Məşhur yazıçının qızı: "Atama verilən evi əlindən aldılar, torpağını da zəbt etdilər" - Müsahibə

Məşhur yazıçının qızı:  "Atama verilən evi əlindən aldılar, torpağını da zəbt etdilər" - Müsahibə
18 oktyabr 2024
# 09:00

Kulis.az Həmid Piriyevin şair, yazıçı, jurnalist Hüseyn Əfəndinin qızı Asifə Əfəndi ilə müsahibəsini təqdim edir.

- Asifə xanım, atanız haqqında məlumat verərdiniz.

- Atam 1955-ci ilin fevralında doğulub. Doğum yeri kimi Cəbrayılın Böyük Mərcanlı kəndi göstərilir, amma əslində, Qazaxıstanda doğulub. Valideynləri onda sürgündə olublar. Babamgil seyid nəsli idi. Atamın atası Vəli Məhəmməd Çələbi oğlu Hacı Qaraman ocağının nümayəndəsi idi, ora Cəbrayılda məşhur ocaqdır. Atamın nəsli XVI əsrdə Türkiyənin Qaraman bölgəsindən köçüblər bura. Atamın anası Nigar isə Laçının Cicimli kəndindəndir. Mir Həmzə Seyid Nigarinin soyundan gəlir. Atamın ailəsini Qazaxıstana sürgün ediblər. Babam bəraət alandan sonra, 1950-ci ildə gəlib nənəmi aparıb özüylə. Beş il uşaqları olmayıb, 1955-ci ildə atam dünyaya gəlib. O, evin böyük uşağı idi, ondan sonra bir oğlan, üç qız da olub. Amma onlar artıq Azərbaycanda doğulublar. Atamın ailəsi 1958-ci ildə, atamın üç yaşı olanda Azərbaycana qayıdıb. Beşinci sinifdə olanda isə atadan yetim qalıb.

- Atası Vəli nədən rəhmətə gedib?

- Serrozdan. Otuz dörd-otuz beş yaşı olanda rəhmətə gedib. Babamı görməsəm də, atamın danışdıqlarından ona baba kimi böyük sevgim yaranıb. Öləcəyini bildiyi üçün atamı artıq həyata hazırlayırmış. Çünki ondan sonra ata əvəzi atam qalıb ailədə. Atam babam haqqında xatirələrini danışırdı bizə. Atamın danışdıqlarından bilirəm ki, babam çox müdrik adam olub. Rus dilini dərindən öyrənməsinə səbəb də elə Vəli babam olub. Vəli babam Moskvada mühəndislik oxuyanda atam ona məktub yazıbmış ki, gələndə mənə top alarsan. Atası ona cavab yazmayıb, amma onun məktubunu geri qaytarıb, üstündə qırmızı qələmlə düzəlişlər edib ki, gələn dəfə o səhvləri etməsin. Beləcə, hər dəfə məktub yazanda cavab yerinə səhvlərini düzəldib göndərib. Buna görə atam rus dilini səlis öyrənib. Atam deyir, balaca vaxtı hirslənirdim, başa düşmürdüm bunu niyə edir. Böyüyəndən sonra başa düşdüm... Atamın rəssamlığı da vardı. Vəli baba ölüm döşəyində olanda atamın şəkil çəkdiyini görüb. Soruşub ki, niyə qara qələmlə çəkirsən? Atam deyib, rəngli karandaşlarım yoxdur. Babam deyib, get rəngli karandaşlar al. Rəngli karandaş almaq üçün də rayon mərkəzinə getmək lazım idi. Atam danışırdı ki, o yolu ağlaya-ağlaya getdim. Bir müddət sonra babam rəhmətə gedib. Atam onda başa düşüb ki, bu da, əslində, onu öyrətmək üçün imiş. Babam bunu ona görə edibmiş ki, ailənin bütün yükü atamın üstünə düşəcək, bu yolu çox gedib-gəlməli olacaq, indidən öyrəşsin. Dediyim kimi, babamdan sonra ailədə böyük o qaldı.

- Bu yükü çəkmək ona çətin olmadı ki?

- Bilmirəm. Bizə bu barədə danışmırdı. Bir travması qalmışdı kiçik bibimə görə. Bibim beşinci sinifdə oxuyanda maşın vurub onu. O vaxt atam Bakıda olub, tələbəlik dövrünə düşüb bu hadisə. Sonralar atam bunu özünə bağışlaya bilmirdi ki, rayonda olsaydım, yanında olsaydım, bu hadisə də olmazdı. Mənə də elə rəhmətə gedən bacısının adını qoyub atam. Xatirəsini yaşatmaq üçün. “Bir qız yaşar ağ saçlarımın içində” şeirini bacısına həsr edib. Çoxları elə bilir, bu sevgi şeiridir, amma bu şeiri bacısına elegiya yazıb.

Oxuculara maraqlı gələr deyə, həmin şeiri təqdim edirik:

Yuxusuz gecələrin içində,
Əvvəli, axırı bilinməyən
Kimsəsiz küçələrin içində,
Tüstüsü ərşə çıxan
Saçlarımın içində
Bir qız yaşar.

Ürəyim bir cındır sevincə büküləndə,
Bir yarımçıq gülüş tökülər sinəmdən,
Basdırmayın saçlarımı
Öləndə.
Dünya dolu qıznan,
Kim üşüyə, kim qızına...
Ürəyimin ağrısına yazılan,
Alnıma yazılmayan
Bir qız yaşar
Saçlarımın içində.

Saçlarımı darayaram,
Bulaq üstə dayanaram,
Baxıb, baxıb saçlarıma
Qızlar çaşar,
Ağ saçlarımın içində
Bir qız yaşar.

- Atanız harda təhsil alıb?

- Orta təhsilini kənddə alıb, sonra bir il Bakıda mühasibatlıq oxuyub. Atam şərqşünas olmaq istəyib. Beş il imtahan verib, kəsilib. Axırda filologiyaya daxil olub. Azərbaycan Dövlət Universitetində (indiki BDU) beş il qiyabi oxuyub.

- Jurnalistlikdən əvvəl hansı işlərdə işləyib?

- Çox qısa müddət mühasib köməkçisi işləyib. Sonra kənd sovetində hərbi stolda işləyib bir neçə il.

- Ananızla necə tanış olub?

- Atamla anam xala uşağıdırlar. Anam Bikəxanımın atası Şamaxı xanı Mustafa xanın nəslindəndir. Anam da Qazaxıstanda doğulub, onun da ailəsini xan nəsli olduğuna görə sürgün ediblər. Anam atamdan bir yaş balacadır. Anam doğulandan onu atama göbəkkəsdi ediblər. Amma böyüdükcə aralarında sevgi də yaranıb. Bir dəfə hələ evlənməmişdən qabaq bir yerdə qatarda gedirlərmiş. Atam yuxuda anamın adını sayıqlayıb. Anam deyir, onda başa düşdüm ki, atan məni sevir.

- Neçənci ildə ailə qurublar?

- 1980-ci ildə ailə qurublar, bir il sonra mən anadan olmuşam. Məndən sonra bacılarım Şəms və Xədicə, qardaşım Vəli doğulub.

- Bədii yaradıcılığa haçandan başlayıb?

- Məktəbdə oxuyandan şeir yazmağa başlamışdı. Cəbrayılda çıxan “Kolxozçu” qəzetində şeirləri çap olunurdu, rayonda tanınırdı. Tələbəlik dövründə də paytaxtda çap olunmağa başlayıb. Bakıya köçməmişdən qabaq artıq şair kimi tanınırdı. Arxivi evdə qalıb. Qəzetlərdən kəsib götürmüşük, əlyazmaları var. İrsi çox zəngindir, amma çox az hissəsi çap olunub. İstəyirdik külliyyatını çap etdirək, hələlik fikir kimi qalıb. Hərdən yazılarının üzünü köçürdüb saytlara verirəm, amma çox vaxtım olmur.

- Bildiyim qədərilə, yazılarının çox az hissəsi kitab kimi çap olunub.

- Hə, cəmisi iki kitabı çap olunub. 2004-cü ilin axırları idi. Əlli illiyinə hazırlaşırdı, kitabları da ona görə çap etdirdi. Amma elə oldu ki, rəhmətə getdi, kitabları onun yasında gətirdilər. “Mən qərib” şeirlər kitabı və “Domino” hekayələr kitabı. Özü kitablarını görmədi.

- Bir az jurnalistlik fəaliyyətindən danışa bilərsiniz?

- Jurnalistliyə Bakıya köçəndən sonra başlayıb. 1986-cı ildə Bakıya köçdülər, məni isə nənəmin yanında qoydular. Mən birinci sinfə kənddə getdim. Sonra məni də şəhərə gətirdilər. Atam şəhərə gələndən sonra qısa müddət zavodlarda fəhlə işləyib. Sonra “Gənclik” jurnalında işə başlayıb. Məmməd İsmayıl televiziyaya keçəndən sonra isə “Gəncliy”in baş redaktoru olub. Sonralar “Şans”, “Ulus”, “Aydınlıq” qəzetlərində işləyib. “Xalq qəzeti”ndə üç il şöbəsi müdiri olub. Bir müddət də Politologiya Universitetində jurnalistikadan dərs deyib. Ümumiyyətlə, “Gənclik”də və “Xalq qəzeti”ndəki fəaliyyətini həmişə xüsusi vurğulayırdı, ən ürəyincə olan işlər orda olub.

- Həmin illərdə daha çox jurnalist kimi məşhurlaşdı.

- Jurnalistliyə başlayandan sonra bədii ədəbiyyata çox vaxt ayıra bilmirdi. Bilirsiniz, heç kimin dərdinə biganə qala bilmirdi deyə, özünü bütünlükdə jurnalistikaya vermişdi. Şikayət məktubları gələndə mütləq gedib araşdırırdı, işıqlandırırdı. Hövsanda su problemi vardı. Televiziyada demişdi, gəlib çəkmişdilər, ondan sonra artezian quyuları qazıldı, oranın su problemi həll oldu. Yəni həmin quyular atamın təşəbbüsü ilə qazılıb... Qəzalı vəziyyətdə olan binadan yazmışdı, oranın sakinlərini yeni evlə təmin edib köçürtmüşdülər. Belə hadisələr çox olub. Problemləri bilirdi, işıqlandırırdı. Məmməd İsmayıl televiziyada rəhbər olanda tez-tez onu ekspert kimi efirə dəvət edirdi.

- Bildiyim qədərilə, ilk milli dərslikləri də o hazırlayıb.

- 1992-ci ildə “Oxu” və “Əlifba” kitablarını hazırlayıb latınla çap etdirib. Bu, müstəqillik dövründəki ilk dərsliklər idi. Sonra hazırlanan dərsliklər o kitabların əsasında hazırlanıb.

- Onları sifariş əsasında hazırlamışdı?

- Yox, sifariş deyildi, belə bir ehtiyacı hiss edib hazırlamışdı. Öz təşəbbüsü idi. O kitablar böyük tirajla satılırdı, çoxlu pul gətirmişdi. Aparıb banka qoydu, nə məsələ oldusa, o pullar batdı. İşçilərə də pul vermək lazım idi, illər sonra o pulu öz cibindən, öz maaşından ödəyə bildi. Bu yaxınlarda bibim bir kitab şəkli göndərdi mənə. Məktəbəqədər və aşağı sinif şagirdləri üçün dərs vəsaiti. O kitabdan xəbərim yox idi. Orda da baş redaktor olmuşdu.

- Fəaliyyəti qiymətləndirilirdi?

- Hə, “Gənclik”dəki fəaliyyəti qiymətləndirilmişdi. 1990-cı ildə Lenin Komsomolu mükafatı və ikiotaqlı ev verilmişdi ona. Biz hətta çamadanları da hazırlamışdıq. Amma sonra bəzi məsələlər oldu, onun evini başqasına verdilər. Dava adamı deyildi, sakit adam idi deyə, haqqını tələb edə bilmədi. Bəlkə də, üstünə düşsəydi, evi geri ala bilərdi. İntriqaya girişmirdi, daha çox yaradıcılığa önəm verirdi.

- Onda harda yaşayırdınız?

- Təzə gələndə Keşlədə yaşamışdıq. Bu hadisə olanda Hövsanda yataqxanada qalırdıq. Evi başqasına verdikləri üçün, yenə Hövsanda qalmalı olduq. Ümumiyyətlə, orda çox yaşadıq, yataqxanadan sonra kirayə evə köçdük. Ordan-bura, burdan-ora. Bir müddət də Günəşlidə yaşadıq. Ömrünün axırına yaxın Əmircanda yer alıb ev tikdi. Köçdük ora. Amma orda çox yaşaya bilmədi. Köçəndən qırx gün sonra rəhmətə getdi... Rəhmətə getməmişdən qabaq Yazıçılar Birliyi də ona Hökməlidə torpaq sahəsi vermişdi. O da elə dövrə düşdü ki, atam vəfat etdi, qardaşım əsgərliyə getdi. Qardaşım qayıdandan sonra gedib maraqlandıq, amma atama verilən yer artıq başqaları tərəfindən zəbt edilmişdi. Bələdiyyədən bizə dedilər ki, məhkəməyə müraciət edin, məsələniz həll olunsun. Amma dalınca düşmədik.

- Yadınızda necə qalıb Hüseyn Əfəndi?

- Mənim üçün o ideal ata idi. Ümumiyyətlə, insan kimi də ideal idi. Balansı saxlamağa çalışırdı. Olurdu ki, işdə hirslənirdi, amma bizə çox da hiss etdirmirdi bunu. Münasibətdə siyasətcil idi. Nəyisə qadağan edəndə elə formada deyirdi ki, razılaşırdıq. Bəlkə sərt desəydi, acığa düşüb edərdik, amma yumşaq deyirdi, razılaşırdıq. Mən aktrisa olmaq istəyirdim, bir kəlmə dedi ki, bizim nəsildə belə şey olmayıb, mən də istəmirəm aktrisa olasan. Elə dedi ki, qəbul etdim. Amma indi fikirləşirəm ki, sərt desəydi, qadağan etsəydi, inad edərdim. Hamı onu çox istəyirdi. Xatirələri oxuyanda görürəm ki, ətrafı tərəfindən həmişə sevilib. Tək yaradıcılığına görə yox, insani keyfiyyətlərinə görə.

- Hər işdə problem olur. Bəs o problemləri evə daşıyırdı?

- Qətiyyən. “Gənclik”də işləyəndə qarışıq dövr idi. Müharibə bölgələrinə gedib gəlirdi. Hiss edirdim ki, ona çox pis təsir edir. Könülsüz olurdu. Qarabağ dərdini ürəyində daşıyırdı, yazılarında da bunu görmək olur. Amma bizə münasibətdə bunu hiss etdirməməyə çalışırdı. O, hər şeyi ürəyində daşıyırdı. Ürəyini yazılarına boşaldırdı. Ona görə mən onun yazdıqlarını çox oxuya bilmirəm. Ağır gəlir.

- Ən yaxın dostları kim idi?

- İlk gənclik illərində ən yaxın dostu Sabir Sarvan olub, evimizə də çox gəlirdi o. Sonra Məmməd Nazimoğlu ilə möhkəm dost oldu. Ruhən də çox yaxın idilər. Məmməd Nazimoğlu “Mən qərib” kitabına son söz də yazmışdı.

(Həmin yazını da müsahibənin sonunda təqdim edəcəyik.)

- Axırıncı iş yeri hara olmuşdu?

- “Xalq qəzeti”ndəki üç illik fəaliyyətindən sonra bir müddət başqa yerlərdə işlədi. Axırıncı iş yeri Beynəlxalq Avrasiya Mətbuat Fondu oldu.

- Ölümü necə oldu bəs?

- İki dəfə infarkt keçirtmişdi. Ona demişdilər ağırlıq qaldırmaq olmaz. 2004-cü ilin 21 dekabrı idi. Əmircandakı evə qırx gün idi köçmüşdük. Həyətdə bir az iş gördü, deyəsən, daş da daşıdı. Axşam çimib çıxdı. Siqaret çəkəndə öskürək tutdu onu. Elə bil öskürəkdən boğulurdu. Amma sonra üzündə gülümsəmə əmələ gəldi. Əslində, ölümü rahat oldu. Çox əziyyət çəkmədi. Təcili yardım gələnə qədər artıq keçinmişdi.

- Harda dəfn etdiniz?

- Füzuli rayonunun Babı kəndində dəfn etdik. Özü demişdi ki, vətənə yaxın olmaq istəyirəm. Bizim Füzulidə də qohumlarımız var. Elə aparıb orda, qohumlarımızın yanında dəfn etdik.

Məmməd Nazimoğlu

Şairim, Qəribim, Qaramanım, Əfəndim

...Həmişə mənə elə gəlib ki, o, həyatını rəqəmlərin üstündə qurur. Xəzərdəki estakadalar dirəklər üstündə qərar tutduğu kimi, o da elə bil rəqəmlər üstündə durmuşdu. O, rəqəmlərin mistikasını, fəlsəfəsini və poeziyasını ətrafındakıların beyninə yeritmişdi.

Və mən həmin səbəbdən bir gizlini dövlət sirri kimi ürəyimdə gəzdirirdim. 2004-cü il. İkinin üstünə dörd gələndə altı edir. O, 6-nı həmişə şeytan rəqəmi sayırdı və təkcə özü üçün yox, hamımız üçün uğursuz hesab edirdi...

Bilmirəm, o bunun fərqindəydi, ya yox, amma mən ilin əvvəlindən hesablama aparmışdım.

...Amma 2004-cü il onun üçün gözlənilməzliklərlə dolu oldu. İlin əvvəlində, fevralın 15-də 49 yaşını qeyd etdik və elə oradaca təntənəli surətdə 50 illik yubileyinə hazırlıq başlandı.

...Yayda qızı ali məktəbə daxil oldu.

...Payızda uzun illərin evsizlik həyəcanına son qoyuldu – artıq onun ev-eşiyi, həyət-bacası vardı.

...İlk kitabını nəşrə verdi.

...Söylədi ki, yubileyəcən şeirlər kitabı hazır olacaq... Yox, 2005-ci ilin fevralınacan daha bir kitabı da çıxmalıydı. Bir ildə üç kitab!

...Dekabrın 26-da evgördüyə hazırlaşırdıq...

...Günlər ötdükcə üstümdən daş götürülürdü...

O isə həyət-bacada daşı daş üstə qoyub ev-eşiyi abıra salırdı.

Mən barmaqlarımı qatlayırdım: dekabrın 26-dan sonra 2005-ci ilin girməsinə beşcə gün qalırdı. Hesabnan 2005-ci il onunkuydu: İkinin üstünə beş gələndə yeddi eləyir...

Deyəsən, Tanrı onun bütün problemlərini qova-qova gətirib 49 yaşına yığmışdı. Ki, bircə ilə hər şeyi həll eləyib yoluna qoysun.

...Və məni bir də dəhşətə gətirən dördlə doqquzun cəminin on üç olmasıydı. Bütün dünyanın nəhs saydığı rəqəm...

O, dekabrın 21-də, ilin ən uzun gecəsində vəfat elədi.

Kitabının çapdan çıxmasına iki-üç gün qalmışdı. Onunla son mübahisəm kitabın adının üstündəydi: “Kitabın adı yaxşı deyil”. Cavab vermişdi: “Yaxşıdı”. “Bunun nəyi yaxşıdı?”. “Hər şeyi”. Vəssalam.

Mən hələ də anışdıra bilmirəm: o, niyə mənə “müəllim” deyə xitab edirdi? Hərçənd, mənim ona “Hüseyn müəllim” deməyə ictimai haqqım vardı: saçlarının qarasını fələk çoxdan sovurub qap-qara ömür yoluna çevirmişdi. Bu qara yola işıq günəşdən yox, onun gülümsər çöhrəsindən düşürdü və həmişə mənə elə gəlib ki, Hüseyn müəllim işığın ardınca getmir, işıq onun ardınca düşüb sürünür.

...1996-cı il. Horadizdə polis rəisinin yaxasından əl çəkmədi ki, mən hansısa təpənin üstünə çıxıb Böyük Mərcanlıya baxmalıyam. Yüz faiz bilirəm ki, həmin anlarda onun ürəyindən “a kənd, sənin boyuna gəlmişəm, baxım gedim” misrası keçmədi. Onda o, ölümün qucağına atılmağa hazır idi, amma geri qayıtmağa yox.

