Donmuş fırçadan düşən son rəng - Cansel

Cansel

Cansel

25 noyabr 2022
# 20:48

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Canselin "Donmuş fırçadan düşən son rəng" hekayəsini təqdim edir.

Yağışlı küçənin islanmış skamyalarının birində təkliyi ilə yanaşı əyləşib düşüncələrinin dərinliyində boğulurdu: “Ruhları qaranlıq keçmişə məhkum olan insanlar öz ruhlarını azad etmək üçün çıxıb gedir bəzən. Kimisi ruhunu, kimisi vicdanını, kimisi bütünlükdə mənliyini xilas etmək üçün gedir. Kimisi yaşadığı yerlə, kimisi kimlərinsə həyatıyla vidalaşır. Nəticə olaraq tərk edir insan. Doğmalarından doğmalıq görməyəndə yad insanlara doğmalaşmaq üçün gedir insan. Amma bilmir ki, nə qədər uzağa qaçsa da öz keçmişindən qaça bilməz. Quş kimi səmaları vətəni elan etsə də vicdanının sərhədlərini aşa bilməz . Həyatını göylərdən yerə enən qar kimi dəyişmək istəsə də öz yaşadıqlarını və yaşatdıqlarının ağırlığını dəyişə bilməz. Qoy nə qədər uzağa gedirsə, getsin, vicdan deyilən ən ali varlıq onu qarabaqara izləyib bütün varlığına hökm edəcəkdir…

Yenə köynəyinin altında aramsız döyünən ürəyini sanki parçalanaraq qabağına töküləcəkmiş kimi hiss edirdi. O ürək ki, bünövrəsi mərhəmətlə qoyulmuş, məhəbbətdən yoğrulmuş, gün gəlmiş, taleyini dəmir barmaqlıqlara dustaq etmişdi. Kim bilir, bəlkə də ürəyin varlığından xəbərsiz insanlar atmışdı onu bu kimsəsiz, ucu-bucağı görünməyən zülmət səhranın ağuşuna. Bu gün 30 yaşında olan bu qadın həyatının 15 ilini həbsdə keçirmişdi. İndi isə hara gedəcəyini, daha doğrusu, bundan sonra kimə doğmalaşacağını bilmirdi. Ürək yerinə bir parça ətdən ibarət, simaları fərqli, vicdanlarısa eyni olan varlıqları yenidən tanımaq istəyirdimi? Onu da bilmirdi. İnsan da ömrünün dustaqlıq çağlarının bitdiyinə üzülərmi? Ahunur üzülürdü. Çünki daha onu bu şəhərə bağlayan kimsə qalmamışdı. İndi gördüyü yalnız yeriyən ayaqqabılar idi, insanları yox. Onları itirməsindən uzun illər keçmişdi. İnsanlar ayaqlarının altından öz vicdanlarını çəkərək bu qızın qəlbinin hündürlüyündən asmışdılar özlərini…

Bir zamanlar ona doğma olan bu küçə də ögeyləşmişdi. Hansı ki, bir vaxt balaca əlləri bu küçədə açılır, burada bağlanırdı. Ahunur indi uşaqlığını, anası Dilbəri, qardaşı Teymuru xatırlayırdı. Bu qız üçün anasından və qardaşından ibarət olan həyat indi onlarsız davam edirdi. Ahunuru incidən tək qalması deyildi. Axı o 15 ildir ki, təkdir. Qəlbini göynədən səkisinin buzundan insanların ürəyinə pay verən bu küçənin xəyanəti olmuşdu. İndi ona doğma olan bütün düşüncələrini öz əlləriylə alt-üst etmişdi taleyinin altını üstünə gətirən doğmaları kimi. Asfaltın ortasına oturub ağlasaydı kim nə deyərdi ki? Gözləri sanki dolmuş bulud idi. Amma bu yaşlar bütün olanları yuyub təmizləyə bilərdimi? Donmuş vicdanların iqlimini dəyişməyə gücü çatardımı? Göz yaşlarının üzündə donmasından qorxurdu. Çünki nədənsə bu gün hava elə bil bilərəkdən soyumuşdu, ya da bəlkə onu üşüdən hava deyil, insanlar idi. Çünki yalnız bir birinin sevgisi və nankorluğu ona doğma olan birinin qəlbini, ruhunu və bütün bədənini belə titrədə bilərdi. Elə bil Ahunuru bilərəkdən bu gün “azad” cəmiyyətin qollarına təslim etmişdilər.

Elə bil o dəhşətli gecəni təbiət də, insanlar da ona təzədən yaşatmaq istəyirdi. Ahunur birləşib onun taleyinə qara kölgə salan bu iki varlığa nifrət bəsləyirdi: İnsanlara və təbiətə. O insanlara ki, bir zamanlar ona doğma olmuş, gün gəlmiş bir cümlə ilə onun uşaqlıq illərinin üstündən xətt çəkmiş, gəncliyinin üstünə isə dəmirdən barmaqlıqlar hörmüşdülər. Uşaq olanda anasının o tərəf-bu tərəfinə keçərək həvəslə saçını hördürmək istəyən bu qız nə bilərdi ki, gün gələcək, onun həyatına bu dəmir barmaqlıqları hörən insanlardan biri, elə birincisi anası dediyi bu qadın olacaqdı? Ahunur daha təbiətə də güvənmirdi. Bir gününün şaxtası iki insanın ömrünü həmişəlik girov götürmüşdü. Onun keçmişini və bundan sonra heç gəlib çıxmasını istəmədiyi gələcəyini, bir rəssamınsa təsəvvürlü sirri olan rəsmini, fırçasını və nəhayət, bədəni dondurmuşdu. Ya təbiətin ruhu soyumuşdu, ya da dörd fəsli qış olanlar hər ikisini öz buzlaq iqlimlərinə dustaq etmişdilər…

On beş il əvvəl idi. Dekabr ömrünü başa vururdu. Adəti üzrə Dilbər Ahunuru və Teymuru özündən əvvəl dilənməyə göndərmişdi. Uşaqlar soyuqda axşama qədər əl açırdılar. Onları bu küçədə yaşayanlar yaxşı tanıyırdı. Dilbərin ürəyi yol vermirdi ki, uşaqlar əl açıb dilənsinlər. Xüsusilə Teymur. Çünki Teymur Dilbərin gözünün ağı-qarası yeganə balası idi.

Atasının ilk evliliyindən olan Ahunur isə Dilbəri doğma anası sanırdı. Çünki Dilbər bu yetim qıza öz övladı kimi davranırdı. Ahunur doğulanda anası vəfat etmişdi və uşağa baxmağa nə bacarığı, nə də bir kimsəsi olan bu adam qonşuları Dilbərlə evlənmək qərarına gəlir. Lakin heç yerdən gəliri yox idi, elə veyillənərək gününü keçirirdi. Əlinə düşən beş-on manatı da içkiyə verirdi. Teymur anadan olandan sonra ailəsinə heç cür baxa bilməyəcəyinin qənaətinə gəlir və çarəni onları atıb getməkdə görür. Uşaqlar gözlərini açan gündən yaşıdları ilə palçıqdan ev düzəltmək əvəzinə palçıqda əl açıb dilənməyi öyrənmişdilər. Dilbər başqa əlac düşünə bilmirdi. Özünün də bir işi olmadığı üçün balalarını başına yığar, səhərdən axşama küçələrin tinində oturar, gəlib-keçən hər Allah bəndəsindən kömək umardı. Gündüz azdan-çoxdan pul toplayar, küçənin soyuğundan heç bir fərqi olmayan birotaqlı mənzildə isə gecələyərdilər. Günləri belə keçərdi. Lakin bir həftədir ki, Dilbər qarışqa yuvasına bənzəyən insanla dolu bu küçədə bir rəssamın hər gün əlində boyası, rəsm taxtası buraya gəldiyini və nəsə çəkdiyini görürdü. Əvvəl-əvvəl fikir verməsə də sonralar hiss etdi ki, bu rəssam işlərə mane olur. Belə ki, rəssamın şəkilləri yoldan ötənlərin diqqətini çəkirdi. Onlar maraqla mənzərə rəsmlərini, hətta rəssamın fırçalarındakı rəngləri incələyər, yerdən qoyulan mis qaba pul atardılar. Ahu və Teymur da rəssamın əsərlərinə uşaq həvəsi ilə nəzər salırdılar. Hətta bəzən öz aralarında qızğın mübahisə də gedirdi:

- Məncə, rəssamın dünən çəkdiyi daha gözəl idi. Yaşıl ağaclar, mavi səma, quşlar.

- Yox, əşi, sən nə bilirsən rəssamlıq nədir, şəkildən nə başın çıxır axı sənin? Bax bütün çəkdikləri indi yaratdığının yanında heç nədir. Ağacın üstündəki qar dənələrinə bax, elə bir həqiqidir. Bilirsən Ahu, qarı çəkmək asan iş deyil. Axı qarın rəngi yoxdur.

- Necə yoxdur? Qarın rəngi ağdır.

Teymur yağan qara baxaraq bacısına işarə etdi:
- Bax, üstündəki qar dənələrinə.

Qardaşı Ahunun gözündə bir anlıq şagirdinə ciddi bir tapşırıq vermiş müəllim kimi göründü və həmin dəqiqə qız ciddi bir şəkildə şagird libasına bürünərək müəlliminin dediyinə o dəqiqə əməl etdi. Göydən nazik paltosunun üzərinə düşən qar dənələrindən birinə diqqətlə baxdı. Elə o saniyə qarın dənəsi əriyib su oldu.

- Axı görə bilmədim, əridi suya döndü.
- Hə, Ahu, suyun rəngi varmı?
- Yox.
- Deməli qarın da rəngi yoxdur.
- Bəs onda yer niyə dümağ görünür?

Qardaşı bir az fikirləşdi, suala cavab tapa bilməyəcəyini anlayıb söhbəti dəyişmək qərarına gəldi:
- Ahu anam bizi gözləyir, tələsməliyik.

Ahunur bir az düşündü, qəribə bir təəccüblə uzaqdan öz işində olan rəssama, onun barmaqlarına, rəsminə sonra qardaşına baxdı:
- Onda bu rəssam möcüzə yaradır ki!
- Hə, Ahu, tələs!

Beləcə, bir neçə dəqiqəlik söhbətdən rəssam hələ həyatın sehrindən xəbərsiz olan bu balaca qızın gözündə dönüb nağıllardakı sehrbaz olmuşdu…
Günlər keçirdi, Ahunun qəlbində özünə də qaranlıq qalan bu hisslər, beynindəki bu düşüncələr isə keçmək bilmirdi. Səbəbini də bilmirdi, amma ki, rəssamı yaxından tanımaq istəyir, onun füsunkar mənzərəsinin sirlərini öyrənmək istəyirdi. Bir neçə dəfə yaxınlaşmaq cəsarətini özündə tapsa da nə danışacağını , bu adamın gözlərinə hansı bəhanəylə baxacağını tapa bilməmişdi. Çox vaxt öz-özünə düşünürdü: “Yaxınlaşacam sabah, hə, mütləq yaxınlaşacam. Ona Teymurun danışdığı qar haqqında suallar verəcəm. Təkcə qarın sirri ilə maraqlandığım üçün yaxınlaşacam ona”. Həmin gün gəlmişdi. Ahunur evdən tələsik rəssamın yanına yüyürdü. Dilənməkdən başqa heç bir işi olmayan bu qız ona dünən axşamdan bəri gələn uşaq cəsarətinin birdən-birə gəldiyi kimi də getməsindən qorxurdu. Tələsməyinin səbəbi də məhz bu idi. Çox keçmədən Ahunur şəklini incələyəcək qədər rəssamın yaxınında dayanmışdı:

- Salam.
- Salam.
- Nə maraqlı rəsmləriniz var.
- Təşəkkür edirəm!
- Siz qarı çəkəndə hansı rəngdən istifadə edirsiniz? Axı qarı rəngi yoxdur.
Rəssam birinci dəfə idi ki, qızın üzünə baxdı. Ahunur bunu hiss edib başını aşağı saldı.

