Sumqayıtda hamilə yoldaşını boğan ər və namus məsələsi

Sumqayıtda hamilə yoldaşını boğan ər və namus məsələsi
10 avqust 2020
# 15:12

Türkiyə kanallarından birində on ildən artıqdır bir proqram yayımlanır. “Müğe Anlı ile tatlı sert” adlanan bu proqramın hardasa 6 ilə yaxın tamaşaçısı olmuşam. Əsəblərimin sıradan çıxdığını hiss etdiyim zamanların birində verilişə baxmaqdan imtina etdim, hətta televizordan həmin kanalı sildirdim.

Əlimdə əlac olsaydı Azərbaycan tamaşaçılarının hamısının o verilişə baxmasını əngəlləyərdim. İnsanı dəhşətə gətirən qadın cinayətlərini izlədikcə Allaha şükür edirdim ki, nə yaxşı Azərbaycanda bu qədər qadın cinayəti baş vermir. Amma il ötdü, dövran yetişdi qadın cinayətlərində gəlib türk qardaşlarımıza çatdıq.

On-on beş il bundan əvvəl arvadını öldürən kişi xəbərini nadir hallarda eşidirdiksə indi hər ay iki-üç bu tipli xəbərlə rastlaşırıq. Bütün ölümlərin təməlində isə hər zaman olduğu kimi namus-qeyrət faktı dayanır. İllər əvvəl 70 yaşlı əri tərəfindən öldürülən qadın cinayətini xatırladım. Kişi həyat yoldaşını öldürüb evin pilləkənlərinin altında dəfn etdikdən sonra kəndə hay salmışdı ki, bəs arvadım yoxa çıxıb. Polisə belə gedib izahat verib. Bütün kəndi, hətta polisi arvadının yoxa çıxmasına inandıran kişi altı ay boyunca polislə bərabər pilləkənin altında sümükləri çürüməkdə olan arvadını axtarıb. Ya vəlvələdən, ya zəlzələdən cinayətin üstü açılanda kişi istintaq zamanı qadını niyə öldürməsindən danışanda bütün bədənim gizildədi, elə bildim beynimə qan getmir. Deyir həkimə getdim, həkim dedi xərçəngsən. Mən də bildim ki, öləcəm. Arvadım çox gözəl idi, fikirləşdim ki, mən öləndən sonra ya kiməsə ərə gedəcək, ya da kiminsə məşuqəsi olacaq. Papağımı yerə soxacaq. Dedim onsuz da 6-7 aya öləcəm qoy bunu da öldürüm. Sonra məlum olub ki, kişiyə səhv diaqnoz qoyublar.

Bu gün vəziyyət on il bundan əvvəlkindən daha ağırdır. Artıq namusunu hifz etmək adına öldürülən təkcə qadınlar olmur. Onların bətnlərindəki körpələr də namus cinayətlərinin qurbanlarına çevrilir.
Yanlış münasibətlərin, yanlış həyatların bədəlini körpə bədənlərin ödəməsinə tab gətirmək olmur.
Qadın-kişi arasındakı münasibət evliliklə birlikdə təkamül prosesi keçirir. İtirmək qorxusunun itirilməsi, sevgi və hörmətin yox olmasının yaşandığı ailələrdə şiddət və cinayət hallarının yaşanması qaçılmaz olur. Bu halları xüsusilə düşünmədən, doğru qərarı verib-verməməkdə əmin olmadan qurulan ailələrdə daha çox görürük. Təməli sağlam olmayan, bərkiməyə fürsət verilməyən ailədə tez-tələsik dünyaya gələn uşaqlar isə həyata 3-0 məğlubiyyətlə başlayır. Dünyaya gələcək körpəsinin məsuliyyətini dərk etməyən, həyat yoldaşını hamiləykən döyən, öldürən, qadınını sadəcə namus-qeyrət simvolu kimi görən kişi toplumundan xilas ola bilmirik əsrlərdir. Bu elə bir hissdir ki, ən modern düşüncəli, ən intellektual, ən savadlı Azərbaycan kişisinin belə qanına hopub. Avropanın göbəyində oturan azərbaycanlı kişisi belə namusu ancaq qadının iki ayağının arasında axtarırsa bizim hələ gediləcək çox yolumuz, qurban veriləcək çox canımız var deməkdir.

Mənim üçün atalıq da analıq qədər müqəddəs və əhəmiyyətlidir. Dünyaya gətirdiyi körpənin varlığı xatirinə nəyisə bağışlaya bilməyən kişi heç vaxt ata ola bilmir. Bunu iki gün əvvəl baş verən tükürpərdici cinayət hadisəsində bir daha şahidi oldum. İki gün əvvəl çimərliklərin xalqa açıq olmasına elə yenicə sevinmişdik ki, səhəri gün dəhşətli cinayət xəbəri ilə açıldı. Sumqayıtda 33 yaşlı hamilə qadını 34 yaşlı əri dənizdə boğaraq öldürüb. Səbəb hələ məlum deyil. Amma nədənsə adım kimi əminəm bu dəfəki cinayətin də altından “namus-qeyrət” məsələsi çıxacaq. Hamilə qadını istirahət adı ilə gətirib bətnindəki körpə ilə birlikdə həyatına son verməyin özü namussuzluqdur. Bir qadının ən xoşbəxt anıdır hamiləlik anı. Bu xoşbəxtliyin içərisində şirin bir həsrət duyğusu da var. 9 ayın sonrasında qucağına alacağın körpənin həyəcanını heç nə ilə ifadə etmək olmur. Amma bir gün doğma olan qara, qanlı bir əl bu ülvi hisslərlə yaşayan qadını xəyalları, arzuları, duyğuları ilə birlikdə suda batırır. Həmin an o qadının kəlləsinə çıxan gözləri mənim gözümdə canlanır. O adam bu mənzərəni seyr etməyə necə tap gətirib? Dünyada övladdan şirin nə ola bilər axı? Namus-qeyrət kimi mücərrəd şeyə qurban verdiyi o körpənin çığırtısını necə eşidə bilməyib.


Xocalı faciəsi zamanı ermənilərin hamilə qadınları öldürməsi faktı indiyənə qədər sümüklərimizi sızıldadır. Amma bu gün bunu edən erməni deyil. Bu fakt daha dəhşətlidir. Bu həqiqət daha ağrılıdır.

# 8347 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #