Hər səhər işdə onu görməyə adət etmişdim. Otağıma gəlir, hal əhval edir, qaydaya uyğun olaraq gün ərzində görüləcək işlər barədə məlumat verib gedirdi. Hər dəfə də gedəndə telefonunu - balaca çəhrayı telefon idi - mənim masamın üzərində unudurdu. Hər dəfə də o gedəndən bir qədər sonra görürdüm telefonunun masamın üzərində qaldığını. Hər dəfə də sevinirdim. Uşaq kimi sevinirdim. Amma xəlvət, içimdə... Yaxşı oldu -deyirdim-bir azdan gələr telefonunu götürməyə, yenə görərəm onu.
Amma hər dəfə də iş yoldaşlarımdan kimsə otağıma gəlir, təsadüfən onun telefonunu masamın üzərində görürdü. Mənim nə deyəcəyimin, nə düşünəcəyimin fərqinə belə varmadan tələsik telefonu götürür - xanım yəqin indi axtarır-deyib onun yanına qaçırdı. Bu hadisə o qədər təkrarlanmışdı ki, hətta tabeçiliyimdə olan işçinin belə telefonu görərkən hərəkətini və həddini unudub onu sahibinə çatdırmağa tələsməsi məni artıq təəccübləndirmirdi. Bəzən onun telefonunu unutduğunu görəndə götürür, bir müddət ovcumun içində saxlayır, sonra yenə əvvəlki yerinə qoyurdum. Qoyurdum və intizarla gözləyirdim ki, indi gələcək. Qapının arxasındadoğulub böyüyən hər addım səsi ürəyimi ayağımın altına salırdı. Gəlir-deyib tez oturuşumu düzəldirdim. Gəlirdi. Amma o yox, telefonu götürüb həvəslə onun yanına tələsəcək hansısa iş yoldaşım.
Hər qapı döyüləndə içimdə özümü necə toparladığımı və hər dəfə də gələnin başqası olduğunu görəndə içimdə necə süst düşdüyümü yaxşı ki, özümdən başqa kimsə bilmirdi... Beləcə hər dəfə araya girən hansısa bir mərdimazarın hesabına gün ərzində ikinci dəfə onu görmək mənə qismət olmurdu. Amma buna görə kimsəyə irad tuta, xətrinə dəyə də bilmirdim. Ayıb olardı. Səbəbini soruşsaydılar izah edə bilməzdim axı... Əslində hər gün telefonu masamın üzərindən götürüb qaçan hansısa iş yoldaşımı ürəyimdə asıb-kəsməmin səbəbini özüm də bilmirdim. Amma hiss edir ki, bu səbəb zamanla içimdə daha da böyüyür... Çünki əvvəllər mərdimazarlıq edəni ürəyimdə yalnız qınayırdımsa, sonralar edam etməyə başlamışdım... Artıq hər şeyə əsəbiləşirdim. Hiss edirdim ki, getdikcə əsəblərim daha da korlanır. Tezliklə kiminsə qəlbinə dəyəcəyimdən, ya müəssisədə hansısa xoşagəlməz hadisəyə səbəb olacağımdan qorxurdum. Bir gün işə getmədim. İki gün sonra müdirim zəng edib nə baş verdiyini soruşdu. Dedim daha sizdə işləmirəm.
- Bəlkə bir problem var, həll edək-dedi, xətrimi çox istəyirdi.
- Yox, sadəcə yorulmuşam, dincəlmək istəyirəm-deyib susdum. Müdirim hər zaman şirkətinin qapısının üzümə açıq olduğunu və mənim bu qərarıma təəssüfləndiyini bildirdi. Telefonu qapadanda elə bil çiynimdən yük götürdülər.
İki gün idi işdən zəng vurub çağırsalar, iradəsizlik edib geri qayıdacağımın qorxusu ilə yaşayırdım. Qollarımı geniş açaraq ciyər dolusu nəfəs aldım. Mən artıq azadam, mən bunu bacardım-deyə qışqıraraq Tanrıya şükür etdim... Daha o xanımı görmədim. Sonralar eşitdim ki, o da işdən çıxıb.
Aradan bir neçə il keçmişdi. Xarici şirkətlərin biri ilə müqavilə bağlayıb işləyirdim. İşimdən narazı deyildim. Yüksək maaşım, ayrıca kabinetim, iş vaxtım da sərbəst idi. Mənə də bundan artıq heç nə lazım deyildi... Bir gün şəhərin mərkəzindəki apteklərin birindən çıxanda başqa bir maşının mənim maşınımın yolunu kəsdiyini gördüm. Sahibi harasa getmişdi. Ətrafa baxdım, bəlkə görüb yaxınlaşan ola. Amma olmadı. Əvəzində maşınlara guya nəzarət edən kişi yaxınlaşıb öz hesabını aldı. Sonra-müəllim siz darıxmayın, indi tapıb gətirirəm o mərdimazarı-deyib getdi. Sakitcə yolumu kəsən maşınıma söykənib fikirləşməyə başladım.
"Mərdimazar" sözü yamanca tutmuşdu məni deyəsən. Keçmişləri xatırlayırdım. Əslində həyat özündən çox xatirələri ilə yaşadır insanı. Hətta pis xatirələr belə bəzən insanı düşdüyü situasiyadan, lap elə maraqsız həyatdan xilas etmək üçün ən yaxşı vasitədir. Bəzən həyat o qədər cansıxıcı olur ki, səni ağrıdan xatirələrin ağuşunda özünü daha rahat hiss edirsən... Nə qədər gözlədiyimi bilmədim. Birdən səs eşidib başımı qaldırdım.
Qarşımda balaca bir qızcığazın əlindən tutub dayanmış yaraşıqlı xanım gördüm. Uzun qara saçları çiyninə tökülmüş, bəstə boylu, gözəl bir xanım. Nə dediyini eşitməmişdim. Amma hərəkətindən anladım ki, yolumu kəsən maşının sahibi odu. Üzümə baxanda donub qaldı. Mən də özümü itirdim. O idi. Çəhrayı telefonlu xanım... Dünyanın səsi batmışdı sanki. Hərəkətsiz dayanıb baxırdım. Onun ovcunda qızının balaca totuq əli, mənimsə əlimdə indicə aptekdən aldığım ürək dərmanı - "valokardin" var idi. Dərman qutusunu yavaşca pencəyimin cibinə saldım... Qadın nəsə deyirdi. Mənimsə qulaqlarımda onun bir vaxtlar hər səhər otağıma gələrək telefonunu unudub getməzdən əvvəl danışdıqları təkrar səslənmirdi: -Bu gün iki layihənin gerçəkləşməsinə dair hazırlıq toplantısı var. Qonaqlar artıq dəvət olunub. Bir azdan reklam məsələləri ilə bağlı görüşə gedəcəm. Günortadan sonra çəkiliş olacaq. Sizə nə olub? Narahat görünürsünüz, özünüzü pis hiss edirsiniz?....
Uşaq əlini uzadanda xatirələrdən ayrılıb anladım ki, indicə anası ona mənimlə görüşməyi tapşırdı... Anasına çox oxşayırdı. Ağ dərisi, qara uzun saçları, hətta üzündə çilləri də vardı. Amma anasından başqa da kimisə xatırladırdı mənə bu uşaq. Çox tanış gəlirdi sifətinin bəzi cizgiləri. Amma kimi? Heç cür xatırlaya bilmirdim... Əyilib üzündən öpdüm. Saçlarını oxşadım. Özümə sıxıb qoxuladım. Niyə belə edirdim, bilmirəm. Amma xoş idi. Sonra qalxıb anası ilə görüşdüm. Əl tutduq. Əlini buraxmaq istəmirdim. Amma buraxdım... Söhbət etdik.
Məlum oldu ki, mən işdən gedəndən az sonra telefonunu masamın üzərindən götürüb onun yanına tələsənlərin biri ilə ailə qurub. Sonra ərinin təkidi ilə ordan işdən çıxıb. Bir müddət evdə oturub uşağa baxıb. İlk uşağı tələf olub. Güclü psixoloji sarsıntı keçirib. Çətin anlar yaşayıb. Sonradan bir qızı olub... Birdən söhbətinə ara verib pərt olmuş halda gülümsünərək-elə bayaqdan mən danışıram - dedi -bir az da siz danışın. Necəsiniz, nə yeniliklər var həyatınızda? Düzü bilmirdim mənim arxada qalan illərim nə vaxtsa bir yerdə işlədiyim bir xanım üçün nə dərəcədə maraqlı olar. Amma onu maşına tərəf dartan uşağa məhəl qoymadan gözləməsi hər halda bunları sadəcə söz xatirinə soruşmadığından xəbər verirdi. Danışdım. Dedim ki, işlərim pis getmir. Dedim ki, aradan keçən müddət ailə qurmağa və sonradan həyat yoldaşımı itirməyə də bəs edib. Dedim ki, artıq tək yaşayıram, amma Tanrıdan elə bir narazılığım da yoxdu.
