Hər quş balasıynan gəzər; Niyə sənin balan yoxdu?- GÜNÜN ŞEİRİ  

Hər quş balasıynan gəzər; Niyə sənin balan yoxdu?- GÜNÜN ŞEİRİ  
22 iyun 2016
# 10:51

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

“Koroğlu” dastanının “Koroğlunun Türkman səfəri" qolunda Nigar xanımın dilindən söylənmişdir.

Qəm-qüssəm başımdan aşıb,

Mən tək dərdə dalan yoxdu.

Qürbət eldə bağrım bişib,

Necə yada salan yoxdu.

Necə baxım ev-eşiyə,

Yaralı könlüm üşüyə.

Toz bürümüş boş beşiyə,

Şirin layla çalan yoxdu.

Çənlibeldə qar görünür,

Güllər mənə xar görünür,

Günüm ahu-zar görünür,

Bir qaydıma qalan yoxdu.

Tutun məclisdə yasımı,

Geymişəm qəm libasımı,

Bu fələkdən qisasımı,

Nə zamandı alan yoxdu.

Çənlibeli güllər bəzər,

Güllər saralsa kim üzər?

Hər quş balasıynan gəzər,

Niyə sənin balan yoxdu?

Koroğlusan hay salarsan,

Paşalardan bac alarsan,

Neçə şəhərlər talarsan,

Sən tək şəhri talan yoxdu.

Nə dərd olsa məni tapar,

Sonsuzluq bir yanım çapar,

Yarılğan uçar, toz qopar,

Görəsən ki, qalan yoxdu.

Nigarı dərdə gətirən,

Cəsədin qəbrə yetirən,

Koroğlu namın götürən

Yurdunda son olan yoxdu.

Foto “Koroğlu” (1960) filmindəndir.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #