Velosipedi, helikopteri, pulemyotu 500 il öncə kəşf edən dahi

Velosipedi, helikopteri, pulemyotu 500 il öncə kəşf edən dahi
1 oktyabr 2019
# 17:30

Kral sarayında böyük nüfuz sahibi olan qoca düşüncələrə qərq olmuşdu. Əslində, düşünmək üçün indi daha çox vaxtı vardı. Xeyli müddət idi ki, təkbaşına hərəkət edə bilmirdi. Halbuki, həmişə belə hesab etmişdi ki, həyatın özülü hərəkətdir... Ömrü boyu yorulmadan çalışmışdı. İndi dünyagörmüş qoca belə düşünürdü:“böyük xidmətlər - yalnız böyük rəzilliklərlə mükafatlandırılır”...

Ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi, yazıçı və nəhayət, İntibah dövrü təsviri sənətinin parlaq nümayəndəsi Leonardo da Vinçi 15 aprel, 1452-ci ildə Florensiyanın yaxınlığında, Vinçi adlanan yerdə doğulub. Atası Messer Pyero varlı-hallı hüquq məsləhətçisi idi. Üstəlik, qadınlara qarşı biganə deyildi. 77 illik ömründə, o, 4 dəfə evlənib-ayrılmış və 12 övlad sahibi olmuşdu. Leonardo onun nikahdankənar övladı idi.

Leonardonu dünyaya gətirən qadın, deyilənə görə, Katerina adlı sadə kəndli qızı idi. O, doğulandan az sonra atası onu Katerina ilə birgə kəndə göndərir. Amma bir neçə ildən sonra evləndiyi qadından övladı olmadığı üçün Messer Pyero yenidən Leonardonu öz evinə gətirir. Oğlana yaxşı təhsil verilir, yazıb-oxumaq, riyaziyyat, latın dili öyrədilir. Onun qeyri-adi qabiliyyətlərindən biri də yazı yazma üsulu idi. O solaxay idi və sağdan-sola elə yazırdı ki, hərfləri ancaq güzgünün köməyilə oxumaq olurdu. Məktub yazanda isə ənənəvi qaydadan istifadə edirdi.

Atası onun hüquqşünas olmasını arzulayırdı, hərçənd bilirdi ki, bu, mümkün deyil. O dövrün qanunlarına görə, nikahdankənar uşaqlar elitar təbəqəyə məxsus olan peşələrə yiyələnə bilməzdilər. Odur ki, ata oğlunun rəssamlıq istedadına diqqət verir. Onun rəsmləri hətta Preyonun köhnə dostu, məşhur rəssam Verokkonun da marağına səbəb olmuşdu. Leonardo Verokkodan rəssamlıq dərsləri almağa başlayır. 20 yaşına çatanda onun rəssamlıq istedadı artıq kimsədə şübhə doğurmurdi.

Bir dəfə Verokko “İsanın xaç suyuna salınması” tablosunu təsvir etmək sifarişini alır. Adətən ikinci dərəcəli fiqurların öhdəsindən şagirdlər gəlirdi. Leonardoya da mələklərdən birini təsvir etmək tapşırılır. Leonardo risk etməyi qərara alır və öz payına düşən təsvirləri yenicə kəşf olunmuş yağlı boyalarla çəkir. Ustadı onun işini çox bəyənir və “şagirdim artıq məni ötüb-keçdi” - deyir.

Leonardo rəssamlığın bir neçə texnikasını da mənimsəyir və 1476-cı ildə sonra özünə emalatxana açır.

1482-ci ildə o, Milanın hökmdarı hersoq Lüdovik Svarsın sarayına dəvət alır. Əvvəllər Leonardo sarayda təşkilatçı kimi işləyir, bayram mərasimləri üçün libas və maskalar düşünüb-tapır, texniki möcüzələr icad edirdi. Sonralar isə o, hərbi mühəndis, arxitektor, hidrotexnik, saray rəssamı vəzifələrini də icra etməyə başlayır. Eyni zamanda bir çox elmi və texniki kəşflər edir.

1483-85-ci illərdə Milanda vəbadan 50 minə yaxın insan dünyasını dəyişir. O, hersoqa yeni şəhər salmağı təklif edir və eskizini çəkib hazırlayır. Ancaq digər layihələr kimi bu plan da hersoq tərəfindən rədd edilir.

Leonardoya Rəssamlıq Akademiyası yaratmaq təklif olunur. Rəssam işıq-kölgə, nəzəriyyə, təcrübə haqqında dərsliklər hazırlayır. Beləliklə, Milanda Lombard məktəbi ərsəyə gəlir. Lüdovik Svars taxtdan endikdən sonra Leonardo Milanı tərk edir və müxtəlif illərdə Florensiyada, Venesiyada, Mantyedə yaşayır.

5 əsr gözləmək

Velosiped, sualtı qayıq, helikopter, hesablayıcı cihaz - bütün bunlar heç də 19, ya 20-ci əsrin kəşfləri deyil. Leonardo da Vinçi onları hələ 15-ci əsrdə kəşf edib! Sadəcə ixtiraların eskizləri kağız üzərində qalıb və həyata keçirilməyib. Yəqin ki, bunun üçün əlverişli şərait olmayıb, ya da rəssam özü buna cəhd etməyib.

“Heç olmasa bircə kərə uçmağa cəhd et. Onda sən gözlərini göylərdən ayırmayacaqsan. Bircə kərə orda olduqdan sonra ömür boyu göylərin xiffətini edəcəksən”. Rəssam uçan quşlara tamaşa etməyi çox sevirdi. Əgər o da quşlar kimi sərbəst və azad ola bilsəydi! Nə olsun ki, bunun üçün insanın qanadları yoxdur, onu yaratmaq ki, mümkündür! Beləcə, paraşüt ideyası meydana gəlir.

Leonardo da Vinçi olüm cihazlarına nifrət edirdi və qeydlərində insanların həyatına son qoyan bu cihazları lənətləyirdi. Ancaq düşməni məhv etmək üçün onlara ehtiyac vardı. Rəssam çox düşündükdən sonra pulemyotun ilkin formasını işləyib-hazırlayır. Dövrünə görə bu, dahiyanə ixtira idi.

Leonardo da Vinçi insan anatomiyasını öyrənirdi, əlbəttə ki, bir rəssamın bu bilgilərə hava-su kimi ehtiyacı vardı, amma o, məsələyə həm də bir ixtiraçı kimi yanaşırdı. Zəruri bilgilərə yiyələndikdən sonra rəssam yeriyən insan-robotun sxemini çəkir. Deyilənə görə, onun bu ixtirası digərləri kimi kağız üzərində qalmır, rəssam yeni kəşfini həyata keçirir. Saray bayramlarında qeyri-adi qurğu misli görünməmiş əyləncəyə çevrilir.

“Müəllifi deyil, onun fikrini tənqid edin”

Rəssam, memar, yazıçı, mühəndis... Bəs, əslində, Leonardo da Vinçi kim idi? Onun həyat tərzi haqqında müxtəlif fikirlər dolaşırdı, amma şübhələr və iddialar onun yaratdıqları qarşısında aciz idi. O, dinclik bilmədən elə hey nə isə quraşdırır, gah sualtı qayıq, gah da hansısa qeyri-adi qurğu ərsəyə gətirirdi. Əsas olan insanlara faydalı ola bilmək idi. Vinçi belə düşünür və xəyalən yeni səyahətlərə çıxırdı. Onun fikrincə, insanların sevgisini qazanmağın başqa yolları da vardı. Məsələn, “hörmət zor gücünə qazanılmır, özünüzə sadiq dost qazanmaq istəyirsinizsə, nəcib və alicənab olun, onların ehtiyaclarıyla maraqlanın, qayğı göstərin, son tikənizi belə bölməyə hazır olun”. Və yaxud belə bir qeyd:“Tənqid edərkən, müəllifi deyil, onun fikrini tənqid edin”.

Leonardo da Vinçi təbiəti onun bütün canlılarıyla birlikdə sevirdi. O, vegeteriyan idi. Nəinki ət yemir, hətta inək südü belə içmirdi. Onun fikrincə, inək südü içmək oğurluq sayılırdı. Qəfəsə salınmış quşlar da göy üzünün xiffətini edirdi. Elə bu səbəbdən, Da Vinçi quş satılan yerlərə gedər, qəfəsdəki quşları satın alıb, azadlığa buraxardı.

Mona Liza kimdir?

İncəsənət hüdudsuzdur. Orda faktlardan azadıq və öz xəyallarımız boyu yol gedirik. Anlaya bilmədiyimiz məqamlar var, amma intuisiyamız bizə nə edəcəyimizi pıçıldayır və biz anlayırıq.

Mona Lizanı anlaya bilmək üçün rəsmi məlumatlardan çox intuisiyamıza arxalanırıq. Çünki Leonardo da Vinçinin bu məşhur əsəri faktlardan asılı deyil, əksinə, əsərlə bağlı rəsmi bilgilər fikirləri daha da dolaşığa salır. Məsələn, rəsmən belə qəbul edilib ki, Mona Liza florensiyalı bir tacirin zövcəsi Liza Gerardinin əksidir. Tarixçi Vazzario da bunu təsdiqləyir, sonra əlavə edir ki, rəssam əsər üzərində 4 il işləyib və başa çatdırmayıb. Halbuki o, qeydlərinin başqa bir yerində, əsərdə ən incə detalın belə əks olunduğunu yazır.

