Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən
10 iyul 2024
# 09:00

Kulis.az Hacıbaba Nəzərlinin Hüseyn Cavidi "ifşa etmək" məqsədi ilə yazdığı "Ölülər rəqs edərkən" hekayəsini təqdim edir.

Müəllif haqqında

Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli 1895-ci ildə Şamaxıda anadan olub.

Yazıb-oxumağı atasından öyrənən Hacıbaba bir müddət qardaşı Əşrəflə birlikdə mədrəsə təhsili alıb. 1908-ci ildə isə təhsilini Mirzə Ələkbər Sabirin Şamaxıda açdığı “Ümmid” məktəbində davam etdirib.

Atası öləndən sonra Göyçayda yaşayan əmisi Hacı Ələkbərin himayəsində yaşamağa başlayıb. Yığdığı həvəskar truppa ilə Sultanməcid Qənizadənin “Xor-xor” vodevilini səhnələşdirib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə orduya alınıb, Quba-Xaçmaz zonasında hərbi xidmətə göndərilib. Amma xidmət zamanı bolşevik təbliğatı apardığına, intibahnamələr yaydığına görə həbs edilib.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra orduda müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə klub rəhbəri, qəzet redaktoru, Yazıçılar Cəmiyyətinin sədri, Pedaqoji İnstitutda düsnya ədəbiyyatı müəllimi, Azərbaycan Dövlət Dram Teatrının direktoru kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Ədəbi fəaliyyətə 1925-ci ildən başlayan Nəzərlinin hekayələrinin əsas mövzusu Qızıl Orduda xidmət edən əsgərlərin həyatından, bolşeviklərin apardığı mübarizədən bəhs edirdi. Amma o, müəyyən hekayələrində qələm yoldaşlarını “ifşa etməkdən” də çəkinmirdi. Məsələn, indi sizə təqdim etdiyimiz hekayəsinin qəhrəmanının prototipi “dövrün tələblərinə uyğun gəlməyən”, “vaxtı keçmiş”, “türkpərəst” əsərlər yazmaqda günahlandırılan Hüseyn Caviddir.

Hacıbaba Nəzərlinin bütün fəaliyyəti “yeni quruluş”a – Sovet hakimiyyətinə xidmət üstündə qurulmuşdu. Amma nəticədə, cani-dildən xidmət etdiyi quruluş onun da sonunu gətirdi.

Hacıbaba Nəzərli 1937-ci ildə xalq düşməni kimi həbs edilib, 1938-ci ildə güllələnib.

Ölülər rəqs edərkən

Hekayə

(“Ölülər rəqs edərkən” kitabından; Azərnəşr – Bakı 1930)

Bulvarın qurtaracağında, tramvay stansiyasına yaxın, akasiya ağacları altında iki nəfər idilər. İkisinin də əlində bir dəstə dəftər, kağız var idi.

Bunlardan qısa boylu, qırxıq başlı birisi, qara buxara dərisindən tikilmiş ensiz papağını əlinə alaraq bir neçə dəqiqədən bəri davam edən və iki darülmüəllimin talibəsinin qarşılarından şən qəhqəhələrlə keçməsi nəticəsində arası kəsilmiş söhbəti yeniləyərək:

- Nə üçün mühitin fövqündə olduqda bu hala qaldıq? – deyə dərindən bir ah çəkdi. Uzun boylu, mülayim, sarı bənizli yoldaşı “Azərneft” binasının qalasındakı ay-ulduza dikilmiş gözlərini birincinin elektrik işığilə parlayan eynəklərinə çevirərək:

- Palaza bürün, el ilə sürün, demişlər. Bu gün ağzından süd qoxuyan uşaq-muşaqlar – dünkü öyrətdiyimiz tələbələrimiz belə kütləyə yaxlaşmaq sayəsində böyük müvəffəqiyyətlərə nail olurlar.

Birinci əsəbiləşir idi:

- Anlamayırlar canım! Anlamayırlar. Sənət nə olduğunu bilməyirlər. Odur ki, uşaqların cızma-qaraladıqları sınıq-sökük əsərlərə qiymət qoyurlar... Gənclər nə yazırlar? – Oraq,, çəkic, kotan, zavod... Nə və nə!.. Mövzuları bu beş kəlmə çalınmış bayatılardan, quru, mənasız sözlərdən ibarət deyilmi?,.

İkinci daha soyuqqanlı idi – arxadaşının əsəbiləşdiyini duymuş olmalı idi ki, paprusunu dumanladaraq asta səslə dedi:

- Biz də elə yazmalıyıq. Sənin “...” əsərinin nə qədər qüvvətli olduğu bəlli. Fəqət geniş kütlə içində hüsni-təvəccöh qazandımı?.. Qazanmaz idi; ölkədəki əsas cəmiyyətin zəif mədəsi artıq o ağırlıqda qidaları həzm etməkdə acizdir.

Bunun rəyincə şura cəmiyyətinin əsasını təşkilk edən proletariat, köhnə ədiblərin idealojisini qəbul etməyir deyil, anlamaq və qəbul etməkdə aciz idi. O deyirdi:

- Bizim əsərlərimizin məalı indiki əsas cəmiyyət yanında qəbula keçməyir... Zira, bu məal cəmiyyətin düşüncəsindən yüksəkdir... İdealizm düşüncəsilə dolu əsərlər, indiki cəmiyyət üçün uşaq-muşaqlar qarşısında qaş-göz əymək, yamsılamaq qədər gülünc görünürlər. İndi hər bir qara fəhlə belə xülyalar deyil, həqiqətlər göstərən həyati əsərlər axtarır.

Birinci – Məmduh Nəcdət arxadaşının uzanmaqda olan nitqinin harada nəhayət bulacağını dərhal anladı. Təbii ki, müsahibi Həsən Şaki ona belə bir sual verəcəkdi:

- Marksdan xəbərin varmı? Materializmdən bir şey bilirsənmi? Lenin və Plexanovu oxudunmu?...

Fəqət Məmduh Nəcdət əfəndinin bunların heç birisindən məlumatı yox idi. Onun fikrincə bir ədibin şəxsi məalı, oxucuları üçün qanun olmalı. Ədibin isə heç də bir məsləkə malik olmağa ehtiyacı yoxdur. Lakin bir az qurdalansa idi, onun rəyinə görə bəşəriyyət və həyat qadınlıqdan və gözəllikdən ibarət idi. Platonik eşq – bütün hisslərin, əməllərin fövqündə durmalı idi. Hətta əsərlərinin bir çoxunda qadınlığı və sevgini “allah” deyə adlandırmış, oxucuları qadın gözəlliyinə pərəstişə dəvət etmişdi. Odur ki, yuxarıdakı sualları verilmədən qarşılamaq üçün:

- Hər kəs marksist olamaz və olmağa da məcbur deyildir, - dedi.

Arxadaşı əvvəlki soyuqqanlılığını mühafizə ilə:

- Elə isə, səninlə mən indiki cəmiyyət arasında əsərlərimizə müştəri bulamayacağıq. – dedi.

Sahildəkli hərb gəmisinin zəngi on biri çaldı. Top növbətçilərini dəyişdirmək işarəsi olan bu hakim zanqıltı Məmduh Nəcdətin xülyapərəst qulaqlarında keçmişdə yazdığı bir əsəri xatırlatdı:

Gözəl bir qızın arzukeşi-vüsalı olan gənc bir şəxs ölür və onun mərasimi-dəfnini izhar edən kilsə zəngi həzin-həzin çalıınır...

Ah, bu şairlər!.. Eşq və ehtiras vadilərində minlərlə dəliqanlını cürbəcür faciələrlə öldürməyə, qəhr və məhv etməyə həris şairlər!..

Yeddi-səkkiz gecəlik ay qəbristan dağının kəlləsinə yaxlaşmada və üfulə hazırlaşmada idi. Məmduh Nəcdətin nəzərində bütün həyat ölgün göründü. Bulvarda seyd edən yüzlərlə ağ və əlvan libaslı xalq başqa bir əsərində rəqs edən ölüləri andırır, qarşı sahildəki elektrik stansiyası pəncərələrindən bərq vuran gözqamaşdırıcı işıqlar iblis gözləri kimi ətrafı yandıracaq görünürdü.

Həsən Şaki qalxdı:

- Gecə keçir, getmiyəlimmi? – dedi. Sahilin xülyadar mənzərəsinə və özünün keçmiş xatirələrinə dərindən dalmış Məmduh Nəcdət arxadaşının bu təklifindən heç də xoşlanmadı, fəqət müxatəbinin iradəsindən daha möhkəm olan iradəsinə tabe olmamağı bacarmadığından ayağa qalxdı.

Arxadaşlar bulvardan çıxdıqdan sonra ayrıldılar.

Məmduh Nəcdət bu axşam ruhən və cismən yorulmuşdu, əlbisəsini soyunmadan yatağa yıxıldı.

Kiçik süslü odası əski rəssamların dürlü şəkilləriylə dolu idi. Öncə gözü taxtın qarşısında divardan asılı duran bir fotoğraf şəklinə sataşdı. Orada özünü bir dəstə müəllim, müəllimə, tələbə və talibə ilə əhatə olunmuş gördü. On il daha əvvəl ilk əsəri milli burjuaziya səhnəsində müvəffəqiyyət qazandığı zamanlarda alınmış bu rəsmdə özünü nə qədər məsud və sevincli buldu. Ah, keçmiş dövr, keçmiş həyat!.. Bir cəmiyyət üçün illərlə vücudu bir fetiş olmuş şairi-şəhir Məmduh Nəcdət indi nə olmuş?.. Əsərləri birər-birər proletar səhnəsindən qovuldu; daha doğrusu, dərin məzara gömüldü.

İndi şairin xəyalı qarşısında hələ də qaralıb qubarlanmamış yenicə bir məzar daşı təcəssüm etdi. Məzarın beş qatlı bir ev qədər ucalmış baş daşında öz əsərlərinin adları sıra ilə aşağıdan yuxarı qazılmış idi. Pyeslərindəki qəhrəmanların müxtəlif çöhrələri düşlərini ağardaraq qəddar bir gülüşlə şairə baxışırdılar.

Ah Məmduh, Məmduh! Bir zaman idealistlər ruhunu oxşayan, turançılar nəzərində quranlar qədər müqəddəs görünən, altın pərəstişkarlarının cahangirlik iştahalarını qıdıqlayan bu əsərləri, hansı əllər qara torpaqlara gömdü; ciyərinin dərinliklərindən süzülən soyuq ahlar bir-birini təqib edir, uyuya bilməyirdi. Birdən məcnunanə sıçrayışla yatağından qalxdı və əlini masaya çırparaq:

- Mən böyük şairəm, böyük olaraq qalacağam, - dedi. – Nə üçün? Mən bu günün şərqilərini oxuya bilmərəmmi?

Qələmi aldı, kağız vərəqlərini qaralayıb cızmağa başladı:

“Kömür mədəni işçiləri”.

Bu yaxşı mövzudur.

Sərlövhə yazıldı, fəqət arxası gəlməyir.

Heç kömür mədənində oldumu? Gördümü? O xüsusda bir şey öyrəndimi?..

Yeni bir sərlövhə:

“Qara qan”.

Bu daha müvəffəqiyyətli... Fəqət sifariş çıxır, qələmin cızdığı iki qəlbin və zehnin imlalarında təzadlar vardır! Misralar və ahənglər quru və duzsuz gəlirlər...

Nəhayət, əlli misralıq bir şey yazdı. Fəqət nə qədər güc çəkdi. Zira əruzdan hecaya keçmək də qarşıda bir maneə törədirdi. Şeirin son misrasını bitirərkən alnından sel kimi axan tərləri sildi. Yorulmuşdu.

Sabahlayın mərkəzi qəzetə müdirinə yeni şeirini təslim edərkən kəndisindən artıq müdirin sevindiyini zənn etdi. Hətta gözləyirdi ki, müdirin ağzından bu kəlmələri eşitsin. Məmduh əfəndi proletar yazıçılarımıza cığırdaşlığa başladı; yaxşı deyilmi? Təəssüf ki, bunu eşitmədi.

Şeir, o günkü qəzetdə dərc olunmuşdu. Beş gün keçdi. Yeni cığırdaşın qəzetdə üç şeiri dərc olundu. Artıq o “böyük şair” olaraq qalacağına əmin idi.

Fəqət heyhat!.. Altıncı gün gənclər tərəfindən nəşr olunan qəzetin ədəbi səhifəsində “Ölülər rəqs edərkən” sərlövhəli bir məqalənin dərc olunması yenidən cavanlaşmaq arzusunda olan Məmduhun xülyalarla dolu qafasına ağır bir zərbə endirdi. Məqalə sahibi qəzetin son nömrələrində dərc olunan şeirləri həm texniki, həm də məfkurə cəhətindən tənqid edərək bərbad bir hala salır və köhnə fikirlərə ağılar qəlbilə əlvida söyləyib beş-altı quruş yazı haqqı parası xatirinə yeniliklər yaratmağa can atıb da yaradıcılığında əski, çürümüş bir ağac ölümcüllüyü hiss olunan Məmduhun son şeirlərini “Ölülərin rəqs etməsi” deyə “təqdir” edirdi. Məmduh müəllifini bilmədiyi bu məqaləni dərin bir nifrət və əsəbiyyətlə oxuyarkən, aşağısında qara xətlə dərc olunmuş belə bir elan nəzərini cəlb etdi:

“Cümə günü Stalin klubunda gənc ədiblərimizdən N.H.Q. “Məmduh sənətkardırmı?” mövzusunda məruzəsi olacaqdır”.

Bu elan əski şairi dəlicəsinə acıqlandırdı. Bu vaxta qədər yeniyetmə şairlərə sənətsiz ağzı südlü uşaq-muşaqlar deyə istehza edən özünü, bu gün sən özün sənətkar deyilsən deyə tənqid edəcəklərdi.

Masanın qarşısında yuxulu kimi gözlərini bir nöqtəyə dikərək uzun-uzadı durdu. Sonra ayılaraq dövrə, cəmiyyətə adəti üzrə küfrlər sovurmağa başladı.

Nə edəcəkdi? Bir zamanlar özünü Əbdülhəq Hamid və Rza Tevfiq adlandırarkən Türkiyə məcmuələri səhifələrində kəskin bir tənqidə məruz qalan yazıq şairi bu gün də proletar qələmləri qamçılayır.

Çürümüş əsərlərə yalnız ədəbiyyatdan savadsız, müəyyən ideyası olmayan baqqal-çaqqallar müştəri ola bilərlər. Bunu indicə anladı.

Tənbəl-tənbəl ayağa qalxdı. Əsərlərini topladığı qalın dəftəri (bunda hələ meydana çıxmamış və “vaxtını” gözləyən yazılar var idi) alaraq, durğun nəzərlərlə bir an süzdü. İndi dəftərin sətirləri üzərində düzülmüş kəlmələr və hərflər onun nəzəri qarşısında rəqs edirdilər: “Mütədənnilər” – “mütəcənnilər”, “hürr”lər – “xər”, “göz”lər – “gor” oxunurdu.

Qapını şiddətlə çırparaq evdən çıxdı.

Saat 12, aydınlıq bir gecə idi. Birbaşa dəniz sahilinə getdi. Yayın boğucu havasından xilas olmaq üçün dəniz bulvarına çıxan məxluq həmişəkindən çox idi.

Bulvarın tam mərkəzindəki besedkanın üstünə çıxaraq, axın-axın dolanan məxluqu seyr etdi:

- Əsərlərimi anlamayanlar, böyük şairə qiymət qoymayanlar!.. – deyə mızıldandı və asta addımlarla sahilə yaxlaşdı.

Dənizdə xəfif dalğalar var idi. Gəmilərdən və fənərlərdən saçılan işıqlar, dalğaların alçalıb yüksəlməkdə olan bellərinə minərək, müxtəlif rənglərlə münqəsir xəttlər cızırdılar. Sanki Xəzər dənizi üzərini qaplayan mavi və saf cənub səmasının lap dərinliklərinə çəkilmiş parlaq bəbəklər oynaşır, gülüşürlərdi...

Məmduh birdən-birə coşdu. Qara cildli böyükcə dəftərini zorla ikiyə parçalayaraq, dənizə atdı.

- Aman Məmduh! Sənmisən? Nə edirsən? Dəlimi oldun? – deyən bir səs onu daldığı tamaşadan ayıramadı.

Bu səs Həsən Şakinin səsi idi.

Bəyaz kağız vərəqləri xəfif rüzgarlar üzərində dəniz quşları kimi qanad çalaraq birər-birər suyun üzərinə səpələndilər.

- Nə etdin, bu kağızlar nədir?

Məmduh aylarla yataqda qalmış bir xəstəni andiran iniltilə:

- Əsərlərimi dənizə atdım, - deyərkən, daha ciddi bir səs ilə:

- Of, sən!.. Bu qiymətli əsərləri, bir zaman bizə gərək olacaq sərvətləri nə etdin? – deyə Həsən Şakinin bütün ruhu ilə qarışıq çıxan səsi Məmduhun süst və qeyri-müstəqim iradəsini yenidən qırmışdı.

Papaq və cəketini çabuqca soyunaraq özünü dənizə atdı.

Həsən Şaki çıldırmışdı, nə edəcəyini bilməyirdi. Boğuq səslə:

- Qərq oldu, kömək edin... – deyə bağırdı.

Axın-axın sahilə doğru qoşuşan bulvar seyirçiləri, bir həyəcan içində qalmış Həsən Şakini suallar altında dəfn etmədə ikən, Məmduh dəniz üzərindən toplaya bildiyi kağız parçalarilə sahil səddini aşıb quruya çıxmağa çalışırdı.

Ona yardım edib çıxardılar. O isə heç danışmadan ətəklərindən və bacaqlarından süzülən sular ilə yürüdüyü yollarda izlər sala-sala tramvaya doğru gedirdi, başı aşağı idi. Bir zaman ölkənin “böyük şairi” adlanan bu şəxsin indiki görünüşü o qədər yazıq və zəlil idi ki... arxasınca yürüyən arxadaşı Həsən Şaki sual verməyə və yaranı qanatmağa utandı və özünə də aid olan:

- Ölülər rəqs edərkən nə qədər gülünc olurlar, - kəlmələri dodağının ucuna qədər gələrək, acı təbəssümlər içində boğuldu.

# 5314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #