SSRİ-nin ən yaxşı şairi “ingilis xəfiyyəsi” çıxdı

SSRİ-nin ən yaxşı şairi “ingilis xəfiyyəsi” çıxdı
2 mart 2016
# 15:40

Hər şey musiqidən başladı. Hə, bir də rəngkarlıqdan. Gələcək şairin anası Rozaliya İsidorovna Kaufman pianoçu idi, dahi Rubinşteynin tələbəsi olmuşdu. Atası Leonid Osipoviç Pasternak rəssam idi, Lev Tolstoyun əsərlərinə çəkdiyi illüstrasiyalarla məşhur idi.

Pasternakların ailəsində əsl yaradıcı atmosfer hökm sürürdü. Tez-tez evlərində konsertlər təşkil olunurdu. Skryabinin özü bu konsertlərdə çıxış edirdi. “Mən dünyada hər şeydən çox musiqini sevirdim, ən gözəl musiqiçi isə mənim üçün Skryabin idi”, – Boris Pasternak sonralar deyirdi. Valideynləri onu gələcəyin böyük musiqiçisi kimi görürdülər. Hələ gimnaziyada oxuyanda, o, konservatoriyanın bəstəkarlıq şöbəsinin 6 illik kursunu keçmişdi. Amma 1908-ci ildə Boris musiqini fəlsəfəyə dəyişir. O, sadəcə olaraq musiqi duyumunun olmamasını özünə bağışlaya bilməmişdi.

Pasternak Moskva universitetinin tarix-filoloji fakültəsinin fəlsəfə bölməsinə daxil olur. 1912-ci ilin yazında anasının yığdığı pullarla alman şəhəri Marburqda təhsilini davam etdirir. Bu şəhər o dövrdə fəlsəfi fikrin mərkəzi sayılırdı. “İnsan sanki burda keçmişin ucqar, əldən-ayaqdan uzaq gərginliyini yaşayır, alatoranlığı, bağların rayihəsini, gündüz ovqatını, dumanlı axşamları ərsəyə gətirən elə bu gərginlikdir”, – deyə Pasternak evə göndərdiyi məktubunda yazırdı.

Poeziyanın qəfil “gəlişi”

Marburq fəlsəfə məktəbinin direktoru Herman Koqen Pasternaka təklif edir ki, doktorluq dərəcəsi almaq üçün Almaniyada qalıb təhsilini davam etdirsin. Filosof kimi karyerası çox uğurlu başlamışdı. Amma musiqiçi kimi karyera qura bilməyən Pasternak fəsəfənin də daşını atmalı olur.

Məsələ burasındadır ki, o, həyatında birinci dəfə idi ki, aşiq olurdu. Bacısı ilə bərabər Marburqa onu görməyə gəlmiş keçmiş tələbəsi İda Vısotskaya onun qəlbinə hakim kəsilir. Bu elə bir böyük məhəbbət idi ki, özünü ancaq poeziyanın nəhayətsizliyinə təslim edə bilərdi.

Image result for борис пастернак

Şeir yazmaq istəyi əvvəllər də baş qaldırırdı, amma bu dəfə poeziyanın gəlişi dənizin çılğın dalğalarına bənzəyirdi, önündə duruş gətirmək mümkünsüz idi. Sonralar şair avtobioqrafik povestində öz seçimini fəlsəfi baxımdan belə izah edirdi: “Elə bir məqam olur ki, biz gerçəkliyi öyrənməkdən vaz keçirik. O, yeni kateqoriyada ortaya çıxır. Və bizə elə gəlir ki, bu kateqoriya yalnız onun özünə məxsusdur. Bunun bizə aidiyyatı yoxdur. Bundan başqa dünyada hər şeyin öz adı var. Biz Ona ad verməyə çalışırıq - incəsənət alınır.”

Moskvaya qayıdanda Pastenak ədəbi dərnəklərə daxil olur, 1914-cü ildə onun ilk şeirlər kitabı dərc olunur. Elə həmin il o, Vladimir Mayakovski ilə tanış olur. Onun Pasternakın erkən yaradıcılığına böyük təsiri var idi. “İncəsənət mənim aləmimdə faciədir, - deyə Pasternak yazırdı, - faciə isə Mayakovski”... Bu sözlər özündə dahiyanə kəşfi gizləyirdi. Yəni, şair-müəllif deyil, sadəcə olaraq lirikanın birinci şəxsin adından dünyaya müraciət etdiyi predmetidir.

Zövqlərin və istəklərin oxşarlığı getdikcə müstəqil fikrə çevrilir və bu da Pasternakı öz fərdi dünyabaxışını, dünyaduyumunu kəşf etməyə sövq edirdi.

