Şairlərimiz də işğal olunub...

Şairlərimiz də işğal olunub...
1 dekabr 2016
# 14:07

Türklərdə "əməyə sayğı" deyə gözəl bir ifadə var, çox doğru və yerində işlənir.

Ola bilər, görülən işi bəyənmirsən, bu sənin şəxsi fikrindir. Yaradıcı adama sayğı isə borcundur; çünki o, gündəlik qayğılarından zaman ayırıb, özünü incəsənətə, ruhun tərbiyəsinə həsr edib. Yəni belə olan halda (ki, bizdə gözümüzü açandan belədir), oxucu sadəcə oxuyub bəyənməməkdə sərbəstdir, bu, yaradıcı insanı aşağılamağa, ağıl öyrətməyə haqq vermir.

Ümumiyyətlə, hər zaman belə olmalıdır.

Bu günlərdə yazar dostlardan biri yazmışdı ki, hərdən görürəm, bir-iki xırda-para uğurumuzu burnumuzdan gətirən adamlar çıxır, orda-burda ağzına gələni danışır, təhqir edir, öz dınqılı ağlı ilə bizə nəyisə öyrətməyə çalışır. Bir də onu demişdi ki, nə özünün, nə də yazar dostlarımızın dəbdəbəli evi, super-muper maşını var.

Düz deyir, hamı birtəhər dolanır, hərdən də vaxtdan qırpıb yazır. Doğrudan da, bu nə paxıllıqdır? Bu nə hikkədir?

Bu mövzuda başqa yazarlar da çox yazıb, çox danışıb. Bir də görürsən, yazarın hansı əziyyətlər bahasına yazıb ortaya çıxardığı mətni öz ağlına uyğun şəkildə hərə bir tərəfdən baltalayır; kimi tənqid edir, kimi yazmaq öyrədir, kimi məzələnib aşağılayır, utanmayanlar isə “mərət”ini əlinə alıb təhqir edir...

Cehizlik diplomunu əlinə alanlar isə ixtisasını gözümüzə soxub nəzəriyyə dərsi keçir.

Bir dəfə bu haqda ayrıca yazı da yazmışdım. Ondan irəli gəlir ki, sosial şəbəkələr yaradıcı adamlarla oxucu arasındakı sərhədlər tamamilə aradan götürüb. Sovet dövründə şair və yazıçılar yüz ildə bir camaatın arasına çıxır, urvatla qarşılanır, adamlar tərəfindən ən hörmətli adam kimi məclis başına qaldırılırdısa, indi çayxana yoldaşı müstəvisinə endirilib. Bir o qalıb ki, skaypı açıb virtual nərd, domino oynamağa çağıra...

Ona görə də, nə əzab-əziyyətlə yazılan mətnə – şeirə, hekayəyə çayxana yoldaşı kimi münasibət bildirməkdən çəkinmir. Üstəlik, nəzəri cəhətdən qiymət verməyə çalışır, özünü ifşa edir, bu azmış kimi, fikrini əsaslandırmağa çalışır, daha da batır.

Sözsüz, nəzəriyyəni yaradıcı adamın özü yaradır, amma eləsi olur, görürsən, heç nəzəriyyəni də düzgün oxumayıb, ya da mexaniki şəkildə oxuyub başa düşməyib. Və müzakirə zamanı qarşısındakını yormaqdan qəti çəkinmir, özünə xoş gəlir deyə, elə bilir, onun söhbətindən hamı ləzzət aparır.

Bir-iki gün qabaq sosial şəbəkədə mənə də bir beləsi rast oldu. Yazdığım sərbəst şeirlərdən birinə (yazının sonunda o şeiri də təqdim edəcəm) şərh yazıb ki, bu, essedir. Özünü filoloq kimi təqdim edən xanım şeirdəki fikirləri fəlsəfi bulduğu üçün yüksək qiymət verdiyini, ona görə də “esse” kimi qiymətləndirdiyini, sadəcə, mübtəda-xəbərin və müəyyən sözlərin yerini dəyişib söz oyunu ilə yazdığımı, söz oyununun isə şeir olmadığını iddia edirdi.

