Günel Natiq
“Direktor mənə əxlaqsız təklif etdi. Onunla intim münasibətdə olacağım təqdirdə səlahiyyətlərimin artırılacağını vəd etdi. Hətta mənim üçün ev də tikdirəcəyinə söz verdi.”
İndi gəlin baş verən bu olayı araşdıraq. Əxlaqsız təklif edən məktəb direktorudur. Seksual təzyiqə məruz qalan qadın isə məktəb müəlliməsidir, yəni direktorun tabeçiliyində işləyən müəllimədir. Direktor gənc qadının köməksizliyindən istifadə edib, müxtəlif vədlərdə bulunaraq ona təzyiq edib. Amma müəllimənin rədd cavabıyla üzləşib. Qəzəblənən direktor qadını iqnor edib, yəni görməməzlikdən gələrək, bir növ “yola gəlməyə” məcbur etmək istəyib.
Təsəvvür edin ki, bu vəziyyət təhsil ocağında yaşanır. Müqəddəs bir məkanda! Amma məkandan asılı olmayaraq belə situasiyalarla hər yerdə qarşılaşa bilərik. Daha öncəki məqalədə iş axtaran qadının köməksizliyindən faydalanaraq ona təcavüz etmək istəyən dazbaş bir müdirdən yazmışdıq. Mənəvi cəhətdən çirkin və yoxsul olan belə “dazbaşlar” kifayət qədərdir!
Yenə müəlliməyə qayıdaq. Məktəbə yeni işə düzələn müəllimə əvvəlki çətinliklərdən qurtulduğunu, nəhayət, öz yerini tapdığını güman edib. Və dörd əllə yeni işinə sarılıb. Direktorun da münasibəti elə əvvəlcədən müsbət olub. Yəni müəllimə elə düşünüb. Sən demə direktorun öz məqsədi varmış.
Direktor müəlliməni otağına çağıraraq daha üstün səlahiyyətləri olan vəzifə təklif edir. Müəllimə təəccüblənir: “Niyə məhz mən?” Direktor ona etibar etdiyini bildirir. Halbuki müəlliməni cəmi 1-2 aydır tanıyır. Maraqlı strategiyadır!
Və bir məqam nədənsə diqqətdən yayınır. Müəllimənin onu rədd etməsindən qəzəblənən direktor “hələ heç kim mənim sözümdən çıxmağa cəsarət etməyib”,- deyir. Deməli “ağsaqqal” qəhrəmanımız adətkarda imiş.
Müəllimə gözünə döndüyüm isə nə vəziyyətə təslim olur, nə də onsuz da iqnor edildiyi məktəbdən qovulacağını gözləyir. Birbaşa mediaya müraciət edib direktoru ifşa edir. Öz çirkin planının gerçəkləşməsini gözləyən direktoru bir növ zərərsizləşdirir!
Mübarizə üsulu mükəmməl olmaya bilər, əsas olan qadının öz haqqını müdafiə etməyə cəhd etməsidir. Bu isə onun vəziyyətinə düşən çox qadınlara stimul verir.
Hər bir qadın anlamalıdır ki, əslində o zəif və köməksiz deyil. Önəmli olan təhrik olunduğu savaşda təslim olmamaq, öz haqqı uğrunda mübarizə aparmaqdır.
Ən kiçik və önəmsiz görünən mübarizə üsulu da susqun və laqeyd qalmaqdan, taleyinin necə həll olunduğunu kənardan izləməkdən dəfələrlə üstündür!
Xatırladım ki, belə situasiyaya düşən qadınlardan intihar edənlər də olub. Müxtəlif seksual təzyiqlərlə üzləşib güzəştə gedən, lakin sonra daha çarəsiz durumlara sürüklənən qadınlar da var.
Onu da nəzərə alın ki, bir nəfərin taleyi bəzən bir toplumun müqəddəratını ifadə edir!
Bütün bu olanları nəzərə almalı olan toplumun isə yenə fikirləri birmənalı deyil. Sosial şəbəkələrdə zərərçəkmiş müəlliməylə bağlı rəylərin arasında onu qınayan insanlara rast gəldim. Hətta təhqir edənlər belə var. Yenə anlayışsızlıq üst səviyyədədir. İnsanlar anlamadan, araşdırmadan suçlamağa, mühakimə etməyə can atırlar. Elə bil öz uğursuzluqlarının səbəbini zavallı zərərçəkmişlərdə axtarır, bu yolla özlərini təsəlli edirlər!
Mənfi rəylər daha çox kişilərdən gəlir. Anlamadığım bir şey var. Olmaya gənc müəlliməyə seksual təzyiqdə bulunan “ağsaqqal” direktoru haqlı görürsünüz? Belə çıxır, əgər qadınsansa öz yerini bilməlisən, kim olmağından (müəllim, mühəndis, həkim) asılı olmayaraq bir peşən var, o da qadın olmaqdır?! Yoxsa hələ də aramızda feodal dövrünün qanunlarıyla yaşayan, qadınlara hüquqsuz şəxslər kimi baxan adamlar var?
Toplum günahları qadınlarda axtarmağa meyllidir və belə cəsarətli addıma hazır deyil.
Maraqlıdır ki, insanların əksəriyyətinin fikrincə, belə bir təşəbbüsdə bulunmaq (təzyiq göstərəni ifşa etmək) qadına hörmət gətirmir, əksinə adam içində onu başıaşağı edir. Elə bil əxlaqsızlığı direktor deyil, o edib!
Etiraf edin ki, gənc qadının başqa çıxış yolu yox idi. Ya direktorun təklifini qəbul edib, onun verdiyi imtiyazlara yiyələnərək həyatda qalmalı, ya da onu ifşa edib öz şəxsiyyətini təcavüzdən qorumalıydı.
Üç uşağının məsuliyyətini çiyinlərində daşıyan qadının toplumla üz-üzə gəlməkdən başqa yolu yox idi.
Və o, ən doğrusunu elədi.
O ki, qaldı “heç kimin sözündən çıxmağa cəsarət etmədiyi” “ağsaqqal” direktora, bundan sonra çətin ki, kimsə onun sözünə baxa…