Günel Mövludun Tiflis reportajı

Günel Mövludun Tiflis reportajı
23 oktyabr 2012
# 07:45

İki həftə əvvəl QHT-lərdən birinin dəvəti ilə Qərbi Azərbaycanın Borçalı mahalının Təkəli kəndində (həm də Gürcüstanın Marneuli rayonunun Tekali kəndində) keçirilən film festivalına getmişdik. Biz film festivalı adına getsək də, məlum oldu ki, iş təkcə filmlərə baxıb ağıllı-ağıllı münasibət bildirməklə bitmir. Ortada daha ciddi – konfliktologiya, zorakı və qeyri-zorakı kommunikasiya və s. kimi ciddi mövzularla bağlı mühazirələr, məşğələlər, daha nə bilim nələr var. Tədbirə Azərbaycandan, Gürcüstandan, Ermənistandan, Rusiyadan, Almaniyadan iştirakçılar qoşulmuşdu.

Dörd gün davam edən tədbirdə mənə maraqlı gələn Rusiyalı dramaturq Maksim Kuroçkinin müasir teatrla bağlı danışdıqları, tədbirə əcnəbi təlimçilərin tərcüməçisi kimi qatılmış rus qızı, sosioloq Olqa Perevezentsovanın həyat və ədəbiyyat barədə düşündükləri, Seymur Baycanın isə bu adamların hər ikisi ilə məzələnməyi oldu.

Tualet gərginliyi

İndisə keçək ayağı yerə dəyən söhbətlərə. Təşkilatçılar bütün iştirakçıları Gürcüstan, Azərbaycan və Ermənistanı ayıran (lazım gələndə birləşdirən) Təkəli kəndində, yerli camaatın evində yerləşdirmişdilər. Həm yol, gedib-gəlmək məsələsini asanlaşdırmaq, həm də qalacaq, yemək-içmək müqabilində kənd camahatına pul ödəməklə onlar xeyir vermək məqsədilə. Azərbaycandan gələn heyətdə ifrat rahatlığa düşkün adam olmadığından, buna heç bir etirazımız olmadı.

Etiraz etməsək də, hamımız bərk məyus olduq. Bir daha anladıq ki, azərbaycanlılar iyirmi birinci əsrdə belə nəhəng evlər inşa etdirib, tualetə üç şiferdən çox material sərf eləməyəcəklər. Evi min bir cürə gic-gic bər-bəzəklə bəzəyib, təmiz saxlasalar da, hamamları dörd yerdən uçuq, özü də kirin-pasın içində olacaq.

Ölkəyə bir avropalı qonaq gələndə qonaqpərvərliyimizdən, canfəşanlığımızdan, istiqanlı olmağımızdan təsirlənsə də, tualetimizi görəndə bizi vəhşi hesab eləyəcək.

Azərbaycanlılar da heç vaxt başa düşməyəcək ki, Nizamini bütün dünya tanısa, ölkədə doqquz iqlim qurşağı olsa, hər il “Avrovizion” mahnı yarışması burada keçirilsə, lap belə Kamal Abdulla Nobel alsa da tualet mədəniyyəti olmayan xalq heç vaxt mədəni xalq ola bilməz.

Hamamçı qadının göndərdiyi salam

Təkəlidəki tədbir bitəndən sonra rusiyalı dramaturq Maksim Kuroçkin, alman sosioloq Sebastian, rus tərcüməçi Olqa Perevezentsova, azərbaycanlı bəstəkar Firudin Allahverdi, yazıçı dostum Seymur Baycanla birgə Tiflisə gəldik. Yolda xislətcə suda-quruda yaşayanlara aid olan bəstəkar Firudin Allahverdi qəfil bir təklif elədi. Dedi ki, Təkəlinin dörd günlük kirini, yorğunluğunu tökmək üçün Tiflisə çatar-çatmaz hamama gedək. Fred bu təklifi təkcə biz azərbaycanlılara eləmişdi. Seymur Baycanla əhli-kefliyimizə salıb, hamam təklifini əcnəbi yoldaşlara da elədik. Hamısı təəccüb qarışıq həvəslə razı oldular.

Tiflisə çatıb, əşyalarımızı yerləşdirən kimi üç azərbaycanlı, bir ukraynalı (Maksim) bir rus, bir alman özümüzü verdik hamama.

Hamamdan çıxanda hamamçı qadın aramızda Bakıdan gələn adam olduğunu biləndə teleaparıcı, sənətşünaslıq elmləri namizədi Elçin Əlibəyliyə salam göndərdi.

Məclis adamı

Həmin axşamı dörd gün tədbirdə rəsmi-rəsmi davrandığımız, ağıllı, müdrik, fəlsəfi söhbətlərinə qulaq asdığımız dramaturq gürcü çaçasından o ki var vurub, bizimlə Ukrayna dilində danışmağa başladı. Ukrayna dilində bildiyi bütün mahnıları oxudu, məclisin axırında da bir şüşə arağı qoltuğuna vurub, məclisi evdə davam etdirməyə yollandı. Olqa ağzını açıb, mavi gözlərini qırpa-qırpa Seymur Baycanın ədəbiyyat barədə yeddimərtəbəli söhbətlərinə heyran-heyran qulaq asdı. Alman konfliktoloq Sebastyan rus dilini bilmədiyi üçün maddım-maddım hamının üzünə baxıb, bir allah bəndəsinin söhbəti ona tərcümə edəcəyini gözlədi. Amma ikinci arağın birinci yarısından sonra alman konfliktoloq bir yana dursun, Almaniyanın özü belə heç kimin vecinə deyildi.

Səndəmi tərk etdin məni...

Bir gün sonra Firudin Allahverdi, Maksim, Olqa və Sebastyan bizi tərk elədi. Tiflisdə biz-iki bədbəxt yazıçı qaldıq. Yaxşı ki, həmin ərəfədə Tiflisdə treninqdə olan ictimaiyyətçi-doktor-fotoqraf-dizayner Hacı Hacıyev və Bakıdan basa-basa bizim üçün öz vətəninə gələn bir gürcü qızı bizi tək buraxmadılar.

Tiflisə gəlmişkən, burada elə bir işimiz gücümüz olmasa da, bir neçə gün burada qalmaq, əsəblərimizi dincəldib, özümüzə tətil vermək qərarına gəldik. Seymur Baycan Bakıdan özü ilə götürdüyü bütün pulları Tiflisdə xaçapuriyə verib yeməyə hazır olduğunu dedi. Amma biz xaçapuri ilə kifayətlənməyib, yeməkdən başımız ayılanda kitab dükanlarına, bukinistlərə də baş çəkdik.

Tiflis nə qədər balaca şəhər olsa da, kitab dükanları, bukinistləri çoxdu. Mərkəzi küçələrdə addıma bir kitab dükanı tapmaq olar. Dalanlar içində intellektual sərvət gizləyən bukinistlərlə doludu. Axtardığınız kitabları həm gürcü, həm rus, həm də ingilis dilində tapa bilərsiniz.

Latın amerikalı müəllif və Vaqif Səmədoğlu

Kitab dükanlarından birində əlimizə bir kitab keçdi. Müəllifin olduqca uzun və qəliz adı vardı – deyəsən, Latın Amerikası yazıçısı idi. Amma bizi kitabın müəllifi yox, adı maraqlandırmışdı: «Mən burdayam, İlahi!». Əlbəttə, nə Seymurun, nə də mənim qətiyyən ağlımıza gəlmədi ki, hörmətli xalq şairimiz Vaqif Səmədoğlu bu əcnəbi müəllifin kitabının adını özününküləşdirib.
Seymur bukinistdən mənə Saltıkov-Şedrinin kitabını aldı.

Qara paltarlı qadın

Bir axşam Tiflisin kafelər küçəsinə, Şardenə gəzməyə çıxdıq. Xeyli gəzişəndən sonra, bizdən aralanan dostumuzu gözləmək üçün binalardan birinin enli, daş pəncərə altlıqlarının üstündə oturub, gözlədik. Elə təzəcə oturmuşduq ki, əli siqaretli, başı çalmalı, baxışları hüznlü, qara paltarlı bir qadın gəlib bizə acıqlandı. Dedi ki, burada oturmayın. Bura mənim qalereyamdı. Burda əsərlərimin sərgisini keçirirəm. Bu sərginin tək tamaşaçısı da özüməm. Belə danışıb, aralandı və qapının ağzında oturub, pəncərənin yanında oturmaq istəyəcək başqa adamları gözləməyə başladı.

Seymur uzun müddət qadına baxıb müdrik-müdrik dedi:

- Bu qadın özü istəyir ki, kimsə gəlib burada otursun, o da gəlib desin ki, burada oturma!

Gürcü şairləri

Orada qaldığımız bir neçə gün ərzində gürcü şairləri Şalva Bakuradze, Şota İataşvili, Zviad Ratiani və başqaları ilə görüşdük. Şalva həmişə gülüb-danışır, Şota həmişə sərxoş olurdu. Seymur bir dəfə çaşıb Şalvanın adını səhv dedi: «l»-dən sonra bir «a» əlavə edərək, yazıq gənc gürcü şairini biabır elədi.
Bəxtimizdən həmin ərəfədə keçmiş dissident rus şairi Aleksey Tsvetkovun yaradıcılıq gecəsi keçirildi. Hamılıqla yığışıb, rus şairinin şeirlərinə qulaq asdıq. Tsvetkovun yaradıcılığı nə qədər ictimai motivlərlə dolu olsa da, oxuduğu şeirlərdən ürəyimi tərpədən olmadı.

Yaxşıyam, Tiflis, yaxşıyam...

Tiflisi hələ heç vaxt belə könülsüz tərk eləməmişdim. Bakıya hələ heç vaxt belə ürəksiz qayıtmamışdım. Elə bilirdim, ayağımı torpaqdan ayırıb, boşluğa qoyacağam. Elə bilirdim başımın üstündən göy üzü yox, qurğuşun sallanacaq. Elə bilirdim, bütün doğmalar Tiflisdə qaldı. Qatar vağzalında bizi öz hüznlü ölkəmizə aparacaq qatarı gözləyəndə Seymur ayaqüstü bir şeir yazdı:

Həmişə Tiflisi tərk edəndə
kədələnirəm
elə bilirəm
getmədiyim yer
görüşmədiyim dost
yemədiyim yemək qaldı...

# 4421 dəfə oxunub

Müəllifin son yazıları

# # #