Üçüncü kitabındakı şeirlərin hamısı yeni idi, təbiətə münasibət sanki təbiətin öz içindən gəlirdi. Pasternakın şeirində o yeni özəlliklər əxz edirdi. İldırım, dan yeri, külək sanki insana çevrilir, dolab, güzgü, əlüzyuyan canlanır, müstəqil həyat yaşayırdı.

“Pasternakın gəzişmələri yuxuya bənzəyir”, - yazırdı Marina Svetayeva - “Biz onu anlamırıq. Biz onun təsiri altına düşürük, onun əhatəsində oluruq... Biz onu ağılla deyil, instinktlə anlayırıq... Biz Pasternakı heyvanlar bizi başa düşdüyü kimi başa düşürük”...

Həyatın ağ-qara zolaqları

1921-ci ildə Pasternakın valideynləri Lunaçarskinin ərizəsinə görə Rusiyanı tərk edib Berlində yerləşirlər. Pasternakın ailəsi ilə məktublaşmaları digər mühacirlərə də diqqəti çəkir. Pasternak Svetayeva ilə, onun vasitəsilə ilə Rilke ilə tanış olur. Bu yazışmalar rus ədəbiyyatına nadir ədəbi nümunələr kimi daxil olur.

1922-ci ildə Pasternak rəssam qadın Yevgeniya Lure ilə evlənir.

1923-cü ildə onların Yevgeni adlı oğulları dünyaya gəlir.

1920-30-cu illərdə sovet hökuməti Pasternakın yaradıcılığını yüksək dəyərləndirir. Şair Sovet Yazıçılar Birliyində fəal iştirak edir, 1934-cü ildə birliyin ilk qurultayında Buxarin rəsmi olaraq onu Sovet İttifaqının ən yaxşı şairi elan edir.

1932-ci ildə o, birinci həyat yoldaşından ayrılıb Zinaida Neyqauzla evlənir. Elə həmin il dərc olunan “İkinci doğuluş” adlı kitabında o dövrün ovqatına uyğunlaşmaq cəhdi duyulurdu. Amma 1935-ci ilin yanvarında şairə münasibət kökündən dəyişir. Onu yalnız tərki-dünyalıqda deyil, həm də dövrün ab-havasına uyğun yazıb-yaratmamaqda suçlayırdılar. Getdikcə onun yeni hökumətə meyli azalır, bütün ruhuyla sovet ədəbiyyatına ögeyləşirdi. İndi Pasternak şeiri onun özəl duyğularını ifadə edir və faciəvi notlara söykənirdi.

1935-ci ildə Pasternak Axmatovaya və onun oğluna dəstək olur, Pasternakın Stalinə məktubundan sonra onlar azad edilir. 1937-ci ildə şair daha bir vətəndaş qəhrəmanlığı göstərir - Tuxaçevskinin və başqalarının güllələnməsinə dair məktubu imzalamaqdan imtina edir. Hətta repressiyaya məruz qalan Pilnyakı nümayişkaranə şəkildə evində ziyarət edir. Bir çox insana, eləcə də Marina Svetayevanın qızına maddi yardım göstərir.

Gözəlliyi dünya kimi sirli qadın - Olqa İvinskaya

Boris Pasternak iki dəfə evli olmuşdu, amma heç bir arvadına Olqaya yazdığı kimi incə duyumlu şeirlər yazmamışdı. Pasternakın insan qəlbinin ən incə tellərinə toxunan şeirlərinin qəhrəmanı ilə o, heç vaxt evli olmamışdı. Onlar öz dünyalarında evliydilər. Pasternak məşhur “Doktor Jivaqo” əsərindəki Lara surətini ona baxıb yaratmışdı.

Onlar tanış olanda Boris Leonidoviç artıq məşhur şair idi, Olqa Vsevolodovna isə “Yeni dünya” jurnalında kiçik redaktor kimi çalışırdı. Pasternakın 56 yaşı vardı, qadının 34.

1946-cı il. Bu görüşü təsadüfi də adlandırmaq olardı. Pasternak Olqa ilə jurnalın redaksiyasına gəlişi vaxtı tanış olur. Onlar bir az söhbət edirlər, şair gedəndə öz kitablarını ona göndərəcəyini vəd edir və sabahısı gün 5 cilddən ibarət kitab olan paket göndərir.

O gündən sonra onlar demək olar ki, hər gün görüşməyə başlayırlar. Moskvanın rəngsiz küçələri onlara bayram xoşbəxtliyi vəd edirdi...

Olqa qəşəng qadın idi, iri gözlü, sarışın saçlı... Ən önəmlisi isə o, Pasternakın şeirlərinin vurğunu idi. Hələ məktəb illərində şairin iştirakıyla keçən tədbirləri yaxşı xatırlayırdı. Onda o, məktəbli qız idi. Amma əfsus ki, ötüb-keçən zaman o şeirlərdəki duyğuları ona yaşatmamışdı. İki evliliyindən iki övladı və xoşagəlməz xatirələr qalmışdı.