Maraqlıdır ki, Mona Lizanın baxışları onun müəllifinin baxışlarına çox bənzəyir. Ümumiyyətlə, rəssam və onun qəhrəmanı arasında xeyli oxşarlıq var. Bəlkə buna görə tədqiqatçıların bir qismi Mona Lizanın, rəssamın öz avtoportreti olduğu qənaətindədir.

Mona Lizanın güclə sezilən müəmmalı təbəssümü onu daha da sirli və cazibədar edir. Sanki tamaşaçı onu deyil, o, tamaşaçını izləyir və gözdən itənə qədər müşahidə edir. Onun özü isə xəyallarımız boyu gah gözdən itir, gah da yenidən peyda olub yozumsuz suallarla fikirlərimizi məşğul edir. Görəsən, bu sirli qadının özü nə haqqında düşünür? Tədqiqatçılar deyirlər ki, Mona Lizanın çöhrəsi ağıl və iradənin təcəssümüdür. O, intellekti ilə diqqəti çəkir. Halbuki, o dövrdə qadınlar lirik obrazda təsvir olunurdu. Mona Lizanın kimliyi bu mənada da sual doğurur. Bu əsər, eləcə də insanın daxili azadlığını, mənəvi harmoniyasını ifadə edir. Əsərin daha bir nadir cəhəti budur ki, çox şəffaf boyalarla işlənib, tablonun üzərində hədsiz nazik boya qatı var. Mikroskop da, rentgen şüaları da qatların sayını müəyyən etməyə qadir deyil. Sanki Mona Liza təsvir deyil, canlı insandır.

Əsər haqqında maraqlı versiyalardan birini də italyan alimi Anjelo Paratiko irəli sürüb. Bir neçə il Şərqdə yaşayıb tədqiqat aparan Paratikonun sözlərinə görə, rəssam portretdə öz anasını təsvir edib, alimin fikrincə, o, Çindən gətirilmiş bir kəniz olub.

Tədqiqatçılar və ayrı-ayrı fikirlər bir-birini inkar edir. Mona Liza isə hələ də öz sehrli təbəssümüylə bizə baxıb gülümsəyir...

Yarımçıq tablolar və bitkin ömür

Leonardo da Vinçi tablolarından çoxunu yarımçıq qoyurdu. Məsələn, o, tabloya bir-iki fırça çəkdikdən sonra bir neçə günlüyə şəhərdən gedir, bir sualtı qurğunu işə salmaq üçün dəniz kənarına yollanırdı. Əslində, hər hansı bir iş onun üçün həyatın özünü ifadə edirdi. Ondan ötrü işi başa çatdırmaq - həyatı öldürmək demək idi. Görünür, o, bu boşluqları özü bilərəkdən qoyurdu, bəlkə də istəyirdi ki, həmin boşluqlara həyat özü müdaxilə etsin, vaxtın, zamanın səhvlərini “düzəltsin”. Ola bilsin ki, elə ona görə də eskizlərini həyata keçirməyə tələsmirdi.

1516-cı ildə Leonardo da Vinçi 1-ci Fransiskin dəvəti ilə Fransaya gedir, sarayın baş rəssamı, memarı və mühəndisi kimi işə başlayır. Ancaq iki ildən sonra ağır xəstələnir. Artıq təkbaşına gəzmək çətinləşmişdi. Ölümün yaxınlaşdığını hiss edən ustad, ruhunu xilas etmək üçün gecə-gündüz Bibliya oxuyur, bütün vaxtını dinə həsr edirdi.

Bir ildən sonra Leonardo da Vinçinin halı lap pisləşir. Rəvayətə görə, Fransisk özü onu yoluxmağa gəlir. Rəssam krala hörmət əlaməti olaraq yataqda dikəlib deyir ki, əsərlərinə lazımi qədər can yandırmadığı üçün Allah və insanlar qarşısında günahkar olduğunu indi anlayır. Bu, rəssamın son sözləri olur.

Rəssamın ölümü insanları kədərə boğur. Onun kim olduğunu dərk edənlər bilirdi ki, incəsənətə bəlkə də onun qədər şöhrət gətirən olmamışdı, o, bütün həyatını insanlığa xidmətə həsr etmiş böyük ustad idi... Onu tanımayanlar isə kimi itirdiklərini sonralar anlayacaqdılar. Bütün hallarda dahi Da Vinçinin nə vaxtsa dediyi sözlər insanları düşündürəcəkdi: “Böyük xidmətlər – yalnız aclıq, yorğunluq, zərbələr, təhqirlər və böyük rəzilliklərlə mükafatlandırılır”.

# 3932 dəfə oxunub

Müəllifin son yazıları

# # #