Hərçənd, razı deyiləm, amma lap razılaşaq ki, söz oyunu poeziya deyil, hətta, yanından yel olub keçmir.

Məni maraqlandıran odur ki, esse nədir?

Bu sualı xanıma da verdim, başladı ki, fəlsəfi fikirlər məcmusudur. Bir filoloq janr tərifini bu təhər bəsit və birini başından eləmək “janr”ında deməməlidir. Polemikada qalib gəlmək istəyirsənsə, dolğun fikrin olmalıdır.

Qısa cavab verib qaçmaq ya savadsızlıqdan irəli gəlir, ya da qarşıdakı insanı savadsız hesab eləməkdən... Çox güman ki, o xanım savadsızlıqdan belə cavab vermişdi; çünki mən bir neçə dəfə soruşmuşdum, eyni cür sözləri dönüb qayıdıb təkrar edirdi. Hətta, baxdım, dostluğunda olan özgə şairlərin də şərhinə eyni cür yazmışdı: “Essedir. Əla”.

***

Gəlin, Vikipediyada yazılan məlumatları kopyalayaq:

Esse – kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrıdır. Fransız sözüdür, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrıdır. Daha çox ədəbiyyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifadə edilir.

Ədəbiyyatşünaslıq, avtobioqrafik, bioqrafik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulub.

Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin əsaslı, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.

Essenin əsasını fransız yazıçısı və humanist filosofu M.Monten qoyub.

***

...Xırda bir söhbətə silahsız girişən xanımdan tam da bu şəkildə izah gözləmirdim, amma hər halda, yazdıqları bir filoloqa yaraşacaq şəkildə olmalıydı, yoxsa “fəsləfi fikirlər məcmusu” deməklə kəsib atmaq olmaz, uşaq başı yozmursunuz ki?

Cəmiyyətdə söhbətdən xəbəri olmayan adamların çoxu bir az əndrabadi fikir, misra görən kimi adını "fəlsəfə" qoyur, onda deyək ki, fəlsəfənin tərifi o insanların ağlındakı tezisdir?!

Misal üçün deyim, oxuduğunuz yazı da esse hesab olunur, amma içində bir dənə də fəlsəfi fikir yoxdur. Son dövr ölkənin fəlsəfi fikir tarixindən anlayışı olmayan adamlara “filosof şair” donu geyindirildiyindən heç fikrim də yoxdur ki, filosofluq eşqinə düşüm.

Mənə görə, fəlsəfə - vicdan sözü ilə əkiz qardaşdır. Vicdanı olmayan adam nə filosof ola bilər, nə də dünyanın gedişatına təsir göstərən fikir söyləyə bilər. Nəinki vicdanı olmayan, hətta, vicdanı söz olaraq yuxusunda belə görməyən adamlara “filosof” deyildiyindən, yaxşısı budur, mən öz şeirimi yazım. Bu bir.

İkincisi, fəlsəfi fikir məcmusu olmur, istəyir riyazi düsturlar, kimyəvi elementlər antologiyası olsun, yekunda esse janr etibarilə nəsr deyilmi?

Sözsüz, nəsrdir. Bəs, o zaman bir insan niyə nəzmlə nəsri qarışdırıb şeir haqqında “esse” desin? Xanım onu da deyir ki, sərbəst şeir janr olaraq mövcud deyil.

Mən də bilirəm, hətta, orta məktəbin doqquzuncu sinfində oxuyan uşaq da bilir. Janr olaraq mövcud deyil, çünki nəzəriyyələrdə də o haqda yazılanda “janr” deyil, “sərbəst şeir” deyə tərif verilir, isimləndirilir. Amma...

