Ayaz Salayevin filmi niyə nazirliyin xoşuna gəlmədi?

“Ağ-qara gecələr” bədii filmi

“Ağ-qara gecələr” bədii filmi

27 yanvar 2022
# 15:00

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2013-cü ildə istehsal olunan “Ağ-qara gecələr” bədii filmi... Bu, həmin situasiyadır ki, bir film haqda nə yazacağını, nədən başlayacağını bilmirsən. Ona görə yox ki, rejissor Ayaz Salayevin “Ağ-qara gecələr”i özündə nəsə metafizik, irrasional məna daşıyır, kino sənətinin, insanın şüur və duyğularının sərhədini aşır. Sadəcə, ona görə ki, təqdim olunan məhsulun keyfiyyətsizliyi səni əzab çəkməyə vadar eləyir.

Öncə onu deyim ki, “Ağ qara gecələr” Ayaz Salayevin 2009-cu ildə çəkdiyi, amma müəyyən səbəblərdən yayımlanmayan “Ehram TV” filminin redaktələrə məruz qalmış versiyasıdır. O vaxt Mədəniyyət Nazirliyinin kino şöbəsinin rəsmisi Cəmil Fərəcov mətbuata açıqlamasında demişdi ki, filmdə bəzi məqamlar nazirliyin xoşuna gəlmədiyindən redaktə işləri aparılıb.

Filmin yeni versiyasında intellektual görüntüylə (Nabokovdan tutmuş Eyzenşteynə qədər müxtəlif ədəbiyyat, sənət adamlarının portretləri, klassik kinolardan sitatlar) yüklənmiş ayrı-ayrı fraqmentlərin məğzi yoxdur, vəziyyətlər son dərəcə banal, serialsayağı dialoqlarla şərh olunur, aktyor oyunları cansızdır və uyğunsuz montaj nəticəsində ortaya anlaşılmaz məhsul çıxıb.

Filmin əsas qəhrəmanları Aya (Solmaz Süleymanlı) və əri (Fəxrəddin Manafov) səssiz ağ-qara, klassik filmlərin nümayiş etdirildiyi telekanal açır. Aparıcı qismində Ayanın, kənd məktəbində müəllim işləmiş, siyasi fəallığına görə vaxtilə həbs edilmiş dostu (Levan Xurtsia) dəvət olunur. Ayan ərini öldürüb sevgilisiylə, nağıllarda deyildiyi kimi şad-xürrəm yaşamaq arzusundadır. Lakin qadının ərinə xəyanəti və müxtəlif mövzular üzrə real hadisələr gözlənilmədən kinoverilişə daxil olur...

Ayaz Salayev qadın-kişi münasibətlərindəki klassik xəyanət mövzusunu emosional təcrübəyə yararsız olan klişe traktovkada, mənalarla həll edir, yan süjetləri, səssiz filmlərdəki müxtəlif səhnələri əsas xəttə istedadsız calaşdırmaqla qarmaqarışıq əhvalat qurur. Problem onda yaranır ki, köməkçi əhvalatlar əsas xətlə qeyri-estetik montaj (əslində buna montaj yox, uğursuz calaq demək daha uyğundur) sayəsində bütünləşmir. İndidə baş verən vəziyyətlə səssiz kinoda baş verən vəziyyət məna etibarilə, əksər hallarda bir - birini tamamlamır. Səhnələrdən birində Ayan sevgilisinin evinə gələrək televizoru açır və ekranda Lanqın “M” filmi göstərilir. Bu zaman qadın pəncərədən ərinin sevgilisylə danışdığını görəndə, qırmızı tufliləri “M” filmindən bir kadrın (kadrda qatilin axtarışı elanı asılmış yerə qatilin kölgəsi düşür) fonunda göstərilir. İki fərqli situasiya arasında əlaqəni rejissor necə tapıb? Bəlkə, rejissor ərinə xəyanət etdiyi bəs deyilmiş kimi onu zəhərləmək istəyən qadınla, Lanqın uşaqları öldürən qatil obrazını eyniləşdirir? Amma hətta bu, belədirsə, həmin vəziyyətlə təklif olunmuş kinositatın sintezi o mənanı vermir axı. Ümumiyyətlə, rejissor nəzərdə tutduğu ideyaya-yəni ərinə xəyanət edən qadının niyyətinin kiminsə tərəfindən çəkilmiş görüntülərlə üzə çıxmasına və televiziyanın insanların həyatına müdaxiləsinin getdikcə total xarakter almasına səssiz filmlərlə yeni məna verə bilmir. Əhvalat daha çox assosiativ montaj estetikası tələb edir ki, hansısa səbəblərdən bu, alınmayıb. Və dramaturji bitkinliyin olmaması səbəbindən səssiz filmlərdən fraqmentlər süjetin hər yerinə harda, necə gəldi səpələyib. Misalçün, səssiz film kadrları indiki zamana televizor vasitəsilə daxil olur. Personajlar situasiya tələb etmədiyi halda televizor görən kimi cumub onu açırlar...

Qəhrəmanların evində keçirilən ziyafət epizodunda, qəfildən qarşı binadakı mənzilində onu döydüyü üçün ərini öldürən qadın göstərilir. Ziyafətdə hansısa naməlum qadın bu mənzərəni izləyir. Təklif olunmuş xətt elə ordaca bitir və onun ümumi əhvalatla bağlantısı aydınlaşmır. Yaxud barda Aqil M.Quliyevin qəhrəmanının gənc xanımı tovlaması ilə Ayanın hamam səhnəsinin, Ayanın ərinin evinin divarlarını ehtirasla oxşamasının paralel verilməsi də məlum olmur. Ayrıca, Ayanın hamamda çıxardığı erotik səslərin, həyəcanının, ekspozisiyada sahilboyu çılpaq qızın qaçaraq köynək geyinməsinin və digər belə əhvalatların məntiqi sonluğu yoxdur. Və bu, heç bir halda postmodern yanaşmanın tələb etdiyi kollaj, fraqmentallıq fəndi deyil. Bu, nədirsə, onu bizə ancaq rejissorun özü izah edə bilər.

Belə anladım ki, aparıcı obrazı müəyyən mənada, vaxtilə ABA kanalında kino verilişi aparan, qadın və qida kimi analoji mövzuları təhlil edən Ayaz Salayevin alter eqosudur. Final, cəsarətsiz, ideyalarına sadiq olmayan biri kimi göstərilən aparıcının iblisanə qəhqəhəsiylə bitir. Hətta bu yəqin ki, rejissorun qəhqəhəsinin obrazı vasitəsilə tamaşaçıya ironiyasıdır. Yəni, baxın, sizi mənasız fikir labirintinə salmaqla dolayıram, ciddiyə almıram və s.

Gizli kamera ilə baş verənlərin həmin andaca ekranda göstərilməsi, insanların həyatına kimin və ya hansısa qüvvənin müdaxilə etməsinin naməlumluğu energetik olaraq mistik, fantasmaqorik ab-hava yaratmır.

Dublyaj isə çox pisdir, səslər obrazlara oturmur.

Əhvalatda müxtəlif incəsənət əsərlərində, filmlərdə dəfələrlə müraciət edilmiş, itirilmiş cənnəti ifadə edən alma allyuziyası keçir. Allah xatirinə, əgər siz məsələn, Rene Maqritt kimi, lənətə gəlmiş almaya başqa vizual məna verə bilmirsizsə, yığışdırın bu köhnə-kürüş mövzunu, adamda almaya ikrah hissi yaratmayın. Gül kimi faydalı meyvədir alma, ürək-damar xəstəliklərinin yaranmasını azaldır, qan azlığına faydalıdır, tərkibində B, C vitaminləri, kalium, natrium, dəmir duzları var. İcazə verin, almaya istehlak etdiyimiz meyvə kimi baxaq...

# 5681 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #