Firəngiz Mütəllimova: "O tamaşa mənim evimi yıxdı"

Firəngiz Mütəllimova: "O tamaşa mənim evimi yıxdı"
8 noyabr 2013
# 09:58

“Özümü başqa bir sənətdə təsəvvür eləmirəm. Üç sənətin arzusunda olmuşam. Evdəkilər aktrisa olmağıma razılıq verməsəydilər, ya jurnalist olacaqdım, ya da dərzi. Hər üçü insanlarla daim ünsiyyətdə olan peşə sahibləridir. Allah alnıma aktrisalıq yazıb, şükür ki, arzum ürəyimdə qalmadı”.

Bu fikirləri APA TV -də “Üç valet” verilişinin qonağı olan aktrisa Firəngiz Mütəllibova deyib.

Xalq artisti sənətdə uğun qazanmağın çətinliklərindən danışıb: “İki ilə yaxındır teatrımız təmir olunub, otağa girəndə elə bil beş ulduzlu oteldəsən. Bəlkə indi əsl sənətkarlara qiymət verilir, bilmirəm. Əgər doğrudan da bu sənəti sevərək gəlirsənsə, o sənə uğur gətirəcək. O qədər çətinliklər çəkmişəm ki... Əziyyətsiz heç nə əldə etməmişəm, yoxsa heç nədən zövq ala bilməzdim, belə daha yaxşıdır. Bu ömrü yaşayıramsa, hansı sənətdə olur-olsun, bir iz qoymalıyam. Düzdür, çox istərdim ki, indiki gənc aktyorlara da şərait yaradılsın, ucuz reklamlara qaçmalı olmasınlar. Hər şeyin vaxtı var. Rəhmətlik Yaşar deyirdi ki, 50 yaşa qədər adım üçün işləmişəm, indi adım mənim üçün işləyir. O səhnəyə çıxanda zalda 10 dəqiqə alqış səsindən qulaq tutulurdu”.

Aktrisa cəmiyyətdə teatra marağın azalmasından danışıb: “İndi kompüter əsridir, dövr dəyişib, informasiya artıb. Elə özüm planşetlə gəzirəm. O vaxtlar hər tamaşanın öz ab-havası olurdu. Burada nə isə bir sehr var. Teatr elə bir yaxşı bataqlıqdı ki, fəhləsini də oradan çıxartmaq olmur. Kulisin iyi səni vurdusa, orda qalacaqsan”.

Söhbət əsnasında Firəngiz Mütəllibova tələbəliyini xatırlayıb: “Hind kinolarını əzbər bilirdim, kinoteatr yaxınlığımızda idi. Daha çox kukla tamaşaları hazırlayardım, atamın acığı tuturdu. Düşmənim yoxdur, vəfalı və vəfasız insan var. Heç vaxt valideynlərimi də aldatmamışam, rola girməmişəm. Məktəbdə çox oyunlar çıxartmışam. Amma universitetdə nümunəvi tələbə olmuşam. Verdiyim sözü mütləq yerinə yetirirəm. “Baxarıq” sözündən xoşum gəlmir, ya yox, ya hə”.

Firəngiz Mütəllibova ilk rolunun onun həyatını çətinləşdirdiyini deyib: “İndi Gülnarı başqa cür oynayardım, amma yaxşı ki, elə oynamışam. Gülnar çox mane oldu mənə. Məni insanlardan uzaqlaşdırdı, səmimi yanaşmadan da qorxdum. Dəhşətli bir şöhrətə çatdım bir günün içində. Bir dəfə teatrda ağlayırdım, Turabov soruşdu ki, nə olub? Dedim, əməliyyata gedirəm. Dedi, bəlkə televizorda elan verək, hərə bir manat versə, gör neçə dəfə əməliyyat olunmaq olar? Şükür əməliyyatdan da çıxdım. O şöhrətdən istifadə etmədim. Bir dəfə Ağdamda öz açıqcalarımın satıldığını gördüm, soruşdum neçəyədir? Satıcı dedi ki, 1 manat. Dedim, o nə gündədir, ona 1 manat verən olar? Dedi, bala, almırsan, alma, onun o qədər alıcısı var ki... Birdən qayıtdım ki, o mənim şəklimdir. Təzə-təzə populyarlaşırdım o vaxtlar. “Boy, sənə qurban” - dedi”.

Aktrisa öz hisslərindən də danışıb: “Xəyallarımın çoxu həyata keçib, indi xəyal qura bilmirəm. Heç vaxt tənbəl olmamışam, həmişə əziyyət çəkmişəm.”

Firəngiz xanım yaxın dostu, sənət yoldaşı Yaşar Nuridən söhbət açıb: “Gülnar rolunu Yaşarın sayəsində aldım. İnstitutda onun qarşısına qaçıb həmişə salam verərdim. Deyirdi, bu qız həmişə gülür və mən əsəbiləşirəm. Bir gün məni apardı Tariyel Vəliyevin yanına ki, budur gülüb məni əsəbiləşdirən qız, qoy Gülnar rolu üçün sınağa gəlsin. Yaşar mənimlə məşq eləyib öyrətdi və mən rola seçildim. Çox təəssüf ki, Yaşar bu gün yoxdur. Onun ailəsi mənə ikinci ailə kimidir. Yaşarın xanımı Rəhiməyə deyirdim ki, qızların birini mənə ver. Yaşardan sonra səhhətimlə bağlı çox problem yaşadım. Amma onu dost kimi sevmişəm, mənim kişi idealım tamam başqa idi, onu heç kim təsəvvür edə bilməz”.

Firəngiz xanım bəyəndiyi aktyorlardan danışıb: “Heç kimə bənzəmək istəməmişəm həyatda, çalışmışam ki, öz dəst-xəttim olsun. Kadir İnanır, Rasim Balayev ən çox sevdiyim aktyorlardır. Yaxşı ki, Rasim Balayevlə birlikdə çəkilmişəm. Sonra Türkiyədə aparıcılıq təklifi aldım. Bəlkə də milyoner olardım, lakin tələbələrim qoyub getmək istəmədim”.

Əslən şuşalı olan aktrisa vətənini xatırlayanda kövrəlib: “Ümidim var ki, Şuşanı görəcəyəm. Şuşa alınmamışdan bir ay əvvəl orada olmuşam. Gözüyumulu gəzirəm Şuşanı, hətta kəkotunun iyi də burnuma gəlir. Çoxdandır dolu görmürəm, Şuşanın dolusu başımızı yarırdı. Çoxdandır göy qurşağı görmürəm. Ətrafımız duman olurdu idi, elə bilirdik çən gəlib, sən demə, buludlar imiş”.

Firəngiz Mütəllibova səhhətində problem olduğunu deyib: “Üç ay əvvəl əməliyyat olunmuşam. Saytlar yazırdı ki, həkimlərimizi bəyənmirəm. Bir həkim haqda demişəm ki, mənə düzgün diaqnoz qoymadı. Allah canını sağ eləsin, o qorxutdu deyə, xəstəliyimin üstünə ciddi düşdüm. Bizim yaxşı həkimlərimiz çoxdur, mənə onlar yol göstərdilər. Beyin əməliyyatı olundum. Sədaqətli dostlarıma, həkimimə minnətdaram”.

Aktrisa hələ səhnədə oynamaq istədiyi roldan və həyat sevgisindən danışıb: “Əsl Azərbaycan xanımı obrazını yaratmaq istəyirəm. Həyatda sevgi hər şeydir, mən bu gün də sevirəm. Sevgi adamı mübarizələrə səsləyir. Həyatı çox sevirəm, dualar oxuyuram, duaların gücünə inanıram, bəlkə namaza da başladım”.

# 3637 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #