Çurban - Həmid Herisçidən yeni hekayə

Çurban - Həmid Herisçidən yeni hekayə
26 sentyabr 2023
# 09:00

Kulis.az Həmid Herisçinin "Çurban" adlı yeni hekayəsini təqdim edir.

Gecədir.

Bayaqdan baxdığım Hollivud kinofilmi təzəcə qurtarıb. Ekranda uzun-uzadı, alt-alta düzülmüş son titrlər gedir.

Həyəcanlı musiqinin müşayəti ilə.

Təkəm. Göydə ulduzlar var.

Ürəyimdə isə yox.

Küncdəki lal xəstəxana çarpayısı da bu mənzərənin tam tərkibindədir.

Qısası, həəə belə de… Televizordakı Hollivud filmi də bitir, çarpayıdakı ağır xəstə də. Ekranda böyük həriflərlə “THE END” yazısı peyda olunca, həəə… Dəqiq bilirəm, o yan-bu yanı yoxdu, bu xəstə-köhnə həmşərim Qurban Fəsaqəti də son nəfəsini ötürəcək.

Xaricdəki bacısı xəbardardı. Aeroportda, tranzit bölgədə “DUTY FREE” dükanından artıq qara eynək də alıb özünə. İstəmir kimsə göz yaşlarını görsün.
Ancaq qəfil hər iki həyat və Hollivud ssenarisi, birdən-birə öz-özünə pozuldu.

Yazı ekranda görsənmədi.

Ortası çökmüş çarpayı cırıldadı öz dilində.

Dərinliklərindən boylanan iki sönük göz sönüb-yandı, sönüb-yandı əvvəlcə. Vəhşi sürücü tayfasını, laqeyd piyadaları dayandıran lənətəgəlmiş işıqfor kimi səbrimi anında tükətdi.

Astaca, tam pəsdən, tamam segahın son pərdəsindəki fəqan sədasıyla, naləsiylə:
Apar məni burdan. Doğma yurdumda öləcəm. Bu xarabada yoxxxxxx…-pıçıldadı.

Qurbanı çarpayıya qaytarmaq, üstünü basdırmaq, axırda qızdırmaölçənə, sonra yenə ekrana baxmaq, hə... Son gücümü, qüvvətimi yedi. Aradabir Füzulini də köməyə çağırdım:

“Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd”.

“THE END” sonluğu ekranda parıldamağa hələ ki tələsmirdi.

Filmin son titrləri hələ də davam edirdi.

Həyəcanlı musiqinin müşayiəti ilə.

***
Qurban Fəsaqətinin qısa ərizəsini oxuyan nazir müavini hərəkətləriylə məni təəccübləndirirdi. Əyləşdiyi məmur kreslosunda özünü idman çempionu kimi aparırdı. Ancaq özünə… Sırf özünə bəlli çox uzaq ünvanlara, ulduzlara doğru bütün bədən əzalarıyla tez-tez dartınması qalsın hələ bir yana.
Ərizəni söhbət əsnasında qələmiylə tez-tez döyəcləmə səhnəsi də razılaşaq, mən heç… məni də çıx bu qara siyahıdan…
Hamını, hər görəni, yoldanötəni əsəbləşdirərdi.

Daxilimdəki “Yaramaz” kəlməsini bu əclaf necə eşitdi, necə özümə qaytardı? - vallah, indiyədək mənim üçün bir sirri-xuda kimi qalmaqdadı.

Hə…Yaramaz. İki böyük “R” hərfiylə tələffüz edin. – nazir müavini daxili dialoqumu azca redəktə etməyi də unutmadı. Ərizəni qələmlə döyəcləməyə davam etdi.

Yaddaşımın iti küncündə paslanan “Məhşər günü, daxili-zahiri xəttlər, səslər pozulur. Fərqlər itir, özünə dediyini başqaları da eşidir” söhbətlərimi xatırlayıb, dərindən udqundum.

Dilim-ağzım qurumuşdu. Fikirləşdim öz-özümə:
Məhşər günündəyəmmi bəyəm?
Hə. – nazir müavininin “dinləmə böcəyi” yenə də işə düşdü, xırıldadı öz-özünə. Mövzunu xırdaladı. Zahirlə batin arasındakı səddi yenə də sıfırladı.

Bu fantastik reallığa, bayağı "Fantomas" filminə inanmayaraq qışqırdım öz daxilimdə:
Yezid!
Su verimmi?-, nazir müavini yenə də soyuqqanlıydı. Əfsanəni pozmaq, özü haqda yanlış məlumatları təkzib etmək, qurbanlarına, o cümlədən mənə su vermək istəyirdi.
Üstəlik, su təsərrüfatında da məsul vəzifələr tutmuşam.

Masadakı “Elçin Fətullayev, nazir müavini” lövhəsi ancaq indi gözlərimə sancıldı.

Aramızdakı məsafə sürətlə qısaldı.

Məzar yazısı üzərindən minillik tozu silənlər kimi əlimi üzümdən sürüşdürməyim də əbəsdi. Azdramada deyildim. Ağır mahud pərdələr bizi bir-birimizdən ayırmırdı. Qatı reallıq əhatəsindəydim.

Qəfil o səsini bir pillə yuxarı qaldırdı:
Yeddi bilet almalısız xəstəniz üçün. Təyyarədə üfüqi vəziyyətdə uzadılacaq. Yeddi oturacağı zəbt edəcək.
Hə…bunu heç ağlıma gətirə bilməzdim. – cümləm divarlara sərt çırpılaraq anında öz qulaqlarıma qayıtdı.
Üstəlik, bax bu vacib sənədi imzamalısız.- o, kürsüdən qalxaraq uca qamətini tam bərpa etdi. Elə bu yüksəklikdən, sanki tənha Amerika göydələni zirvəsindən mənə bir başqa səslə müracəit etdi.- Sənədlə tanış olun hələ bir. İmazanızı bura qoyarsınız.

***
Təkidin özü, sonrakı digər epizodlar məni artıq şübhələndirmişdi.

Özümü “alahiddə ordu dairəsi”sində sıravi Əhməd kimi hiss etməyə başladım.

Sənəddəki “Qurban Fəsaqəti təyyarə transferi zamanı ölsə, iradlarınız olmayacaq” öhdəliyi, səbir kasamı daşdıran son damla oldu.

Gözümü sənəddən ayırıb nazir müavininə baxdığım vaxt mən artıq tam başqa insandım.
Qurban Fəsaqəti kimilərin ölümü həmişə sığortalanır. Həmişə.- nazir müavini artıq öz kürsüsünə qayıtmışdı.

Ərizəni, yenə qələmi ilə döyəcləməyə girişdi. Əsəbləşmədim bir daha.

Öz qələmim ilə günaha batmaq istəmədim.

Yad qələmlə imzaladım sənədi.

Hiss etdim ki, düyməni basıb çox gizli əməliyyata göz vururam, yaxud göz yumuram bəlkə də.

Qurban Fəsaqəti deyərdi ki, Pişəvərinin Buzovnadakı ilk məzarı ətrafında ikici, üçüncü və digər məzarın qazılacağına əvvəl biz əsla inamazdıq.

Orda ikinci, üçüncü məzarları görmək, vallah, bizimçün lap ağır, lap dözülməzdi.

***
Qurban Fəsaqətiylə yaşadığımız son səhnələr, qısa dialoqlar eynən o məşhur hekayənin təkrarıydı:
Həmşəri, nə yazılacaq? – dedim.
Əvvəlcə məndən uşaqların anasına salam yaz. Yaz ki Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki mən də, şükür Allaha, sağ və salamatam. Qulamrza ilə sizə on beş manat göndərdim. Bayramqabağı yenə göndərəcəyəm, uşaqlar korluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm.

Məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydum və üzümü Qurbana tutub: – Həmşəri, zərfin üzü kimin adına olacaq? – deyə soruşdum.

Qurban əli ilə boynunu ovuşdura-ovuşdura:
Hə, yaz ki Qurbanın uşaqlarının anasına yetişəcək.
***
Yeddi təyyarə biletini Qurbanın yastığı altında gizlədiyim vaxt özümə aldandım. Elə bildim o məşhur hekayədən bu nöqtədə ayrılmağı bacarmışam.
Ancaq yanılırdım. Hekayə süjeti hər an məni öz dərin neft quyusuna dartırdı. O qədim alın yazısından indi çıxmaq tələb olunurdusa, neynək, başıma haranın külünü töküm axı?- düzü o güc, taqət, göydəndüşmə fürsət məndə əsla yoxdu.

Üst-başımı didən külək hər an sürətini, hədəfini dəyişirdi. Gah məni qarmaqlayırdı, süründürürdü öz axarında, gah gözəlçələrin ətəklərinə soxulurdu.
“Baku steel company” karxanasının qara düzxətli tüstüsünü isə əsla azdırmayırdı.

***
Səfər soruşdu:
Ağa, bəs paltarı nə olacaq?

Hacı əlini onun çiyninə qoyaraq, yağlı bir dil ilə:
Onu da buralarda bir yer qazıb basdırın, - dedi.

Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə yeddi təyyarə bileti, bir də bir məktub zərfi düşdü. Məktubun üzərində: "Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək" cümləsi yazılmışdı.

Biletləri isə təcili kassaya qaytarmaq, pulunu geri almaq tələb olunurdu.
***
“AZAL” bilet kassaları önündə iynə atsan, yerə düşməzdi.

Gur izdihamı zəif çiyinlərimlə tən ortadan ikiyə yararaq, nəhayət, öz müştərilərimi uzaqdan da olsa, bələdlədim.

Kütlə bütün gücüylə “Təbrizə biletin varmı?” deyərək üstümə yeriyəndə əvvəl duruxdum azcana.

Titrək əlimi cibimə aparan qüvvə sanki özümkü deyildi.

Cibimə girən, sızan tam yad cibgirə bənzəyirdim.

Yeddi bileti ovcumda yelpik kimi açaraq ilk acgöz müştərilərimə zilləndim.

İstədim biləm Qurbanın əvəzinə Təbrizə gedəcək bu xoşbəxtlər hansı dərənin qurd-quşudurlar. Niyə bu qədər şanslıdırlar?
Şükür! Bilirdim Allah məni darda qoymayacaq. Yoxsa Təbrizdəki pərdə yükümü, topa-topa parçalarımı müsadirə edəcəkdilər. Səni mənə Allah yetirdi.

Müştərinin, Allahla xoş, sınanılmış münasibətləri məni yerimdəcə qurutdu.
Adım Qurbandı. Bu da pulunuz. Halalınızdı, görürsüz. Heç qoyaram ki, pulunuz bata?

Ancaq bu Qurbanın ömrü əvvəlkindən də qısa oldu. Müştərinin əl telefonuna zəng gəldi. Dəstəkdəki qadın səsi ona dəfələrlə “Firuz” deyə müraciət edirdi. Müştəri mənə göz vurub yad sifət aldı sanki. Üzü divara, - eşitmədim,- nəsə danışdı.

Tale Qurbanı yox…bu zatı seçmişdi. İstədim mən də bu fürsətçini mükafatlandırım. Gördüm cüzdanında çox eşələnir, lazımı xırda pulları tapammır.
Əlli manatımdan keçirəm. Halalındı.

Müştərim bəxtini bir də sınayıb özünü azca itirdi elə bil.
Müştərilərim deyər pulunu ver Qurbana, batmayacaq. Birə on artacaq. Bax bu ölsün.

Əlini tüklü yanağına çırpınca saqqalı altında çapıq izini görüb diksindim. Saman altından, saqqal altından axan sular haqda bir an düşünüb tez də reallığa qayıtmağı bacardım.

Növbəti zəng Təbrizdəndi. Sövdələşmə, pul öhdəlikləri müştərimi bir an rahat buraxmaq istəməsə də…

Qəfil o özünü əla aldı. Biletlərin hamısını, altısını da ovcumdan qamarlayıb qapazladı. Dedi:
Hamısının pulunu götür. Mən həmişə topdansatışla məşğul olmuşam. Biletlərini özüm satacam. Xeyri bölüşərik. Sən dur kənarda. Incimə…fürsəti qaçırdarsan.

Gözüm önündəcə yeddi nəfər anında xoşbəxt oldu. Qazandılar, hə…

Heç nə itirmədilər. Heç nə…

***
Düz 26 il öncə ayrıldıq.

Səni Təbrizə aparmalıydım. Xəstəydin.

Təbrizə uçan təyyarəyə 7 bilet aldım ki, səni orda rahat uzadım.

Ancaq, ey gidi dünya... 11 iyul 1997-ci ildə cümə günü sübh əzanı vaxtı gözlərini əbədi yumdun.

7 bileti qaytarmalı olduq geri.

Hava alanındaca yeddi sərnişin tez irəli cumub o biletləri aldılar. Uçdular Təbrizə. Çox sevindilər bu biletlərə. Simalarına baxdım alverçilər, dindar bir cütlük... Qısası, adi boz insanlar...

Sən isə uçmadın.

Biletləri sıxdın ovcunda... Başın getdi sola.

Sol əlin sol ovcumu sıxa-sıxa yavaş-yavaş zəifləyirdi.

Dedin - "mən sənə bütün sirləri demişəm...hələ eşidəcəksən"...

Məzarını bu gün də tam təklikdə ziyarət edəcəm. Çox sevdiyin Qurandan 40-cı "Qafer" surəsini sənə özüm oxuyacam.

Kimsə olmayacaq ətrafımızda. Söhbətimizi kəsməyəcəklər.

# 10901 dəfə oxunub

Müəllifin son yazıları

# # #