İngilis dilindən fərdi dərs aldığım yaraşıqlı gənc qadın heç cür fikrini cəmləyə bilmirdi. Axır ki dərdini açıb dedi.
Demə, ərinin deyingənlik azarı tutub. Səhərin gözü açılmamış yerli-yersiz gileylənməyə, şikayətlənməyə başlayıb. Gah deyib, boynum tutub, gah deyib, yastığım başımın altından qaçıb, gah deyib, qayğanağın duzu yoxdur və s.
Qadın əvvəl ona əhəmiyyət verməyib. Gün ərzində görəcəyi işlər yenə dağ kimi gözünə durub. Kişinin sözləri isə ona əsl dağ çəkib.
- De görüm, axırıncı dəfə nə vaxt qadın olmusan? Nə vaxt məni əsl qadın kimi qarşılamısan? Məhz mənim üçün geyinib-kecinmisən? Saçlarını mənim üçün daramısan? Hə, de görüm axırıncı dəfə nə vaxt qadın olmusan?
Qadın əvvəl çaşıb qalıb, qadın olduğu vaxtları xatırladıb, əslində, öz fikrincə bir an da qadın olmaqdan vaz keçməyib, uşaqlar, ev-eşik, ailə...
İki uşağın qayğısına qalmaq, bütün günü evin içində vurnuxmaq, təmizlik, bişir-düşür... Üstəlik, gün ərzində 4 saat ingilis dilindən fərdi dərs - çünki ailənin maddi ehtiyacları var, təkcə kişinin maaşıyla dolanmaq mümkün deyil. Nə vaxt evinin qadını olmaqdan vaz keçib ki?
Bu sözlərdən sonra da kişi təslim olmayıb:
- Evinin qadını olmaqdan vaz keçməmisən, amma mənim qadınım olduğunu unutmusan, mənim qadınım...
Gənc qadın yenə özünə haqq qazandırıb. “İdeal qadın istəyən kişi gərək özü də ideal olsun, arvadına problem yaşatmasın, nazını çəksin və s.” Amma kişini bu mühakimələr də susdurmayıb.
İngilis dili müəllimim köks ötürdü. Əcnəbi dillərin sirlərindən hali olan qadın öz ailəsinin dilini yadırğamışdı. Qadın bir gündə neçə dəfə “təkamül prosesindən” keçməlidir ki, həm ailənin qadını, həm də kişinin nəzərdə tutduğu “əsl qadın” ola bilsin?
Məşhur yazıçı Pirandello yazır ki, bizim hər birimizin içində bir dünya var. Biz o dünyayla barışıb yaşayırıq. Necə tələb edə bilərik ki, mənim içimdəki dünyamdan qopub gələn fikirləri öz dünyasının sərhədlərinin içində yaşayıb düşünən partnyorumuz anlasın? Bizə elə gəlir ki, bir-birimizi anlayırıq, əslində isə ancaq toqquşuruq.
Uşaq vaxtı bulvardakı sevimli karuselimizi - toqquşan arabacıqları xatırlayıram. Əslində heç nə dəyişməyib. Uşaq vaxtı maşınlarımız toqquşurdu, indi isə həyata, bir-birimizə olan baxışlarımız.
Bir ailənin içində özümüzə yer tapmırıq, ailə səadəti adlı anlayış xəyallara çevrilir, bir vaxtlar bir-birinə doğma adamlar iki özgə adama dönür.
Ailə qurduğum zaman tanış yaşlı bir xanımın mənə tövsiyəsini heç unuda bilmirəm:
- Özünə diqqət yetir, kosmetikadan istifadə et, ev üçün gözəl libaslar al. Bu ayların gözəlliyi bir də heç vaxt təkrar olmayacaq. Heç kimdə olmayıb, nə məndə, nə də digər birində. Səndə də olmayacaq.
Qadın bu sözləri elə əminliklə dedi ki, bu sözlərin kədərli həqiqətinə şübhəm qalmadı.
Belə çıxır, məsələ qadın ola bilməkdə və ya ola bilməməkdə deyil. Əsas məsələ insan oğlunun daim axtarış içində olmasıdır.
