Kəbirli kəndindəki Güzgü-Adam

Kəbirli kəndindəki Güzgü-Adam
6 avqust 2013
# 13:22

Kənan Hacı yazır

İslam Kəbirlinin çovustanı

Zaman ol zaman idi ki, hamı öz bəxtindən qaçıb vaxt öldürməklə məşğul idi. Daha ana torpaq bizdən nə umasıydı?! Torpağı öldürüb dirildə bilmirdik. Yaşadığımız o zaman bizim qismətimizmiş... Biz zamanın cəhrəsində sadəcə, ipliyik.

Demə vaxtdır ötüb keçir,

Hər anın bir ağrısı var.

Falçısı var vaxtımızın,

Vaxtımızın oğrusu var.

Kimdi o vaxt oğrusu? Bu suala cavab tapmaq istəyilə yola çıxıram və gözümü yumub-açınca görürəm ki, Daşburundayam. Mənzil başına yetmək üçün hökmən bu stansiyanın qənşərindən yan alıb da xeyli ətrafa yayılan gurluqdan keçmək lazım gəlir. Bəlkə kimsə yaşadığımız həyatın cürbəcür başqa, daha məzmunlu yerlərdə məskunlaşdığını deyəcək. Amma yalan deyəcək. Mənə görə gerçəkliyin ən parlaq məkanı Daşburundan başlayıb ta Kəbirliyəcən uzanır. Burda həyat olduğu kimidi, canlıdı.

Sinəsi cadar-cadar olmuş yolların sonundakı çovustan uzaqdan sürrealistik görüntüyə, ilğıma oxşayır. Çöldə sürətlə keçən vaxta rəğmən burda zaman elə bil donub. Tamam ayrı ölçüdə keçidi işarələyib elə bil.

Axtardığım adamı tapmışdım. Üzümə göylərin üzündən baxırdı. Saçları da dan yeri kimi ağarırdı, alnını qırışlar çoxdan biçmişdi... Dünyadan böyük olmaq sizə asan gəlməsin. “Çiçək qiyamı”nda onun özünə əl qaldırdığı məqamlar da var. O, hərdən “dünyanın yer adlı xarabasından bezib-usananda” özüylə də üzülüşmək istəyir.

Aradabir o telli-toqqalı gənclik illərinin arxasınca kənddən şəhərə üz tutanda yenə də zalım zamanla toqquşaraq söz-söz olub.

Biz isə şəhərdən kəndə üz tutmuşduq. Nazim Əlioğlu və mən. Dedik gedək bir o Güzgü - Adamı da ziyarət edək, sözdə güzgülənək, durulaq, saflaşaq. Uzun bir məsafəni qət edib onun yaşadığı Kəbirli kəndinə yollandıq və təəssüf ki, həmin vaxt o da bizdən xəbərsiz Bakıya üz tutubmuş... Maşınımız Kəbirliyə doğru şütüyəndə qürub çağıydı və göy üzü əsrarəngiz bir sehr haləsinə bürünmüşdü. Qardaşı Həsən çox böyük mehmannəvazlıq göstərdi və bizi onun adına layiq qarşıladı.

Kəbirlidə, İslamın doğma ocağında keçirdiyimiz o gecə “lampa kimi işıqlı, isti” idi. İlk dəfəydi ki, çovustanda gecələyirdim və bu rahatlıq ən bahalı otel odasındakı dinclikdən daha artıq canıma yatdı. O gecə biz İslam Kəbirlinin yoxluğunu hiss etmədik, əkib becərdiyi bostan da şeir misraları kimi səliqə ilə çöllərin sinəsinə düzülmüşdü. O şeiri oxuyan gərəkdi.

Gecələri uzun-uzun,

Gecələri görüş yeri.

Məni çəkən qaranlığın

Dodağında öpüş yeri.

Qəfildən yaddaşımın qaranlıq küncündən bir dilim işıq kimi çırtlayan bu duyğu şüası 50 yaşlı İslamın hələ də gözlərində dipdiri qalan uşaq heyrətini bütün aydınlığı ilə mənim gözlərim önündə canlandırdı. O uşaq heyrəti göylərin üzündəydi, qaranlığı üzü dan yerinə qovurdu... O gecə ağ atlı, ağ köynəkli oğlanı görən oldumu?!

Şəhərə çatanda özünə verdiyi ilk sual bu oldu:

Göyçək doğulmuşdum bu yer üzündə,

Nə yaman qaraldıb məni bu güzgü?!

Və yenə də Sözə doğru üz tutub getdi... Sözdə güzgülənmək üçün...

# 2708 dəfə oxunub

Müəllifin son yazıları

# # #