Səninlə sərsəri kimi gəzmək – Günel Natiq yazır…

Səninlə sərsəri kimi gəzmək – Günel Natiq yazır…
12 iyul 2017
# 17:11

Kulis.az Günel Natiqin “Məktub” essesini təqdim edir.

İçimdə bir hüzur var bu gün. Nadir hallarda belə olur, bilirsən. Sakitcə ya bir filmə baxıram, ya internetdə kitab oxuyuram. Təəssürat nə olursa-olsun içimdəki hüzur dəyişmir. Ruhumun ahəngiylə xəfifcə ləngər vurur, vurur...

Dünən yağış yağdı. Qəfil yağdı həm də. Yağış və pəncərənin bu tayındakı mən... Qəribə ikiliyik, deyilmi?! Bir-birimizə o qədər az bənzəyirik belə vaxtlarda. Səninlə məni deyirəm. Sən yağışlı günlərin kefini çıxarmağı sevirdin, çətirsiz-filansız küçələri dolaşırdın... Güləcəksən sözümün bu yerində, mütləq güləcəksən. Amma sənə yoldaşlıq etmək üçün hətta yağış qorxumu - fobiya da deyirlər buna, - unudurdum. Səninlə sərsəri kimi gəzmək xoşuma gəlirdi. “İki avarsız qayıq kimi” - şair demiş. Səninlə sərsəri olmaq xoşuma gəlirdi. Mən - nizam-intizamı, düzəni sevən, hətta vasvası biri... Əyin-başımın fərqinə varmadan bozarmış gödəkcədə qaranlıq küçələri gəzərək sənin zarafatlarına dəli kimi gülmək... Bu, həyatın təmtərağıydı, lüksüydü. Bundan o yanası yoxdur.

“Küçə-küçə unudur bu şəhərlər”... Hansısa şairdə oxudum bu gün bunu. Bizim şəhərimiz küçələrlə dolu idi. Kiçik dənizi və yelkənsiz qayıqları olan balaca şəhərimizi deyirəm. İki adamlıq şəhərimizi.

O gün yenə təkcə keçdim oralardan. Küçə-küçə unutdum, küçə-küçə xatırladım, unuduldum, sonra yenə unutdum. Sənə yazıb soruşmaq istədim bəzi şeyləri. Bəzən elə ehtiyacım olur ki, xatırlamağa. Bilirsən, mən xatirələri büküb, qatlayıb dolabımın ən qaranlıq yerinə qoyuram. Xəbərin var, o dolabda balaca şəhərimizin hansı xatirələri yaşayır. Sənin corabını da o xatirələr kimi büküb küncə qoymuşam. Qəhvəyi rəngdə olanı deyirəm. Sən heç sevməzdin. Mənsə üşüyərsən deyə geyinmən üçün təkid edirdim. Səndən sonra soyuq keçən qış axşamlarının birində geydim o qəhvəyi corabları. Əsl yundan idi, xatırlayarsan. Ayaqlarımda sənin qəhvəyi corabların - yemək yedim, çoxdan qatlayıb qoyduğum kitabı oxudum, qaranlıq küçədən keçən cütlüklərə baxdım, binaların yanan işıqlarını seyr etdim, pişiklərin miyoltusunu dinlədim, sonra corablarını çıxarıb dolaba qoydum və bir daha geyinmədim.

Həyatım yaxşı keçir. İşim əvvəlki kimi yazı-pozuyla başlayır. Sonra qızlarla bizim yeməkxanada nahar edirik. Bilirsən, mərcimək şorbasını xoşlayıram. Sonra işə qayıdıram, çünki rəqəmlərim məni gözləyir. Əvvəl onları tezliklə çözüb elmi işimi bitirəcəyimi sanırdım. İndi elə düşünmürəm. Ona görə elmi işim də gözləyir. 6-ya kimi iş otağımız tamam boşalır. Kiminin qonağı gəlir, kiminin uşağı gözləyir, kimi görüşə yollanır. Saat 6-da kağızlarımı sahmana salıb institutdan çıxıram. Bəzən qarderobda işləyən Aliyə xala da mənə yoldaşlıq edir. Bilmirəm, xatırlayırsanmı, yanakı blokda yaşayır, bir oğlu da şəhid oldu o vaxt... Evə bərabər gəlirik, çox vaxt yolboyu susuruq. Ya da Aliyə xala qarderobda yaşanan kiçik olaylardan danışır, sükutun pozulduğuna sevinərək onu dinləyirəm. Ya da eləcə səssiz-səmirsiz gəlirik, çünki nə deyəcəyimizi onsuz da yaxşı bilirik.

Hərdən kökə bişirib bizə gəlir, mən də çay dəmləyirəm, bəlkə onuncu dəfə reseptini soruşub əl qabiliyyətini tərifləyirəm. O da şəhid oğlunun bir vaxtlar bu bişmişləri necə sevdiyindən danışır. Hələ oğlu məktəbli olanda o bişirdikcə kökələri necə əlinin altından çırpışdırdığını danışıb uğunur. Gülməkdən gözü yaşaranda mən çayı bəhanə edib mətbəxə keçirəm. Bu vaxt ikimiz üçün də (göz yaşlarımızı silmək üçün) yetərli olur...

Sənin qara drap palton vardı, o geyinmədiyin, yadındadı? Onu həyətə bıçaq itiləməyə gələn qoca kişiyə verdim. Əynində nazik gödəkcə vardı, soyuqdan əsim-əsim əsirdi. Həmin gün qar havası vardı. Bazar günüydü, nə üçünsə həyətə düşmüşdüm, “qızım, bıçaqdan-filandan nə var itilənməli, bu havada babanı boş qaytarma” - dedi. Yuxarı çıxıb bıçaqları götürdüm, birdən qocanın əyin-başı gəldi durdu gözümün önündə. Dolabın sənə aid yerində palton dururdu. Dolabı açıb bir də baxdım paltoya, elə bil ilk dəfədi görürdüm. Sonra dolabdan çıxardım, gətirib qocaya verdim. Qoca bir paltoya baxdı, bir mənə. “Sağ ol qızım, bu qar havasında lap yerinə düşdü”, dedi. Şaxtalı havada bir az toxtadığını gördüm. Bəlkə də paltodan çox üşüməyəcəyi ümidi onu toxtatmışdı. Ümid bəzən soyuq havada paltodan da çox kömək edir...

Deyəsən məktubum çox uzandı. “Yenə ürəyi dolub” - deyəcəksən. Sənə acığım tutanda bir-birinin ardınca yazdığım mesajları oxuyub elə deyirdin. Gülürdün bir də. “Yenə cinlərin gəlib?” Hə, bir də elə deyirdin.

Bilirsən, hər ayın 12-si doğum günümüz idi. Martın 12-si mən, noyabrın 12-si sən doğulmuşdun. Ən önəmlisi isə mayın 12-si tanış olmuşduq, “yenidən doğulmuşduq”. Ona görə fərq qoymadan hər ayın 12-sini qeyd edirdik. “Nə yaxşı doğuldum, yoxsa daha heç kəs məni dünyaya gətirməz” deyə zarafat edirdin. Sən şampan alıb gətirirdin, mən süfrəni bəzəyirdim... Yenə hər ayın 12-si bizim doğum günümüzdü. Sən yenidən doğulursan və iki adamlıq şəhərimizdə yenidən yaşamağa başlayırıq avarsız qayıqlar kimi...

Hər ayın 12-si sənin məzarın başından gələndən sonra şam yandırmağı və şampan açmağı unutmuram. Deyirəm birdən kimsə bizi yenidən dünyaya gətirər...

# 1914 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #