Məni şilləyə atam öyrədib, mənim kimliyimi atam sındırıb - Günel Novruz

Məni şilləyə atam öyrədib, mənim kimliyimi atam sındırıb - Günel Novruz
6 noyabr 2023
# 21:00


Kulis.az Günel Novruzun "Dördüncü məktub"unu təqdim edir.

Əvvəli burada:

Birinci məktub

İkinci məktub

Üçüncü məktub

...hə, Natiq məni hotelə dəvət etmişdi.

Əslində, mən istəyirdim ki, o özü gəlsin dalımca.

“Dur gəl filan hotelə” – yaxşı deyil axı... Özümü seks işçisi kimi hiss etmişdim.

Adam sevdiyi adamla hotelə gedər, əlbəttə, lap ailəsi ilə də gedər. Ancaq o mənimlə hələ təzə tanış olmuşdu, birbaşa təklifi məni incitmişdi. Heç fikrimi də soruşmamışdı. Sanki belə də olmalı imiş.

Bir yandan həyəcanlanmışdım.

Düzdü, Natiq mənə sonralar inanmamışdı, ancaq tam səmimi yazıram, mən o vaxtacan hotelə getməmişdim.

Birbaşa təklif, hotel... Həyəcan qürurumu yendi.

İnciməyim təxminən, üç dəqiqə çəkmişdi.

O yazanda mən iş masamda idim, mesajı oxuyub məyus olmuşdum, öz aləmimdə küsmüşdüm, ancaq bir də ayıldım ki, qürurum, iradəm qırılıb, biznes mərkəzinin qabağında taksi gözləyirəm.

Mənə dedilər ki, çox açıq-saçıq yazırsan.

Yoxsa maşında – 20 dəqiqəlik yolda nələri xatırladığımı, nələri düşünüdüyümü olduğu kimi yazardım.

İstəmərəm, məni əxlaqsızlığı təbliğ eləyən, milli-mənəvi dəyərləri, mühafizəkar xalqımızı aşağılayan bir qadın kimi tanıyasınız.

Əslində, haqqında nə düşündüyünüz mənim üçün heç bir məna kəsb etmir, ancaq yaxşı bilirəm ki, əgər məni “fahişə”, “əxlaqsız” kimi damğalasanız, etiraflarımı oxumayacaqsınız, məktublarımı lazımsız yazılar kimi qəbul edəcəksiniz.

Ancaq niyyətim yaşadıqlarımı çılpaqlığı ilə yazmaq, təcrübələrimi bölüşmək və sizə doğru istiqamət verməkdir.

Ən azı, təmkinlə oxusanız, sizin taleyiniz mənimki kimi olmayacaq. Öz münasibitənizi analiz edəcəksiniz.

Düzdü, bu etirafları oxuyan kişilər də yeni fəndlər öyrənəcəklər, başqa üsullarla sizi istismar edəcəklər, pulla ömrünüzü alacaqlar, gözünüzü yalançı xoşbəxtlik pərdəsi ilə tutacaqlar, ancaq söymək əvəzinə diqqətlə oxusanız, heç olmasa onların oyunlarına qarşı immunitet qazanacaqsınız.

Əslində, təzə xəbər deyil, mən özümü təxminən, 18 il öncə kəşf etmişəm.

Hə, mən əmr almağı, idarə olunmağı xoşlayıram axı.

Sərt rəftar... Ancaq o sərtliyin içində qayğı da, sevgi də olsun.

Üzümə şillə vursun... Vursun, amma o əli ilə saçlarımı da oxşasın.

Əslində, mənim rəfiqələrimin də əksəriyyəti cinsi akt zamanı romantikanı yox, sərt rəftarı xoşlayırlar.

Əl izləri... Dodaq izləri...

Həmin günün səhəri işdə - iş masasının arxasında gizildəyən şillə yerləri...

Qaşınan, sənə davamlı onu xatırladan nöqtələr.

Otura bilmirsən, sinən göynəyir, bədənin sızıldayır...

O düşür yadına, səbəbi xatırlayırsan, səbəb sənin ağlını bulandırır.

Hə, gərək partnyorun sənin həm bədənini, həm də ruhunu ram etsin, özünə tabe etsin, içindəki insanı öldürsün, düşüncələrini məhv etsin, səni unutdursun.

Onun əllərindən, gözlərindən, nəfəsindən asılı olasan.

Mən niyə beləyəm? Rəfiqələrim niyə belədir? Biz niyə şillələnmək, əmr almaq, saçlarımızın yolunmasını istəyirik?

Biz niyə bədənimizi, ruhumuzu qurban vermək istəyirik?

Səbəbi mənə aydındır...

Səbəbini xatırlayanda kədərlənirəm.

Bəli, mən özümü kəşf etmişəm...

Mənim eqomu sındırıblar; alçalda-alçalda, qısnaya-qısnaya, zorlaya-zorlaya.

Məni öldürüblər.

Psixoloq boş-boş danışırdı, psixiatr on adda dərman yazmışdı, - faydası olmamışdı. Həkimlərə getmişdim, yoqa ilə məşğul olmuşdum, kitablar oxumuşdum. Qaxa getmişdim. Günlərlə telefondan uzaq qalmışdım. Hər şeyə həvəsim ölmüşdü.

Dərmanlar mədəmi sıradan çıxarmışdı. 12 kilo arqılamışdım. Öz gözümdən düşmüşdüm, ancaq özümü ələ aldım.

Mən özümü müalicə etdim!

Bu barədə ətraflı yazacam. Məhz özümü bərpa etməyimlə bağlı xüsusi yazacam.

İndiki mövzu başqadır.

Bəli... Mənim kimi yaşından tez böyüyən, cinsiyyətini vaxtından əvvəl kəşf edən qızların əksəriyyəti bu travmanı alıblar və əksəriyyəti mənim kimi şiddətdən, sərt rəftardan həzz alırlar.

Mən mazoxistəm?

Bəli. Mən mazoxistəm.

Və bunun günahkarı mənim atamdır. Mənim qatilim atamdır!

Maşında özümə sual vermişdim ki, mən niyə gedirəm Natiqin çağırışına? Niyə qürurlu davranmıram? O kimdir ki, məni hotelə dəvət edir. Özü də dalımca gəlmir. Elə bil seks işçisiyəm.

Elə maşında özümə cavab vermişdim ki, axı mən bu cür təklifləri xoşlayıram, idarə edilməyi, təhqir olunmağı xoşlayıram.

Sonra da səbəblərini xatırlamışdım. Niyə? Mən niyə beləyəm?

Atamın polad əlləri, spirt qoxan nəfəsi, baxışları, səsi düşmüşdü yadıma.

Məni şilləyə atam öyrədib.

Yox, yox, o məni zorlamayıb. Qətiyyən!

Atam məni zorlasaydı, daha yüngül olardı.

O məni öldürüb...

Çatdıq: 3 manat 74 qəpik. Dörd manat verib düşdüm.

Hotelə gəlirsən, sürücü sənin haqqında nə düşünməlidir?
Əlbəttə, sən onun üçün ucuz fahişəsən. Hərdən güzgüdə baxışlarımız toqquşurdu, az qala gözləriylə məni yesin.

Düşüm, Natiq gözləyir.

Evə gedəndə yazacam...

Ardı var...

# 3848 dəfə oxunub

Müəllifin son yazıları

# # #