Bir də dedim ki, o vaxt hər dəfə siz telefonunuzu mənim masamın üzərində unudub gedəndə çox sevinirdim. İntizarla telefonunuzu götürməyə qayıdacağınız anı gözləyirdim. Amma hər dəfə də hansısa bir mərdimazar gəlib telefonunuzu götürüb sizin yanınıza qaçırdı. Və bu mənə çox pis təsir edirdi. Onu da dedim ki, bir gün səhər işə gedəndə qərar vermişdim, bu dəfə telefonu unutsanız özüm götürüb sizə gətirəcəm. Gətirəcəm ki, görüm sonrası nə olur. Amma həmin gün sizə zəng gəlmişdi deyə otağımdan danışaraq çıxdığınız üçün telefonu unutmadınız. Mən də növbəti gün daha işə gəlmədim. Bir də o gərginliyi yaşamayım deyə...
Gülümsündü. Elə bil təəssüf edirdi nəyəsə. Üzünü çevirdi. Baxışlarını məndən gizlətməyə çalışırdı sanki. Sonra qızının saçlarını səliqəyə salırmış kimi göstərməyə çalışdı özünü. Birdən başını qaldırıb saçlarını üzündən arxaya itələyərək düz gözlərimin içinə baxdı. Bilirsiniz - dedi - o vaxt mən telefonu bilərəkdən sizin masanın üzərində unudub gedirdim. Otağınıza yenidən qayıtmağa bəhanəm olsun deyə. Sizi bir də görmək üçün. Amma imkan vermirdilər. Hər dəfə də biri telefonu götürüb mənə gətirirdi. Hər dəfə də sizi və telefonumu masanızın üzərindən götürməyə cəsarət edən adamı xəyalımda asıb kəsirdim. Bir gün səhər işə gedəndə özümə söz verdim ki, bu dəfə telefonumu kim mənə gətirsə, deyəcəm necə götürüb, elə də qaytarıb yerinə qoysun. Ama həmin gün siz işə gəlmədiniz... Gözləri doldu. Utanıb başımı aşağı saldım. Eh, nə isə-dedi- demək belə olmalıymış. Qızına baxıb dedi ki, heç sevmədim bunun atasını, könülsüz evlənmişdim onunla. Pis adam deyil. Amma evlənməmişdən əvvəldən gözümdən xeyli düşmüşdü. Hər dəfə telefonumu sizin otaqdan götürüb xüsusi canfəşanlıqla mənə gətirəndə. Axırda ayrıldıq... Dərindən köks ötürdü. Nəyisə xatırlayıb - Gözləyin -dedi. Qızını maşına oturtdu. Qarşı oturacaqların arasındakı sandıqçadan kiçik bir qutu götürüb mənə tərəf çevrildi: - Bu sizə çatacaq.
İllərdi özümlə gəzdirirdim ki, qəfil rastlaşsaq qaytara bilim. Nə olduğunu bilmədim. Qutunu ondan alarkən qeyri ixtiyari olaraq barmaqlarımla onun barmaqlarının üzərinə ani, amma bada verdiyim illəri unutdura biləcək uzun bir sığal çəkdim. Niyə belə elədiyimi də bilmədim. Amma etdim... Sonra mənə əl uzatdı. Əlimi sıxırkən o biri əliylə küləyin üzünə dağıtdığı tellərini geri itələməyə çalışırdı. Sanki nəsə demək istəyirdi. Amma demədi. Gülümsünüb vidalaşdı. O sürüb gedəndən sonra mənim də maşınımın yolu açıldı... Şirkətə çatıb kabinetimə girdim. Oturub söhbətimizi yenidən xatırladım. Xatırladım və nəhayət özümdə cəsarət tapıb birlikdə işlədiyimiz vaxtlar o xanıma olan hissimin adını qoya bildim. Mən onu sevirdim. Yəqin ki, illər sonra bu cəsarəti mənə onun öz hissini etiraf etməsi vermişdi.
Uşağın sifətini xatırladım. Birdən düşündüm ki, qızcığaz deyəsən azca mənə oxşayırdı. Deyirlər bir qadın bir kişini sevəndə və barəsində həddən çox düşünəndə hətta başqasından dünyaya gətirdiyi uşaq belə müəyyən qədər ona oxşaya bilir. Canımdan üşütmə keçdi - bu qədər də olmaz-deyib fikrimi dağıtmaq üçün eynəyimin şüşəsini silməyə başladım. Axırda dözməyib qutunu açdım. İçindəki telefon idi. Həmin çəhrayı telefon. Gözlərimi yumub bir az ovcumda saxladım. Sonra onu masamın üzərinə qoydum. Köynəyimin yaxasını açdım. Kresloya yayxanıb gözlərimi yumdum. Qapının arxasından gələn addım səsləri yenə də məni həyəcanlandırmağa başladı...