Hamilə Leylanı qanına qəltan edən sevgi

Hamilə Leylanı qanına qəltan edən sevgi
1 may 2020
# 13:24

İki aydan çoxdur mediada qadın cinayətləri ilə bağlı xəbər yazılmırdı. Hardasa sevinməyə başlayırdım ki, koronavirus insanları silkələyib. Bir az Allah, bir az da ölüm qorxusu salıb ürəklərə. Amma səhər gözümü açıb xəbərlərə göz gəzdirəndə qarşılaşdığım yeni qadın cinayəti xəbəri ilə sarsıldım.

Yox, hər şey “normala” dönüb. Cinayətkarlar karantindən çıxıb yenə “iş başındadır”.

Daha bir hamilə qadın “namus üstündə” can verdi. Daha bir qadın sadəcə bir iddia uğrunda xəyalları, arzuları, hələ doğulmayan körpəsi ilə birlikdə qanında boğuldu. Bundan sonra nə söyləsək, nə yazsaq, havada qalacaq.

Əsrlərdir cinayətlərə səbəb olan bu namus, qeyrət anlayışı ancaq qadınlara məxsusdurmu? Niyə hər cür mühafizəkarlığın təməlində, kişi iqtidarının qadın tabusu, qadın qorxusu, qadın aşağılaması var?

Hər cür avtoritar-totalitar cəmiyyətlər qadın və seks mövzusunda mühafizəkardır. Ancaq insanın ən dərin duyğularına, inanc dünyasına hökm edən dini mühafizəkarlıq - söhbət hansı dindən gedir getsin - mühafizəkarlıqların ən təsirlisidir. Məsələn, Xristiandakı “ifritə ovu” adı altında diri-diri yandırlan qadınları xatırlayaq.

İslam dini də sosial dayaqlarını qorumaq üçün mühafizəkarlığını birinci qadına göstərir. Uğrunda qadınların öldürüldüyü, kişinin qanlı bıçağını “namusumu təmizlədim” deyərək iftixarla sərgilədiyi, yerə göyə sığdırılmayan namus anlayışı, inkubator cücəsinə çevrilmiş qadını əzməyi qanuniləşdirir. Qadın bərabərhüquqlu fərd deyil, kişinin şərəfidir. Ona görə də namus qadın bədəni ilə eyniləşdirilir.

Qobuda əri tərəfindən amansızcasına qətlə yetirilən Leyla da “kişi şərəfi” uğrunda öldürüldü.

Xəbərləri incələyirəm. İl ərzində Azərbaycanda yüzlərlə qadın qətlə yetirilir. Böyük qismi boşanmaq istədikləri üçün əri tərəfindən, boşandıqdan sonra keçmiş əri tərəfindən, bir yanlış zəng, mesaj üçün nişanlısı, sevgilisi tərəfindən, sevgilisi ilə görüşdüyü üçün atası, qardaşı tərəfindən öldürülür. Bütün xəbərlərdə səbəb kimi qısqanclıq, namus göstərilir. Qısqanclıq cinayət alətinə çevrilib. Halbuki qısqanclıq sevdiyini paylaşa bilməmək duyğusunun ifadəsidir. Bu duyğu insan öldürmək üçün əsas ola bilməz. Əgər olursa, o zaman bizi öldürən sevgidir. Biz belə sevgini istəmirik.

Görünür, bizdə hələ uzun zaman qadın haqları “kişi şərəfi”nə uyğun tənzimlənəcək. Qadınların müəyyən bir yaş dövründən sonra öz həyatlarını istədikləri kimi idarə etmələri üsyan kimi dəyərləndirilir.

35 yaşa qədər uşaq dünyaya gətirən, analıq və ev qadını rolları arasında sıxılıb qalan qadın nə zaman ki özünə vaxt ayırmaq, işə girmək, sosiallaşmaq istəyir, kişi bunu “yolunu azmaq”, boşanmağa hazırlıq kimi anlayıb şiddətə əl atır. Qadının cəmiyyətə açıq olmasını kişi idarəni itirmək hesab edir. Özünü mədəniyyəti, dini, əxlaqı, hətta namusu qoruyan şəxs kimi görür. Və ən pisi cəmiyyətdən mənəvi dəstək alır.

Bəlkə, mediada bu xəbərləri təqdim edərkən “namus üstündə”, “qısqanclıq zəminində” ifadələrindən qaçmalıyıq? Bu təqdimat öldürülən qadının namussuz, cinayətkarın isə namuslu olduğuna gizli bir eyham vurur.

Bu kontekstdə namus yox, kişimərkəzçi sözü daha uyğundur. Qadının ölümünə səbəb namus deyil, patriarxallıq və radikal mühafizəkarlıqdır. Cəmiyyət isə çox zaman bu cinayətə şərait yaradır, kişinin əlinə qanlı bıçaq verib onu alqışlayır.

# 6190 dəfə oxunub

Müəllifin son yazıları

# # #