Adı başına bəla olanlar

Adı başına bəla olanlar
15 mart 2013
# 13:05

İnsanın möhtəşəmliyi

Qaranlığa qərq olmuş həbsxananın qapıları açılanda və keşikçilər balaca saqqallı qocanı içəri tullayanda artıq axşamdan keçmişdi.

Qocanın az qala özündən də böyük ağ saqqalı zülmət kameraya zəif işıq salırdı və bu, ətrafdakı dustaqlarda qəribə təəssürat yaratdı.

Qocasa öz növbəsində qaranlığın ucbatından tək olub-olmadığını müəyyənləşdirə bilmədi və elə bu səbəbdən soruşdu:

“Birda bir ins-cins var?”

Cavabında rişxəndli gülüş və acıqlı donquldanma eşitdi. Sonra yerli etiketə uyğun olaraq, dustaqlardan hər biri özünü təqdim elədi.

“Rikardo Marçello, - birisi xırıldadı, - ağırlaşdırıcı şərtlərlə qarət”.

“Besseda Karmelo, - növbəti dustaq da çəlləyin içindən cavab verirmiş kimi boğuq səslə dilləndi, - fırıldaqçı-residivist”.

Sonra siyahı uzandı: “Marfi Luçano, zorlama”.

“Lavataro Maks, günahsız”.

Sonuncu cavab gülüş sədalarına səbəb oldu. Zarafat hamını tutmuşdu: Lavataronu – əli bir çox qurbanın qanına bulaşmış islaholunmaz qulduru kim tanımırdı ki?

“Espozito Enea, qətl”. Bu dustağın ağzından çıxanı qürurla söylədiyi aşkar hiss olunurdu.

“Muttironi Vinsesnso, - bu səsdə, ümumiyyətlə, qalibiyyət qulaq deşirdi, - ata qatili... Qoca birə, bəs sən nə qələt eləmisən?”

“Mən... – yeni gələn cavab verdi, - əslində heç özüm də bilmirəm. Məni saxladılar, sənədlərimi tələb etdilər, mənimsə ömrümdə heç bir sənədim olmayıb”.

“Hm! Deməli, sərgərdanlıq, - kimsə nifrətlə dilləndi. – Bəs adın nədi?”

“Adım... Morro, ləqəbim... Ulu”.

“Deməli, Ulu Morro. Pis deyil! – qaranlıqdan bir səs şərh verdi. – Adın bir az yekədi: bir on dənə sənin kimisinə çatardı”.

“Düz buyurursunuz, - qoca kəsə söylədi. – Amma mənim heç bir günahım yoxdu. Bu ləqəblə məni ələ salıblar. İndi altından qalxmaq gecdi. Əslində o mənə ancaq ziyan gətirib. Elə götürək... amma sizləri yormayım, uzun hekayətdi...”

“De gəlsin, burda hər kəsin vaxtı boldu!” – dustaqlardan biri kobudcasına qocanın üstünə çımxırdı.

Qalanları da onun tərəfini tutdu. Cansıxıcı həbsxana günlərində istənilən əyləncə bayram ola bilərdi.

“Nə deyirəm ki, danışım da, - qoca hay verdi. – Bir dəfə şəhərin küçələrini dolaşırdım ki, birdən qarşıma dəbdəbəli saray və əllərində ləziz təam ora-bura qaçışan nökərlər çıxdı. Fikirləşdim, yəqin burda böyük bir ziyafətə hazırlaşırlar, mənə də bir şey verərlər. Elə bu məqsədlə saraya yaxınlaşmağımla pəzəvəngin birinin boynumdan tutub bağırmağı bir oldu: “Oğrunu tutmuşam, oğrunu tutmuşam! Sahibimizin çulunu bu əclaf oğurlayıb. Həyasızlığa bir bax, üstəlik geri qayıtmağa da cürət edib! İndi sənin qabırğalarını sayarıq!”

“Oğru hardan oldum ki? – günahsız olduğumu sübut etməyə çalışdım. – Dünən burdan, ən azı, otuz mil aralıdaydım. Bu ola bilməz!”

“Əlində çul necə aradan çıxdığını öz mübarək gözlərimlə görmüşəm!” – pəzəvəng bağıra-bağıra məni həyətə itələdi.

Diz üstə çöküb yalvarmağa başladım. “Dünən burdan düz otuz mil aralıda olmuşam. Şəhərinizə birinci dəfədi ayaq basıram. Ulu Morroya and olsun”.

“Nə-nə?” – pəzəvəngin gözələri bərələ qaldı.

“Ulu Morroya and olsun”.

Pəzəvəng birdən qəhqəhə çəkdi.

“Olmaya Ulu Morro sənsən? Ay camaat, bura gəlin, özünü Ulu Morro adlandıran bu birəyə tamaşa edin! – Və mənə tərəf çevrilib soruşdu: - Sən heç Ulu Morronun kim olduğunu bilirsən?”

“Elə özüm Morroyam və başqasını da tanımıram”, – söylədim.

“Ulu Morro, - pəzəvəng bəyan elədi, - bizim möhtərəm sahibimizdi. Sən dilənçisə özünü onun adıyla çağırmağa cürət edirsən! İndi axırın dəqiq çatıb! Budu, sahibimiz də gəlir”.

