Çərpələng - Nurlan Abdurahmanov

Nurlan Abdurahmanov

Nurlan Abdurahmanov

7 dekabr 2022
# 15:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Nurlan Abdurahmanovun "Çərpələng" hekayəsini təqdim edir.

Sevgilim 52 kiloqramdır.

Onun qız olduğunu düşünsəniz, deyə bilərsiniz ki, yer basmayıb yeriyənimi, ər tapmayıb əriyənimi tapmışam. Bəs mənim zərif cinsin güclü, sevgilimin güclü cinsin zəif nümayəndəsi olduğunu desəm?!
Güclünün zəifi
Günə pis xəbərlə başlamağım üçün çox çəkmir, çöldə güclü külək əsir. Evdə tərəzini tapdalayıram, o da vəziyyətlə ayaqlaşır. Acığını göstərdiyi nəticə ilə çıxır.

52 kq.

Əsəbiləşirəm. Tərəzini bir daha əzirəm. Ona yuxarıdan aşağı baxıram… Baxıram… Baxıram…Varlığımı sorğulayarkən bir şeyin fərqinə varıram. Sən demə, qoy mən deyim, bu tərəzi ilə çox ortaq nöqtəmiz varmış; onu evdə tapdalayırlar, məni işdə. O evdə əzilir, mən müdirin yanında. Onun da səsi çıxmır, mənim də…

Ağır-ağır hazırlaşıb, yola düşürəm. Düşünürəm, insan gecikirsə, şüuraltında gedəcəyi yerdə xoşbəxt olmayacağını düşünür. Xoşbəxtlik? Nədir ki xoşbəxtlik?!

Beyin 1-0 mən.

Bəzi sualların cavabsızlığını sərt külək üzümə vurur. Bakı küləyi bəzilərinə görə dünyanın ən gözəl təbiət hadisələrindən biridir. Bəziləri Qazanılmış Empatiya Çatışmazlığı Sindromundan əziyyət çəkir. Heç kim 52 kq olanları düşünmür…

Heç sevgilim də düşüncəli sayılmaz. Bu küləkdə hardan çıxdı axı, çərpələng uçurmaq sevdası?! 52 kq və aşiqsinizsə, həyat çox çətindir. O xoşbəxt olsun deyə hər şeyə razılaşıram. Hər gün bir az daha özümü itirdiyimi də görürəm. Neyləyə bilərəm ki, onu görəndə özümü itirirəm?!

Ürək 2-0 mən.

Bəzi sualların cavabsızlığını bu dəfə “Telegram” mesajı üzümə vurur.

“Harda qaldın?”
Maraqlı sualdır. Məkan soruşulsa da, zaman məfhumu daha ağırdır. Yaxşı ki bu günləri görmədin, Ay Albert.

“Bayraqsız Bayraq meydanındayam”

O, bu tərz mesajlarımı sevir. Beynim yenə boş dayanmır, kaş dayanardı…
Düşünürəm, mən beləyəm, yoxsa bütün hərəkətlərimi ona uyğunlaşdırıram?! İnsan su ola bilərmi?! Yaxşı ki sən də bu günləri görmədin, Ay Brüs Li.

52 dəqiqə sonra.

Boz şəhərimizin mavi səmasında uçuşur qocaman kəpənəklər, yarışır mavi və qırmızı çərpələnglər. O bu anı ölümsüzləşdirir, mən yorğunluqdan ölürəm. Kəsilə-kəsilə qalmışam, necə deyim axı, əllərim kəsilir.

O gülür.
Təki üzündə açan gülüş solmasın. Sol əlsiz də yaşayaram mən. Düşünürəm, bu dünyada bütün önəmli suallar zamanla əlaqəlidir.
Zərifin güclüsü: Bu soyuqda nə qədər dayanarsan?

Güclünün zəifi: Qaranquşlar gələnədək.
Düşünə-düşünə heydən düşürəm. Alnımdan tər süzülür, gözümdəki yaşa düzülür, əllərimin dərisi üzülür.

Əllər 3-0 mən.

Düşünmək intihardır. Düşünürəm, nədir əlimi kəsən? Qürurum, sevgim, yoxsa çərpələng?! Bu sualın qarşısında da aciz qalıram.
Bakı küləyi gücləndikcə mən – Güclünün zəifi – daha da zəifləyirəm, zəifləyirəm, əldən düşürəm. Əllərim üzülür, çərpələnglər səmaya yüksəlirlər. Azad çərpələnglər qatar-qatar uçan köçəri quşların qatarının bir sərnişininə çevrilirlər. Külək əsdikcə gedir, gedir, gedir o qatar. Sən də əs, əs, var gücünlə əs,

Bakı küləyi...

# 1924 dəfə oxunub

Müəllifin son yazıları

# # #