Bir az bizdən danışım...

Bir az bizdən danışım...
24 aprel 2013
# 08:00

Mən biz olan yerə sən tərəfdən baxa bilmirəm, nədənsə... Çünki sevmirəm xəyalların əsiri olmağı. Sanıram, gerçəklərdi məni yaşadan. Sanmışam, sən demə...

Bəlkə də mən gerçəklərimi özümlə bərabər yaşamağa məcbur etmişəm. Nə bilim...

Bilirsən, hərdən özümün sənə aid hissəsi ilə danışıram. İnanırsan?...

Yenə dalaşırıq. Mən səni incitmək üçün iynəli, acı sözlər axtarıram. Amma sonda görürəm ki, özümü incidirəm...

Anlamıram, niyə səninlə nə qədər tam olsam da tamamına səni daşıya bilmirəm. Haradasa salıram. Hardasa itirirəm səni. Bu hiss bilirsən necədi?! Bilmirəm, izah edə biləcəmmi...

Uşağı göndərirlər nəsə almağa. Yolda pulu salıb itirir. Geri qayıtmağa da qorxur, irəli getməyə də. Axı daha pulu yoxdur o nəsəni almağa...

Nə isə... hərdən yoruluram dərininə düşünəndə...

İndi fikirləşirsən ki, dəlidir bu... sözünün əvvəli, sonu yoxdur...

Yox, elə deyil... Elə deyil... Sadəcə əvvəldə və sonda mən yoxam. Amma olduğum yer də narahatdır... Eh..... sən axı nə bilirsən..........

Bilirsən, ən çox hansı sözünə əsəbiləşirəm. "Sən mənimsən" deməyinə. Amma ən çox da o sözünü sevirəm, nə yalan deyim...

Son vaxtlar əməlli başlı yalançı olmuşam. Guya doğrular nəyi dəyişəcək ki...

Hərdən səndən uzaqlaşım deyirəm. Fikrimdə həmişə dolaşan bir şeir misrası var. O şairi sən də tanıyırsan. "Gedək biz olmayan yerə"... Hə. əla deyib. gedək biz olmayan yerə... Mən də inanıb axtardım o yeri. Tapa bilmədim ki...

İnsanlar yeni bir işə başlayanda həmişə tələsmək barədə fikirləşirlər...

İtirəcək zamanımız yox. Amma o zaman bizdən əvvəl tükənib. İndi hara tələsirik, niyə tələsməliyik ki...

Bilirəm, indi məni dinlədikcə heç olmasa sonda təsəlli üçün dilimdən nəsə eşidə biləcəyinə ümid edirsən... Amma mən həmişə mərhəmətli ola bilmərəm axı... Heç olmasa bu dəfə yalnız düz danışmaq istəyirəm. Gözlənilməz sonluqları mən də sənin kimi gözləyirəm. Bir yerdə gözləyək, hə?...

# 2533 dəfə oxunub

Müəllifin son yazıları

# # #