Pomidor-yumurta unudulsa, tariximiz yox olacaq - İlham Əziz

Pomidor-yumurta unudulsa, tariximiz yox olacaq - İlham Əziz
4 sentyabr 2024
# 09:00

Kulis.az İlham Əzizin "Yeməklərimiz itib-batsa, gələn dəfə nəyin üstündə müharibə edəcəyik?" yazısını təqdim edir.

İnsanın fundamental ehtiyaclarından biri yeməkdir. O qədər ciddi elementdi ki, harda, kiminlə yeyib-içməyin xarakterinə hopur, xasiyyətinə təsir edir. Hətta prinsipiallıq etibarilə and yerinə çevrilib:

“Kəsdiyimiz çörək haqqı”;

“Yediyin bərəkətə and olsun”.

Lap qədimləri bilmirəm, sovet dövründən ta bu günə yemək rituallarımızı, mədəniyyətimizi, formamızı izləyirəm.

Sovet özü ilə bərabər xeyli rus mədəniyyəti gətirmişdi; teatr, kino, opera, restoran və s.

Sadaladığım və sadalamadığım xeyli şeylər var ki, Qızıl orduyla bərabər gəldi. Bircə yeməyi harda, kimlə yeməyi bizə sırıya bilmədilər. Cəhd çox oldu, alınmadı. “Russkiy stol” dəb olmadı, adda-budda istafadə olunsa da, məişətimizə çökmədi. Çox şeyi qurban verə bilərik, zira qarın məsələsində həddən artıq həssas idik. Biz, bəlkə də, erməniləri dolmaya görə urvatdan saldıq. "Dolma bizimdir" deyən adamı bağışlamarıq. Nə isə, çox xırdalığa getməyək.

Bizim şəhərin gözəl yeməkləri var idi; plov, bozbaş, dolma, çığırtma, lülə, tikə, basdırma, say, say bitməz. Yekə-yekə siyasətçilər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə çox vaxt bu təamları dadmağa gəlirlər. Çünki Avropada yemək yoxdu. Bildiyin ac-yalavac gəzirlər. Amerikadakıların, Avropadakıların işləməkdən canları çıxır, yeməyə vaxtları yoxdur. Yedikləri yemək də “pizza”, “burger”, salatlar, bir sözlə, heç nə.

Bizim adamlar da harda pis şey var, ahənrüba kimi çəkirlər canlarına. Son zamanlar yolum şəhər mərkəzinə tez-tez düşür. Şəhərdə aclıqdı. Yemək yoxdur. Hər yerdə kofe içib burger yeyirlər. “Mcdonalds”, o saqqallı kişinin şəkli olan yerlər (adı yadımdan çıxdı) baş alıb gedir. Həddən ziyadə işıqlı, içərilərində menyu aparatı, rəngli stollar, sıx-sıx qoyulan stullar. Di gəl, yeməkləri bərbad, dadsız, duzsuz. Hələ o kağız stəkanlar, mənşəyi bilinməyən souslar. Mütləq nəyi nəyəsə batırıb yeməlisən. Yoxsa, ümumiyyətlə, yemək mümkün deyil. Oğlanlar, qızlar yemək yeyirlər, bir gözləri də kompüterdə. Əndrabadi adları olan yeməkləri elə həvəslə alırlar, adam istəyir, ağlasın. And olsun çörəyin bərəkətinə, mən o aparatdan sifariş versəm, iştahım qaçar.

Bütün mərkəz yeməkxanaları 16-25 yaşlı qızların ağlına, zövqünə görə yaradılır, dizayn edilir. Kişilər də aldanıb gedirlər. Məncə, baş tutmayan sevgilərin, günü-gündən çoxalan boşanmaların bir səbəbi də o yeməklərdi. Bakı şəhərinin mərkəzində doğranmış pomidor-xiyar, turşu, bir kasa da bozbaş tapmaq it zülümüdü. Onu yeməyə də, satmağa da utanırlar. Guya bozbaş yeyən axmaq adamdı, dünyadan xəbəri yoxdu. Kartofu “fri” yox, dədə-baba qaydası ilə yesə, iş tapa bilməyəcək, buna qız verməyəcəklər, soyu quruyacaq. Cavan-cavan oğlanlar o məkanlarda təkcə salat yeyirlər. Alırlar kağız stəkanda kola, özü də çöplü, bir qab da “mimoza”, “ciddən”, “falan”, “abi” deyə-deyə gövşəyirlər. Ay oğul, bu yeməklər səni yaman günə qoyacaq, qızlara inanma, vallah, sonsuz olacaqsan, adamsan, adam balasısan, dovğa, bozbaş, plov, ləvəngi, çığırtma, kabab ye, axı nəslimizi niyə kəsirsən?! Yaxşı ki, Seymur Baycan bu günləri dirigözlü görmədi.

O saqqallı kişi olan yerlərin adı yadıma düşdü: "KFC". Sən Allahın, orda yeyən adam İsmayıl Şıxlının, İsa Hüseynovun, Əkrəmin, Mövludun hekayələrini, romanlarını oxuya bilər? Onda o təpər hardadı? Ən uzağı, Rövşən Abdullaoğlu, bir də motivasiya kitabları, nə bilim, “təbiəti içinə sal, gülümsə, dünya gülsün” kimi o yeməklərə oxşayan söhbətlər. Bakının mərkəzində bizim yeməklərin soyqırımı gedir. Milli yeməklərimiz son qalalarını da itirir. Həm də o mənasız yeməklər bahadı, doymaq olmur. Orta, yaşlı nəsil “russkiy stola” qalib gəlmişdi, siz isə “pide”, “ lahmacun”, “ künefe” yə məğlub oldunuz. Adlarına bax, yemək adları deyil e, ayaqqabı firmalarına oxşayır. Dədə-baba yeməklərimiz şəhərin mərkəzində mövqelərini itirib, ucqarlara çəkilirlər. Bu dəqiqə ən dadlı, ən tamlı yeməklər Əhmədlidə, 8-ci kilometrdədir. Oturursan, bol-bol göy-göyərti, turşu, pomidor-xiyar, soğan, kabablardan, qazan yeməklərindən doyunca yeyirsən, adambaşına 20 manatın çıxır, bir-iki manat da ofsianta verirsən, gəlib yıxılıb yatırsan, yuxuna da ən sevdiyin adam girir. Yoxsa “fri”, “sendviç”? Onu yeyib ancaq büzüşmək olar. “Fəstfud” adında yemək olar? Elə bil üstünə it qısqırdırlar.

Əhmədlidə, 8-ci kilometrdə ağacların altında səpsərin yerdə, 3-4 dostla yeyib-içmək hara, hər şeyin dördbucaq olduğu, şəhərin göbəyindəki kafelər hara. Orda yeyən şeir yaza bilər?

Ən uzağı, yalandan pianino dərslərinə gedəcək, ya da kompüter oyunlarına aludə olacaq. Millətin oğlanlarının sümüyü nazilir, vallah.

Bir də fikir vermişəm, orda yeyənlər hamısı öz hesabını verir. Qonaqlıq şəhərin mərkəzində dəbdən düşüb. 3 nəfərə qonaqlıq versən, vəssalam, sən “qıjısan”. Evin yıxıldı.

Amma qurbanolduğum Əhmədliyə gəl, 10-12 nəfərlik qonaqlıqlara şahid ol. Gör, adamlar necə xoşbəxtdirlər.

Şəhərdəki iş yeməkləri lap ətimi tökür. Yeməyi acanda yeyərlər, toyda-nişanda, qonaqlıqlarda yeyərlər, yoxsa oturub iş danışırlar, qabaqlarında da bir nimçə salat. O işin nə bərəkəti olacaq?

Burdan milli burjuaziyamıza səslənirəm, şəhərdə milli yemək məkanları açın, bozbaşımız, ləvəngimiz, çığırtmamız əldən gedir. Yeməklərimiz itib-batsa, gələn dəfə nəyin üstündə müharibə edəcəyik?

Pomidor-yumurta unudulsa, tariximiz yox olacaq.

İgid oğullar, qızların əlindən canınızı qurtarıb gəlin Əhmədliyə, qovurma, soyutma, qarpızla pendir yeyin, siz Koroğlu nəvələrisiz, düzdü, onun qədər yeməyə aludə olmayın, amma ac-yalavac da gəzməyin.

# 1433 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #