“Sevişmə səhnəsini evdəkilərə 2 aya başa saldım”

“Sevişmə səhnəsini evdəkilərə 2 aya başa saldım”
12 avqust 2011
# 15:00
Onu fransız aktyorlarına bənzədirlər. Sərt baxışları, mənalı üzü, düşündürücü gözləri var. Görünür, Rasim Cəfərovda rejissorları cəlb edən məhz bu xüsusiyyətlərdir.

Aktyor olsa da, çox sakit və utancaqdır. Dilindən sözləri zorla dartıb çıxardırsan.

Əsasən “Əzizim Fellini” filmindən sonra tanınmağa başlayıb.

Gənc Tamaşaçılar Teatrının qarşısına görüşdük.

Filmin rejissoru Cavid Təvəkküllə oturub çay içirdilər. Rejissor məni aktyorla baş-başa buraxdı.


“Pulluya düşdüm, oxuya bilmədim...”

Rasim Cəfərov 1978-ci ilin 17 oktyabrında Abşeron rayonunun Masazır kəndində anadan olub. 1985-ci ildən Xırdalandakı 1 nömrəli məktəbdə təhsil alıb.

Rasim əvvəlcə aktyor olmaq istəyirmiş:

“İndi də sinif yoldaşlarımı görəndə gətirib mənə xatirə dəftərlərini göstərirlər. Orda aktyor olmaq istədiyimi yazmışam. Sonradan nədənsə fikrimi dəyişdim. Məktəbi qurtarıb Qafqaz Universitetinə girdim. Pullu olduğuna görə oxuya bilmədim. Sonra BDU-da “Tarix”in qiyabisinə girdim. Orda da oxumadım.

Elə oldu ki, İncəsənət Universitetinə gəldim. 1996-cı ildən Azdramada işləməyə başladım. Əvvəlcə kütləvi səhnələrdə oynayırdım. 1997-ci ildən 2003-cü ilə qədər Pantomim Teatrında çalışdım. Sonra Gənc Tamaşaçılar Teatrına işə düzəldim. O vaxtdan bəri Gənc Tamaşaçılarda çalışıram”.

Rasim Cəfərov teatrda işləyə-işləyə qısa filmlərə çəkilməyə başlayıb. İlk çəkildiyi film Azər Camalın “Kişmiş oyunu” filmi olub. Bu filmdə epizodik rolda oynayıb.

Bundan sonra Murad İbrahimbəyovun “Üç qız” filmində qəlp pul alverçisini canlandırıb.

İlk baş rolu Asif Rüstəmovun çəkdiyi qısametrajlı “Ev” filmində olub. Rasim hesab edir ki, kinoya gəlişi məhz bu filmi ilə olub.

Bundan sonra “Yalançılar”, “Teatral həyat”, “Kuklalar”, “Qala” və “Əzizim Fellini” filmlərinə çəkilib.

Rasim Cəfərov evlidir və iki uşağı var.


Kino haqda mühazirə


“Bizim nəsildə demək olar ki, aktyor olmayıb. Mən ilk idim. Evdəkilər çox sakit qarşılamışdılar. Onlar uşaqlıqdan mənim işimə qarışmayıblar. Azad böyüdüblər məni. Qohumlardan təzyiqlər olurdu. Deyirdilər, bu nə sənətdir gedib seçdin? Bütün tamaşalarıma valideynlərim gəlib baxırlar. Filmlərə də baxırlar. “Ev” filmini özüm apardım evə. O vaxt təzə ailə qurmuşdum. Orda bir sevişmə səhnəsi var. Həyat yoldaşım qısqanclıqla qarşıladı. İki ay evdə teatr, kino, aktyorluq, səhnə barədə mühazirə oxumaq məcburiyyətində qaldım. Başa saldım ki, bu normal bir şeydir. Çəkiliş prosesidir. O filmdən sonra açıq-saçıq səhnə olmayıb”.


“Teatr məni bezdirir...”

“Kino və teatr tamam fərqli şeylərdir. Mən kinonu daha çox sevirəm. Kino daha sevimlidir. Teatrda maraqlıdır. Kinonun üstünlüyü budur ki, işi bir dəfə görürsən, geri qaytarmaq olmur. Oturub deyirsən ki, bunu gərək bu cür edərdim. Kinonun gözəlliyi, özəlliyi bundadır.

Teatrda isə eyni rolu dəfələrlə oynadığına görə dəyişmək olur. Entoni Hopkins deyir ki, mənim teatrdan zəhləm gedir. Çünki aylarla məşq edib, illərlə eyni şeyi oynamaqdan əzablı bir şey yoxdur. Elə məqam gəlir ki, adam bezir tamaşadan. Bizdə bəzi tamaşalar illərlə repertuardan düşmür”.


Teatr sevgisi


“Mən teatra sevgiylə gəlmişdim. Tamaşalarda oynamaq istəyirdim. Tanınmaq istəyi də var idi. 1997-ci ildə Pantomim Teatrına gələndə, içimdə elə bir sevgi var idi ki, elə bütün günü səhnədə oynamaq istəyirdim. İndi də bu hisslər var”.