Cümlə aləmə əyandır ki, şeir olaraq mövcuddur. Uzağa getməyək, milli ədəbiyyatımızın “pasport”u “Kitabi-Dədə Qorqud”dakı şeirlərin doxsan doqquz faizi sərbəstdir.

Xanım bu fikirlərlə də razılaşmır ki, onlar "ibtidai nəzm" nümunəsidir. Termin olaraq çox işlədilməsə də, qədim dastandakı şeirləri ibtidai nəzm hesab edə bilərik. Tamam. Olsun. Ola bilsin ki, ibtidai nəzmdir, amma mənim şeirimlə olmasa da, bütövlükdə günümüzdə adı “sərbəst şeir” deyə keçən “janr”la səsləşir:

Bu halları gördüyündə

Qazanın qara qıyma gözləri

Qan-yaş toldı.

Qan tamarları qaynadı.

Qonur atını ökçələdi;

Kafər keçdiyi yola düşdi

Getdi.

Xanım onu da iddia edirdi ki, VIII əsrdə qafiyə sistemi, bölgü, təqt formalaşmamışdı.

Yaddaşımızı qurdaladıq...

Qurdaladıqca yaşı “Kitabi-Dədə Qorqud”dan da qədim olan ibtidai nəzm nümunələrinə – qafiyə sisteminə, bölgüyə, təqtə sahib əmək və mövsüm nəğmələrinə, mahnılara, bayatı və holavarlara rast gəldik.

Sadaladığımız şeir növləri isə ədəbiyyat dərsliklərindən də oxuyub öyrəndiyimiz kimi hecada yazılıb. Biz buradan öyrənmirikmi ki, bizdə sərbəst şeirin ənənəsi olub? Əlbəttə, öyrənirik. Hətta, deyə bilərik ki, sərbəst şeirlə heca paralel xətt üzrə inkişaf edib.

...Sonralar yadellilərin istilaları nəticəsində şairlərimiz də işğal olunub və sarayların tələb etdiyi kimi əruzda yazıblar. Bir sonrakı dövrdə aşıqlar meydan sulayıb, heca şeiri yazmağa başlayıblar. Uzun zaman da heca və əruz qoşa addımlayıb.

Bu zaman kəsiyində də sərbəst şeir yazan olmayıb, hər halda, mən rast gəlməmişəm. Ta on doqquzuncu əsrin axırı, iyirminci əsrin əvvəlinə qədər.

Bu da o xanıma haqq vermir, deyə ki, siz sərbəst şeir yazmaqla ənənədən çıxır, babalarımızın yol-yördəminə xəyanət edirsiniz. Biz nəinki yoldan çıxır, hətta, ən qədimə ekskursiya edirik.

Sadəcə, intonasiya fərqlidir, şairin özünü ifadə tərzi başqadır. Üstəlik, sərbəst şeir heca kimi yerində saymır, şairdən şairə, şeirdən şeirə inkişaf edir.

Hər şair öz üslubunu yaradır və belə olan halda da "sərbəst şeir" dediyimiz anlayış da bir növ təzələnir. Misal üçün, heç kim mənə Orxan Vəli Kanıkla Nazim Hikməti, Aqşin Evrənlə Əli Kərimi eyni dərəcədə sevdiyini sübut edə bilməz.

Normal deyil. Ayrı-ayrı dünyaların adamlarıdırlar çünki...

Və ona görə də, məncə, bir ədəbiyyat adamı, oxucu, xüsusən də filoloq ədəbi məhsula münasibətdə bu məsələləri nəzərə alıb danışmalıdır. Əksi yanlışdır.

Sonda yazının əvvəlində söz verdiyim şeiri təqdim edirəm, siz "esse" kimi oxuyun:

Bizim də taleyimiz belə gəldi, dost,

Biz oyanmadan günəş batdı

Biz yatandan sonra doğdu ay...

Bizim də taleyimiz qara gəldi, dost,

Sən susuzluğa tərk edilmiş sahil,

Mən dənizində boğulan tənha qayıq...

Bizim də taleyimiz...

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

# # #