“Sən o qızı döyən zaman...” -GÜNÜN ŞEİRİ

“Sən o qızı döyən zaman...”  -GÜNÜN ŞEİRİ
9 iyun 2016
# 10:00

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Vaqif Səmədoğlu: “Əlin sınaydı, sanitar”

Əlin sınaydı, sanitar,

O qızı döydüyün yerdə,

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə.

O qız sənin gözlərinlə

O ağaca baxmamışdı,

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...

O qız çılpaq çinarın da

Başında hava görmüşdü,

Allahın atıb getdiyi,

Boş qalmış yuva görmüşdü...

Sən o qızı döyən zaman,

Açılmamış güllər soldu,

Dəlixana həyətində

Bir ağac da dəli oldu...

Xışıldadı yer üzünün,

Ən əlacsız yarpaqları,

Dəlixana divarını

Öpdü çinar budaqları...

1982

# 1410 dəfə oxunub

Müəllifin son yazıları

# # #