Murad Arif: “Uşağa Faiq Ağayevin mahnısını oxutsaq, camaat bizi linç edər” - Müsahibə

Murad Arif: “Uşağa Faiq Ağayevin mahnısını oxutsaq, camaat bizi linç edər” - Müsahibə
10 iyun 2020
# 09:00

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin növbəti qonağı hit mahnıların müəllifi, müğənni Murad Arifdir. Layihədə məşhur sənətçilərlə ədəbiyyat və sənətləri barədə söhbət edilir.

- Uşaqlıqdan musiqiyə həvəs göstərsən də aldığın təhsil bu sahəyə tamamilə yaddır. Bu necə baş verdi?

- Mənim məktəb illərim 90- cı illərə təsadüf etdi. Ölkə olaraq çox çətin günlər yaşayırdıq. Mədəniyyət, mənəviyyat keşikçilərinin ölkədən kütləvi köçü başlamışdı. Elə bir reallıq içərisində böyüdüm ki, valideynlərim haqlı olaraq hesab edirdi ki, bu xaosun məngənəsində yalnız “çak-çuk”la məşğul olanlar ayaqda qala bilər. Ona görə də onlar məni iqtisadiyyata yönlətdilər. Valideynlərim hesab edirdilər ki, artistlər aclıq yaşayır, ailəsini dolandıra bilmir. Bu baxımdan kişi sənəti deyil, kişidən artist çıxmaz.

- Buna görə valideynlərinə hirsin var?

- Yox, hirsli deyiləm. Amma həmişə deyirəm, kaş bu mövzuda valideynlərim məni başa düşərdi. Çünki onlar görürdü, mən artıq 8-9 yaşlarımdan musiqi bəstələyirəm. Kiçik yaşlarımdan mən musiqinin xəstəsi idim. Tarixi şəxsiyyətlərin, alim, kimyagər adını elə çox yadımda saxlaya bilmirdim. Amma musiqi qruplarını, solistinin adını, mahnılarını əzbər bilirdim. Düşünürəm ki, onlar bunu sezməli idilər. Ümumiyyətlə həyat onu göstərdi ki, nəyisə qınamaq üçün gərək o həyatı yaşayasan. Ona görə də valideynlərimi qınaya bilmirəm. O vaxt onlar üçün ən doğru qərar yəqin bu idi.

- Pul sənin üçün nə qədər əhəmiyyətlidir?

- Pul mövzusunda çox həssas deyiləm. Məsələn musiqiyə, klipə çəkinmədən çox böyük pullar xərcləyə bilərəm.

Gallery

- Gündəmdə olan məşhurlardansan. Hədəfin nə idi və nə ilə qarşılaşdın?

- Daha yüksək nöqtələr idi hədəfim. Düzdü son deyil. Gediləsi uzun yolum var hələ.

- Bir çox hit mahnıların müəllifisən. Amma heç vaxt özünü bəstəkar hesab etmirsən. Mənə elə gəlir, bu məsələdə təvazökarlıq edirsən, bir az.

- Bəstəkarlıq mənə görə tərif deyil. O sadəcə elmi dərəcədir. Və o dərəcəyə yiyələnmək üçün musiqiçi müəyyən normativlərə cavab verməlidir. Mən mahnı yazıram deyə özümü bəstəkar adlandıra bilmərəm. Bəstəkarlığın fakültəsi, diplomu, qanunları, şərtləri var. Mən mahnı müəllifi hesab olunuram. Bu daha doğrudur. Əgər bir simfoniya, instrumental kompozisiya, yaxud da bir uvertüra təqdim edirəmsə, not bilirəmsə, harmoniyadan anlayışım varsa o zaman bəstəkar adlana bilərəm. Mən ki, bunları etmirəm.

-Yəni bir sahəyə ötəri toxunmaq hələ o sahəyə sahiblənmək demək deyil?

-Bəli. Bəstəkar olmaq üçün müəyyən göstəricilərin olması şərtdir. Bu sənin peşən olmalıdır. Amma dillər əzbəri olan mahnılar yazmaq üçün bəstəkar olmaq vacib deyil. Mən inanıram ki, Azərbaycanda ən möhtəşəm pop musiqilərini yaza bilərəm. Amma, bu bəstəkarlıq deyil.

- Bir vaxtlar maraqla izlənən verilişlərə imza atdın. “Qaraj”, “Solo”, “Status.

- Nəyi maraqlı idi ey, sən canın? (gülür)

- “Vau!” dedirdəcək dərəcədə layihələr deyildi, amma indiki verilişlərlə müqayisədə sanballı olduğunu düşünürəm. Məsələn, “Solo” verilişini mən çox bəyənirdim. Bu verilişdə tamaşaçı ən azından səviyyəli musiqi eşidirdi.

- Sən “Solo”nu deyirsən, amma məncə “Status” verilişi daha maraqlı idi. “Solo” daha çox musiqiyə köklənmişdi. Amma “Status veriliş idi. Qonaqlar olurdu, mövzu ətrafında müzakirələr gediridi. Cəmiyyətə faydası olan mesajlar ötürülürdü. “Solo”nun uğuru isə, düşünürəm, daha çox Murad Arif faktorundan irəli gəlir. Adi proqramlar idi. Onun uğuru aparıcısı idi.

Gallery

- Musiqili proqram kimi kifayət qədər uğurlu idi.

- O vaxt mənim dəvət etdiyim sənət adamlarını özəl telekanallar dəvət etmirdi, ancaq qalmaqal dalınca qaçırdı. Məsələn mən Almaz Orucovanı dəvət edib, ona “Kəsmə” şikəstdə, Teyyub Aslanova Hacı Xanməmmədovun repertuarında olan bir mahnı oxutdururdum. Sənətçini çağırırdım və sənətdən söhbət edirdim. Bu da təvazökarlıqdan kənar səslənsə də, mənim uğurum idi, verilişin yox. Məndən sonra artıq kanallar sənətkarlara üstünlük verməyə başladı. Onları dəvət etdilər verilişlərə. Bu sevindirici haldır. Amma bu layihənin pioneri mən idim. Bilirsən, hər şey müəyyən kontekstdən sonra tükənir. Mənim üçün də “Solo” tükəndi.

- Amma mənə elə gəlir, sənin üçün ənənəvi televiziya tükəndi. Məsələn “Yutub” layihən “Popumuz var”ı televiziya layihəsi olaraq başlaya bilərdin.

- “Popumuz var” a görə 4 kanaldan təklif gəlmişdi. Xeyli müddət sonra İctimai Televiziya ilə “Popumuz var” üçün əl sıxışdıq.

- Xeyirli olsun. Səni teleməkandan uzaq salan nə idi?

- Mən Azərbaycan teleməkanı içində oldum, ona illərimi verdim və anladım ki, insan bu gedişlə vərəm ola bilər. İstədiyimi deyə bilmirəmsə və elementar yaradıcılıq azadlığım yoxdursa, bu məni xəstələndirə bilərdi. Günlərin bir günü mən sadəcə azad olmaq istədim və televiziyadan getdim.

- Popumuz var sənin üçün bir nəfəslik oldu, deyə bilərik?

- Bəli. Mən indi istədiyim adamı maşınıma dəvət edib onunla qismən, istədiyim mövzuda söhbət edə bilirəm.

- Bəs söhbətin hamısını olduğu kimi efirə verə bilirsən, yoxsa özünün də senzuran var?

- Var. Özümə maraqlı olan mövzularda söhbət edirəm. İstədiyimi alıram, amma montajda kəsmək məcburiyyətində qalıram. Çünki ölkənin də öz senzurası var.

Gallery

- Senzuraya əməl etməyin altında yatan hiss qorxudur, yoxsa məsuliyyət?

- Təbii ki, qorxu. Bəzi mövzular var, əslində, o mövzuların arxasında heç nə gizlənmir. Sən hansısa xırda məmur təbəqəsini tənqid etmək istəyirsən, amma o qədər anormal bir stiuasiyadır ki, bunu edə bilmirsən. Sənin hansısa “JEK” müdirinə olan etirazını kimlərsə əlində bayraq edib “bu adam müxalif fikirlidir” damğasını sənin adına yapışdırır. Bax, belə şeylər bəzən bizim əlimizə qayçı verir.

- Bəs bu qayçılama prosesi sənə mənəvi əzab verirmi?

- Təsir edir, təbii ki. Ona görə də, bəzən olur verilişi dayandırıram, aylarla çəkmirəm.

- Elə mövzular var ki, bunlar fərdi yox bütün cəmiyyəti əhatə edir. Məsələn, qardaş Türkiyədə Gezi hadisələrini xatırlayaq. Sənət adamlarının bir yumruq kimi xalqın ətrafında birləşməsi möhtəşəm idi. Amma bizdə bu cəsarətdə olan sənətçi azdır.

- Son islahatlardan sonra vəziyyət xeyli rahatlaşıb. Mən şəxsən bunu hiss edirəm. İnsanlar məmurlara olan etirazlarını rahat paylaşa bilir. Günel, axı başqa cür inkişaf da yoxdur. Mən hesab edirəm ki, hamımız birlikdə əyriləri, nadürüstlükləri ifadə etməsək, bu problemlər öz həllini tapmayacaq. Məsələn, adi "İcra başçısı seqmenti" var ki, sən onları rahat tənqid edə bilmirsən. Onun ünvanına fikir bildirmək üçün hökmən nə isə baş verməlidir. Əks halda həmin icra başçısının əli çox yerə çatacaq və sən xoş olmayan məqamlarla üzləşəcəksən.

- Bu təkcə məmurun hərbə zorbası deyil. Bu gün media ən istedadsız bir sənətçini belə tənqid edə bilmir.

- Bu ya Sovetin təsiridir, ya mentalitetin. İnsanlar həqiqətən də ifadələrini müəyyən hüquq çərçivəsində azad söyləyə bilmirlər. Cəmiyyət olaraq tənqidə qarşı ümumi dözümsüzlük var. Və bu ən ağır fəsadını məmur vətəndaş münasibətlərində göstərir. Mənim üçün hər hansı bir müğənninin tənqidə dözümsüzlüyü xırda bir şeydir. Məsələ daha qlobaldır.

-Təxminən 15 ildir ki, efir məkanında eyni formatlı verilişlər dövr edir. Kanalların bu vəziyyətə düşməsində əsas səbəb nədir?

-Teleməkanda baş verən bu xaosa görə təkcə aparıcıların üstünə düşməyi ədalətli hesab etmirəm. Bu məsələdə məsuliyyəti birbaşa kanal rəhbərləri daşıyır və inan mənə, biz nə qədər ki, ancaq aparıcıları tənqid edəcəyik heç nə düzəlməyəcək. Kanallarımızın bəlası nə müğənnilərdir, nə aparıcılar. Səni əmin edirəm ki, məhz o tənqid olunan aparıcıların çoxu, əla verilişlər apara bilər. Mən bunun şahidi olmuşam. Yeni bir kanal açılır, müəyyən dövrdə yaxşı olur, sonra qəfil həmin aparıcının qonağı olur "çetvert ulduzu" Gülbadam, yaxud "tərbiyəsizlik kraliçası Matıxanım". Niyə? Çünki, kanal rəhbəri ucuz yollarla dolanmaq istəyir.

- Gözümüzə tez-tez üfürülən bir kül var. “Kütlə bunu tələb edir”. Doğurdanmı kütlə bunu tələb edir?

- Kütlə bəsitliyi, cahil müğənniləri sevə bilər. Kütlə çox şey tələb edə bilər. Amma, kütlə elastikdir axı. Onu dəyişmək, formalaşdırmaq, yönəltmək, bizim media və təhsil sisteminin borcu idi... Media da son 15 il ərzində ən asan yolu seçdi. Təhsil də göz qabağında. Nəticədə, müharibə və qaçqınlıq kimi böhranlar yaşayan azərbaycanlı televiziyalar vasitəsiylə mənəvi sarsıntılar da yaşadı. Azərbaycanlı da kanadalı, italyan, norveçli kimi adi bir insandır. Sivil dünya adamları da bir gün içində mütərəqqi, müasir, azad düşüncəli, tolerant, yaxşı musiqiyə meylli, mehriban və ünsiyyətcil olmayıb. Cəmiyyət yönəldilir və dəyişdirilir. Bizim media da xalqın mədəni-estetik sifətini qorumalı idi. Əksinə oldu. Ən tərbiyəsiz adamları gündəm etdi, nümunə göstərdi.
Yanlış insanlar kanal, radio rəhbəri oldu. Bu yanlışlar da insanların başında çatladı. Ona görə də mən xalq bunu istəyir, bu musiqini dinləyir məsələsinə həll olunmaz bir problem kimi baxmıram. Xalqı sabah doğru bildiyimiz şeylərə yönəltsək onu tələb edəcək. O adamlar isə, ya bunu bacarmadı, yaxud da müəyyən kommersiya maraqları güc gəldi. Əminliklə söyləyirəm, əyləncəli verilişləri təqdim edən kanal sayı məhdudlaşdırılmalıdır bu ölkədə. Azərbaycanda insanlar yuxudan duran kimi televizoru açıb 4-5 kanalda eyni müğənniləri,“rakkada-çıkkada” mahnıları görməməlidir. Əyləncəli kanallar azaldılmalı, əyləncənin keyfiyyəti də filtr olunmalıdır.

Çox dəyərli ifaçı dostlarım medianın əliylə gözdən düşür, qınaq obyektinə çevrilir. Hərdən telefon götürüb qınaq obyektinə çevrilən o müğənnilərə yalvarmaq istəyirəm ki, xahiş edirəm çıxmayın o verilişlərə. Verilişlərə çıxanda da, gül kimi səsiniz var, ancaq oxuyun, danışmayın, o qəbilə fikirlərinizi özünüzdə saxlayın!

Gallery

- Kanalın reytinq tələsinə düşdüyü üçün sənətçi də günahkar deyil?

- Faiq Ağayev mənim sonuncu verilişimdə dedi ki, keçmiş kanal rəhbərlərindən biri ona, açıq şəkildə, "Mənim cəmiyyəti maarifləndirmək kimi bir missiyam yoxdur. Mənim məqsədim əyləndirməkdir" söyləyib. İndi kimdir günahkar? Nəticəni özün çıxar...

- Həmkarlarının seksist, qadına qarşı şiddətli çıxışlarını və bu zehniyyətin efirdən təbliğ olunmasını necə dəyərləndirirsən?

- Elementar bir şeyi deyim. Mən özüm şəxsən bir neçə dəfə, seksist, irqçi, gender bərabərliyini qorumayan, yanlış ifadələrdən istifadə etmişəm və sosial şəbəkələrdə qınanmışam. Zamanla müəyyən şeyləri anlamağa başladım. Bu gün mən bir status yazarkən o bəndlərin hamısını düşünürəm. Müğənni emosionaldır, yalnış danışa bilər. Amma, kanal, radio rəhbərinin öz işçilərinə, redaktorlarına müəyyən təlimatı olmalıdır. O adamlar məgər qadına qarşı şiddətlə bağlı həyəcan təbilini eşitmirlərmi? Sevinirəm ki, bu gün belə yalnışlar tirajlanır və bu fikirlər linç olunur. Yalnız tənqidlə düzələcək. Mediada tənqid bol, ədalətli və azad olmalı.

- Murad sənin, həm də radio təcrübən var. Bu gün radiolarımızın durumunu necə dəyərləndirirsən?

- Açığı, radioya yeni mahnım çıxandan çıxana qulaq asıram. Mən yəqin ki, bu mövzuda obyektiv ola bilməycəm. “Play List”in tərtibatı ilə bağlı mənim çoxlu iradım var. Janrları bir-birinə qatırlar. Efir radio redaktoru anlamır ki, onun hədəf kütləsi kimdir. Rokdan, repdən sonra, çox koloritli milli musiqi yazırlar efirə... Bəzi radiolar Sam Smitdən sonra, oynaq xalq mahnısını, ardınca çox enerjili bir rep səsləndirir. Bu redaktor başa düşmür ki, hədəf kütləsi kimdir, dinləyicisi kimdir? Bütün zövqləri qarışdırır. Mən radioya gələndə İlahə Şıxlinskayadan çox şey öyrəndim. O vaxt ANS ÇM radiosunun yetirmələri bütün ölkə radiolarında Vahid Mustafayevdən öyrəndiyi qaydaları gənc kadrlara öyrədirdi... Bizə deyirdilər, aparıcının efir çıxışı üç dəqiqədən artıq olmamalıdır. Üç dəqiqədən sonra insanlara musiqi verməlisən, çünki yorucu olmağa başlayır. Yol gedirəm, on beş dəqiqədir iki nəfər - həyat təcrübəsi olmayan bir oğlan və bir qız günorta verilişi aparır. Danışırlar. Nədən danışırlar, niyə danışırlar, əminəm ki, özləri də dərk etmirlər. On dəqiqədir boş-boş danışıb gülürlər. Musiqi verin də, dinləyici məcburdur sizin şit zarafatlarınızı dinləməyə? Bu nə özbaşınalıqdır. Sən tamaşaçının on beş dəqiqəsini necə laqqırtıya sərf edə bilərsən? Ay radio, efir sahibi, sən özün axı savadın, təcrübən, təsəvvürün olmaya-olmaya, necə radio rəhbəri təyin olunursan?

- İstərdim bir az ədəbiyyatdan danışaq.

- Bir çox məşhur müğənnilərlə müqayisədə mütailəli görünsəm də, valideynlərimlə, bacılarımla müqayisədə çox az oxuyuram. Uşaq vaxtı kitab oxumaq ailəmizdə ənənə idi. Ətrafımda hər kəsin əlində kitab olurdu. Hələ o vaxtlar “Səfilləri”, "Başsız Atlını" yaxşı dərk etmədən oxumuşam. Bəzən valideynlərimə bənzəmək və özümü ağıllı göstərmək üçün oxuyurdum.

- İndi də özünnü ağıllı göstərmək üçün oxuduğun kitablar var?

- Yox, indi artıq maraq üçün oxuyuram.

- Murad Arif indi nə oxuyur?

- Şəxsiyyətin inkişaf etməsinə xidmət edən kitablar oxumağı sevmirəm. Marketinq, sosial media mövzusunda bir çox kitablar oxudum. Hamsını da yarımçıq buraxdım. Müəyyən hissədən sonra anladım ki, bu kitablar mənə bildiyim şeyləri deyir. Sən demə, nə varsa, Dostoyevskidə, Remarkda, Bulqakovda, Markesdə var. Mənimki, bədii ədəbiyyatdır.

“Google” saytında dünyanın əsas kitabları deyilən sorğular var. O siyahıda ilk əlliliyə daxil olan kitabların hamısını oxumuşam. Resenziyalar mənə çox kömək edir. Hələ çox oxumalıyam. Məsələn, Oşo və Nitşeyə hələ çatmamışam.

- Bu günə qədər ən çox hansı ifaçı mahnını ürəyin istədiyi kimi ifa edib?

- Ən çox Natəvan Həbibi ilə işləməyim yəqin ki, bu suala cavabdır. O qızın səsində olan informasiyanı sevirəm. Ümumilikdə götürəndə, Azərbaycanda heç bir müğənninin pərəstişkarı olmamışam. Yaradıcılığının dəli heyranı olduğum, yeni mahnılarını intizarla gözlədiyim yerli müğənni yoxdur. Ola bilsin bəlkə həmkarıq, bir qazanda qaynayırıq ondan irəli gəlir. Bir məqam da var. Zemfira, Teoman kimi ictimai mövqeyi və fəlsəfəsi ilə özünə bağlayan, maraqlandıran müğənnilərimiz də yoxdur.

- Teomandan söz düşmüşkən. Teoman deyir ki, mahnı yazmaq artıq məni əvvəlki kimi həyəcanlandırmır. Nə əvvəlki enerjim, nə də xəyallarım var. Murad Arifin mahnı yazmaq ehtirasının azalma ehtimalı varmı?

- Yaş artdıqca o böhranı hiss edirəm. 10 il öncə, "Almalarınla", "Boom", "Şou N 1", "Bal kimi", "Stop" tipli coşqulu, çılğın mahnılar daha asan və tez başa gəlirdi... İndi isə məni daha çox "Sənə ehtiyacım var", "Bu şəhər ikimizə dar" və lirik nəğmələr cəlb edir... Bəlkə də, yaş öz dərinliyini yaradıcılığıma gətirməkdədir. Olsun, o da gözəldir.

- Azərbaycanda çəkilən filmlərə baxırsan?

-Yaxşı kinolar reklam olunmur, çəkilir və gizlədilir sanki... Əyləncəli filmlərimizin isə marketinqi dolu, içi boş çıxır. Bir-iki dostumun film təqdimatına getdim. Gördüm bütün zal qurşaqdan aşağı zarafatlara uğunub gülür, çox pis oldum. Cəmiyyətin durumunu anlayaraq, depressiya yaşadım. Ona görə də hamısına dedim ki, dostum, qardaşımsan, amma məni çəkdiyiniz filmlərə dəvət etməyin. Mən kinomanam, yaxşı kinodan başım çıxır və kino zövqümə hörmət edirəm.

Gallery

- “Səs” layihəsinin böyüklər üçün olanı, loru dildə desək, tamaşaçıya “yapışmadı”. Uşaqlar üçün olan layihəyə reaksiyalar necədir?

- Böyüklər üçün olan layihə Aztv-də yayımlanmışdı. Başqa bir prodakşn hazırlayırdı... Diqqətlə baxmamışam deyə, "yapışıqsızlığı" haqda rəy verə bilməyəcəm. Hər zaman olduğu kimi qınaqlar, iradlar var. Bizi də qınadılar. Ən çox irad tutduqları şey “münsiflər niyə oturacağın üstünə çıxır”, oldu.

- Bu hərəkəti Murad Boz, Dima Bilan da edir. Bu bir az da təkrarlanma olduğu üçün qıcıq yaratmış ola bilərmi?

- Quru bəy kimi dayananda da deyirlər, maraqsız aparırlar. Bu həmin məqama uyğun emosiyalarımızın ifadəsidir. Azərbaycan tamaşaçısı onsuz da “önyarğı”lıdı.

- Bəyəndiyiniz səsi eşidəndə heyrətləndiyiniz anlar yansıyır ekrana. Bu da şounun ssenarisidi?

- İnan ki, təəccübləndiyim səslər oldu. Məsələn gürcü qızının ifasında bir məqama qədər düyməni basmadım. Tamaşaçı qınadı ki, uşaq o cür zildə performans göstərdi, amma Murad düyməni sonda basdı. Tamaşaçı anlamır ki, mənim istədiyim məqam zildə oxumaq deyildi, zildə oxuyandan sonra notu orda saxlamağı bacarmaq və aşağı düşəndə o xırdalıqları etməkdi. Mən o potensialı görəndən sonra düyməni basdım ki, hə, mən bu səsin komandamda olmağını istəyirəm. Tamaşaçı elə bilir ki, qışqırmaq yaxşı ifadır.

- Sosial şəbəkədə tez-tez rast gəldiyim bir fikir var: “Murad nə edib ki, jüri kürsüsündə oturub?” Bu fikirlər səni qıcıqlandırmır ki?

- Hə, mən də tez-tez oxuyuram bu fikirləri. İnsanlar sadəcə olaraq başa düşmürlər ki, şounun stlistikasında bu var. Məsələn, Ukraynanın məşhur hip-hopçusu Potapın səsi var? Yaxud da, Bəyazın hansı vokal imkanları var. Pharrel də Amerikanın səsində münsifdir. Hansı səslə? Bu müsabiqə müxtəlif münsiflərdən ibarət olmalı. Çingiz iştirak etdiyi qələbə qazandığı müsabiqələri ilə öyünə bilər, Zülfiyyə Xanbabayeva sənət yolu ilə öyünə bilər, Murad Arif yazdığı hit mahnılarla və prodüserliyi ilə maraqlıdır yəqin. Biz öz təcrübəmizi bölüşmək üçün oradayıq. Bütün ölkə bilsin ki, layihədə vokal müəllimləri var. Amma, kürsüdə "personajlar" oturmalıdır. Bura konservatoriyanının qabiliyyət imtahanı deyil. "The Voice" ilk növbədə şoudur.

- Müsabiqə zamanı diqqət çəkən məqamlardan biri iştirakçıların ancaq əcnəbi mahnılar ifa etməsidir. Bir az bu məsələyə də aydınlıq gətirək. Niyə iştirakçıların repertuarında ancaq əcnəbi mahnılar üstünlük təşkil edir?

- Müsabiqənin öz qaydaları və bir formatı var. O format da əsasən dünya hitlərindən ibarətdir. Azərbaycanda Beyons formatlı müğənni yoxdur. Adel yoxdur. Amma Adelin, Beyonsun repertuarı bu müsabiqənin formatıdır. Bizə heç bir əcnəbi irad tuta bilməz ki, sən niyə AzTv-də yayımlanan “Muğam müsabiqəsi”ndə iştirakçıya “Şüştər” oxudursan? Muğam müsabiqəsində muğam oxuyacaqlar. “The Voice” da əsasən dünya hitləri səslənər. Bu müsabiqəni alıb onu Şövkət Ələkbərovanın yaradıcılıq gecəsinə çevirməyə ixtiyarımız yoxdur.

Gallery

- Yarışmanın Türkiyə versiyasında, ancaq xarici mahnılar oxunmur.

- Birincisi, Acun çox böyük prodüserdir və o böyük imkanlarından istifadə edərək, layihəyə çox müdaxilələr edib. Bu müdaxilələri "The Voice" rəsmiləri hər zaman alqışlamır. Görünür ki, müəyyən vaxt keçməlidir ki, biz də o qədər özümüznküləşdirək bu proyekti. Amma ilk "Səs Uşaqlar" nizamnamədən çıxa bilməz. İkincisi, Türkiyədə mahnı repertuarı zəngindir. Popstarları çoxdur. Bizdə seçim çox məhduddur. Məsələn, əcnəbi bir uşağa Azərbaycan mahnısı oxutmaq istəyəndə aciz qalırsan. Səbinə Babayevanın “Röya” kimi mahnısını neçə nəfərə oxutdurmaq olar? Bir müsabiqə boyunca 120 mahnı oxunmalıdır. Təkrar mahnılar olmaz. Təsəvvür et, seçim necə daralır! Bir də ki, bizim mahnılarda mətn məqamı var. Uşaq azərbaycanca pop mahnı oxusa, tamaşaçı sözlərə irad edəcək. Bu zaman da qınanacağıq ki, uşağa yaşına uyğun olmayan mahnılar oxudurlar. Dünyada müsabiqələrdə uşaq Ledi Qaqanın mahnısını oxuyanda dünya ictimayyəti buna etiraz etmir. Amma Azərbaycanda uşaq çıxıb müsabiqədə Faiq Ağayevdən "Əldə bir qədəh şərab səni əvəz eləmir" oxusa, camaat bizi linç edər. Bu da var axı... Bazamız çox məhduddur.

- İnsanların əksəriyyətinin əcnəbi dil bilməməsi sizi xilas edir bir sözlə.

- Həm də. Bu problem “önyarğı”lı, konservativ toplumda ola bilər yalnız. Bəziləri də elə hesab edir ki, uşaq yarışmasıdırsa, iştirakçı hökmən “Kuklam” mahnısı oxumalıdır. Divan kritikləri anlamır ki, lisenziyalı layihənin tələbləri, şərtləri, formatı, rəngi var və hüquqi formada qorunur. Biz beynəlxalq "The Voice" layihəsini alıb, ondan "Nanəli" düzəldə bilmərik. Tənqid edənlər niyə yazmadı ki, "Səs Uşaqlarda" Murad Arifin hazırladığı 2 nömrə Dünyanın "The Voice" çartlarına düşüb?! O mahnıları özüm seçmişdim, o uşaqlara yalnız mən döndüm, o məşqlərdə günlərimi keçirtdim və layihə olaraq belə bir uğur qazandıq... Bundan danışaq.

- Diqqəti çəkən daha bir məqam var. İştirakçıların əksəriyyətinin rus dilində danışması.

- Hə, bu mənim də yaralı yerimdir. Nəinki məni, komanda yoldaşlarımızı da, İTV rəhbərliyini də üzən bir vəziyyətdir. Hamı istər, Azərbaycanda ailələr dövlət dilinə hörmət etsin. Amma ədalətli olsaq, bütün problemlərin hamısının həllini televiziya yarışmasından tələb etmək nə dərəcədə doğrudur? Bu uşaq 13 yaşına gəlib çatıb, Azərbaycan dilində danışa bilmir. Biz vətənimizin övladını, bir uşağı buna görə səhnədən pərt edib, bütün ölkəyə qınadıb depressiyaya sala bilmərik. Ona deyə bilmərik, sənin yaxşı səsin var, amma Azərbaycan dilində danışa bilmirsənsə, çıx get. Ancaq böyüklər üçün müsabiqənin münsiflər heyətində olsam, çox rahatlıqla çevrilib 25 yaşlı Azərbaycanda böyüyən oğlana deyərəm, hətta utandıraram da. Amma söhbət uşaqlardan gedirsə, uşaq maksimum komfort içində öz səsini göstərməlidir. Valideyni isə efirdən kənarda qınaya bilərik. Uşaq çox incə məsələdir.

- “Özümü bundan niyə məhrum etdim” dediyin şeylər varmı?

- İki xırda peşmalığım var. Kaş ki, iqtisadiyyat deyil, incəsənət universitetini, ya da konservatoriyanı seçərdim. Bir də, kaş öz mahnılarımı ən başdan elə özüm oxuyardım. Çox gec oxudum.

- Maksim Qorki həyat hekayələrini danışması üçün evsiz adamlara şorba ismarlayırmış. Sən necə, sırf bu hekayə mahnı yazmaq üçün ilham ola bilər deyə, hekayəsini dinlədiyin adamlar oldumu?

- Bəlkə də olub. Xatırlamıram. Əsasən, oxuduğum kitablar və filmlərdən bəhrələnirəm.

- Mədəniyyət Nazirliyində aparılan islahatlara reaksiyanı bilmək maraqlı olardı.

- Mən o qurumla heç vaxt sıx ünsiyyətdə olmamışam. Mənim üçün bu vaxta qədər olması və olmaması hiss olunan deyildi. İndi isə böyük ümidlərim var. Son bir ildə müsbət dəyişilliklər görürəm ölkəmizdə. İnanıram ki, hər şey yaxşı olacaq.

Gallery

# 12468 dəfə oxunub

Müəllifin son yazıları

# # #