Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...
Aqil Abbas: “O gecə”
Sən bir zaman təmiz idin.
Məhəbbəti
bir sahilsiz dəniz idin.
Allahların yanında da əziz idin.
Gözlərindən
göyüzü tək nur yağardı.
Dodağın süd qoxuyardı,
o dodaqdan
bircə içim süd içməkçin
lap şeytan da qıvrılardı,
qovrulardı,
dodağın süd qoxuyardı.
Tale sənin
gün baxtını əyən gecə,
üzünə üz
dizinə diz
belinə əl dəyən gecə
Allah da öləcək xəcalətindən.
Allahsız qalacağıq.
Allahsız,
dinsiz,
imansz.
De hara aparar
bu Allahsız yol bizi?
Uçub başımıza töküləcək
ulu göylər,
sən gərdəyə girən gecə.