Mən adam olmayanda

Mən adam olmayanda
15 noyabr 2012
# 21:44

Hərdən işdə oturduğum yerdə gözümü yumub hara desən gedirəm.
Dar küçələr, daş divarlar, hündür eyvanlar, qaranlıq zirzəmilər, bir sözlə, nə desən ola bilir ətrafımda. Hətta divarlara əlimi də vururam gəzdiyim küçələrdə.

Xəlvətcə boylandığım hasarlar da, yarpağını qopartdığım ağaclar da olur.

Salam verib keçdiyim tanımadığım adamlar da çıxır rastıma, heç vaxt insan qucağı görməyəcək qara pişiklər də...

Qayıdandan sonra yerimdən qalxıb gedirəm əlimin tozunu yumağa. Qara su tökülür əlimdən.

Tozlu-torpaqlı yerlərdə gəzəndən sonra üstümü də çırpıram.
Ayaqqabımları da silirəm... Kimsə nəsə soruşursa, dəxli olmadığı halda- bir az işim var idi-deyirəm...

Yağışla külək o təbiət hadisələrindədir ki, mən onların orjinalını sevirəm... Ona görə də belə səyahətlərə heç vaxt onları özümlə götürmürəm...

Bir də ki, iş yerinə suyun palçığın içində qayıda bilmərəm axı...

Yaxşı ki, bütün bunlar mən adam olmayanda baş verir...

# 2480 dəfə oxunub

Müəllifin son yazıları

# # #