Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri
15 noyabr 2024
# 18:43

Kulis.az "Günün şeiri" layihəsində Reynar Mariya Rilkenin "Orfey, Evridika, Hermes" şeirini Həmid Piriyevin tərcüməsində təqdim edir.

O qəribə nizələrdə ruhlar yaşayırdı,

onlar gümüşü damarlar kimi

yarırdılar qaranlığı. Köklərin arasından

insanlara yönəlmiş qan axırdı,

porfir kimi ağır görünürdü qan.

Yeganə qırmızı şey də o qan idi.

Kimsəsiz meşələr vardı orda,

qayalar və boşluq üstündən körpülər.

Və göl var idi orda, boz və darıxdırıcı,

buludlu səma torpağın üstündən asılan kimi

dərin dibinin üstündən asılmış göl.

Çəmənliklər arasında görünürdü yumşaq

və səbirli, ağ parça kimi uzanan tənha yol.

Və bu yolla gedirdi onlar.

Hündür boylu, göy geyimli kişi qabaqda gedirdi

susqun idi və ancaq qabağa baxırdı.

Ayaqları yolu udurdu çeynəməmiş

yanlarından sallanmışdı ağır əlləri,

sol böyründən asılmış liranı da unutmuşdu,

gül kolunun zeytun ağacına sarmaşdığı kimi

bədəninə sarılan liranı.

Hissləri bölünürdü elə bil getdikcə:

nəzərləri it kimi qabağa qaçırdı,

sonra yanına qayıdırdı, yenə qabağa qaçıb

növbəti yolayrıcında onu gözləmək üçün -

Eşitmək hissi isə qoxu kimi dalınca düşmüşdü.

Hərdən ona elə gəlirdi ki, eşitmək hissi də

gəlib çatırdı o biri ikisinə.

Sonra yenə də addım səsləri,

sonra yenə də arxasındakı külək səsi.

"Gəlirlər", deyirdi bərkdən

səsinin necə itdiyinə qulaq asmaq üçün.

Hələ gəlir onlar, o ikisi

yavaş gəlsələr də. Əgər dönüb

baxa bilsəydi bircə dəfə (əgər

dönüb baxmağı güclə çata bildiyi

məqsədini pozmasaydı) görə bilərdi

sakitcə dalınca gələnləri.

Budur, gəlir səfər və xəbər tanrısı,

parlaq gözlərinin üstündə kalpak,

əlində qabağa uzatdığı əsa.

Qanadlarının ucu topuqlarına toxunur getdikcə,

sol əli ilə qadını tutub.

Qadın elə sevimliydi ki, onun lirası

geridə qoymuşdu dünyanın bütün ağıçılarını

yeni yas dünyası yaratmışdı onların üstündə -

çölləri və çayları, yolları, meşələri,

heyvanları olan dünya.

Bizim günəşə oxşar, amma ağlayan bir günəş

doğardı o yas dünyasına.

Səması da vardı bu dünyanın

formasız ulduzları parıldayan lal və yazıq səması...

O qadın elə sevimliydi ki...

Tanrıyla yan-yana gedirdi o qadın,

gedirdi uzun ətəyi mane olsa da,

əminsizlik içində, tələsmədən.

Özünə qapanmışdı

ölümünə az qalan adamlar kimi.

Nə qabaqda gedən adamı fikirləşirdi,

nə də ömür yolunun hara apardığını.

Öz ölümüylə dolmuşdu qadın,

özünə qısılmışdı.

Şirəyə və qaranlığa dolmuş meyvə kimi

öz ölümüylə dolmuşdu qadın.

İkinci bəkarətə çatmışdı o,

toxunmaq olmazdı ona.

Axşam düşəndə yumulan güllər kimi

cinsiyyəti bağlanmışdı onun.

Əlləri o qədər yadlaşmışdı ki təmasa

tanrının hiss edilməyən toxunuşu da

narahat edirdi onu, hirsləndirirdi.

O artıq nəğmələrdə vəsf edilən

sarışın gözəl deyildi.

O adam da artıq hakim deyildi ona.

O qadın artıq açılmış hörük idi,

torpağın canına çəkdiyi yağış idi,

yeyilib qurtarmış ehtiyat idi.

Yer altındakı kökə çevrilmişdi qadın.

Ona görə də tanrı qəflətən onun

əlindən tutub saxlayanda və

acı-acı deyəndə ki: "O arxaya baxdı", -

qadın təəccüblə soruşdu: "Kim?"

Orda, qaranlıqdakı işıq nöqtəsi parıldayan yerdə

dayanmışdı bir nəfər, üzünü seçmək

olmurdu. Dayanıb baxırdı,

xəbər gətirən tanrının kədərli halda

ağ parça kimi uzanan yolda üzünü çevirib

tələsmədən, əminsizlik içində geriyə qayıdan

kölgəni izləməyinə...

# 324 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #