Fars irqçilərinin türklərə qarşı təxribatları - Həmid Herisçi yazır...

Həmid Herisçi

Həmid Herisçi

26 noyabr 2022
# 10:00

Kulis.az Həmid Herisçinin "Pərdəarxası filmlərin məlum sifarişçiləri" adlı yazısını təqdim edir.

Qoca tarix farsların türklər üzərində hələ ki bircə qələbəsini belə qeydə almayıb.

Əgər revanş istəyirlərsə, əvvəlcə qoca tarixin özüylə vuruşmalı olacaqlar, sonra bizimlə.

Nəzərə alın – bir var Türk İranı, bir də Fars İranı. Biz min illərlə, yüz illərlə məhz Türk İranı ilə bağlı olmuşuq. Fars İranı ilə əlaqə tellərimiz o qədər də güclü deyil.

Fars mədəniyyəti sırf humanitar məzmunludur. Türk mədəniyyəti isə keçmişlərdən üzü bəri sırf hərbi-siyasi məzmunu ilə digərlərindən, xüsusən fars mədəniyyətindən seçilib.
Aradakı fərqləri, ziddiyyətləri, düşmənçiliyi ilk olaraq Qəznəvi hökmdarı Sultan Mahmud ibn Səbuk Təkin ortadan, aradan götürmək istəyir.

İran-Turan mövzusunda Firdovsiyə "Şahnamə" əsərini sifariş verir.
Qısası, bütün fars yazılı ədəbiyyatı türk hökmdarlarının qızılı, sifarişləri ilə qələmə alınıb. "Şahnamə"ni bayaq dediyim kimi, Sultan Səbuk Təkin sifariş verib. Cəlaləddin Rumi Konya sultanı Rüknəddin Qılınc Arslanın sarayında yazıb yaradıb. Nizami Gəncəvi "Xosrov və Şirin"i Azərbaycan atabəyi Qızıl Arslanın, "Yeddi gözəli" Marağa atəbəyi Körpə Arslanın, "Leyli və Məcnun" isə Şirvanşah Axsitanın sponsorluğu ilə yazıb.
Farslar yoxdu bu sponsorlar, sifarişçilər sırasında. Əsla yoxdu.

Bütün bunları unutmaq, türkləri, indiki İranda olduğu kimi, mədəniyyətsizlikdə ittiham etmək, düzü, məncə, tam haqsızlıqdı.
Fars irqçilərinin biz türklərə qarşı təxribatları məhz XIX yüzilin ilk rübündə güclənir. Avropa irqçilərinin "Hind-Avropa" nəzəriyyəsinə uyan, aldanan ilk farslar Hindistandakı zərdüşt icması üzvləriydi. İlk təxribatın dəqiq ünvanı yenə də ölməz "Şahnamə" əsəri olur.
Zərdüşt icması o vaxt Hindistanda, Bombeydə çapxana təşkil edərək "Şahnamə"nin rəngli-bəzəkli, şəkilli nüsxəsini böyük tirajla çap edir.
Uzaq hədəfli bu təşəbbüsdə məqsəd çox məkirli idi - "Şahnamə"ni tam farslaşdırmaq, onu sırf türklərə qarşı bir əsər kimi avam kütlələrə sırımaq.

Zərdüşt icması, beləliklə, özünün irqçi "Ariana" layihəsini ilk olaraq "Şahnamə" üzərində sınadı. Əsərə antitürk tərtibat verdi, şəkillərinə türkəfob məzmun.

Siz bu "Şahnamə"ni, XVI əsrin sonunda, Təbrizdə Şah Təhmasibin sifarişi ilə, qızıl suyla yazılmış, Sultan Məhəmməd miniatürləri ilə bəzədilmiş şah nüsxəsi ilə tutuşdurun bir. Fərqləri anında hiss edəcəksiniz. Təbriz nüsxəsi Bombeydəkindən daha al-əlvandı. İşıqlıdı. Qəhrəmanları türk simaları, geyimləri ilə seçilməkdədir.
İstərdim Azərbaycan məhz bu nüsxəni götürüb çap etsin, özü də kütləvi tirajla. Sultan Məhəmməd miniatürləri, görəcəksiz, Bombey saxtakarlığını kölgədə qoyacaq. Əsər öz əvvəlki, həqiqi türk-fars simasını, məzmununu qaytaracaq.

Hindistandakı Zərdüşt icması təkcə elə bu "Şahnamə" təxribatları ilə kifayətlənmir. Şiəliyə qarşı da oxşar fəndlərə əl atır.

Qərara gəlir onu "Arya islamı" adlandırıb öz həqiqi məzmunundan uzaqlaşdırsın. Şiəlik, gizli Zərdüştlük elan edilir.

Layihənin icrası tapşırılır fransız alimi Anri Korbenə.

Anri Korben - şiəliyi farslaşdıran firəng "alimi"

İrandakı antitürk, antişiə təxribatlarının fəlsəfi kökü bax bu firəng şərqşünasına -Anri Korbenə gedib çıxır.

Şiəliyi farslaşdırmaq, onu Zərdüştlüyün bir qoluna çevirmək təxribatı İranda artıq tam reallıqdır.

