İbrahim Nəbioğlu
Tokio Tokio olalı belə kitab növbəsi görməmişdi. 2009-un baharında yaponlar aylardır gözlədikləri romanlarına qovuşmaq üçün uzun növbələrə durmuşdular. Təkcə çıxdığı həftə kitab 1 milyon satılmışdı.
Bənzər bum Rusiyada yaşandı. Rusların ən çox oxuduğu müəllifdir Haruki Murakami. “1Q84” romanının ilk cildini – “Min kim bilir neçə yüz səksən dörd, I Kitab, Aprel-İyun”u mən ikicə günə oxumuşdum…
Murakaminin bütün əsərlərində musiqi var. Süjet xətti üçün bir fon deyil musiqi, oradakı həyəcan və ehtiras, həyat və ölümdür. Əgər “Norveç meşəsi”ndə Bitlz (Beatles), “Sərhəddən cənuba, günəşdən qərbə”də Nat King Kol (Nat King Cole), “Çimərlikdəki Kafka”da Bethoven olmasa, romanlar bu qədər bütöv olmazdı. “1Q84” də elədir, hətta onun ilk cümləsi Yanaçekin “Simfonietta”sı ilə başlayır. Lakin romanın fərqli “iştirakçısı” da var — Anton Çexov və onun “Saxalin adası” (1895) əsəri.
Saxalinin qərb sahilində, Amurun töküldüyü yerdəki bir xəritədə missionerlər belə yazıblar – “Saghalien-angahata”. Monqol dilində bu, “Qara çayın qayaları” deməkdir (A. Çexov, “Saxalin adası”)…
Gənc və yaraşıqlı bir həkim, üstəlik istedadlı yazıçı, dramaturq, şöhrətinin zirvəsində çantasına konyak dolu mətərə, Smith&Wesson tapança və “Novoye vremya”nın müxbiri vəsiqəsini qoyub Moskvadan “coğrafiyanın o biri ucuna” — Saxalinə yola düşür. 1890-nın apreli idi, onu yola salan ailə üzvləri çaşqınlıq içindəydilər – belə uzun və təhlükəli səyahətə səbəb nə idi? Oçerklərindən birində “Uşaq ikən uşaqlığım olmayıb” yazmışdı Çexov. Yaxınları onun uşaqlıq arzusunu gerçəkləşdirmək üçün səyahət etdiyinə inanmamış, “ruhumu təmizləmək üçün” sözünü isə ciddiyə almamışdılar.
Çexov 4800 km-lik bir macəraya atılmadan naşiri Suvorinə belə yazmışdı – “Bu səyahətin nə ədəbiyyata, nə də tibb elminə heç bir töhvə verməyəcəyinə əminəm”. Çexov çox yanılmışdı o zaman. “Saxalin adası” onu yeni ədəbi zirvəyə daşıyacaqdı…
Bunu min kim bilir neçə yüz səksən dördüncü il adlandıraq. Və yazaq — 1Q84. “Q” — ingiliscədəki “Question” kimi. Kyu. Ciddi tərəddüd üçün (H. Murakami, 1Q84).
1Q84 mistik detektiv janrında sevgi romanıdır. Murakaminin yaratdığı bədii atmosferin labirintləri oxucunu Yaponiya, Çin və Rusiya üçbucağındakı real və irreal tarixi periodların içinə aparır. Romanın ən gözlənilməz tematik xətti iki xalqdır – “Little People” adlı mistik insanlar və real olan gilyakilər.
Gilyakilər (və ya nivxlər) Saxalin və ətraf adalarda yaşayan, kökü kəsilməkdə olan kiçicik xalqdır. Sayları 4600 nəfər olan gilyakilər bölgəyə miladdan öncə Yaponiyadan gəliblər. Rus tənqidçilər Murakaminin gilyakilərin folklor və adətlərinə müraciət etməsini yazıçının Rusiyaya olan sevgisi ilə izah edirlər. Əslində isə, dünya şöhrətli yazıçı diqqəti rus imperiyasının müstəmləkə siyasətinə, kiçik xalqların başına açdığı oyunlara çəkmək istəyib.
Ruslar Murakaminin Saxalini Rusiyanın mücərrəd, irreal qapısı olaraq gördüyünü deyirlər. Həqiqətdə isə, bu fikirlər ancaq qatı millətçilərin xəstə təfəkkürlərinin məhsuludur. Yapon yazıçı romanda ancaq keçmişdəki rus temalarına müraciət edir – “katorqa tarixindən” Stalinə qədər. Murakami üçün keçmiş rusların Kuril adalarını yaponların əlindən almasıdır, o torpaqlarda qalmış yaponların taleyi, onların faciəvi həyatı və rus imperiyasının diskriminasiya siyasətidir.
Bəşəriyyətin təkamülü yavaş baş verir, tənəzzülü isə bir anda. Humanizm itən kimi vəhşisən ki vəhşi (“Pişiklər şəhəri haqda qeydlər”, Lao Şe).
Murakami Çexovla kifayətlənmir, Corc Oruelin “1984” və Lao Şenin “Pişiklər şəhəri haqda qeydlər” əsərlərini romanın xəttinə qoşur. “Saxalin adası”ndakı rus katorqası Oruell və Şe anti-utopiyalarında təsvir olunan dünyadır. Onların qələmə aldıqları totalitar dünyalar və Çexovun realist təsvirləri Murakaminin məharəti ilə “1Q84”də birləşir.