Həqiqətən də, sarayın sahibi səs-küyə çölə çıxmışdı. Bu, şəhərin, bəlkə də yer üzünün ən varlı taciriydi. Beləcə, yaxınlaşıb məni sorğu-suala tutdu: hansısa dilənçinin onun adını daşıması fikri taciri gülməyə vadar edirdi. Sonra o, nökərə məni buraxmasını əmr verdi, hələ üstəlik evə də dəvət elədi. Bir-birindən dəbdəbəli salonları gəzdirib, var-dövlətini nümayiş elədi, sonra ləziz təamlara qonaq edib başına gələn olayı danışdı: “Qoca dilənçi, söyləyəcəklərimə yaxşı-yaxşı qulaq as. Belə ki, Hindistana səyahət edərkən mənim də başıma eyni hadisə gəlib. Bir gün malımı da götürüb bazara yollandım, qiymətli daş-qaşla alver elədiyimi görüb o dəqiqə başıma toplaşdılar. Hardan gəldiyimi, kimliyimi soruşdular. “Mənim adım Ulu Morrodu”, - onlara söylədim və ətrafımdakılar qaş-qabaqlarını salladılar: “Nə, Ulu Morro? Miskin tacir hardan ulu oldu ki? İnsanın möhtəşəmliyi onun ağlındadı. Yer üzündə yalnız bir Ulu Morro var, o da bu şəhərdə yaşayır. O bizlərin qürur yeridir, sənsə fırıldaqçısan, elə bu dəqiqə özün onun qarşısında cavab verməli olacaqsan!”

Məni anındaca qamarlayıb mövcudluğundan xəbərsiz olduğum Morronun hüzuruna gətirdilər. Sən demə, o, məşhur alim, filosof, riyaziyyatçı, astronom və astroloqmuş və ona Allah kimi səcdə edirdilər. Xoşbəxtlikdən, alim anlaşılmazlıq baş verdiyini başa düşdü, olanları qəhqəhəylə qarşıladı, şəhər sakinlərinə əl-qolumu açmalarını əmr elədi, üstəlik məni rəsədxanasında gəzdirərək, öz mübarək əlləriylə düzəltdiyi qeyri-adi cihazları nümayiş etdirdi.

Sonra söylədi:

“Ey alicənab yadelli tacir, ən ağlasığmazı odu ki, Levanta adalarına səyahət edərkən eynilə mənim də başıma bu cür hadisə gəlib. Tədqiq etmək məqsədilə bir vulkanın zirvəsinə piyada dırmaşırdım ki, o yerlər üçün qeyri-adi görkəmim bir dəstə hərbçidə şübhə doğurdu və məni yarı yolda saxladılar. Kimliyimi soruşdular. Elə adımı çəkmişdim ki, əl-qolumu kəndirləyib şəhərə apardılar.

“Hansı cürətlə özünü Ulu Morro adlandırırsan, ey miskin alim? Yer üzündə bir Ulu Morro var – o da adamızın sahibidi, xəncərinə bir kəsin tab gətirmədiyi ən cəsarətli hərbçi. Bax, elə o sənin boynunu vurmağı əmr edəcək. Buna zərrə qədər də şübhən olmasın”.

Onlar məni, həqiqətən də, zəhmilə adamın canına vicvicə salan hökmdarlarının yanına gətirdilər. Xoşbəxtlikdən, nə baş verdiyini ona anlada bildim və zabitəli hərbçi bu qeyri-adi təsadüfə qəhqəhə çəkdi, əl-qolumu açmağı əmr elədi, bu da azmış kimi, xalqının yaxın-uzaq məmləkətlərdə saysız qələbələrinə şahidlik edən qənimətləri nümayiş etdirmək üçün sarayına dəvət elədi. Axırda öz başına gələnləri də nəql elədi: “Adımı daşıyan ey möhtərəm alim, maraqlı budu ki, Avropa adlanan uzaq məmləkətdə müharibə edərkən eyni olay məndən də yan qaçmayıb. Elə qoşunumla meşəni yarmağa çalışırdım ki, birdən qarşıma bir dəstə qaba dağ adamı çıxıb soruşdu: “Meşələrimizin sükutunu pozmağa cürət edən kimdi?” – “Mən Ulu Morroyam”, - adımın onları lərzəyə gətirəcəyini düşündüm. Yalnız onlar iltifatla gülümsəyib söylədilər: “Ulu Morro? Yəqin zarafat edirsən! Avara davakar, sən hardan ulu oldun? İnsanın möhtəşəmliyi bədənin itaətində və ruhun yüksəlişindədi. Yer üzündə bir Ulu Morro var, az sonra özün bunun şahidi olacaqsan”. Onlar, həqiqətən, məni balaca bir dərənin dibində, kasıbyana çadırda yaşayan, gününü təbiəti seyrdə və Allaha ibadətdə keçirən ağ saqqallı qocanın yanına apardılar. Açığı, ömrümdə bu qədər hüzurlu, həyatından razı və yəqin ki, xoşbəxt adamla rastlaşmamışdım. Amma etiraf edim ki, öz həyatımı bu axara yönəltmək üçün çox gecikmişdim”.

Adanın qüdrətli hökmdarının müdrik alimə, alimin – varlı tacirə, tacirinsə dilənmək üçün evinə pənah gətirdiyi kasıb qocaya danışdığı bunlardı. Onlardan hər birinin adı Ulu Morroydu və onlardan hər biri bu və ya başqa səbəbdən Ulu ləqəbinə layiq görülmüşdü”.

Qoca öz hekayətini başa vuranda dustaqlardan birinin səsi qaranlıq kamera boyu yayıldı:

“Əgər mənim başımdakı saman deyil beyindisə, anladığım qədərincə çadırdakı o ulu qoca sənsən?”

“Nə deyim, övladlarım, - qoca nə “hə” cavabını verdi, nə “yox” söylədi. – Bu həyatda nələr olmur ki?!”

Kameradakılar sükuta qərq oldular, çünki bəzi məqamlar hətta islaholunmaz əclafları belə düşünməyə vadar edir.

# 2899 dəfə oxunub

Müəllifin son yazıları

# # #