Türk olmaq suçdur artıq

Türk olmaq suçdur artıq
16 yanvar 2014
# 11:59

…destanlar yazılan çağlar bizimdir

ferhat'ın deldiği dağlar bizimdir

ölen ölür kalan sağlar bizimdir

ne mutlu türk'üm diyene

hiç kimseden yok korkum diyene...

Atatürk Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü ilə bağlı 1933-cü ildəki tarixi nitqini “Nə mutlu türküm deyənə” sözləri ilə bitirmişdi. Böyük Atatürk “Ne mutlu türk olana” demir, türk olduğunu deyənə deyir. Bu incə və həssas nöqtəyə belə dahiyanə yanaşmışdı Mustafa Kamal Paşa…

Cümhuriyyətin quruluşundan 90 il sonra onun izlərini silməyə başlayıblar.

Əvvəlcə Atatürkün “Nə mutlu türküm deyənə” sözlərini sildilər hər yerdən…

Sonra Türkiyə Cümhuriyyətinin qısaltması olan T.C.-ni qaldırdılar bütün rəsmi binalardan…

Ürəkləri soyumadı. Bu səfər də məktəblilərin “Türküm, doğruyum, çalışkanım” andını çıxartdılar tədris ocaqlarından…

Nəhayət, qırmızı cizgi də keçildi – kürdpərəst BDP-nin iclasında Türk bayrağı endirildi. İraqda deyil, Suriyada deyil, Türkiyədə, Cümhuriyyətin ta göbəyində….

Son nöqtəni isə iqtidar partiyasının öndə gələn ideoloqlarından professor Yasin Aktay qoydu tələbələrlə bir görüşdə. “Türk irqi deyə bir irq yoxdur”, dedi…

Bir çox ölkədə fərqli millətlərdən, dinlərdən olanlara qarşı müxtəlif düşmənçiliklər var. Məsələn, ruslar qafqazlıları, ukraynalı milliyyətçilər rusları, ermənilər də türkləri sevməzlər. Türklər isə başqalarını deyil, türkləri sevməzlər. Bu açıq-aydın türk düşmənçiliyi son zamanlar ifrat hal almışdır. Türkiyədəki türk düşmənçiliyi, türkə qarşı nifrət, addımbaşı onu aşağılamaq artıq kimsəni nə heyrətləndirir, nə də təəccübləndirir. Hakim dairələrdən biri qalxıb etiraz edəndə də çoxları təbəssüm edir – Bu vəziyyətə gətirənlər siz deyilmisiniz…..

Sözlər, şüarlar, andlar dəyişdirilir. Yavaş-yavaş tarix, sonra da coğrafi adlar dəyişdiriləcək. Çünki, nəhayətində sərhədlər dəyişdiriləcək. Bunun üçün bütün ilkin hazırlıq işləri tamamlanıb.

Artıq, Türk Bayrağı qaldırmaq başqalarını təhrik etmək sayılır…

“Türküm, doğruyum, çalışkanım” demək ibtidailik sayılır…

Türk milliyyətçiliyi faşizm sayılır……

Türk milliyyətçiliyini müdafiə etmək irqçilik sayılır…..

Demək ki, “Kürdlər vardır” demək üçün “Türklər yoxdur” söyləmək lazımmış. Ən kəsdirmə yol da budur – inkar et, məsələni kökündən həll elə.

“Türk deyə bir irq yoxdur” – vəssalam, şüttamam.

Qaldı bircə ölkənin adını dəyişmək. Kökündə “Türk” kəlməsi var çünki....

(“Ayna” qəzeti)

[email protected]

# 3057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #