Çörək satan davakar müəlliməm – Günel yazır...

Çörək satan davakar müəlliməm – Günel yazır...
5 oktyabr 2020
# 15:01

Müəllimlər Gününə ithaf edirəm

Səhərlər o başdan oyanıb 1 saylı Şuşa qaçqın məktəbinə gedəndə bir Allah bilir necə ürəksiz və həvəssiz olurdum. Bilgəhdə yerləşən iki mərtəbəli, böyük həyəti olan orta məktəbi görəndən sonra “Qağayı” uşaq sanatoriyasındakı beş-altı otaqdan ibarət qaçqın statuslu məktəbə getməyi özümə sığışdırmırdım.

Sovet hökuməti illərində sanatoriyanın anbarı olan otaqlardan biri bizim sinif otağımız idi. Otaqda cəmi 6 parta olduğu üçün ənənədən kənara çıxıb partada üç-üç otururduq. Pəncərələrinə müşəmbə tutulan otaq o qədər xudmani idi ki, soyuq havalarda nəfəsimiz otağı isitməyə kifayət edirdi.

Hər şey çox yaxşı idi, əslində.

Suyun, palçığın içindəki çadır məktəblərlə müqayisədə bizim anbar-məktəbimiz daha səliqəli idi. Yağış yağanda sinif otaqlarının ortasında ləyənləri sıra ilə düzməli olsaq da!

Mən eqoistliyimdən, gözümə əzəmətli görünən Bilgəhdəki o böyük məktəbdə oxumaq istəyimi heç cür gizlədə bilmirdim. Bu, elə şiddətli arzu idi ki, hər il sinif yoldaşlarıma gələn il artıq o məktəbdə təhsilimi davam etdirəcəyimlə bağlı yalanlar danışırdım.

Uşaqların mənə zillənən həsəd dolu baxışlarından onların da ürəyindən o məktəbdə oxumaq keçdiyini duymaq çətin olmurdu. Onları inandırdığım üçün qürrələnirdim. Amma digərlərinə nisbətən daha ayıq olan sinif yoldaşım mənim yalanımı ifşa edir və aramızda mübahisə düşürdü.

Bu mübahisələr hətta əlbəyaxa davaya qədər gedib çıxırdı. Məni hirsli sinif yoldaşlarımın əlindən sinif rəhbərim Sənubər müəllimə xilas edirdi. Ömrümün ən çətin dörd ilini Laçından olan bu bəstəboy, qarayanız qadının nəvazişi altında keçirtmişəm. O, mənim yaddaşımda xınası solan ağ saçları, qabarlı, manikürsüz əlləri, bir də tez-tez dava-qırğına çıxdığı həmkarı və qonşusu Rəhim müəllimə bəslədiyi nifrətlə həkk olunub.

Sən demə, Sənubər müəlliməylə Rəhim müəllimin ədavəti işğaldan əvvəlki illərə söykənirmiş. Gənc yaşlarında bir-birinə aşiq olublarmış. Ancaq sevgi hekayəsi yarımçıq qalıb. Evlənib murada çatsalar da, bu bərabərliyin ömrü uzun olmur. Övladı olmayan cütlüyü Rəhim müəllimin qohum-əqrəbası sıxışdırmağa başlayıb və nəhayət onları ayırıb, Rəhim müəllimi çirkin bir qadınla evləndiriblər. Bu evlilikdən Rəhim müəllimin 5 qızı dünyaya gəlib. Sənubər müəllimə isə çox-çox sonralar özündən xeyli yaşlı bir dul kişi ilə ailə qurub. Yenə övlad sahibi ola bilməyib, amma bir oğlan uşağı götürüb övladlığa.

İllər sonra Rəhim müəllimlə Sənubər müəllimə “Qağayı” qaçqın düşərgəsində yenidən qonşu düşüblər. Nə yaş o yaş idi, nə zaman o zaman. Əllərindən gələn yeganə şey mahiyyətsiz şeylərin üstündə bir-birini günahlandırıb söz davasına çıxmaq idi.

Üstünlük həmişə Sənubər müəllimədə olurdu. Rəhim müəllim çox qarşılıq vermirdi. Uzaq başı “Allah erməninin evini yıxsın” deyib gedirdi. Sanki qarşısında günahkar olduğunu qəbul edir və Sənubər müəlliməyə fürsət verirdi.

Riyaziyyat dəqiq elmdir. Zəncirvari elm də deyirlər. Əgər bu zəncirin bir halqası qopdusa əlaqə itir. Belə deyirdi Sənubər müəllimə. Mən riyaziyyatdan çox zəifəm. Çünki bizim riyaziyyat dərslərimiz həmişə suyun gələn vaxtına düşürdü və Sənubər müəllimə hamı kimi qaçıb su növbəsində dururdu.

Belə zamanlarda hərdən Rəhim müəllim onun dadına çatırdı. Su növbəsində dayanan Sənubər müəlliməni əvəz edir, ya da sinifləri birləşdirirdi. İki sinif birləşəndə dərs anlamaq mümkünsüz olurdu.

Riyaziyyatı olmasa da həyat dərsini çox tez öyrəndik.

Məsələn, biz müəllimlərin məktəbdə yaşamadığını, yemək yediyini, ayaqyoluna getdiyini artıq bilirdik. Müəllimə ilə eyni dəhlizdə yaşayan, ümumi ayaqyolundan çıxanda üz-üzə gələn uşaqlar idik.

Gedib müəlliməsindən tum, çörək alan şagirdlər olmuşuq.

Günortaya qədər məktəbdə müəllimə olan Sənubər, günortadan sonra çörək satan Sənubər idi.

Rəhim müəllimin dərs dediyi sinif otağının arxasında ona məxsus kiçik tövlə var idi. Bəzən, dərs vaxtı inəklərin səsi gəlir, uşaqları güldürürdü.

Biz ordan köçəndən xeyli sonra jurnalist kimi həmin düşərgəyə getdim. Düşərgənin darvazası ağzında köhnə qonşularla görüşüb hal-əhval edəndə bir az aralıdan balacaboy, yaşlı bir qadın adımı çəkdi. Çevrilib geriyə baxdım. Gözləri çuxura düşmüş yaşlı bir qadın gördüm. Qonşu yavaşca pıçıldadı ki, Sənubər müəllimədir.

On ilə insan necə bu hala düşə bilərdi, ilahi!

Məni dərhal tanımışdı.

Dedim, necə tanıdınız məni?

Dedi, səsindən...

Öyrəndim ki, şəkər xəstəliyinə tutulub. Tez-tez komaya düşür. Gəlişimə uşaq kimi sevinirdi. Belimə doladığı qollarını evinə qədər açmadı.

Heç nə dəyişməmişdi: həmən tavanı alçaq, işığı közərən daxma idi. Xeyli söhbət etdik. Qarabağdan danışdıq. Dedi, jurnalistsən, nə deyirlər, bu bir işıq ucu var? Dedim, heç nə bilmirəm, müəllimə, amma hökmən qayıdacağıq. Allah qoysa Laçının alınma xəbərini sənə özüm verəcəm.

İki il əvvəl sinif yoldaşım zəng vurub mənə Sənubər müəllimənin vəfat etdiyi dedi.

İndi ordumuz işğalda olan torpaqları geri qaytardıqca mən həm də Sənubər müəlliməni xatırlayıram və içimdən sevinc qarışıq həzin bir sızıltı keçir.

# 3466 dəfə oxunub

Müəllifin son yazıları

# # #