Bir şeirə görə üç gün “KQB”-də saxlanılan şair

Bir şeirə görə üç gün “KQB”-də saxlanılan şair
5 iyun 2013
# 09:46

Yaradıcılığı ötən əsrin səksəninci illərinə təsadüf etmiş qələm adamları “itirilmiş nəsil” yarlığı ilə “qarğışlanıb”. Amma bu nəslin nümayəndələrindən heç biri özünü itirilmiş nəsildən saymır. Bəs biz “itirilmiş nəsil”dən kimləri tanıyırıq? Ədəbiyyatda imzasını çoxdan tanıtmış kifayət qədər adlar sadalaya bilərik. O adlardan biri də Aydın Murovdağlı imzasıdır.

O, sanki qatarından ayrı düşmüş durna ömrünü yaşayıb. Paytaxtdan kənarda, qayğılar içində yaşaması onun ədəbi mühitdə tanınmasına əngəllər törədib. Amma o, qismətinə yazılmış söz ömrünü yaşayıb, yazıb-yaradıb. Gəncə Pedaqoji Universitetində Kəramət, Qəşəm Nəcəfzadə, Əjdər Ol, Sərvaz Hüseynoğlu və digər tanınmış qələm sahibləriylə birlikdə təhsil alıb. Adlarını sadaladığım şairlər vaxtilə Gəncədə fəaliyyət göstərmiş məşhur “Pöhrə” Ədəbi Birliyinin üzvləri olublar. Aydın müəllim danışır ki, Kəramətlə onu divar qəzetində Araz çayına yazdıqları şeirə görə 3 gün “KQB”nin zirzəmisində saxlayıblar. Yaxşı ki, sonralar ədəbiyyat Ezop dilindən xilas oldu.

Bakıda mənə demişdilər ki, Aydın müəllim mətbuata qapalı adamdır, onunla görüşmək çətin olacaq. Onu da dedilər ki, bir az ədəbi mühitdən incik düşüb. Bizi İradə Aytel görüşdürdü. Bu görüşdə Aydın müəllim çox məqamlara aydınlıq gətirdi. Amma qırımından inciyən adama oxşamırdı. Söz adamının sözdən inciməyi elə özündən inciməyi kimi bir şeydir.

Aydın müəllimin üst-başından sanki söz tökülür. Özünün sözüdür:

Atamın belindən gələndən sonra

qələmin belindən gəldim dünyaya.

Ürəyindən kəsib qələminə yedirən adamdı. Söhbətcildir. Deyir ki, “Qızıl qüllə tonqalı” ilk kitabı 1989-cu ildə “Müəllifin ilk kitabı” seriyasından Xəlil Rzanın ön sözüylə çap olunub: “Amma buna qədər Xəlil Rza məni tanımırdı. Onunla görüş təyin etmişdik. Rüstəm Behrudi ilə onun görüşünə getdik. Xəlil Rza da hələ məni tanımırdı, soruşdu ki, bu oğlan kimdir? Rüstəm dedi ki, bu oğlan Ordubadda yaşayır, çobanlıqla məşğuldu, arada özüyçün cızma-qara edir. Xəlil Rza dedi ki, bir şeirini oxusun görək. Ayağa qalxdım, tez qolumdan tutub imkan vermədi. Dedi ki, şeirin yaxşı olsa, səni ayağa qaldıracaq. Şeiri yenicə oxumağa başlamışdım, Xəlil Rza Rüstəm Behrudiyə üzünü tutub dedi:

- Ay əclaf, məni niyə aldadırsan? Bu, Aydındır, kitabına da ön sözü mən yazmışam.

Rüstəm də gülüb dedi ki, Xəlil müəllim qəsdən elə dedim.

Mənim familiyam Hacıyevdir, kitabın əlyazması olan qovluğun da üstünə “Aydın Hacıyev” yazmışdım. Xəlil Rza qələmlə soyadımın üstündən xətt çəkib “Murovdağlı” yazdı. O vaxtdan Aydın Murovdağlı imzasıyla yazıram. Amma sizə deyim ki, bu “Murovdağlı” imzası bir müddət məni dar ayaqqabı kimi çox sıxdı. Bu təxəllüsə uyğunlaşa bilmirdim. Amma tədricən alışdım”.

Aydın müəllimin ata babası Mirzə Bəylər də şair olub. Çar hökuməti onu Güllücə İqdır mahalına qubernator təyin edib. O, Aşıq Ələsgərin ustadı olub və sonralar Aşıq Ələsgər yetişib ustad səviyyəsinə çatanda onu “Şərqin Hafizi” adlandırıb. Çar Rusiyası Mirzə Bəylərə bəylik rütbəsi verib. Mirzə Ələkbər Sabir xəstə yatarkən ona maliyyə yardımı edən azsaylı adamlardan biri də Mirzə Bəylər olub. Mirzə Bəylər 1919-cu ildə vəfat edib.

Sözə vurğunluq da Aydın Murovdağlıya irsən keçib. Çox çətinliklər yaşasa da heç kimin qarşısında əyilməyib. Sadə, mütəvazi şair ömrünü yaşayıb. Aydın Murovdağlı Məhsətinin 96 rübaisini fars dilindən Azərbaycan dilinə çevirib.

Şairin ömür-gün yoldaşı Ümbülbanu xanım da söhbətimizdə iştirak edirdi. Ümbülbanu xanım da söz adamıdır, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir neçə kitab müəllifidir. Onlar bir evdə həm də sözün çırağını yandırırlar.

Aydın müəllimin yaxşı yeyib-içməyi də var. Arada mənə işarə edir ki, yekunlaşdır, iki qardaş gedək bir yerdə oturaq, bir az dərdləşək. Gedib bir yerdə otururuq, dərdləşirik. Dərdimiz də nə olacaq? Süfrə arxasında da söz ədəbiyyatın üstünə gəlib çıxır. Arada öz şeirlərindən deyir:

Öz qanımdı qoxladığım qızılgül,

İstəyimi necə doğsun qısır gün...

Məndən sənə uzun yoldu bu “sürgün”,

Əzabından ayrılmasam yaxşıdı,

Bu yuxudan ayılmasam yaxşıdı...

Bu gecənin ulduzları qıfıldı,

Açar saldım – ulduzları açıldı.

Bu gecənin son məktubu yazıldı...

Gözlərindən qovulmasam yaxşıdı,

Bu yuxudan ayılmasam yaxşıdı...

Aydın müəllim deyir ki, indi sözün yarasına duz basırlar, söz urvatdan düşüb. Yazar söz sənətində öz bağının bəhrəsini dada bilmir. Bayağılıq baş alıb gedir, hər kəs öz cızma-qarasını ədəbiyyat adıyla oxucuya sırıyır.

İndi bu yazını yazarkən bir daha Aydın müəllimin şeirlərini oxudum. Bu şeirlər payıza qalmış meyvə kimidi, yetişib budaqda qalmış, adamın ağzını dada gətirən şeirlərdi.

Ədəbiyyata biganəlikdən gileylənir Aydın müəllim. Arada yenə ötənlərə qayıdır, nostalji hisslər çözələnir...

# 4338 dəfə oxunub

Müəllifin son yazıları

# # #