Gilyakilər üçün ən böyük günah torpağı əkib-becərməkdir. Çar zamanı yol çəkilməsinə etiraz etdikləri söylənir. Onlar bu gün də tayqada salınmış yollardan istifadə etmir, yol kənarındakı cığırlarla hərəkət edirlər. Çünki onların zaman və dünya anlayışlarında yol yoxdur.
Murakami gilyakilərin bu adətinı müasirlərimizin obrazına çevirib – Çağdaş insan artıq onun üçün hazırlanmış yolda yerimək istəmir, ştamplar və qəliblərlə yaşamağı inkar edir, öz ağlı ilə yaşamağa, öz həyat yolunu tapmağa can atır.
Haruki Murakami insanın yad ştamplardan ibarət olduğunu, bundan arınmaq üçün də beynin tamamən təmizlənməsini deyir. Elə olanda beyində dərin boşluq yaranır. Zen-buddistlər buna “Ma” deyirlər. Usta yazara görə, hər bir insan öz “Ma”sını özü ilə, öz fikri və düşüncələri ilə doldurmalıdır.
- Sən dedin ki, gedəcəyəm… Çoxmu uzağa?
- Belə məsafələr rəqəmlərlə ölçülmür.
- İnsan ürəkləri arasındaki məsafə kimi.
(H. Murakami, 1Q84)
82 günə çatmışdı Çexov Saxalin adasına. Baharla aşıb daşan Volqa, Kama, İrtış, Tom və Yeniseyi keçmək lazım idi. Transsibir magistralı hələ salınmamışdı və Ural dağlarını atla aşıb, Tümen, Krasnoyarsk, İrkutsk istiqamətində irəliləmək çocukluğunda tuberkulyoz keçirmiş 30 yaşlı yazarın səhhətində sağalmaz izlər buraxır (44 yaşında ağ ciyər çatışmamazlığından vəfat edəcəkdi). Çexov uzaq şərqdə bu torpaqların həqiqi sahiblərinin çarlıq altında yavaş-yavaş qırılıb məhvinə şahid olur.
Saxalinin şımalı Ryazan quberniyasına, cənubu isə Krıma bənzəyir. O, Yunanıstandan 2, Danimarkadan isə 1.5 dəfə böyükdür (A. Çexov, “Saxalin adası”).
Saxalin Rusiyanın “katorqa mərkəzi” idi. Adada yerlilərdən çox sürgün olunmuş siyasilər və başqa məhbuslar vardı. Cənubdan Saxalini Yaponiyadan 40 km məsafə ayırır. Arada çox böyük fərq var. Hokkaydo və Saxalin — biri turizm və əyləncə mərkəzi, o biri sürgün adası. Təbiətin gözəlliyi yazıçını nə qədər məftun etmişdisə, insanların yaşayışı da bir o qədər sarsıtmışdı. Rusiyanın sağalmaz dərdləri yazıçıda dərin travmalar buraxacaqdı.
Çexov Saxalində qaldığı 3 ay ərzində əhalinin siyahıya alınmasını həyata keçirir, on minə yaxın adama şəxsi qeydiyyat kartoçkası açır. Üzü payıza doğru dönüş başlayır. Gördüyü ilk xarici liman ingilis idarəsindəki Honkonqdur. Gözlərinə inanmır — yollar, konkalar, botanik parklar, ömründə görmədiyi səliqə-səhman. Gəmidəki rusların ingilislərə “ekspluatator” deməsi yazıçını hiddətləndirir. Kitabda belə yazır- “İngilislər bəlkə də çinli, sipai və hindliləri istismar ediblər, amma əvəzində necə yollar, su şəbəkələri, muzeylər və xristian dini gətiriblər. Rusiya da qonşularını istismar edir, qarşılığında isə heç nə vermir” (Bu bölüm sovet zamanı kitabdan çıxardılmışdı)…
Çexov Seylon-İstanbul-Odessa marşrutu ilə Moskvaya qayıdır. Dostu Şerlova səfərlə bağlı yazdığı məktubda belə deyir –“Səyahətimdən razıyam. Saxalin kimi cəhənnəm, Seylon kimi cənnət gördüm”.
O, kitabı düz 5 ilə yazır. Sürətli yazan Çexovun belə ləng tərpənməsi şübhəlidir. Başqa qaranlıq məqam onun siyahıya alma materiallarının 15 il sonra dərc olunmasıdır. Çexovun Saghalien-angahata macərasının üzərindəki qaranlıq buludlar bu gün də tam çəkilməyib. Nədənsə mən onu bu səyahətə gizli bir missiya ilə dövlətin göndərdiyinə inanıram…
Çexov kitabını tibb sahəsində dissertasiya kimi müdafiə etmək istəyir, amma professor Rossolimo“Çexovun məşuqəsi (ədəbiyyat) arvadını (tibb) üstələyib” deyə ona elmi ad almasına icazə vermir…
Haruki Murakami “1Q84” romanında belə yazır-“Biri boşluq yaradanda biri də o boşluğu doldurmalıdır”. Başqa yüzilliklərdə yaşamış iki böyük usta – Çexov və Murakami böyük boşluqlar doldurdular.
Tanrı hamıya gilyakilər kimi öz yolu ilə getməyi nəsib eləsin…