Kişilər nəyə görə xəyanət edir? Soruşsanız hərəsi bir səbəb deyəcək. Təbii, hədəf qadınlar olacaq. Amma bu işlər birtərəfli olmur.
Psixoloqlar deyir, kişilərin kənarda macəra axtarmalarının çox səbəbi var. Hətta bu meyl irsən keçir. Məsələn, uşaq vaxtı öz atasının xəyanətinə şahid olan kişi üçün bu, normal həyat tərzi kimi görünə bilər. Razılaşın ki, kiçik yaşlı uşağın ilk qəhrəmanı onun atasıdır.
Kişiləri macəra axtarmağa sövq edən səbəblərdən biri də özünə və ətrafdakılara nəsə sübut etmək istəyidir. Macərapərəst dostlarının əhatəsində olan kişidə istər-istəməz “niyə də mən yox?” sualı yaranır.
İnsanların eqosunun getdikcə yüksəldiyi, məsuliyyət hissinin azaldığı bir vaxtda belə suallar daha çox qabarır.
Ya da ki, kişi sadəcə olaraq arvadbazdır, vəssalam. Yenə müxtəlif səbəblər sadalamaq olar, amma nə yazıq ki, bu mərəzin çarəsi yoxdur.
Məncə, əsas məsələ axtarışın istiqamətini təyin edə bilməməkdir.
Bir dostumuz dediklərini xatırlayıram. O, kədərli bir qayıq kimi hansısa bir sahilə yan aldığını, rədd cavabı alanda həmin sahildən uzaqlaşıb başqa bir sahildə təsəlli tapmaq istədiyini demişdi.
Həm də bu yoldaşımız evliydi. Özü də bu sözləri elə bir məsum kövrəkliklə demişdi ki, elə bil o sahillər onun qəbul etməsə dünya dağılacaq.
İstiqaməti təyin edə bilməyən adam bütün həyatı boyu öz içində vurnuxur. Müxtəlif sahillərə yan alır, amma sonda məyus olur, evə dönür, yenə məyus olur. Günah keçisi axtarır.
Bəlkə, xoşbəxtliyi heç dərin dəryalarda aramağa ehtiyac yoxdur? Bəlkə, o, bizə təsəvvür etdiymizdən də yaxındir?
O zaman eksperiment etmək heç vaxt gec deyil. Məsələn, qadınlarda görməkdən xoşlandığınız hansısa bir paltarı həyat yoldaşınıza hədiyyə edib əcnəbi filmlərdə seyr etdyimiz kimi:
- Əzizim, bu paltarı mənim üçün geyinməyini istərdim, - demək olar.
Baş-başa tətilə çıxmaq, sevimli qadını yenidən kəşf etmək cəhdində bulunmaq olar. Qoy qadın da öz kişisini özü üçün yenidən kəşf etsin. Bu illər ərzində ailə qayğılarının ayırdığı iki nəfərin bir-birinə deyilməli o qədər sözü var ki.
Bir də bir dam altında 30 il birgə yaşayan cütlük də heç bir-birini sonacan tanımır. Bir-birimizi hər dəfə yenidən tanımağa çalışmaq bəzən zərurət olur.
Amma məsələnin başqa tərəfi də var.
“Axırıncı dəfə nə vaxt qadın olmusan?” deyən romantik kişi görəsən öz qadınına sonuncu dəfə nə vaxt əsl qadın xoşbəxtliyi yaşadıb? Onun ruhunu duymağa çalışıb?
Tanışımı görməyə getdiyim xəstəxanada xəstə arvadının nazını çəkən fədakar kişini unuda bilmirəm. Arvadının sözlərinə görə, əri ona qarşı əvvəllər çox soyuq və biganəymiş. Xəstəliyini biləndən sonra həmin laqeyd adamdan əsər-əlamət qalmayıb, arvadının kölgəsinə çevrilib. Yəqin, nə vaxtsa ideal qadın axtarışında olan bu kişi əsl ideal qadının bu illər ərzində əslində yanında olduğunu onu itirə biləcəyini anlayanda dərk edib.