Sovet kinosunun nəhəngi - “Elektronikin macəraları”

Sovet kinosunun nəhəngi - “Elektronikin macəraları”
27 avqust 2012
# 09:00
Arayış:

“Elektronikin macəraları” adlı 3 hissəli musiqili film sovetlər dönəmində istehsal olunan ən məşhur filmlərdən biri kimi tarixə düşdü. Rejissor Konstantin Bromberqin ekran əsərinin musiqisi də həmin illərin ən gözəl, bəstəkar Yevqeni Krılatovun isə ən yaxşı əsəri idi.

Filmin süjetinə keçməzdən əvvəl bildim ki, filmin ssenarisi Yevqeni Veltisovun 1964-cü ildə qələmə aldığı “Elektronik – çamadandan çıxan oğlan” fantastik povestindən götürülüb. Filmin əvvəlində həmin illərin daha bir gözəl musiqi əsəri olan “Krılatıe kaçeli” (“Qanadlı yelləncək”) də səslənir.

3 hissəli filmin I hissəsi “Qaçış”, II hissəsi “6 “B”-nin sirri”, III hissə isə “İti olan oğlan” adlanır.



Məncə, bu qədər arayış kifayətdir. Onsuz da filmi izləməyən, izləyib sevməyən çox az adam tapılar. Bəlkə, yaşı az olanların bu sarıdan bəxti gətirməyib, amma texnologiyanın tükənməz imkanları qarşısında bu xırda məsələdir.

Yaxşı yadımdadır, birinci dəfə qısa adı “Elektronik” olan filmə baxanda dəhşət hisslər keçirmişdim. Yaşım o qədər də çox deyildi, 10 olardı, ya da yox. Amma yay tətili boyu hər gün “bəlkə yenə verərlər” deyə gözləmişdim. Sonra o biri il, sonra o biri il...

Oxumağa tənbəl deyildim, amma çəlimsiz idim, istəyirdim ki, professor Qromovu tapım və ondan xahiş edim ki, jurnalın üz qabığında rəsmi olan oğlanın yox, mənim oxşarım olan robot düzəltsin: adı “Elektronik” olsa da olar. Qoy o mənim yerimə dava-dalaşa getsin, məktəbimiz də, yolumuz da xatakarlarla dolu idi.

Gözəl film idi, yəqin xatırlayarsınız iki “oxşar”ın üzləşməsini – zatən kino da bundan sonra başlayır.

Gəlin bir az xatırlayaq. Elektronik ilə “oxşar”ının görüşü ərəfəsində sovet diyarından xaricdə bir banda olur. Adətən, sovetdə banda, mafiya kimi şeylər olmazdı, sovet insanı da daim onlara qarşı barışmaz mövqedə olardı. Ən azından təbliğat belə idi. Sözün qısası, Stampom adlı qanqsterin başçılıq etdiyi həmin bandanın ən yaxşı üzvü olan Urri Elektroniki tapıb oğurlamaq üçün göndərilir. Əgər onlar istəklərinə nail olsaydılar, onda “əsrin cinayəti” törədiləcək, yəni şəhərin rəsm qalereyası yağmalanacaqdı. Urri tapşırığı yerinə yetirmək üçün motosikletində “bizim ölkə”mizdə peyda olur.

Altıncı sinif şagirdi Seryoja Sırojkin əkizini tez görür və onu himayəsinə götürür. O həm də, Elektroniki inandıra bilir ki, əgər onun əvəzinə dərsə getsə, ev işlərini görsə və bu kimi başqa fəallıqları olsa, dönüb olacaq əsl insan. Elektronikin arzusu da həqiqi insan olmaq olduğundan, razılaşır. Heç kim də Elektroniki Seryojadan ayırd edə bilmir. Robotun dostları meydana gəlir. Bir zamanlar müəllimdən qiymət ala bilməyən şagirdinin riyaziyyatda, idmanda, rəsmxətdə və hətta musiqidə böyük istedadının olduğu ortaya çıxır. Sergeyin valideynləri də bu dəyişiklikdən şübhələnmirlər, əksinə, çox sevinirlər.

Bu arada isə Urri bir-birinin ardınca uğursuzluğa düçar olur, Elektronikin qeyri-adı bacarığı qarşısında çarəsiz qalır. Bununla belə, o qəti əmin idi ki, robotun mütləq söndürüb-yandıran “düyməciyi” olmalıdır. O, bu düymənin köməkliyi ilə sakitcə Elektroniki oğurlamağa qərar verir.

Əslində, sovet kinematoqrafının sovet insanına aşılamaq istədiyi ideya indi bizə çox qəribə gələ bilər. Hər halda, həmin illərdə heç kim “Elektronik”ə baxıb, “bu gopdur, belə dürüst olmaq olmaz” demirdi. Bütün uşaqlar Elektronikə baxıb, onun kimi sağlam düşüncəli və dürüst olmağa çalışırdılar.

Filmdə bir müddət sonra tənbəl şagird olan Sıroejkin də başa düşür ki, artıq həyatda onun üçün heç nə maraqlı deyil, onun yerini Elektronik tutub. Buna görə də gizləndiyi məkandan üzə çıxır və saxtakarlığı barədə ailəsinə və dostlarına xəbər verir.

Urri isə cəhdlərindən əl çəkmir və nəhayət, bütün robotları neytrallaşdıra bilən çamadan sayəsində Elektroniki oğurlayıb motosikletdə xaricə qaçırır.

Məktəbdə müəllimi bu hadisə barədə xəbər tutan zaman qiyamət qopur, axı bütün məktəb Seryojanı əlaçı kimi tanıyır. Ona görə də müəllimi ondan bütün dərslərdə robotun səviyyəsinə çatmağı tapşırır. Sovet ideyalarına sadiq şagird sinif yoldaşlarının da köməkliyi ilə qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilir.

Bu hadisə ilə paralel isə qonşu ölkələrin birində “Əsrin cinayəti” baş verməkdə idi, bütün zamanların ən yaxşı rəssamlarının əsərləri oğurlamaq üçün çox az bir zaman qalır. Bu cinayətinsə əsas “qəhrəmanı” hər şeyə tez inanan Elektronik olmalıdır. Artıq qaniçən Stamp onu aldadıb oğurluq üçün razı salmışdı. Yazıq Elektronik medalyon vasitəsilə Sergeylə əlaqə saxlamaq və məsləhət almaq istəsə də, bu mümkün olmur. Çünki Sergey medalyonu itirmişdi. Buna görə də ürəyitəmiz robot aldanaraq oğurluğa getməli olur.

Yolda Urri Stempin əsl məqsədini və kimliyini açıb Elektronikə danışır. O da səhvini başa düşür və qərara alır ki, rəsm əsərlərini qaytarıb yerinə qoysun. O maşını ələ keçirir şəkilləri geri qaytarmaq üçün hərəkətə başlayır. Lakin bunu bacarmır, yolda onun maşını banditlər tərəfindən yenidən zəbt edilir. Bu dəm Elektronikin medalyonu səs çıxarır – Sıroyejkin öz radioötürücüsünü tapır. Elektronik ona vəziyyəti izah edir. Müəllim, şagird və başqa bütün tanışların (sovet kollektivçiliyi) köməkliyi ilə çıxış yolu tapılır. (Əslində, Sovet İttifaqında heç vaxt tək əldən səs çıxartmaq olmazdı...)

Filmin lap sonunda isə professor Qromov Elektroniki Sıroyejkinin oxuduğu məktəbə gətirir. Bütün şagirdlər onun görüşünə gəlirlər. Kadrın arxasında isə “Sən İnsansan” mahnısı səslənir.

Yadınıza düşdümü?..

Heyif ki, indi bu filmə baxan məktəbli ancaq gülə bilər. Yəqin ona görə də, artıq yay tətilində məktəblilər üçün belə filmlər nümayiş olunmur...



Vüqar Qurdqanlı
# 3619 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #