Taksi sürücüsünün telefonda mənə göstərdiyi şəkil

Taksi sürücüsünün  telefonda mənə göstərdiyi şəkil
20 aprel 2021
# 10:39

Kulis.az Günel Natiqin "Xoşbəxt taksi sürücüsü" adlı yazısını təqdim edir.

O gün hava bir az küləkli idi, ona görə taksiylə getməyi qərara aldım. Dalğın idim; pandemiya dövrünün təlaşı, böyüklü-kiçikli problemlər...

Taksi sürücüsü xoş görünüşlü, mehriban bir cavan adam idi. Hara getdiyimi biləndə gülümsünərək dedi:

- Ooo... Şəhərin gözəl yerlərindən biridir!

- Gözəl? Mən deməzdim... Mənzillər çox dardır, işıqdan da kasaddır.... Valideynlərim isə çox bağlıdır o mənzilə, ayrılmaq istəmirlər.

- Valideynləriniz? Siz valideynlərinizlə birlikdə yaşayırsınız? Bu ki xoşbəxtlikdir.

- Bəli, xoşbəxtlikdir, - deyə mən razılaşdım, - amma...

- Mən bir neçə il öz ailəmlə birlikdə valideynlərimin yanında yaşadım, indi ayrı yaşayırıq, amma onlarla bir yerdə olanda da, indi də çox xoşbəxtik, - sürücü dedi.

- Yəqin ki mənzil şəraitiniz çox yaxşıdır?

- Yox, birotaqlı evdə, kirayədə yaşayırıq. İki də uşağımız var. Amma biz də, uşaqlarımız da özümüzü çox xoşbəxt hiss edirik.

Sürücü bunu deyib əlini sükandan ayırmadan telefonunu açıb ekrandakı şəkli göstərdi.

- Bir baxın, belə uşaqlarla xoşbəxt olmamaq olarmı?

Sarışın saçlı iki uşaq - oğlan və qız telefonun ekranından bizə baxıb gülümsəyirdi. Xoşbəxt ailənin övladları... İçimə işıq sızdı. Çoxdandır ki, xoşbəxt insan görmürəm. Hamı nədənsə şikayətlənir, gileylənir. Bu gileylər yalnız indiki pandemiya dövrünə aid məsələ deyil. Ümumiyyətlə insan xisləti elədir ki, malik olduğundan daha çox şeyə sahib olmaq istəyir.

Məsələn, həyatdan istədiyimiz təxminən bu şəkildə olur: tanış ailədəki bir uşaq görməmişliyi ilə seçilirdi. Bir dəfə atasından ona velosiped almasını xahiş etdi.

- Mütləq alacam, - deyə atası vəd etdi.

Uşaq fikrə getdi:

- Neçə dənə?

- Bir dənə.

- Elə bircə dənəmi?

- Yaxşı, ikisini alaram.

- İkicə dənəmi?

- Üçünü alaram...

- Üçcə dənəmi?

Söhbətin şahidi olanlar balaca qızın bu sözünə güldü. Yəqin ki, qızcığazın sərhəd bilməyən arzularının onların həyata baxışının kiçik modeli olduğunun fərqində deyildilər. Məgər biz böyüklər belə deyilikmi?

Bax, həmin o balaca qızın arzularına oxşayır istəklərimiz. Getdikcə azalmır, çoxalır.

Bu istəklər mənəviyyatımızı korlayır, düşüncələrimizi zədələyir. Sahib olduğumuzdan da zövq ala bilmirik. Bahalı mağazaların vitrinləri arxasında axtarırıq xoşbəxtliyi. Vara bilmədiyimiz üçün xoşbəxtliyi də əlçatmaz sayırıq. Halbuki sadə bir aksioma var: xoşbəxtlik - biz onu gördüyümüz yerdədir.

Mən iş yerlərindəki konfliktlərin səviyyəsini təxminən bu şəkildə görmüşəm:

- İş yoldaşım məndən daha çox məvacib alır.

- Bəs özün?

- Özüm də yaxşı alıram, amma o daha çox alır.

Bu tip düşüncələrin insanların həyatını necə zəhərlədiyinin, onları bir-birinə düşmən etdiyinin özüm dəfələrlə şahidi olmuşam.

...Onlar çox yaxın rəfiqəydilər. Amma günlərin birində birinin maaşı yüksəldiyi üçün digər qadın ona düşmən kəsildi. Halbuki birlikdə gözəl günlər keçirmişdilər, çörək kəsmişdilər. Amma artıq bir-birinin üzünə belə baxmırdılar. Bu intriqalar onların həyatının ən gözəl illərini əllərindən aldı. İndi ikisi də həyatda yoxdur. Əgər o həyatı, o vaxtı geri qaytarmaq mümkün olsaydı, görəsən yenə də dostluqlarını bu mənasız mübarizəyə qurban verərdilərmi?

“Pul hər şey deyil”, - deyə saxta müdrikliyə qapılmayacağam. Pul əlbəttə ki, çox şeydir, hətta insanın mahiyyətini belə həll edir... Hər halda biz belə düşünürük.

Bəs necə edə bilərik ki, puldan asılı vəziyyətdə olmayaq, xoşbəxtliyi bahalı evlərdə, səyahətlərdə axtarmayaq? Axı hamımız rahatlıq istəyirik, yaxşı geyinmək, gəzmək istəyirik? “Niyyətin hara, mənzilin” ora deyən ataların sözünə söykənərək çox şey arzulayır və daha yüksəyə çatmaq üçün arzularımızı da çoxpilləli, çoxmərtəbəli edirik.

Dərk edən insan həyatın mahiyyətini anlayır. Məsələyə dərindən baxsaq, görərik ki, əslində həyat yel dəyirmanıdı, biz isə Don Kixot. Biz əjdahalarla mübarizə etdiyimizi sanırıq, amma əslində isə sadəcə yel dəyirmanıyla döyüşürük. Hansı mənsəbə çatmağımızdan, nələrə nail olmağımızdan asılı olmayaraq son nəhayətdə həyatımızı başladığımız yerə, Puşkinin nağılındakı balıqçı arvadı kimi daxmamıza və təknəmizə qayıdırıq.

Elə ona görə bu sadə həqiqəti bildiyi üçün xoşbəxtliyi yaxalayan həmin taksi sürücüsü mənim nəzərimdə ən böyük müdrikdi. Söhbət əsnasında ixtisasca ingilis dili müəllimi olduğunu, amma ixtisası üzrə işləmədiyini, çünki belədə özünü daha azad hiss etdiyini dedi. Seçim azadlığı da xoşbəxtlikdir, deyə düşündüm.

Mənzilbaşına çatdığımızda ödəniş haqqını - 2 manatı sürücüyə verib düşəndə o, ingiliscə nəsə dedi.

-Bəli?-deyə geri döndüm.

-Pulun azı da puldur, çoxu da, - deyə sürücü gülümsədi.

# 3460 dəfə oxunub

Müəllifin son yazıları

# # #