170 manatla dolanmaq olmur


“Azərbaycanda kino aktyor üçün daha sərfəlidir. Teatrda standart maaşın var. Oynadın-oynamadın 170 manatını alırsan. Gülməli məbləğdir. Dolanmaq mümkün deyil. Kinoda isə qonorar yaxşı olur. Tanınmaq baxımından da kino daha yaxşıdır. İki-üç filmdən sonra adamı tanıyırlar”.


Filmlərdən gələn qazanc


“Adətən, aktyorlar qonorarı gizlədirlər. Hətta bir-birlərinə də demirlər. Bu da sənətin sirridir. Rusiyada çəkildiyim filmə görə 10 mindən çox qonorar almışdım. O pulu evə, problemlərə xərclədim”.


Teatrdaxili məsələlər


“Teatr canlı orqanizmdir. Nə qədər ki, mövcuddur, burda konfliktlər olacaq. Gənc Tamaşaçılar Teatrında üç teatr birləşdirilib. Kollektivlər bir-birlərinə qaynayıb qarışmırlar. Sanki nəsə mane olur. Amma 3 teatrın birləşməyi ilə bu teatr çox güclü aktyor heyəti yaranıb. Azərbaycanın ən güclü teatrlarından biri Gənc Tamaşaçılar Teatrı ola bilər”.


Dövlət sifarişi ilə çəkilən filmlər plan doldurmaqdır


“Kinonu Hollivudda, Avropada prodüserlər çəkir. Yəni onlar bu işə biznes kimi baxırlar. Nə qədər yaxşı film olsa, ordan gələn qazanc da o qədər yaxşı olacaq. Kinoya külli miqdarda pul lazımdır. Qərbdə bu artıq işlək bir mexanizmdir. Filmə 5 manat pul qoyurlarsa, 15 manat götürmək niyyəti var. Azərbaycanda bu mexanizm yoxdur. Kinoteatr sistemi yoxdur. Filmləri çəkənlər dövlət idarələrində işləyən məmurlardır. Hamısı maaş alır. Sadəcə plan doldururlar. Onlar yaxşı film çəkməkdə maraqlı deyillər. Dövlətin film üçün ayırdığı pulu yönəldir lazım olan yerə. Sonda baxır ki, smeta gəldi. 15 manat pul ayrılmışdı və 15 manat xərcləndi”.


Kumirlər


“Kino sənətində pərəstiş etdiklərim: Robert De Niro, Hoffman, Rusiyadan Yevgeni Yevstiqneyev. Azərbaycandan isə ən çox sevdiyim aktyor Yusif Vəliyevdir. Onun çox qəribə səsi var idi”.


Müasir ədəbiyyatı izləyirəm


“Aktyorların mədəni, intellektual səviyyəsi yaxşıdır. Amma bu bütün aktyorlara aid deyil. Bir qrup aktyor var ki, onlar müasir kino, ədəbiyyatla maraqlanırlar. Gündəlik mətbuatı izləyirlər. Şəxsən mən özüm yeni çıxan kitabları, əsasən də gəncləri oxumağı sevirəm. Mümkün qədər izləməyə çalışıram. Müasir kinonu isə internetin köməyi ilə izləyirəm”.


Kinodakı arzu


Kinoda ən böyük arzum sanballı bir mükafat almaqdır. Təkcə özümə aid etmirəm. Ümumilikdə Azərbaycan kinosundan danışıram. Filmlərimiz ən yaxşı festivallarda iştirak etsin. Hansısa bir filmimiz mükafat alsa və mənim orda kiçik belə əməyim olsa, buna çox sevinərəm”.


Rejissorlar niyə məhz onu seçir?


“Görünür, mənə inanırlar. Ya da bu rollara məni çox uyğun görüblər. Bu sualı rejissorlara versəniz daha dəqiq cavab verərlər”.

Elmin HƏSƏNLİ
# 2201 dəfə oxunub

Oxşar xəbərlər

O, bütün hallarda mənim qəhrəmanımdır - Ömər Xəyyam

O, bütün hallarda mənim qəhrəmanımdır - Ömər Xəyyam

11:00 17 iyul 2024
1 milyard dollarlıq həddi keçə bilən filmlər

1 milyard dollarlıq həddi keçə bilən filmlər

18:11 16 iyul 2024
"Məsələni ictimailəşdirməyimi istəmirsənsə..." - Hikmət Rəhimovu təhdid etdilər

"Məsələni ictimailəşdirməyimi istəmirsənsə..." - Hikmət Rəhimovu təhdid etdilər

15:49 16 iyul 2024
Həyəcan dolu 5 fəlakət filmi

Həyəcan dolu 5 fəlakət filmi

11:37 16 iyul 2024
2024-cü ilin ən uğursuz filmləri

2024-cü ilin ən uğursuz filmləri

17:19 15 iyul 2024
"Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq

"Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq

17:01 15 iyul 2024
# # #