Və dekabrın 20-də axşamüstü bir qismət çörək kəsəndə stolun üstündəki pendirə baxıb gülümsündü: “Pah, Mərcanlı pendiridi. Düzdü, pendir mənə ziyandır, amma gərək bu pendirdən doyunca yeyəm”. Yedi. Doyandan sonra “yox, qağa, bu Mərcanlı pendiri döyülmüş” deyib qımışdı.

İndi yaddaşımı gücə salıram, gözlərimi bərk-bərk yumub, bir neçə gün öncənin olaylarını xatırlamaq istəyirəm. Amma nə illah iləyirəm, onunla kəsdiyim son kəlməni yadıma sala bilmirəm.

Əvvəllər – o bu dünyadaykən mənə elə gəlirdi ki, Hüseyn Əfəndini akvariumdakı rəngli balıqları gördüyüm kimi görürəm. Amma indi – araya qara torpaq girəndən sonra, nədənsə o mənə məchul və tanımadığım adam təsiri bağışlayır. Nəsə, mən onu qara dağlar qoynunda, çay kənarında görürəm. Ya bu dünyada gördüklərini yuxu kimi suya danışır, ya da dağ çayına üz tutub: “Nə Məcnunsan, nə Kərəmsən, nə Qərib, Bu dağlarda Söyün qərib, sən qərib” söyləyib o dünyadakı ilk qərib gününü sızıldayır. Bu anda, bax, bu anda 386-51-57-yə zəng atıb “hardasan, ağsaqqal” demək, soruşmaq, hal-əhval tutmaq istəyirəm. Amma məni dekabrın 22-də, saat 15-də çökdürən dəhşətli xəbəri telefonun o başından da eşidəcəyimdən xoflanıb üşünürəm. Canımı üzən xatirələrdən qurtarmağın ən yaxşı yolu onun qabarlı əllərini yada salmaqdır. O bu qabarları da dekabrın 20-si göstərdi. Nəsə, bu qabarlar mənə onun şeirlərindən, hekayələrindən, yazı-pozusundan isti və yaxın göründü. Özünə elə beləcə də dedim. Elə bil mən onun madar balasıydım və adi şeydən ötrü hamıyla mübahisəyə qalxan bu adam üzümə baxıb qəribə tərzdə gülümsündü. Mən bu cür təbəssümü 1999-cu ilin yayında – ilk infarktından üç-dörd gün əvvəl də görmüşdüm. Onda bir gənc bizi – məni və “Sınıq çərçivə” rubrikasında bütün çərçivələri vurub dağıdan Hüseyn Əfəndini “Pravda” qəzetinin baş məqaləsinə oxşadanda da, bax, o cür gülümsünüb, “biz ölüb getməsək, bu cavanlara gün yoxdu” demişdi.

...Ötən əsrin axırlarında Xudu Məmmədov, Fərman Kərimzadə, Hafiz Baxış ard-arda ürəklərini tutub çökmüşdülər. Bu əsrin girəcəyində Baba Pünhan, Akif Səməd, Hüseyn Əfəndi ardıcıllığı da rəqəmlərin simmetriyasıydı, ya nəydi?

...“Qalatasaray” nə vaxtsa çempionlar çempionu olacaqmı? Onun lap yaxınındakı adamlar innən belə !qalatasaraylı” olsun gərək!

Qaraman elinin bu təəssübkeş balası “Qalatasaray”ın namını heç kimə vermədi.

Bir komandanın namını verməyən kəs bir torpağın, bir elin və bir düjün dost-tanışın namını verərdimi ola?

...Mənim sümüyüm çürüyə, məzarım üstə kollar bitə, yenə onun telefonda qızına pıçıldadığı “darıxma, nənə, gələcəm” kəlməsini unudammaram.

...Ölüm yalnız buna görə dəhşətlidi: səni gözləyirlər, amma sən gələ bilmirsən!

...Əfəndim, hər şeyin sonu budur!

...Bu da axır, Əfəndim!

...Bu da axırıncı səhifə, Əfəndim!

# 11313 dəfə oxunub

Müəllifin son yazıları

# # #