Fransa şərqşünası Anri Korben bu xəttin, trendin baş memarı idi.
Sonuncu Pəhləvi şahı, "Arya-mehr" (yəni aryalıların günəşi) Məhəmməd Rza Şah Pəhləvinin xüsusi sifarişi ilə o, ötən əsrin 50-ci illərində əvvəl Tehrana, sonra...

Sonra, həə...gör hara? - İranın dini mərkəzi Quma yollanır.Məqsəd: şiəliyi aryalaşdırmaq, ona "Arya islamı" adını vermək idi.
Şahın gizli "Ariana" mason lojasının baş dirijor çubuğu da, unutmayaq, uzun illər məhz bu təxribatçının incə barmaqları arasında idi.
İndiki İran teokratiyası, şiə "alimləri", şərqşünaslar məhz bu xətti İranda inkişaf etdirir, utanmadan-qızarmadan, bu tümbətünü İran fəlsəfi fikrinin, mistisizmin mənəvi atası bilərlər.


Anri Korbenin zalım şah sifarişlərini yerinə yetirməsi, farspərəstliyi, aryanaçılığı yayması, nədənsə, unudulur.
Gizlədilir.

Bəli, müasir İranda Anri Korbenin səyi ilə şiəlik tam farslaşdırılıb, milliləşdirilərək türklərə, ərəblərə qarşı yönləndilib.
Bu fikrin davamçıları indi də İranın "Aryana" layihəsində aparıcı mövqelərə sahibdirlər.

Ölkə daxilindəki türklər nədi? Ay-hay...İranı üç tərəfdən əhatə edən türkləri də -yəni Türkmənistanı, Özbəkistanı, Qazaxıstanı, Türkiyəni, Azərbaycanı da bu korbençilər, aryanaçılar adam yerinə belə qoymurlar. Varlığını danırlar.

İndi aryanaçılar İranda yalançı antiazərbaycan havasını dalğalandırır, türkləri, Təbrizi, Bakını İranın bir saylı düşməni elan edirlər.

Əslində isə türklər yox... məhz farslar İrandakı əhli-beyt ənənələrinin, seyidlərin qatı düşmənidirlər.

Ölkədə gizlincə "Arya inqilabı" hazırlayır, türkləri ucdantutma qırmağa, məhv etməyə hazırlaşırlar.

Qibləgahları da Hindistandakı zərdüşt icması, başçıları da Hindistandakı baş zərdüşt kahinidir.

Yəni farslar, fars elitası bu gün heç Vilayəte-fəqihə yox, məhz Hindistan kahinlərinə biət edirlər.

Cəmiyyəti aldatmaq üçün biz türkləri, Təbrizi, Bakını təhlükə mənbəyi elan edir, əslində isə məhz özləri İranda saray çevrilişi hazırlayırlar.
Məqsədləri nədir?

Deyim də nədir - "X" saytında Zərdüşt ardıcıllarını, Hindistan qurularını, "Arya islamı"nı, yəni Qumdakı agenturalarını bir yerə toplamaq.

"Aryana" layihəsini legetimləşdirmək.

Yəni İranın bugünkü düşməni Turan deyil... Bakı deyil... Təbriz deyil...

Məhz Aryana, bax bu qondarma Arya islamıdır.

Fars liberallarının antitürk məzmunu
İran liberalları, demokratları, nədənsə, həmişə antidövlət, antişiə, antitürk, antiazərbaycan mövqelərdə dururlar. Misal: İranda rus soyadlı bir məşhur kinorejissor var - Məhəmməd Rasuloff. Çəkdiyi "Əlyazmaları yanmır" (2013) filmi Kann festivalına qatılıb.
Mükafatlandırılıb.

Mövzu, İranda ötən əsrin sonlarından bəri indiyədək davam edən yazarlar arasındakı gizli qətllərdi.

Filmdə 1996-cı ildə 21 İran yazarının Ermənistana, poeziya festivalına səfəri təsvir olunur. Qəfil, sürücü sükanı buraxıb qapını açır. Eşiyə tullanır. Yazarlarla dolu avtobusu dağ uçurumuna yuvarlayır...
Mövzu maraqlıdır. Özü də Ermənistanla bağlı bu süjet şəxsən məndə qəribə fikirlər yaratdı.

Film çəkildi... İran yazarlarının Ermənistana, ədəbiyyata, demokratiyaya gizli-açıq sevgisi, filmdə bütün "tərəqqipərvər qüvvələrə" sərgilənsə də, o məni çox məyus etdi...
Bir daha dərk etdim - demokratiyaya sədaqət, vətənə xəyanət sərgiləmək heç də müasirlik nümunəsi deyil.

Əhməd Şamlu - İranın ən məşhur yazarı, görəsən, niyə bu səfərə getməkdən imtina etmişdi...

Əli Babaçahi, Məsud Behnaud, Əmir Həsən Çeheltan, Mənsur Kouşan, Şəhriyar Məndənipur, Cavad Mocabi, Bijan Nəci, Fərəc Sərkohi, Məhəmmədəli Sapanlu Ali və b. sərnişinlər arasındaydı...
Düzü, o filmə baxandan sonra İran sürücülərinə hörmətim artdı, liberallarına, bəzi şairlərinə isə sadəcə ağıl arzulardım.
O ki qaldı bu pərdəarxası filmin sifarişçilərinə, onu dünyada təbliğ edənlərə... deyim də, kimlərdi bu qara kölgələr.

Ünvan, FIPRESCI (Federation internationale de la presse cinematographique) adlanır. Rəhbəri erməni əsilli türk vətəndaşı Alin

Taşiyandı.

Vəssəlam.

Götürək bir başqa fars liberalını.

Tanış olun, məşhur karikaturaçı Məna Neyestani. Tehranda, ziyalı ailəsində doğulub. Bir çox beynəlxalq mükafat qazanıb. Məhz o, 2006-cı ildə Azərbaycan türklərinə qarşı öz silsilə karikaturalarını çəkib.

Azərbaycan türklərini həşərata bənzədib və sair və ilaxır.

İran Ali İnqilab Şurası tərəfindən tutulub, həbsdə yatsa da, tezliklə ölkəni tərk edərək Fransaya sığınıb.

Bu müsahibəsində o, həmin günləri xatırlayır.
Gördüyümüz kimi, bəzi İran liberalları, ziyalıları üçün mədəniyyət göstəricisi məhz türkəfobiyadır.

Konservativ dini qüvvələrin bu trendə qoşulması ilə mövzu, ümumiran miqyası aldı, "tamam-segah" məzmunu aldı.

Qısa nəticə

Bu dəfə inqilabı farslar edəcək

Bəli. Dəqiq.

Tarix boyu İranda "Qırmızı inqilabları" həmişə biz türklər edib, "Ağ inqilabları" isə, bəli, farslar...

Düz bir ay İran dövri mətbuatını oxuduqdan sonra məhz bu qərara gəlmişəm.

İranda inqilabi ənənələr, adətən həmişə Azərbaycan türklərinin qan təzyiqi ilə ölçülürdü.

Ancaq indi bu, belə deyil.

İndi farslar müasirlik, modernləşmə, dünyaya açılma istəyirlər.

İstədikləri kimi geyinib bəzənirlər, bərk qərbpərəstdirlər. Fast-foot mətbəxinə bir könüldən min könülə vurulublar.

Evlərdə xörək qazanlarını asmırlar, pikniklər, qonaqlıqlar təşkil edirlər... ayaqüstü yeməyə, atışdırmağa meyillidirlər...

Dəlləkxanalar dönüb bir növ İranın mədəniyyət ocaqlarına. Farsdillilər, farsizəbanlar gözəllik salonlarına yığılıb, saçlarına min bir bəzək, rəng vururlar...

İçki aludəçiliyi, narkotik qəbulu və sair və ilaxır farslar arasında kosmik sürətlə yayılıb.

Qızlar-oğlanlar ələ-ələ verib Tehran, İsfahan küçələrində göz önündə öpüşürlər...
Buna farslar seks inqilabı, "Ağ inqilab" deyib onu İslam inqilabına qarşı yönləndirirlər.

Kino industriyası fars kosmopolitizminin, mədəniyyətinin ana sütununa dönüb. Farslar indi şeir yazmırlar. Yazılı ədəbiyyatı, şeiri, mərsiyə deməyi, sinə vurmağı farslar kinayə ilə, gülüşlə Azərbaycan türklərinə ötürüblər... özləri isə rep deyir, kino ssenariləri yazır, seriallar çəkir, şərab dolu qədəhləri başlarına tərəf qaldırırlar.

Axşam olunca bir çox fars qızları, qadınları Tehranda, İsfahanda, Şirazda avtomobillərinə əyləşirlər əvvəlcə. Sonra əl telefonlarını qulaqlarına sıxıb sevgililərini görüşə dəvət edirlər.

Sonra bağçalı, ağaclı həyət evlərində "Min bir gecə" nağıllarının müasir səhnələri canlanır.

Eyş-işrət, bazlıq başlayır.

Qızlar, qadınlar qapıdan içəri keçincə, çadralarını, çiyinlərinin bircə zərbəsi ilə yerə atırlar. Mini ətəklər... dekolte geyimlər... tüstü-duman... barmaqların ucunda uzun siqarlar... Axan gözlər...

Farslar bunu inqilab bilirlər.

Deyirlər ki, İrandakı növbəti inqilabı artıq ənənəyə zidd olaraq türklər yox...farslar edəcək.

Şah dövründən başlayan bu ağ inqilab İranda indi özünün əsl kəlləçarx nöqtəsinə, yüksəkliyinə qalxıb.

Detal: Farsların "Ariana" layihəsi artıq icraya başlayıb. Xaricdəkilər, daxildəkilər,.. qısası bütün farslar bu Ariana layihəsi tərkibində hərəkətə hazırdırlar. Dünya ictimaiyyəti, ABŞ və Qərb farsların məhz bu Ariana layihəsini dəstəkləyir...

# 3486 dəfə oxunub

Müəllifin son yazıları

# # #