Bir gün, belə gəzintilərin birində Pasternak dedi:

- Mən istəyirəm, siz artıq mənə “sən” deyə müraciət edəsiz. Çünki “siz” artıq yalana oxşayır.

Həmin günün axşamı o, Olqaya zəng vurur və deyir:

- Mən səni sevirəm və artıq mənim bütün həyatım bu sevgidən asılıdır.

O çağlarda Pasternak 10 il idi ki, Zinaida Neyqauzla evil idi, onların nikahı xoşbəxt sayılırdı. Bir-birlərini tamamlayan xoşbəxt cütlüyün Leonid adlı oğulları vardı. Ailəsindən ayrılmaq istəməyən Pasternak 1947-ci ilin aprelində qərar qəbul edir. Ailəsinə olan borc hissi onu Olqadan ayrılmağa sövq edirdi. Ancaq elə ertəsi gün Pasternak ayrılığa dözə bilməyib yenidən Olqanın yanına gəlir.

O, demək olar ki, iki ailə arasında qalır. Günlər belə keçir. 1949-cu ildə Olqanı həbs edirlər. Onu Pasternakla əlaqədə suçlayırdılar və iddia edirdilər ki, Pastenak “ingilis xəfiyyəsi” dir. Maraqlıdır ki, şairin özünə dəyib-toxunmurdular. Bəlkə də sevdiyi qadını həbsdə saxlamaqla onu şantaj eləmək və gözünü qorxutmaq istəyirdilər.

İstintaq vaxtı Olqa Vsevolodovna Paternakın “antisovet fəaliyyəti” ilə bağlı heç nə demədi. O, yalnız eyni sözləri təkrar edirdi: “Mən onu sevirəm”.

Ona əzab verirdilər, hətta bir dəfə huşunu itirən Olqanı guya təsadüfən morqa aparmışdılar…

Nəhayət, hökm oxundu. “Şübhəli şəxslərlə yaxın əlaqəsinə görə” onu 5 illik sürgünə göndərdilər. 3 il yarım Olqa Potma yaxınlığındakı düşərgədə qaldı. Bir dəfə onu düşərgənin rəisinin otağına çağırıb Pasternakın 12 səhifədən ibarət məktubunu və şeirlər kitabını verdilər. Qadın onları özüylə apara bilməzdi. Olqa səhərə kimi yatmayıb şeirləri oxudu….

“İkinci doğuluş”

1953-cü ildə İvinskaya sürgündən geri qayıtdı. Pasternakla əlaqələri yenidən davam edirdi. 1958-ci ildə Pasternaka “Doktor Jivaqo” əsərinə görə Nobel verdilər. Ona təzyiqlər başladı, SSRİ Yazıçılar Birliyindən çıxardılar, tələb etdilər ki, ölkəni tərk etsin.

Pasternak böhran yaşayırdı. Bir gün o, Olqanın evinə gəlir və təklif edir ki, birlikdə yuxu dərmanı içib intihar etsinlər. Olqa razı olmur. Pasternakın adından o, Xruşşova məktub yazır və deyir ki, Nobeldən imtina edirəm, təki mənə icazə verin, vətənimdə qalım. Hər şeydən usanmış Pasternak imzasını qoyur.

1960-cı ildə Pasternak Peredelkinodakı bağ evində dünyasını dəyişir.

Ölümündən bir neçə gün qabaq o, Olqa ilə görüşlərdən qaçırdı, xahiş edirdi ki, onu evə buraxmasınlar, çünki arvadı ilə Olqanın növbəti dava-dalaşının şahidi olmaq istəmirdi. İvinskaya onunla halallaşa bilmədi, yalnız dəfninə gələ bildi…

Tale Olqaya daha bir sınaq hazırlamışdı. Belə ki, Pasternak “Doktor Jivaqo”nun xaricdə dərc olunmuş nəşrlərindən gələn qonorarının bir hissəsini Olqaya və onun ailəsinə vəsiyyət etmişdi. Elə bu da onun və qızının həbs olunmasına səbəb oldu. Onları 1960-cı ilin avqustunda siyasi qadın dustaqların düşərgəsinə sürgün edirlər. İvinskaya evinə ancaq 1964-cü ilin avqustunda qayıda bilir.

Olqa Vsevolodovna 1995-ci ildə 83 yaşında dünyasını dəyişir. O vaxta qədər “Zamanın əsirliyində. Pasternakla keçən illər” xatirə-memuarını yazıb tamamlaya bilir. Bir çoxları üçün o, şairin ilham pərisi olaraq qaldı, o ilham pərisi ki, Pasternakın onun haqqında yazdığı kimi, “gözəlliyinin sirrini çözmək həyatın gizlinini yozmaq demək idi”…

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #