı pisdir, ata da, ana da, əmi də, dayı da, polislər də qarşısındakı vətəndaşa yuxarıdan-aşağı baxan nöqsanlı əməkdaşlardır, hətta məktəbə getməyən uşaq da pisdir. Bəli, uşaq da. Barı uşaqda apatiya bir qədər gec görünəydi, hansısa epizodda heç olmasa, üçcə saniyəlik də olsa, məktəbə getmədiyinə görə bir yerdə uşaq kimi ağlamsınaydı, kiməsə sifət eləyəydi, nəyəsə etiraz edirmiş kimi mızıldanaydı və s. Bunlardan birini görsəydik, bunu iynənin ucu boyda olsa da, işıq gələn yer hesab etmək olardı. Qaranın, yox, qapqaranın ən qatısını, ən tündünü göstərməyin mahiyyətini anlamaqda, üzr istəyirəm, çətinlik çəkirəm.

“Apatiya”nın varlığını əsaslandırmaq, harasa bağlamaq üçün bir tutarqı axtarıram. Yadıma düşür ki, uzaq keçmişlərdə bir dostumun tövsiyəsilə Tarantinonun “Mənfur səkkizlik” filmini izləmişdim. O, film idi, bəli. Orda hekayələr, talelər, hadisələr var idi, bəli. Film kimi bəyənmişdim, amma o filmdə də qan həddən artıq çox idi. Mənim nəzərimcə, o qədər çox idi ki, az qala, monitorun kənarlarından süzülüb klaviaturanın üstünə damcılayırdı. Hər halda mənim, məzmunxaric, təəssüratım belədir. İnsanın hisslərini qıcıqlandırmaq baxımından, olmaya, “Apatiya” müəllifi onun izi ilə getməyə çalışıb? Amma bunun özü də çox yanlışdır axı. O filmdən ruhlanıb “Apatiya”nı çəkmək özünüifşadır, həzərat. Adama deyərlər, gedin o tərəfdə oynayın.

Özüm də istəmədən mətləb çox uzandı, deyəsən. Amma “mütləq” dediyim bir qeydi də etməliyəm. “Apatiya”nın müəllifi bu işini özünə ustad bildiyi mərhum Fuad Poladovun xatirəsinə ithaf edib. Kaş ki, tələsməyib bu niyyətini ustadalayiq işləri üçün saxlayaydı.

​​​​​​Nüşabə Hüseynli

# 328 dəfə oxunub

Oxşar xəbərlər

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

13:05 18 yanvar 2025
Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

12:30 18 yanvar 2025
Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

11:28 18 yanvar 2025
Devid Linçin ən yüksək reytinqli 10 filmi

Devid Linçin ən yüksək reytinqli 10 filmi

11:07 18 yanvar 2025
Məşhur aktyor “Kuruluş Osman”dan getdi

Məşhur aktyor “Kuruluş Osman”dan getdi

10:27 18 yanvar 2025
Azərbaycanlı rejissorun filmi Berlində

Azərbaycanlı rejissorun filmi Berlində

16:40 17 yanvar 2025
#
#
# # #