Dayanmadan hər şeydən şikayət edən, daim narazı olan tiplər var - ömür baltası da demək olar. Çox gözəl bir tablonun içərisindəki gözlə görülməyəcək qədər kiçik bir ləkəyə ilişib qalanlar təssüf ki, önümüzdə, arxamızda, yanımızda dayanıb həyatı çətinləşdirməkdən başqa heç bir yükün altına çiyin vermirlər.
Onlar bildiyimiz, bilmədiyimiz hər şeyə bir qulp taxmaq üçün gəlib dünyaya. Məsələn; günəşli gözəl bir gündə “off çöldə can alan bir isti var”, hava soyuq olanda “Allah kəssin, havadan zəhrimar yağır” deyənlər üçün təbiətin canlandığı bahar fəsli belə onlara öz gözəlliyini göstərə bilməkdə aciz qalır. Külək ya soyuq əsir, ya heç əsmir, ya da hava çox rütubətlidir... Payızda depressiyaya girən, qışda iqlimə söyən, yayda günəşə nifrət edən bu adamlar üçün hər zaman bir “ya” vardır. Qısası onlar bütün həyatları boyu məmnun olmamağa fokuslanıblar.
Dayanmadan hər şeyə mız qoyan insanları tanımaq çox vacidir. Çünki ətrafımızdan onlardan varsa bu eyni zamanda həyat enerjimizi sümürən insanların var olduğu anlamına gəlir. Onlar bəlkə çox yaxınınzda olan sevgililəriniz, bəlkə təsəlli vermək məcburiyyətində qaldığımız dostlarımız, bəlkə də əlacsız qalıb “hmm, aha” deyə başımızı tərpətdiyimiz iş yoldaşlarımızdır.
Məmnuniyyətsizlik sindromundan əziyyət çəkən bu insanlara görə yollar həmişə it günündədir, hava daim pisdir, yenə qrip olub, miqreni tutub deyə gecə rahat yata bilməyib, enerjisi azalıb, çox işi var, həyat çox çətindir, yemək hər zamankı kimi bərbaddır...
Bu tiplərin başqa formada olanları da sosial mediada qarşımıza çıxır. Nə yazırsan yaz, nə edirsən et, ömür boyu razı salmaq mümkün deyil onları. Yüz faiz əminəm ki, oxuyacaqları bu yazıdan da razı qalmayacaqlar.
Koronavirusun Azərbaycana yeni qədəm qoyduğu zaman bu adamlar Vastap demədi, Feysbuk demədi, İnstaqram demədi - hər yerdə səslərini başlarına atdılar. Niyə sərhədlər bağlanmır, dedilər. Sərhədlər bağlandı. Bu dəfə də dedilər ki, niyə məktəb bağçalar bağlanmır? Hökümət məktəbləri bağçları bağladı. Bir gün də durub haray çəkdilər ki, bütün dünya karantin elan edib, bəs bizdə niyə o karantindən yoxdu. Çox keçmədi hökümət karantin elan etdi. İndi də bütün günü sosial şəbəkələrdə yazırlar ki, “bu nə jizndi, ay brat”.
Bir neçə gündür cırmaq atmaq üçün yeni mövzu tapıblar. Caynaqlarını keçiriblər bəzi məşhurların imkansız ailələrə maddi yardım məsələsinə. Bu saat sosial şəbəkələrdə klaviatura arxasına keçib narazılıqlarını güllə kimi yağdırırlar.
Bu günə qədər deyirdilər, niyə müğənnilər imkansız adamlara əl tutmur, indi də deyirlər “əşşi, reklam edirlər özlərini”. Türk toplumlarında insanlar sənətçiyə Sosial Müdafiə Fondu kimi baxır. Peşman olub bir dəfə toyunda oxuyub pulunu aldığı adamların sabah dodaqlarını uzada-uzada “bizim hesabımıza adam olmusunuz” dediyi bir ölkədə sənətçi olmaq asan məsələ deyil. Təbii ki, söhbət əsl sənətçidən gedir.
Biz ölkəmizdə imkansız ailələrin rifahının yaxşılaşdırması üçün təyin olunan bir qurumun varlığını unudub hər dəfə sənətçinin üstünə hücum çəkirik. Onlardan tələblərimiz keyfiyyətli musiqi, yaxşı səs, səhnə mədəniyyəti olmalıdır, amma biz nə tələb edirik; niyə filankəsin evini tikdirmirsən, filan rayonda məktəb uçub niyə yardım etmirsən, ucqar dağ kəndinə su gəlmir, əlin cibində olsun, bu gecə filan qəsəbədə 3 uşaq ac yatıb, niyə sən rahat yatmısan? Topa tutmaqda pərgar olan bu adamlar özləri orturduqları yerdən bir metr belə tərpənmirlər. Nazirin, millət vəkillərinin düşünməli, çözməli olduğu problemlərin altına niyə müğənnilər, sənət adamları girməldir? O qədər dediniz-dediniz, indi üzə düşüb edənlər tapıldı. Razı qalarlarmı heç. Onların atmaq üçün hər zaman bir mərmisi tapılır. “Mız”ın ölçüsü uzanır. Yenə də məmnun qalmadılar. Gərək məşhurlar yardım etdiklərini pünhan saxlayardılar. Reklam edirlər. Bəli bu bir reklamdır. Amma bu yaxşılığın reklamıdır. Ay adam, niyə sən klaviatura arxasında oturub üyüdüb tökdüyün zamanı onlar kimi olmağa sərf etmirsən? İçindəki zəhərini ona-buna axıtmaqdan daha asandır bir kilo un, iki çörək, bir cüt corab alıb kiminsə qapısını döymək.
Bu gün kiməsə etdiyi yardım reklamını sabah ad almağa hesablayan məşhur bu oyunda təkcə özü qazanmış sayılmır. Altında hansı məqsəd yatırsa yatsın bu işdə kimisi ad, kimisi də bir tikə çörək qazanır.
Məmnuniyyətsiz insanlar heç vaxt bardağın dolu tərəfini görmürlər. Yağışdan sonra çıxan göyqurşağına tərəf baxmaq belə istəmirlər. Onlar üçün həyat yalnız bir rəngdədir; Qara. Bu saat o adamlar yazın gəlişini belə hiss etmirlər. Ətrafa yayılan təmiz torpaq qoxusu, yarpaqlardakı şeh onlar üçün heç nə ifadə etmir. Çünki o adamlar ancaq yerin nəminə, palçığa fokuslanıblar. Həmişə sızlayan adamlar üçün əhəmiyyətli olan yeganə şey varlığın içərisində yoxluq axtarmaqdır.