Oğlan işinə dönərək dilləndi:
- Nə üçün qarın rəngi ilə maraqlanırsız. Siz ki, rəssam deyilsiz və mən sizə bunu desəm, artıq heç bir sirr qalmayacaq və bu rəsm sizin üçün maraqsızlaşacaq.

Rəssamın “siz” deyə müraciət etməsi qıza qəribə gəlirdi. İndiyə qədər heç kim ona “siz” deməmişdi. Bu onu sevindirirdi. Lakin özülə arasında on yaş fərq olan bu adamdan belə cavab gözləmədiyi üçün etiraz etdi:

- Yox, siz desəniz yaxşı olar.
- Hər şey işığın əks olunmasından asılıdır. İşıq qar dənəciklərinə dəyib sınır və biz onları ağ rəngdə görürük. Necə ki, insanların qəlbini müxtəlif rənglərdə gördüyümüz kimi.

Ahunur heçnə başa düşmədi. Məgər ürəyin də rəngi olur? “İnsanların qəlbinin rəngi?” - deyə qız təəccüblə rəssamın üzünə baxdı.
Rəssam bir söz demədi. Ahu bir neçə saniyə gözlədi. “Deyəsən bu oğlan özü də nə danışdığını bilmir” öz-özünə düşündü və cavab ala bilməyəcəyini anlayıb səssizcə oradan uzaqlaşdı. Əslində uzaqlaşmaq demək olmazdı buna. Çünki buradan nə qədər gedə bilərdin, əgər özünü bu küçəyə və bu adamın qəlbinə bir yerə topalaşmış qar kimi yaxın hiss edirdinsə!

Bu hadisədən sonra Ahunur özünə söz vermişdi ki, bir də bu özündən razı rəssamın yanına getməyəcək. Öz-özünə deyindi: “Rəssamdır deyə elə bilir ki, hər şeyi bilir. Nə olsun ki mən dilənçiyəm. Ondan ki sevgi dilənməyəcəm!”. Bir anlıq səsli düşüncələrinin fərqinə varıb vahimələndi. “ Necə yəni sevgi dilənməyəcəm. Nə sevgi? Mən nə danışıram. Yox, sadəcə söhbət etmək istədim, axı mən həyatımda heç vaxt rəssam görməmişəm, nə rəssam görmüşəm, nə də bir rəsm” Ömründə bir dəfə də olsun rəssam görməyən bu qızın əslində heç sevgidən də xəbəri yox idi və bəlkə də özünə belə etiraf edə bilmədiyi bu hisslər sevgi olmasa da həmin duyğuların axtarışı idi.

Və günlər keçirdi. Dilbər isə düşünürdü. Düşünürdü ki, necə etsin, bu rəssamı buradan itirsin. Qərara gəldi ki, özü ilə danışsın. Getməsə, hədə-qorxu gəlsin. Yenə qarlı və şaxtalı gecələrin biri idi. Dilbər saat 23:50 olanda eyvandan rəssamın hələ də nəsə çəkdiyini gördü. Küçədə heç kim yox idi, düşündü ki, rəssamla danışmaq üçün ən yaxşı fürsətdir. Üzünü Teymura tutub:

- Teymur, girin yerlərinizə, yatın. Mən bu saat gəlirəm.

Uşaqlar nə olduğunu anlamadılar. Bir söz demədən razılıq əlaməti olaraq başlarını tərpətdilər. Hava heç olmayacaq qədər şaxtalı idi. Dilbər qalın nəsə axtardı ki, üstündən geysin, üşüməsin. Amma buzdan vicdan onun qəlbini çoxdan mühasirəyə almışdı və bundan özünün də xəbəri yox idi…

Dilbər səssizcə rəssama yaxınlaşdı:

- Bura bax, rəssam, səninlə birinci və axrıncı dəfədir danışıram. Tez nəyin var, nəyin yox yığışdır, çıx get burdan,
Rəssam təəccüblə soruşdu:
- Hara gedim?
- Mənə maraqlı deyil, hara gedirsən, özün bilərsən, uşaqlarım sənə görə ac qalır.
- Anlamıram, xanım mən axı sizəneyləmişəm?
- Dedim ki get burdan.
Rəssam qadının bu cür danışığından bir şey anlamasa da səs tonunu bəyənmədiyi üçün inadlaşdı:
- Heç yerə gedən deyiləm. Həm də küçənin sahibi ki siz deyilsiz.

Dilbərin səbri tükəndi. Rəssamı arxasındakı taxtaya tərəf itələdi və sözünə davam etmək istədi. Onun buz bağlamış asfaltın üstünə yıxıldığının fərqinə varanda qadının sözləri boğazında ilişib qaldı. Rəsm taxtasından süzülən qanı görəndə onsuz da qaranlıq olan bu küçə onun gözündə bir anlıq zülmətə döndü. Köhnə rəsm taxtasının sağındakı mismar rəssamın başını deşmişdi. Teymur bacısıyla bərabər olanları səssizcə uzaqdan izləyirdi. Uşaqlar nə olduğunu başa düşmüşdülər. Analarına yaxınlaşdılar. Dilbər uşaqları qolundan tutaraq evə gətirdi…
İndi bu hadisədən on beş il keçmişdi. Nə az, nə çox, düz on beş il. O gecə anası Ahunuru başa salmışdı ki, o mərhəmətli olmalıdır:
- Əgər mən sizdən uzaq düşsəm, siz yetim qalacaqsınız. Qardaşın həbsə düşsə başımızda bir kişi də qalmayacaq. Biz ana-bala nə edərik onda?
Ahu isə sanki anasının sözlərini eşitmirdi. O küçədə gördüyü dünyanın ən qorxulu mənzərəsini gözlərinin önündən silə bilmirdi. Necə ola bilərdi ki, sadəcə bir dəfə danışdığı bu adam ona bu qədər doğmalaşsın. Həmdə ki o axı niyə ölməli idi? Günahı nə idi rəssamın, analığı nə istəmişdi ondan? Heç nə bilmirdi.

Dilbər ona söz verdi, dedi ki, mən və qardaşın mütləq hər gün sənin yanına gələcəyik və sən tez bir zamanda yenə bizim yanımıza qayıdacaqsan. Amma balaca qızcığaz nə ana dediyi bu qadının nə də Teymurun bir an olsun, yadına düşməyəcəkdi…
Bu şaxtalı havada qızın ürəyini od kimi yandıran, rəssamın son rəsmi olmuşdu. Onun cəsədi, boyaları, fırçası, gecədən səhərə donmuşdu. Ahunur “nə danışdığını bilməyən” rəssamı bu gün anlayırdı. Böyüdüyündən deyil, yaşadıqlarından anlayırdı. Öyrənmişdi ki, insan qəlbinin də, həyatının da rəngi olurmuş. Onların həyat rəngləri tale işığından asılı imiş. Rəssamın donmuş fırçadan düşən son rəng isə talelərinə boz işıq düşən insanların qəlbi kimi bomboz idi…

Qar yağırdı. Qar topalarının rəngi pambıq kimi ağdır. Bütün olanlar Ahunurun gözləri önündən qorxulu bir nağılmış kimi gəlib keçdi. O indi çox uzaqlara getmək istəyirdi. Keçmişini burada basdırıb getmək istəyirdi. Elə yer olsun ki, orada ilin dörd fəsli qar olsun, qarın rəngini görə bilməsin və bu, onun üçün həmişəlik sirr kimi qalsın, ona rəssamdan geriyə qalan ən gözəl sirli təsəvvür kimi…

# 1778 dəfə oxunub

Müəllifin son yazıları

# # #