Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...
Tofiq Bayram: “ Azərbaycan deyəndə ”
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.
"Hər ölkəyə, hər elə,
Olsun hörmət", deyirəm.
"Vətənindir, vətənin,
İlk məhəbbət", deyirəm.
"Onun şöhrət tacıdır,
Şeir-sənət" deyirəm.
Mən vətənə, "Füzuli,
Abbas Səhhət" deyirəm!
Mən vətənə, "Sabiri
Doğan qeyrət", deyirəm!
Mən vətənə, "Üzeyir,
Müşfiq, Səməd", deyirəm!
"Günəş kimi müqəddəs
Bir həqiqət", deyirəm,
Azərbaycan deyəndə.
"Dünya məni dinləsin,
- Diqqət, diqqət!",
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
"Haralısan?" sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, sədləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! - Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!