Avtobusdakı qəribə adam

Avtobusdakı qəribə adam
28 oktyabr 2013
# 17:21

Tez-tez istifadə elədiyim 6 saylı marşrutda idim. Rusiya səfirliyinin yanında bir adam mindi avtobusa. Yaşı 40-45 olardı. Diqqətimi ilk çəkən geyimi oldu. Ağ corab, qara uzunburun çəkmə, parıltılı yaşıl pencək və şalvar, mavi köynək, göy qalstuk. Qara gün eynəyi. Gerçəkdən qəribə görünürdü. Gülümsədim. Sonra özümü yığışdırıb bir az da utandım reaksiyamdan və öz-özümə dedim ki, bu da onun zövqüdür.

Gördüm, yox, avtobusun sürücüsü də, digər sərnişinlər də mənim gördüyümü görüb və gülür. O da hamıya baxıb gülürdü. Avtobusa minən kimi yaşlı bir kişiyə "partiya tapşırığı" verdi: "Ora çatanda ma deyərsən". Yaşlı adam "Hara ay oğul?" soruşanda "Səbrin olsun munu eliyim (əlindəki krasvordu göstərdi) deyəjəm" cavabını verdi.

Bir qədər irəliləmişdik ki, adamın telefonuna zəng gəldi. Zəngin musiqisi-tərəkəmə idi. Telefonun o başındakı nə dedisə qardaş belə reaksiya verdi: "Bə nə. Biz milli oğlanlarıq. Yanıq Kərəmin ayrı yeri var". Anlayacağım o oldu ki, telefonun zəngimseli də "Yanıq Kərəm"dir. Növbəti reaksiya belə oldu: "Bay, bay, bay dayıının balası yekə oğlan oluf, eləmi? Evlənir, ya o biri toyudu (burda adamlar gerçəkdən qəşş edib güldülər). Nə vaxtdı toy? Ayə olar sizzik döl. Mənnikdi. Flora, Nazpəri, bir də o qız var ee gədiyə oxşuyur (deyəsən Aygün Bəyləri deyirdi) onu da gətirəjəm".

Maraqlı olanı bu idi ki, qardaş müğənnilərin adlarını sadalaya-sadalaya ətrafın reaksiyasını da diqqətdə saxlayırdı. "Allah məni həmişə güldürsün" deyib özünə alqış eləməyi də unutmurdu. Sonra Azərbaycan futbolundan danışdı toy sahibi ilə: "Ayə Azərbaycanda bir dənə oğlan olub oynuyan o da Bonişevski. Maşallahı demə, o, boş şeydi. Məhlədə bir yerdə idik dünən".

Əlqərəz, qardaş Binəqədidə aparılan təmir-abadlıq işlərindən,

Müdafiə və Hərbi Sənaye Nazirliyinin fəaliyyətindən, seçkilərdən, bir sözlə hər şeydən danışdı. Birdən dönüb bayaqkı ağsaqqal kişiyə qayıtdı ki, "dayı yekə adamsan bəs demədim ki, orda maa deyərsən?" Adamlar nə illah elədilər boynuna qoya bilmədilər ki, axı o harda düşəcəyini kimsəyə deməyib. Adam sürücünün də pulunu vermədi. Avtobusdan düşəndə də qayıtdı ki, hamınız bir zibilsiz...

Əqli qüsurlu, xəstə-filan deyildi amma psixoloji qüsurları yoxdu demək olmaz. Çünki elədiklərindən əvvəldən axıra qədər zövq aldığı hiss olunurdu. Özünü bütün sərnişinlərin üstündə qalib kimi hiss eləməyə çalışırdı həm də.

Bir az da təəssüfləndim açığı. Çünki adam ya kim olduğunu hələ anlamayıb, ya da heç kim olmasını anlayıb və kimsə olmağa çalışır. Belə adamları görəndə ağlıma bir fikir də gəlir mənim, elə bəndələri var ki, ALLAHA yazığım gəlir.

# 6348 dəfə oxunub

Müəllifin son yazıları

# # #