Fikrət Qoca getdi, geridə nəyi qaldı?

Fikrət Qoca getdi, geridə nəyi qaldı?
6 may 2021
# 10:59

Bəstəkar Ruhəngiz Qasımova proqramların birində “Ay ana, dostum evlənir” mahnısının tarixçəsindən danışmışdı. 70-ci illərin söhbəti imiş. Ruhəngiz Qasımova həmin vaxt gələcək həyat yoldaşıyla tanış olub. Amma oğlan utancaq olduğundan ürəyini açmağa cəsarət etmirmiş.

Ruhəngiz xanım bu söhbəti redaksiyada açıb danışır. Onunla bir kollektivdə çalışan şair Fikrət Qoca bu məsələyə çarə tapır və “Anacan, dostum evlənir” şeirini yazır. Ruhəngiz xanım bu sözlərə mahnı bəstələyir. Mahnı populyarlaşmaqla bərabər, utancaq oğlanın da dilini açır...

Məsələ bundadır ki, Fikrət Qoca bu sehrli sözləri sanki həmin oğlanın dilindən qələmə almışdı. Sözlə insan qəlbinin qaynayıb-qarışması- bu özəllik Fikrət Qoca poeziyasını doğma, canayaxın edirdi.

Polad Bülbüloğlunun vətənimizin sərhədlərini aşan mahnısının hər zaman bizi bizə qaytaran sözləri də Fikrət Qoca qələmindən süzülüb gəlmişdi.

Yenə bu səhər
Günəş nur yerə ələr,
Bir təzə nağıl
Başlar dünya...

Payızın hər gəlişini - həm xiffətini, həm kövrəkliyini bizə xatırladan, 80-ci illərin cavanlarının dilindən düşməyən, əslində nəsillər dəyişsə də, qəlbimizdəki yeri heç dəyişməyən tanış və doğma sözlər:

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, ah yağdı yağışlar...

Fikrət Qocanın bir yaradıcı özəlliyi də vardı ki, peşəkarlıqla yazılan sözləri böyük kütləyə sevdirə bilirdi. Bu üstünlüyünü qüsur kimi görənlər də vardı. Amma unudurdular ki, yalnız sadə olan müdrikdir. Yəni sadəliklə müdrikliyin bir-birinə çevrilən bir məqamı var ki, o anı yaxalamaq hər şairə nəsib olmur.

Fikrət Qocanın “Qaçqın gəlin” şeirinin yükünü bir karvan qaldırmaz. “Yaxan düymələ” xalq mahnısının avazında yazıb bu şeiri.

Evi viran qalan bacım,
Gözü-könlü talan bacım.
Ala gözə bulud qonur,
Göz yaşın qəlbinə axır.
Sinəni yandırır, yaxır,
Yuxarıdan Tanrı baxır,
"Yaxan düymələ, düymələ".

Şeir boyu qaçqın gəlnin ağrı-acılarını bu sözlər təqib edir: “Yaxan düymələ düymələ”.

Susub qəlbimdə inlərəm:
"Bəndləri uçuq ellərim,
Yaxası açıq evlərim,
Yaxan düymələ, düymələ".

Burda həm dil-söz oyunu var, həm türkülərin həyatımızla qoşa getməsi, həm ürəyimizdən qopan sözlərin həyatın hər üzündə yanımızda olması, özünü xatırlatması, daha nələr, nələr...

Bu şeir o qədər xəlqidir ki, hansı tərəfdən baxsan, ancaq vətən görünər.

Fikrət Qoca mütəvaziliyini, insanpərvərliyini qoruyub saxlamış bir insan idi. Yazıçılar Birliyinə qəbul edilməyimdə Fikrət müəllimin rolu vardı. İlk kitabımı oxuyub bəyənmişdi. Sonra da xoş münasibətinin şahidi olmuşdum. Axırıncı dəfə Yazıçılar Birliyindən binasından çıxanda gördüm onu. Fikirli idi. Bir neçə addım atıb dayandı. Sanki hansı tərəfə gedəcəyini kəsdirə bilmirdi. Karantin dövrüydü. Görünür, ürəyi darıxırdı, şair qəlbi qadağaların məngənəsində çırpınırdı.

Son şeirlərinin birində də bu barədə bəhs edirdi. O, epidemiyadan qorxmurdu, bu problemin insanlarda təlaş, qorxu yaradacağından, onların öz sevinclərini, nəğmələrini itirəcəyindən narahat idi. O, dar otaqda gizlənmək, qorunmaq istəmirdi, əksinə, bəşəriyyəti saran bəlalarla kəllə-kəlləyə gəlmək istəyirdi. Bu şeir Qarabağda yeni tarix yazdığımız vaxtlara təsadüf edirdi. 85 yaşlı şair yenidən doğulmaq, meydana çıxmaq, qəhrəman olmaq əzmindəydi.

Elə bil kimsə mənə qarğış eləyib:
“Vətən müharibəsi dövründə,
Koronavirusdan öləsən evində".
Bundan alçaq ölüm olmaz.
Bundan ağır zülm olmaz.
Qoca bir çinar kimi,
Ayaqlarımla yerə əkilmişəm.
Elə bil yerlə göy arasında,
Çarmıxa çəkilmişəm.

“Məzarıma gedən yolçuyam” deyən şair dünyanın gəliş gedişini soraqlayırdı. “Atam səma, anam torpaq” deyə hardan gəlib hara getdiyini sorğulayırdı:

Milyon kilometrlərlə ömür yaşamışam

Kim bilir harda dayanacağam.

Fikrət Qoca yolçuluğu mənzilbaşına vardı. Amma bu son deyil. Təkcə ona görə yox ki, əsərləri onu yaşadacaq. Həm də ona görə ki, ənginliklərə can atan şair məzarlara sığmaz, yenidən doğulmaq, yenidən vuruşmaq, qəhrəman olmaq üçün bir yol tapıb yenidən gələr dünyaya...

# 3924 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #