“Ermənistan işğaldan əl çəkməlidir” – Fatih Kısaparmağın Kulisə müsahibəsi

“Ermənistan işğaldan əl çəkməlidir” – Fatih Kısaparmağın Kulisə müsahibəsi
3 noyabr 2020
# 12:12

Kulis.az məşhur türk müğənnisi və yazarı Fatih Kısaparmaqala müsahibəni təqdim edir.

- Fatih bəy, bilirəm ki, Ermənistan və Azərbaycan arasındakı gərginliyi siz də yaxından izləyirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- Bundan 102 il əvvəl Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Osmanlı olmuşdu. 1991-ci ildə Azərbaycan Respublikasını tanıyan ilk dövlət yenə də Türkiyə oldu. Türkiyə, Gürcüstan və Ermənistanın da müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Çünki tarixi, etnik və mədəni bağlarımızın olduğu Cənubi Qafqaz Türkiyəni Asiyaya bağlayan bir körpüdür. Lakin bu bölgə, geo-strateji yeri və sahib olduğu enerji qaynaqları baxımından başqa dövlətlərin də oyunlar qurduğu sancılı bir ərazidir. Azərbaycan ilə Ermənistan arasında yaşanan problem isə Sovet hakimiyyətinin dağılmasını fürsət bilən Ermənistanın Azərbaycana aid 7 rayonu və Dağlıq Qarabağı işğal etməsi ilə başladı. Nəticədə günahsız insanlar öldü, ailələr parçalandı və 1 milyona yaxın insan yaşadığı yerləri tərk etmək məcburiyyətində qaldı. Bu, bir insanlıq dramıdır.

- Türkiyənin bu bölgədəki siyasəti, sizcə, qənaətbəxşdirmi?

- Türkiyə hökumətinin də, xalqının da mövqeyi bəllidir. Dövlət olaraq da, xalq olaraq da hər zaman Azərbaycanın yanındayıq. Bir aydır davam edən müharibədə yenə də Azərbaycanda çox sayda günahsız mülki insanlar zərər gördü, körpələr öldü. Günahsız insanları hədəf alan hər növ terroru qınayıram. Türkiyənin bütün Cənubi Qafqazdakı hədəfi ortaq barış və rifah bölgəsi yaratmaqdır. Türkiyə müstəqillik qazandıqları ilk gündən bəri Azərbaycan və Gürcüstanla münasibətlərini inkişaf etdirdi. Lakin Ermənistanın Qarabağa haqsız iddiası və azərbaycanlılara yaşatdığı faciələr səbəbi ilə münasibətlərdə bənzər inkişaf yaşanmadı. Hətta Ermənistanın Kəlbəcəri işğal etdiyi 1993-cü ildə sərhədlərimizi bağladıq. Başqa cür ola bilməzdi.

- Dünya 30 illik Qarabağ probleminin hərb yolu ilə çözümünü dəstəkləmir. Siz bu problemin həllini nədə görürsünüz?

- Təbii ki, mən də bir incəsənət adamı olaraq mədəniyyətin olduğu yerlərdə silahlar deyil, hüquq, ağıl və vicdan danışmalıdır deyə düşünürəm. Dünyadakı mübahisələri və qarşıdurmaları siyasətçilər, yaxud da əsgərlər deyil, analar, müəllimlər, sənətçilər və ədəbiyyatçılar ortadan qaldıra bilər. Əslində, insanlar sevgisizlikdən qaynaqlanan cəhalət və şüursuzluq qaranlığı ilə savaşmalıdır. İnsanlığın bu yüzillikdə zehni, intellektual və ruh olaraq hələ də kifayət qədər təkamül etməmiş olması çox acıdır.

Qarabağ probleminin kökündən həll olunması üçün Ermənistan işğaldan əl çəkməlidir. 30 ildir davam edən işğal və Azərbaycana aid olan Qarabağda qurulan qondarma respublika onsuz da beynəlxalq aləmdə tanınmadı. Birləşmiş Millətlər Təşkilatı işğal altında olan torpaqların boşaldılmasını tələb edən qərarlar qəbul etsə də buna əməl olunmadı.

# 3772 dəfə oxunub

Müəllifin son yazıları

# # #