İctimai nəqliyyatı sevirəm. Həm yolların dar, əhalinin gur olduğu şəhərdə iki ayağını bir başmağa dirəyib, eşşək boyda şəxsi maşın sürməyi təqdir eləmədiyim üçün. Həm də, ən müxtəlif adamların, xarakterlərin yığışdığı ictimai nəqliyyatda yazar üçün geninə-boluna materiallar olduğuna görə. Odur ki, avtobusda-metroda yaxşı halda camaatımızın özünü apara bilməməsini, pis halda yayda tərləməsini, ən pis halda isə sürücüsün danqabaş-danqabaş danışıb, üstəlik də maqnitofona güc verməsini səbəb gətirərək, ictimai nəqliyyatda dəli olan yazar dostlarımdan fərqli olaraq, mən demək olar ki, heç bir çətinlik çəkmirəm. Hətta düşünürəm ki, avtobusda insanların çoxluğundan gileylənən adamın humanizmi bir az şübhə altındadır. Adam tərləyəndə ya səy-səy danışanda nə olar, insan qiymətlidir axı. Avtobusda belə.
Naqqallığıma görə bağışlayın, siz allah, ucundan tutub, ucuzluğa getdim.
Bu günlərdə gənc arxeoloqların həyat və yaradıcılığından yazı hazırlamaq üçün Gədəbəyə getmişdim. Sağ olsun gənc xanım arxeoloq Tükəzban Göyüşova – hər il qarabağlı qonaqpərvərliyinə salıb, yazarınızı özünün balaca arxeoloq komasına dəvət eləyir. Bu dəfə də gənc arxeoloq xanımın dəvətini geri çevirmədim. Getdim.
Arxeoloqların həyat və yaradıcılıqları öz yerində. Bu barədə, allah ömür versə, geniş bir reportaj hazırlaycaam. Hələ ki, qayıdım babat uzaqlaşdığım ictimai nəqliyyat mövzusuna.
Deməli, gənc arxeoloqlarımızla üç gün ora-bura təpik döyüb, bir-iki alban kilsəsi, qalaça-zad tapandan sonra, geri qayıdırdım. Yəni paytaxta. Rayon mərkəzinə çatmamış, yolda bir mikroavtobus gördük. Gənc arxeoloqlar həm vaxt itirməyim, həm də allah qoymasa, «balaca maşın rahat olar» məntiqi ilə məni bu mikroavtobusa mindirib, getdilər əcdadlarımızın qəbirlərin eşməyə. Mənsə bir mikroavtobus dolusu gədəbəyli ilə tək qaldım.
Mən qarğış sevən adam deyiləm, amma başıma daş düşəydi o avtobusa mindiyim yerdə! Gədəbəy aşırımından üzüaşağı yumalanaydım, tikəm də ələ gəlməyəydi! İlahi, o nə dərd idi mən düşmüşdüm?
Deməli, mikroavtobusun bütün oturacaqlarının altı dolu idi. Sürücü yoldan və maşından səmərəli istifadə etmək məqsədilə həm də paytaxta yeşik-yeşik kartof, alma-armud aparırdı. Bəzi yeşiklərdən qaz, hinduşka, toyuq səsi gəlirdi. Avtobusdakı gənc qızlar üzümə şinəyə-şinəyə tum çırtlayıb, qabığını ya yerə, ya da elə oturduqları oturacağın üstünə tökür, «kola»nı içib, qabını pəncərədən atır, oğlanlar mobil telefonda vəhşi səslə hansısa aşığın çalğısına, oxumağına qulaq asır, arvadlar bir-birinin qulağına nəsə bağırır, kişilər siqaret çəkirdi. Bir tərəfimdə oturan on üç, on dörd yaşlı qız on dəqiqədən bir üzümə şinəyərək nəsə gicbəsər bir sual verir, o biri tərəfimdə oturub, yuxulayan qocanın başı arada çiynimə düşürdü.
Gədəbəydən Bakıya on iki saata gəldik. Vəhşicəsinə avtobusa doldurulmuş yük sürətə imkan vermirdi. Sürücü hər yarım saatdan bir maşını saxlayıb, kimisə gözləyir, kimdənsə konvert, kimdənsə bir zənbil, kimdənsə bir kağız parçası, kimdənsə bir qılçaları bağlı qaz təhvil alıb, bunların çatdırılacağı ünvanları, adları dəqiqləşdirirdi.
Hər yarım saatdan bir sərnişinlərdən biri nəsə almaq, kiməsə nəsə demək, yolüstü kiminləsə görüşmək üçün avtobusu saxlatdırır, yoldan bir kisə kələm, bir-iki iri qarpız, yarım kisə qarğıdalı alıb, onsuz da tərpənməyə yeri olmayan maşına doldururdu.
İş o yerə çatdı ki, ayaqlarımızın altı, böyür başımız, avtobusun üstü, bir sözlə, nəsə qoyulmaq imkanı olan bütün yerlər qarışbaqarış doldu.
Bakının girəcəyində avtobusu saxlatdırıb, tez bir taksiyə oturdum. Taksi sürücüsü kəmərni taxa-taxa:
- Qızım, o nə avtobus idi minmişdin, sənin yerinə mən utandım – dedi.
Hə, di ictimai nəqliyyatı sev...
Yerimə utanan sürücü
22 sentyabr 2012
07:00
2791 dəfə oxunub